Məhkəmə qərarları › İş №1(021)-162/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-162/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-162/2021 21.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, qanuni nümayəndəsi X2, zərərçəkmiş şəxsin vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi 08 sentyabr 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, 2020-ci ilin avqust ayının təxminən 15-i tarixində saat 23 radələrində Bərdə rayonu Cumalar kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında idarə etdiyi “VAZ 2107” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobildə həmkəndlisi və qonşusu olan, hadisə vaxtı 16 yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qəsdən qızlıq pərdəsinin tamlığını pozaraq onunla cinsi əlaqədə olmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin Müdafiəçi1 vəsatətlər təqdim edərək ibtidai istintaq zamanı hüquqlarının pozulduğunu bildirərək cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, müstəntiq barədə xüsusi qərar çıxarılmasını və təqsirləndirilən şəxsin həbsdən azad edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxs X3, qanuni nümayəndəsi X2, zərərçəkmiş şəxsin vəkili Müdafiəçi2 vəsatətlərin təmin edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs vəsatətlərin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərinin vəsatətlərlə bağlı fikrlərini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatət təmin edilməli, təqsirləndirilən şəxsin həbsdən azad edilməsinə dair vəsatət isə rədd edilməlidir. Belə ki məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 284.1.1 və 284.1.2-ci maddələrinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqirləndirilən şəxsə onun müdafiəçisinə zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesinin iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəlləsinin 284.2-ci maddəsinə əsasən, müstəntiq cinayət işinin materialları ilə tanış olması üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 285.1-ci maddəsinə əsasən, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqələri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 286.1-ci maddəsinə əsasən, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma barədə tərtib olunmuş protokoldan görünür ki, həmin protokol 26 avqust 2021-ci il tarixdə tərtib edilmişdir. Lakin, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 hazırlıq iclasında vəsatət verərək bildirmişdir ki, müstəntiq Mətin Qənbərov 25.08.2021-ci iş materialları ilə tanış olmaq üçün ona teleqram göndərərək 27.08.2021-ci il tarixdə işlə tanış ola biləcəyini, 27.08.2021-ci il tarixdə işlə tanış olmaq üçün getdikdə işin tikilmədiyini və 28.08.2021-ci il tarixdə yenidən gəlib işlə tanış ola biləcəyini bildirmiş və bu barədə də vəsatətə əlavə etdiyi teleqramın arxasına müstəntiq şəxsən imza atmışdır. Lakin iş materiallarında olan tanış etmə protokolundan görünür ki, həmin protokol 26.08.2021-ci il tarixdə onlar işlə tanış olmamışdan əvvəl formal olaraq tərtib edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, o, 24.08.2021-ci il tarixdə o, Gəncə şəhərində olduğu halda ibtidai istintaqın qurtarması barədə formal protokol tərtib edilmişdir. Həmçinin, cinayət işinin 248-ci səhifəsində olan məktuba nə o, nədə təqsirləndirilən şəxs imza etməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, o cinayət işinin materialları ilə tanış olduqdan sonra 28.08.2021-ci il tarixdə vəsatət vermiş və müstəntiq həmin kobud pozuntuya yol verərək vəsatətin rədd edilməsi barədə 26.08.2021-ci il tarixdə, yəni iki gün əvvəlki tarixlə qərar qəbul etmiş və bizim şikayət və müdafiə hüququmuzu pozmuşdur. Müstəntiq daha sonra daha bir kobud pozuntu edərək vəsatətin rədd edilməsi barədə qərarın onlara təqdim edilməsinə dair məktuba özü imza etmişdir. Məhkəmə xüsusən qeyd edir ki, 26.08.2021-ci il tarixdə rədd edilməsi barədə qərar qəbul edilmiş vəsatət iş materiallarına əlavə edilməmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə barəsində olan cinayət işinin materialları ilə tanış olmasına dair protokol formal olaraq tərtib olunmuşdur. Belə ki, müstəntiq Mətin Qənbərov müdafiəçiyə 25.08.2021-ci iş materialları ilə tanış olmaq üçün ona teleqram göndərərək 27.08.2021-ci il tarixdə işlə tanış ola biləcəyini, 27.08.2021-ci il tarixdə işlə tanış olmaq üçün getdikdə isə ona işin tikilmədiyini və 28.08.2021-ci il tarixdə yenidən gəlib işlə tanış ola biləcəyini bildirmiş və bu barədə də vəsatətə əlavə edilmiş teleqramın arxasına şəxsən imza atmışdır. Bundan başqa, 26.08.2021-ci il tarixli protokolda təqsirləndirilən şəxsə səhvən işinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi izah olunmuşdur. Məhkəmə həmçinin qeyd edir, CPM-in 287.1-ci maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 287.2-ci maddəsinə əsasən, vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Həmin Məcəllənin 287.3-cü maddəsinə əsasən, müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Cinayət işinin materiallarından daha sonra müəyyən edilir ki, təqsirləndirilən şəxsin müdafiəçi tərəfindən 28.08.2021-ci il tarixdə vəsatət verilməsinə baxmayaraq müstəntiq həmin vəsatətin rədd edilməsi barədə 26.08.2021-ci il tarixdə formal qərar qəbul etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs və onun müdafiəçisinin hüquqularını kobud şəkildə pozaraq həmin vəsatətdən şikayət vermək üçün onlara 48 saat müddət verməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. CPM-nin 91.4-cü maddəsinin tələbinə görə, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəçiyə hazırlıq üçün kifayət qədər vaxt verilməlidir. Həmin Məcəllənin 91.5.4-cü maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq, CPM-nın 91.5.5-ci maddəsinin tələbinə görə isə müdafiəçinin yardımından pulsuz istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 91.5.21-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq hüququ vardır. “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2009-cu il tarixli Plenum qərarında da tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası CPM-nin 91.5.21 və 92.9.10-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və ya onun müdafiəçisi həbs qətimkan tədbirinin seçilməsi, yaxud həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlarla əlaqədar məhkəməyə təqdim olunan materiallarla tanış olmaq hüququna malikdirlər. Bununla da, ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13cü maddəsinə görə, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. CinayətProsessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bərdə Rayon Məhkəməsinə aid olsa da cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 məhkəməyə yazılı vəsatət təqdim edərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə yenidən baxılaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək habelə, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsirli özünü bilməməsini, onun azadlıqda qaldığı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olmasını nəzərə alaraq hesab edir ki, müdafiəçinin qətimkan tədbiri ilə bağlı vəsatəti rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün də əsaslar yoxdur. Göstərilənlərə əsasən və CPM-in 300.1.5., 303.1., 303.2., 303.3-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: İlk vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon Prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsinə dair təqsirləndirilən şəxsin Müdafiəçi1 vəsatəti rədd edilsin. Göstərilən xüsusatlar istintaq orqanı tərəfindən nəzərə alınmaqla, hərtərəfli, tam və obyektiv şəkildə araşdırılsın. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, qanuni nümayəndəsinə, onun vəkilinə, təqsirləndirilən şəxsə və müdafiəçisinə göndərilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar