Məhkəmə qərarları › İş №1(015)-51/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-51/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-51/2024 26.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi- vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1986-cı ildə Qazaxıstan Respublikası Çimkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir uşaq atası, məhkumluğu olmayan, işləməyən, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının istintaqa məlum olmayan günündə və saatında Ağstafa rayonu Həsənsu kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus mağazaya bitişik, sonuncunun yaşadığı mənzilin tərkib hissəsi sayılan, kiçik mətbəx kimi istifadə edilən yerə mağazanın içərisindən keçib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə daxil olaraq Zərərçəkmiş şəxs mənzil toxunulmazlığını pozmuşdur. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə, saat 05:24-də Ağstafa rayonu Həsənsu kəndində yerləşən, Zərərçəkmiş şəxs yaşadığı, sonuncuya məxsus kürsülü fərdi yaşayış evinin həyətinə Zərərçəkmiş şəxs xəbəri olmadan daxil olaraq evin giriş qapısına doğru pilləkənlə qalxıb divardakı giriş qapısının zəngini bir neçə dəfə vurduqdan dərhal sonra evin altında yerləşən zirzəminin- saxlanc yerinin, evin həyətinə baxan və şüşəsi olmayan nəfəsliyinin qarşısında yarımoturaq vəziyyətdə əyilərək bir dəqiqəyə yaxın müddət ərzində gözlədikdən sonra, saat 05:25-də zirzəminin nəfəsliyindən keçib zirzəmiyə- mənzilin saxlanc yeri kimi istifadə edilən hissəsinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz daxil olub orada həmin gün, saat 11:45-dək olan müddətə qədər qalaraq Zərərçəkmiş şəxs mənzil toxnulmazlığını pozmuşdur Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Vurğun qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, bir uşaqları var, uşaqları Elnarə ilə qalır. Aralarındakı rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. O, ailəsini bərpa etmək və uşağını görmək üçün cəhd etmiş, lakin Elnarə razılıq verməmişdir. 2023-cü ilin dekabr ayının xatırlamadığı günündə və saatında bir qədər spirtli içki qəbul etdikdən sonra Elnarə ilə barışmaq, uşağını görmək üçün Elnarənin yaşadığı Ağstafa rayonu Həsənsu kəndində yerləşən evə bitişik mağazaya getmiş, Elnarənin icazəsi olmadan mağazadan da mətbəxə keçmişdir. Sonra Elnarə onu oradan qovmuşdur. Bundan başqa, 28 dekabr 2023-cü il tarixdə səhər saat 05 radələrində o, yenidən Elnarənin yaşadığı evə getmiş, qapını döymüş, Elnarə qapını açmamış, sonra Elnarənin razılığı olmadan evin həyətinə, oradan da kiçik nəfəslikdən evin altındakı zirzəmiyə daxil olmuş, saat 11-12-dək zirzəmidə qalmış, orada siqaret çəkdiyi üçün Elnarə bu haqda xəbər tutmuşdur. Törətdiyi əməllərdən pеşmandır. Bundan sonra bir daha Elnarəni və qızını narahat etməyəcəyinə söz verir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir, onunla ayrılmışlar. Mameddən bir qızı var. O, qızı ilə birlikdə Ağstafa rayonu Həsənsu kəndində anasından miras qalmış evdə yaşayır. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının xatırlamadığı günündə və saatında yaşadığı evin onun razılığı olmadan həyətindəki mağazaya, oradan da mətbəx kimi istifadə etdikləri mağazaya bitişik kiçik otağa daxil olmuş, o, səs-küy salıb Mamedin oradan çıxıb getməsinə nail olmuşdur. 28 dekabr 2023-cü il tarixdə Mamed onun razılığı olmadan qanunsuz olaraq yaşadığı evin həyətinə girib bir qədər zirzəmidə qalmışdır. Həmin gün, evlərində olduğu vaxt siqaret tüstüsünün qoxusu gəlmiş, bundan sonra Mamedin zirzəmidə olmasını bilmişdir. Mamedin zirzəmiyə daxil oması evinin həyətinə quraşdırdığı kamera görüntüsündə də əks olunmuşdur. Mamedlə barışmamışdır. Ona cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs isə bacısı Elnarənin keçmiş əridir. Elnarə ilə Mamed boşanmışlar. Elnarə hazırda qızı ilə birlikdə Ağstafa rayonunun Həsənsu kəndində mərhum anasından qalmış evdə, özü isə Tovuz rayonunda yaşayır. Mamed Elnarədən ayrıldıqdan sonra da bacısına rahat yaşamaq imkanı vermir, onu narahat edir. Ümumiyyətlə bacısı Elnarə qızı ilə tək yaşadığı üçün bəzən qorxub onu evlərinə çağırır, o da Tovuz rayonundan Ağstafa rayonuna gəlməkdə çətinlik çəkir. 2023-cü ilin dekabr ayının xatırlamadığı günündə Mamed bacısının razılığı olmadan sonuncunun evinə bitişik olan mağazaya gəlib oradan mətbəxə keçmiş, Elnarə narazılıq etdikdən sonra çıxıb getmişdir. Bundan başqa, 28 dekabr 2023-cü il tarixdə Mamed yenə də Elnarənin razılığı olmadan sonuncunun yaşadığı evin həyətinə girmiş, oradan isə zirzəmiyə daxil olub orada gözləmişdir. Mamedin bu hərəkətləri kamera görüntülərində də var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Həsənsu kəndində yaşayır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə qonşudur. Hadisə baş verən gün o, Rusiya Federasiyasından yeni gəldiyi üçün Elnarə qızı ilə birlikdə onunla görüşməyə gəlmiş, 10 dəqiqə oturduqdan sonra evə getmiş, bir az müddət keçdikdən sonra görmüşdür ki, Elnarə uşağı ilə birlikdə qışqıra-qışqıra onların evinə geri qayıdır. Elnarədən nə olduğunu soruşduqda Elnarə Mamedin onun evinə daxil olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi qızıdır. Evləri bir birinə yaxın məsafədə yerləşir. Tovuz rayonunda yaşayan digər əmisi qızı Aygün bir dəfə ona zəng edərək Mamedin Elnarənin yaşadığı evə gələrək narahat etməsini və ora getməsini bildirmişdir. O, həmin evə getdikdə artıq Mamed evi tərk etmişdir. Təxminən 20 gün gecələr Elnarənin yanında qalmış, həmin müddət ərzində Mamed ora gəlməmişdir. Lakin o, öz yaşadığı evə gəldikdən sonra Mamed yenidən Elnarənin yaşadığı gedib onu narahat etmişdir. Sonuncu dəfə Mamed yenə Elnarənin yaşadığı evə qanunsuz daxil olaraq evin zirzəmisində dayanıb gözləmişdir. Bu barədə o, videogörüntüləri də görmüşdür. İş materiallarında olan baxış aparılması haqqında 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı əhəmiyyət kəsb etdiyindən Ağstafa rayonu Həsənsu kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evi və evin aşağı hissəsində yerləşən saxlanc yerinə-zirzəmiyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Ağstafa rayonu Həsənsu kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində çöl tərəfdən evin yerə bitişik hissəsində olan düzbucaqlı şəklində açıq formada olan yeri təqdim edib həmin yerin evin aşağı hissəsində olan saxlanc yeri kimi istifadə etdiyi zirzəminin yaşadığı evin həyətinə baxan kiçik “pəncərə”si olduğunu bildirmişdir. Evin həyətinə baxan hissədə çöl tərəfdən həmin “pəncərə”nin eni və uzunluğu ölçülərək müəyyən edilmişdir ki, eni 89 sm, uzunluğu 64 sm-dir, ətrafındakı fərdi yaşayış evinin divarının isə həmin “pəncərə” boyunca uzunluğu 77 sm, eni 60 sm-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağından həmin evin aşağı hissəsində yerləşən zirzəmisinə keçid olduğunu, zirzəmiyə buradan daxil olduğunu, həmin zirzəmidən saxlanc yeri kimi istifadə etdiyini bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə fərdi yaşayış evinin yataq otağına baxış keçirilmişdir. Yataq otağının eni və uzunluğu ölçülərək müəyyən edilmişdir ki, eni 3 m, uzunluğu 5 m-dir. Zərərçəkmiş şəxs yataq otağında zirzəmiyə keçid olan yeri təqdim etmişdir. Həmin keçid hissə yataq otağının giriş qapısında üzü otağın içərisinə tərəf dayandıqda sol tərəfdə küncdə otağın döşəməsindədir, otağın giriş qapısından həmin döşəmənin üzərində olan keçid hissəyə qədər məsafə 397 sm-dir. Otağın döşəməsinə bitişik üst tərəfdən keçid hissə-düzbucaqlı şəklində olub uzunluğu 100 sm, eni 90 sm-dir. Təqdim etdikdən sonra baxışda iştirak edən şəxslərlə birlikdə həmin yataq otağındakı keçiddən istifadə etməklə pilləkən vasitəsi ilə zirzəmiyə enib zirzəminin içəri hissəsinə baxış keçirilmişdir. Zirzəmiyə keçid hissə və zirzəminin döşəməsi arasındakı məsafə, yəni hündürlük 168 sm-dir. Zirzəminin içərisinə diqqətlə baxış keçirildikdə müxtəlif məişət əşyaları olduğu müəyyən edilmişdir. Zirzəmiyə endikdə sol tərəfdə kəndarası küçəyə tərəf olan divarda “qəfəslənmiş pəncərə” olduğu müəyyən edilmiş, həmin pəncərənin aşağı hissəsi döşəməyə bitişikdir, həmin hissədə döşəmədən zirzəminin tavanına qədər məsafə, yəni hündürlük 160 sm-dir. Qəfəslənmiş pəncərənin olduğu divardan keçid hissəyə tərəf üzbəüz divar arasındakı məsafə 410 smdir. Qəfəslənmiş pəncərənin eni 60 sm, uzunluğu 70 sm-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yaşadığı evin saxlanc yerinə kənar şəxslərin daxil olmasının qarşısını almaqdan ötrü həmin küçəyə tərəf baxan “pəncərə”ni dəmirlə qəfəsləyib bağladığını, yalnız fərdi yaşayış evinin həyətinə baxan pəncərəni dəmirlə qəfəsləmədiyini, buna görə də Təqsirləndirilən şəxs qanunsuz dəfələrlə həmin hissədən saxlanc yerinə daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs zirzəmiyə daxil olduğu yer keçid hissədən düşüb bir qədər irəliləyib saga tərəf döndükdə üzbəüz divarda yerləşən fərdi yaşayış evinin həyətinə baxan pəncərədir. Həmin pəncərə ilə üzbəüz divara kimi məsafə 860 sm-dir. Həmin Təqsirləndirilən şəxs daxil olduğu fərdi yaşayış evinin həyətinə baxan pəncərə ilə üzbəüz dayandıqda pəncərənin sol kənarından divarın küncünə kimi məsafə 170 sm-dir. Təqsirləndirilən şəxs zirzəmiyə daxil olduğu hissədə döşmədən tavana kimi hündürlük 150 sm-dir. İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin olunmuş islah işi cəzasından azad edilmişdir. İş materiallarında olan audio və videoyazıların məhkəmə ekspertizasının 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-4/216-5/172 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında doqquz ədəd “*.mp4” formatlı video və iki ədəd “*.OGG” formatlı audio fayllar müəyyən olunmuşdur. Tədqiq olunan bir ədəd “DVD- R” tipli optik diskin yaddaşında olan doqquz ədəd “WhatsApp Video” adlı “*.MP4” formatlı video faylların və iki ədəd “WhatsApp Audio” adlı “*.OGG” formatlı audio faylların həmin diskin yaddaşında yaradılma tarixi “xx.xx.2023”-cü il kimi əks olunmuşdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd işlək olmayan üzü ağ rəngli diskdə olan mübahisəli audio və videoyazılardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli diskdə olan “WhatsApp Video 2023-12-23 at 02.01.15”adlı videofonoqramın 00:06-cı saniyəsində qeyd alınmış “taym kod” zaman göstəricisində 46:35-46:27 kimi kəskin zaman dəyişikliyi və fraqmentin təkrarlanması kimi kadrlararası montaj əlaməti müəyyən olunmuşdur. Videofonoqramın qeyd olunan hissəsində keçid prosesi üçün xarakterik siqnal və videofonoqramın fayl strukturunda redaktə proqramının izi müəyyən olmadığından qeyd olunan əlamətin və videoyazının 00:18-ci saniyəsindən etibarən kadrların dəyişməməsinin hansı səbəbdəntəkrarkodlaşma kodeksinin qüsuru və ya digər səbəblərdən yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli diskdə olan digər mübahisəli audio və videoyazılarda montaj əlamətləri müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar mənzil toxunulmazlığını pozma cinayətini törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 157.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai işlər cəzası təyin edilməli, o, cəzasını yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəkməli və cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq cəzanı çəkməyə cəlb olunduğu vaxtdan hesablanmalı, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 253 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ictimai işlər cəzasını yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin və cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq cəzanı çəkməyə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 253 (iki yüz əlli üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar