Məhkəmə qərarları › İş №1(018)-17/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-17/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-17/2023 06.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iclas katibliyi və dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1970-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Qubadlı rayonu, Tatar ərazi dairəsi, Qiyaslı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, 28-ci məhəllədə yerləşən keçmiş Plan-Uçot kollecinin (indiki adı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec) 1 saylı yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X9 18 aprel 2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən istintaqa məlum olmayan mənbədən əldə etdiyi ayrı-ayrılıqda çəkiləri 42.994 qram, 43.114 qram və 43.235 qram olmaqla 3 sellofan bükümdə, cəmi 129.343 qram Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına daxil edilmiş kalium-permanqanat maddəsini aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək bir bükümü sol ayağına geyindiyi ayaqqabısının içəri alt hissəsinə, digər iki bükümü isə, sağ ayağına geyindiyi ayaqqabısının içəri alt hissəsinə yerləşdirməklə gömrük nəzarətindən gizlətmiş və həmin tarixdə, saat 17 radələrində İran İslam Respublikasından piyada yolla gələrkən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, eyni tarixdə üzərində keçirilmiş şəxsi yoxlama nəticəsində içərisində qeyd edilən 129.343 qram çəkidə kalium-permanqanat maddəsi olan bükümlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında ifadə verən təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1993-cü ildə Qubadlının işğalından sonra, məcburi köçkün kimi Xırdalan ərazisində məskunlaşmışdır. Həmin vaxtdan, hazırki vaxtadək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Plan-Uçot kollecinin yanındakı yataqxanada yaşayır. Özü daimi olaraq heç bir yerdə işləmir. Dolanışığını təmin etmək üçün 3 ildir ki, Meyvəli bazarında meyvə-tərəvəz satmaqla pul qazanır. Həmin vaxta qədər isə, mütəmadi olaraq alver etmək məqsədi ilə İran İslam Respublikasına gedib-gəlmişdir. İran İslam Respublikasında ucuz qiymətə dərman, ərzaq, ev əşyaları mallar alıraq, gətirib yaşadığı yerdə və Bakı şəhərində satıb pul qazanmışdır. Gedib-gələrkən əksər hallarda ərzaq, dərman və məişət malları alıb gətirib nisbətən baha qiymətə satmışdır. İran İslam Respublikasına əvvəllər mütəmadi olaraq gedib-gəlməsi səbəbinin bununla bağlı olduğunu bildirmişdir. Əvvəllər barəsində araşdırılması aparılan psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə əlaqədar fakt olmasını təsdiq etmiş, dediyi kimi İranda ucuz dərman olduğu üçün dərman alıb Azərbaycana gətirirmiş, aldığı dərmanlar isə, qanunsuz olmayan dərman olubdur. Dərmanları oğlu Turalın ağrılarına görə və yuxusuzluğuna görə almışdır. X16 Respublikasından gələrkən kalium-permanqanat (marqansovka) maddəsi alıb gömrükdən keçəndə göstərib, keçirmişdir. Kalium-permanqanat (marqansovka) maddəsi qadağan edilən vaxtdan sonra isə gətirməmişdir. 18 aprel 2018-ci il tarixdə saat 12:40-da Astara gömrük postundan keçməklə İran İslam Respublikasına getdiyi və həmin gün, saat 16:58-də geri qayıtmışdır. Geri qayıdarkən üzərinizdə keçirilmiş gömrük yoxlaması nəticəsində üzərində və ayağına geyindiyi ayaqqabıların içərisindən gömrük nəzarətindən gizlədilmiş şəkildə cəmi 129,343 qram kalium-permanqanat (marqansovka) maddəsini keçirməmiş, üzərindən marqansovka aşkar edilməmiş və belə bir fakt olmamışdır. Bundan sonra, Astara gömrük postunun əməkdaşı Şahid1 18 aprel 2018-ci il tarixdə üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama keçirib yoxlama nəticəsində ayağına geyindiyi ayaqqabıların içərisindən gömrük nəzarətindən gizlədilmiş şəkildə cəmi 129,343 qram kalium-permanqanat (marqansovka) maddəsinin aşkar edilməsi haqqında protokol tərtib etmiş və o, həmin protokola imza etməkdən və bu barədə izahat verməkdən imtina etmişdir. Ondan imtina etməyinin səbəbi soruşulmuş, o isə, cavabında belə bir halın olmadığını və 18 aprel 2018-ci il tarixdə həqiqətən də, İrana getdiyini və geri qayıtdığını, amma üzərindən marqansovka aşkar edilmədiyini bildirmişdir. Göstərdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, X7 işin məhkəmə baxışı zamanı özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi, onun tərəfindən törədilmiş cinayət əməllərinə görə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə uydurulmuşdur. İşin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan sübutlarla onun həmin maddə ilə nəzərdə tutulan cinayəti törətməsi kifayət qədər təsdiq olunmuşdur. Cinayət işinin məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2011-ci ildən gömrük orqanlarında xidmət edir, hazırda Cənub Ərazi Baş Gömrük İdarəsi Astara X12 şöbəsinin inspektoru vəzifəsində xidmət aparır. 18 aprel 2018ci il tarixdə piyada idxal keçid xəttində növbədə olaraq İİR-dan Azərbaycana gələn sərnişinlərlə gömrük nəzarəti aparmışdır. Həmin gün saat 17 radələrində Azərbaycan Respublikası vətəndaşı X9 adlı, qarayanız, dolu bədən quruluşlu bir qadın İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasına keçərək piyada idxal gömrük nəzarəti xəttinə daxil olmuşdur. Həmin qadının əl yükləri də olmuşdur. Gömrük nəzarətinə daxil olduqdan sonra, həmin qadınla əvvəlcə şifahi şəkildə sorğu-sual edərək gömrük sərhədindən keçən hər bir piyadaya verdiyi sualı vermiş, yəni əl yüklərində və üzərində qanunla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış, dövriyyəsinə icazə tələb edilən maddələr, narkotik, psixotrop, güclü təsir edən maddələr, dərmanlar, silah, qızıl və zərgərlik əşyaları, valyuta və gömrük nəzarətinə bəyan edilməli olan, həmçinin gömrük nəzarətindən gizlətdiyi hər hansı predmetin olub-olmadığını soruşmuş və varsa gömrük nəzarətinə bəyan etməyi təklif etmişdir. Təyyarə İslamova isə, nə əl yükündə, nə də üzərində gömrükdən gizlətdiyi və bəyan etmədiyi heç nəyin olmadığını bildirmişdir. Onun pasportuna baxdıqda İran İslam Respublikası istiqamətində mütəmadi giriş-çıxış etdiyi məlum olmuşdur. ni müşahidə etmişdir. Uzun müddətdir ki, Astara gömrük postunda çalışdığı üçün mütəmadi gedib-gələn sərnişinlərin çox vaxt hansısa dərmanları və sair predmetləri İrandan alıb gətirdiklərinin şahidi olduğuna görə və həmçinin, həmin qadının özünü bir qədər narahat və şübhəli aparmasını müşahidə etdiyinə görə Təyyarə İslamovaya üzərində şəxsi yoxlama aparacağını şifahi dedikdən sonra, o, bir qədər səsküy salmağa və narazılıq etməyə başlamışdır. Üstündə gizlətdiyi heç nəyin olmadığını deyərək onu yoxlamaq lazım olmadığını bildirmişdir. Bu isə, şübhəni bir az da artıran haldır. Şəxsi yoxlama barədə rəhbərliyə müraciət edib qərar qəbul edəndən sonra, hal şahidləri qismində iki nəfər qadın çağırmış və onlara İrandan gələn qadın sərnişinin üzərində şəxsi yoxlama keçirəcəyini deyib onlara hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Hal şahidləri də, razılaşdıqlarından onlara hüquqlarını və vəzifələrini izah etdmiş, daha sonra, hamısı birlikdə şəxsi yoxlama otağına gemişlər. Orada hal şahidlərini Təyyarə İslamovaya təqdim etmişdir. Yoxlama başlamazdan əvvəl, bir daha üzərində gizlədilmiş və bəyan edilməyən hər hansı predmet olub-olmadığını soruşduqda Təyyarə İslamova bir daha acıqlı şəkildə və yenə səs-küy salaraq heç nə gizlətmədiyini demişdir. Daha sonra, şəxsi yoxlamaya başlamış,və həmin xanım hərəkətləri ilə qismən prosesə mane olmağa və onu yayındırmağa çalışmışdır. Lakin, şəxsi yoxlama nəticəsində Təyyarə İslamovanın ayaqqabılarının içəri alt hissəsindən hər birində bir bağlama olmaqla iki sellofan bağlama aşkar etmişdir. Həmin bağlamalar kiçik sellofan torbalar olmuşdur. Sellofan torbalar içərisində cəmi üç bağlama olmuşdur. Həmin bağlamaların içərisindəki toz şəkilli, tünd göy rəngli maddəyə vizual baxdıqda kalium-permanqanata oxşar maddə aşkar edilmişdir. Daha sonra, həmin maddə gizlədilmiş şəkildə olduğundan və əvvəlcədən İslamova Təyyarə tərəfindən bəyan edilmədiyindən hüquqpozma predmeti qismində götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmişdir, müvafiq qaydada qablaşdırılmiş, sonra, şəxsi yoxlama barədə protokol tərtib edilmişdir. Həmin vaxtı Təyyarə İslamova dayanmadan səs-küy salıb qışqırıb bağırmaqla həm postun normal iş şəraitinə, həm də prosesə maneə törətmişdir. O, protokolu yazmağa başlayan zamandan heç bir sənədə qol çəkməyəcəyini, heç bir söz yazmayacağını demişdir. Lakin, hər bir halda aşkar edilmiş predmetlə əlaqədar onun tərəfindən protokol tərtib edilmiş, protokolu ucadan oxuduqdan sonra, Təyyarə İslamovaya tanış olub imza etməsi üçün verdikdə o, protokol imzalamamışdır. Bu səbəbdən, o, protokola Təyyarə İslamovanın protokolu imzalamaqdan imtina etməsi barədə qeyd etmişdir. Hal şahidləri də sənədlə tanış olub imzaladıqdan sonra, özü protokolu imza edərək götürülmüş predmetlə birlikdə təhqiqat şöbəsinə təhvil vermişdir. Təyyarə İslamova izahat da verməkdən imtina etdiyinə görə bu barədə akt da tərtib edilmiş və o, aktı da imzalayıb həmin qadının protokolu imza etməkdən imtina etməsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə verən Şahid3 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 18 aprel 2018-ci il tarixli “protokolun imza edilməsindən imtina edilməsi haqqında” protokoldan məlum olur ki, 18 aprel 2018-ci il tarixdə Astara gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn X7 həmin gün üzərində keçirilmiş şəxsi yoxlama nəticəsində gömrük nəzarətindən gizlətdiyi predmetin aşkar edilməsindən sonra, bu barədə tərtib edilmiş protokola imza etməkdən, eləcə də, izahat verməkdən imtina etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, “fotoşəkillə tanınmaya təqdim etmə barədə” protokoldan məlum olur ki, AR Cinayət-Prosessual Məcəlləsinin 239.9-cu və 241-ci maddələrinə əsasən, şəxsi yoxlamanı həyata keçirmiş gömrük əməkdaşı Şahid1 şahid qismində dindirilməsindən sonra, onun Təyyarə İslamovanı fiziki olaraq tanıyıb-tanımamasını müəyyənləşdirmək və bu şəkildə üzərində şəxsi yoxlama həyata keçirdiyi şəxsi konkretləşdirməklə cinayətin subyektini dəqiqləşdirmək məqsədilə ona təqdim edilmiş fotoşəkillər arasında Təyyarə İslamovanı tanıyaraq onun olduğu fotoşəkili işarələməklə, təsdiqedici qeydlərini etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, “fotoşəkillə tanınmaya təqdim etmə barədə” protokoldan məlum olur ki, AR Cinayət-Prosessual Məcəlləsinin 239.9-cu və 241-ci maddələrinə əsasən, şəxsi yoxlamada hal şahidi qismində iştirak etmiş Şahid3 və Şahid2 onlara təqdim edilmiş fotoşəkillər arasında Təyyarə İslamovanı tanıyaraq onun olduğu fotoşəkili işarələməklə, protokola təsdiqedici qeydlərini etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2018-ci il tarixli, 10033 nömrəli məhkəmə ekspertizası arayışından görünür ki, tədqiqata təqdim olunan, üzərində “№203728 Azərbaycan Respublikası vətəndaşı X9 barəsində...” və s. sözlərdən ibarət yazı olan polietilen paketdəki 3 ədəd sellofandakı tünd bənövşəyi rəngli kristallik maddə, ümumi təmiz çəkisi 129,343 qram olan kalium-permanqanat maddəsidir. Kalium-permanqanat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycam Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na daxildir. (Qeyd: kalium-permanqanatın çəkisi ümumi – 129,343 qr., tədqiqata sərf edildi – 1,5 qr., qalıq – 127,843 qr.) Adı çəkilən Mərkəzin 20 aprel 2018-ci il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 101 (bir yüz) manat 67 (altmış yeddi) qəpik təşkil edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2018-ci il tarixli, 15728 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqat təqdim edilmiş, üzərində “Astara Gömrük İdarəsi Azərbaycan Reapublikası vətəndaşı X7 barəsində...” yazı və imzalar olan polietilen paketdə 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 42.494 qr., 42.614 qr., 42.735 qr., ümumi təmiz çəkisi 127.843 qram tünd bənövşəyi rəngli, kristallik maddə kalium-permanqanat maddəsidir. Kalium-permanqanat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycam Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na daxildir. (Qeyd: kaliumpermanqanatın ilkin ümumi təmizi çəkisi: 129,343 qr, ilkin tədqiqatdan sonra tədqiqata təqdim edilmiş çəkisi: 127,843 qr, sərf edildi: 1,5 qr, qalıq: 126,343 qr.) Adı çəkilən Mərkəzin 22 iyun 2018-ci il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 106 (bir yüz altı) manat, 02 (iki) qəpik təşkil edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 12 dekabr 2022-ci il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə aşkar olunaraq götürülmüş ilkin ümumi çəkisi 129.343 qram olan kalium-permanqanat maddəsinin üzərində üzərində keçirilmiş ekspertiza tədqiqatlarından qaytarılmış qalıq 126.343 qram kalium-permanqanat maddəsi müvafiq cinayət əməlinin törədilməsində alət və vasitə hesab edilərək maddi sübut kimi tanınmışdır və məhkəmənin yekun hökmünə qədər Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən X3 barəsində olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən - VAİS-dən alınmış sərhəd keçmə hesabatına dair 01 oktyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, X9 10 fevral 2009-cu il tarixdən, 16 mart 2020-ci il tarixdək olan müddət ərzində, 2009-2012-ci illərdə müvafiq olaraq il ərzində bir neçə dəfə, sonrakı dövrdə isə mütamadi olaraq hər ay ölkə ərazisini tərk etmiş və geri qayıtmışdır. Cinayət işinin materiallarından məlum olur ki, X1 Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(018)-180/2023 saylı hökmünə əsasən CM-in 221.2.2-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırma cəzasına məhkum olunmuş, CMin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırma cəzası saxlanmışdır. Cinayət işinin materiallarında olan Qubadlı rayonu, Tatar ərazi dairəsi, Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsində X9 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında Qubadlı rayonu, Tatar ərazi dairəsi, Qiyaslı kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından məlum olur ki, X2 rayonu, Tatar ərazi dairəsi, Qiyaslı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, 28-ci məhəllədə yerləşən keçmiş Plan-Uçot kollecinin (indiki adı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec) 1 saylı yataqxanasında qeydiyyatda olmaqla yaşayır. Cinayət işində olan DİN-nin Əməliyyat statistik informasiya idarəsinin 11 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsini 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Respublika gömrük orqanına bəyan edilir. Azərbaycan Respublikası CM-in 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dovriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.2-ci (Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7 cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istitaqında təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X7 əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, xəstə olmasını, məcburi köçkün kimi ailəsinin ağır maddi həyat şəraitini, ailəsinə yeganə qazanc gətirən şəxs olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X7 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. X7 ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, xəstə olmasını, məcburi köçkün kimi ailəsinin ağır maddi həyat şəraitini, ailəsinə yeganə qazanc gətirən şəxs olması və həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən X9 barəsində həmin Məcəllənin 62.1-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X8 Abşeron Rayon Məhkəməsinin 10 mart 2023cü il tarixli, 1(018)-180/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8 (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs X7 törətdiyi əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən X7 şəxsiyyətinə uyğun hesab edərək onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda məhkəmə hesab edir ki, X7 üzərinə onun yaşayış yeri üzrə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1-ci maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu nəzərdən keçirərək belə nəticəyə gəlir ki, X5 götürülmüş, maddi subut kimi tanınmış və təhqiqatdan sonra qalan 126.343 qram kalium-permanqanat maddəsi məhv edilməli, onların məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Qeyd edlənlərlə yanaşı, məhkəmə cinayət-prossesual qanunvericiliyin tələbləri baxımından X9 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə 207 (iki yüz) manat, 69 (altmış doqquz) qəpik təşkil edən ekspertiza xərcləri də, təqsirləndirilən şəxs X5 tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə nəzərdə tutulan qaydada Abşeron Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(018)- 180/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırma cəzası ilə qismən toplanıb, X7 üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X7 cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. X7 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, 28-ci məhəllədə yerləşən keçmiş Plan-Uçot kollecinin (indiki adı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec) 1 saylı yataqxanasındakı mənzili günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X7 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. X9 haqqında seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, tədqiqatlardan sonra qalan 126.343 qram kalium-permanqanat maddəsi məhv edilsin. X9 ndan 207 (iki yüz) manat, 69 (altmış doqquz) qəpik ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar