Məhkəmə qərarları › İş №1(023)-69/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-69/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-69/2025 19.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Sirius Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, himayəsində 2 nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Ceyhun Mustafayev küçəsi mənzil 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda, 164285 manat ekvivalentində ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) Rusiya rublu olmaqla xarici valyuta vəsaitlərini 10 şəffaf bağlamada qablaşdıraraq Gürcüstana aparmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonun tavan örtüyünün altındakı boşluqda və ön cihazlar panelinin orta hissəsinin arxasındakı boşluqda gizlədərək 12 may 2025-ci il tarixdə saat 05 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş əməliyyat məlumatı əsasında gömrük postunda nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı qeyd olunan valyuta vəsaitləri gizlədildikləri yerdən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2 uşağı var. Təxminən 2015-ci ildən etibarən ailəsinin dolanışığını sürücülük fəaliyyəti ilə məşğul olmaqla təmin edir. Əsasən Azərbaycan Respublikası ilə Gürcüstan arasında müxtəlif adda yüklər aparıb-gətirir. Təxminən 5 ildir ki, Yevlax rayonundan olan X9 mənsub olan “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edir. Sonuncu dəfə Bakı şəhərində, "xxxx" QSC-dən idarə etdiyi markası və nömrəsi yuxarıda qeyd olunan yük nəqliyyat vasitəsinə “koks” yükü yüklənmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində Gürcüstan Respublikasına getmək üçün təyinatı üzrə yola düşmüşdür. Yevlax şəhərindən keçərkən gecə təxminən 01 radələrində idarə etdiyi nəqliyyat vasitəsini yolun üzərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin həyətində saxlamış və istirahət etmək üçün oradan dövlət nömrə nişanını dəqiq xatırlamadığı “VAZ 2106” markalı taksiyə minərək yaşadığı ünvan 1 ünvanına getmişdir. xx.xx.2025-ci il tarixində təxminən saat 18 radələrində illərdi işləyərək yığdığı və rusiya rubluna çevirərək saxladığı ümumilikdə 7.975.000 rus rublunu da götürərək qara bağlamanın içərisinə qoymuş və idarə etdiyi nəqliyyat vasitəsini saxladığı yerə getmişdir. Daha sonra pulları qoyduğu qara bağlamanı idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısında sərnişin oturacağının üzərinə qoymuş və təyinatı üzrə “Qırmızı Körpü” gömrük postuna doğru yola düşmüşdür. Pulları şəffaf sellofanlarla 10 bağlamaya ayırmışdır. Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində yerləşən “ST oil” adlı yanacaqdoldurma məntəqəsinin ərazisində idarə etdiyi nəqliyyat vasitəsini saxlamış və 5 bağlamasını yəni 4.250.000 rus rublunu idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində, digər 5 bağlamasını yəni 3.725.000 rus rublunu isə idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısının şitində (alətlər paneli) gizlətmiş və “Qırmızı Körpü” gömrük postuna doğru yola düşmüşdür. Gömrük əməkdaşları ondan gömrük orqanlarına bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması barədə sorğu-sual etmişlər. O da öz növbəsində gömrük orqanlarına bəyan olunası və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir predmetin olmadığını bildirmişdir. Daha sonra onlar idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmişlər, bu zaman idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsindən 4.250.000 rus rublu valyuta vəsaitini aşkar etmişlər, aşkar edilmiş valyuta vəsaitlərini protokol tərtib edərək götürmüşlər və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Aradan bir neçə saat keçdikdən sonra isə ona idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə əlavə gömrük baxışı keçirilməli olduqlarını və onun da bu baxışda iştirak etməli olduğunu bildirmişlər. Onun da iştirakı ilə idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə əlavə gömrük baxışı keçirilmiş və baxış zamanı idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının şitindən ümumilikdə 3.725.000 rus rublu valyuta vəsaitini də aşkar etmişlər. Aşkar edilmiş valyuta vəsaitlərini protokol əsasında götürmüşər və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunan ümumilikdə 7.975.000 rus rublu valyuta vəsaiti özünə məxsusdur. Uzun müddətdir işləyərək qazandığı pulları fərqli-fərqli vaxtlarda rub rubluna dəyişərək yığmışdır. Qeyd olunan valyuta vəsaitlərini idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısında gizlədərək Gürcüstan ərazisinə keçirib orada ABŞ dollarına dəyişərək mənfəət əldə etməyi planlamışdır. Həmin pulları orada ABŞ dollarına dəyişərək Gürcüstandan özünə yük nəqliyyat vasitəsi alaraq ölkə ərazisinə gətirəcəkmiş. Qanunvericiliyə uyğun olaraq 10,000 ABŞ dolları ekvivalentindən artıq xarici valyuta vəsaitini yazılı formada bəyan edilməli olduğunu bilirdi, lakin keçirmək istədiyi valyuta vəsaiti 10,000 ABŞ dolları ekvivalentindən artıq olduğu üçün gömrükdə aşkar olunmasın deyə idarə etdiyi nəqliyyat vasitəsində gizlədərək Gürcüstan ərazisinə keçirmişdir. 7.975.000 rus rublu dəyərində valyuta vəsaitlərini gömrük əməkdaşları aşkar edənədək gömrük nəzarətinə yazılı surətdə bəyan etməmişdir. Əməlindən peşmandır. Himayəsində 2 uşağı var, ailədə ondan başqa qazanc gətirən şəxs yoxdur, bunları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat və təhqiqat şöbəsinə təhkim olunmuş instruktorkinoloq olan X10 ilə birgə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmış, Təqsirləndirilən şəxs gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmiş, “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ətraflı baxış keçirilmiş, nəqliyyat vasitəsinin dartıcısının salonunda tavan hissədən gömrük nəzarətindən gizlədilmiş 5 (beş) ədəd bağlamada xarici valyuta vəsaitləri olan rusiya rublu aşkar olunaraq götürülmüşdür. Aradan bir neçə saat keçdikdən sonra daxil olan yeni əməliyyat məlumatına əsasən həmin nəqliyyat vasitəsinə Əməliyyat və təhqiqat şöbəsinə təhkim olunmuş instruktor-kinoloq olan X5 ilə birgə əlavə gömrük baxışı keçirmiş, əlavə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin dartıcısının salonunun şitindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 5 (beş) ədəd bağlamada xarici valyuta vəsaitləri olan rusiya rublu aşkar olunaraq götürülmüşdür. Aşkar olunan valyuta vəsaitlərinə Tovuz Gömrük İdarəsində Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə gömrük baxışı keçirmiş, baxış zamanı “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən birinci gömrük baxışı zamanı aşkar olunan 5 bağlamada olan valyuta vəsaitlərinin ümumilikdə 4.250.000 (dörd milyon iki yüz əlli min) rus rublunun, əlavə gömrük baxışı zamanı aşkar olunan 5 bağlamada olan valyuta vəsaitlərinin isə 3,725,000 (üç milyon yeddi yüz iyirmi beş min) rus rublunun olduğu müəyyən olunmuşdur. Beləliklə, “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısından çıxan 10 bağlamada olan valyuta vəsaitlərinin ümumilikdə 7.975.000 (yeddi milyon doqquz yüz yetmiş beş min) xarici valyuta vəsaiti olan rus rublu təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun izahat vermiş və göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, 12 may 2025-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 12 may 2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş gömrük baxışı zamanı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə salonun tavan örtüyünün altındakı boşluqda gömrük nəzarətindən gizlədilmiş 5 şəffaf bağlamada 825 ədəd 5000-lik, 7 ədəd 2000-lik, 91 ədəd 1000-lik, 36 ədəd 500-lük və 20 ədəd 100-lük əskinaslarda ******* (dörd milyon iki yüz əlli min) Rusiya rublu aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan, 12 may 2025-ci il tarixli “nəqliyyat vasitəsinə əlavə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 12 may 2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş əlavə gömrük baxışı zamanı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 5 şəffaf bağlamada 722 ədəd 5000-lik, 3 ədəd 2000-lik, 99 ədəd 1000-lik və 20 ədəd 500-lük əskinaslarda ******* (üç milyon yeddi yüz iyirmi beş min) Rusiya rublu aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan, 12 may 2025-ci il tarixli “gömrük baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, 12 may 2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 77JK145/99ZF145 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş gömrük baxışı və əlavə gömrük baxışı zamanı aşkar olunaraq götürülmüş 10 ədəd bağlamada valyuta vəsaitlərinin 1547 ədəd 5000-lik, 10 ədəd 2000lik, 190 ədəd 1000-lik, 56 ədəd 500-lük və 20 ədəd 100-lük əskinaslarda olmaqla ümumilikdə ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) Rusiya rublu olduğu müəyyən edilərək protokol əsasında götürülmüşdür. Cinayət işinin materiallarında olan, 12 may 2025-ci il tarixli “mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, keçirilmiş baxış zamanı, Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs istifadəsində olan 1 ədəd “Realme” markalı, **********08553/ **********08546 beynəlxalq tanınma (imei) kodlu mobil telefonda aşkar olunaraq götürülmüş ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) Rusiya rublu ilə bağlı hər hansı bir məlumata rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 may 2025-ci il tarixə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi bülleten məzənnəsindən görünür ki, 12 may 2025-ci il tarixə 100 Rusiya rublu 2,06 manat təşkil edir. Beləliklə, aşkar olunaraq götürülmüş ümumilikdə ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) Rusiya rublu milli valyutaya – Azərbaycan manatına münasibətdə 164285 manat təşkil edir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/493 nömrəli, 4 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 20 ədəd 100 nominal, 56 ədəd 500 nominal, 197 ədəd 1000 nominal, 10 ədəd 2000 nominal və 1547 ədəd 5000 nominal Rusiya rublu olmaqla, cəmi ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) Rusiya rublu Rusiya Federasiyasının tədavülə buraxdığı müvafiq nominal pul əskinası ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan, 17 iyun 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sonuncu dəfə 12 may 2025-cü il tarixdə, saat 04:13-də “Qırmızı Körpü” dövlət-sərhəd buraxılış məntəqəsindən istifadə etməklə Azərbaycan Respublikasından Gürcüstana gedərkən gömrük orqanı tərəfindən saxlanılaraq dövlət sərhədindən buraxılmamış və geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin 19 may 2025-ci il tarixli, 3-33-2000/013/001896 nömrəli xidməti qeydindən görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) Rusiya rublu məbləğində valyuta vəsaitinin gömrük nəzarətindən gizlədilməklə Gürcüstan ərazisinə aparılması əməlində iştirak edən digər şəxslər dairəsinin, həmin şəxslərin əvvəllər qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən hər hansı bir mallardan keçirib-keçirməməsi hallarının, həmçinin həmin valyuta vəsaitlərini Gürcüstan ərazisində əldə edəcək olan şəxslər dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 09 avqust 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X2, arvadı X3, qızı 2016-cı il təvəllüdlü X6 və oğlu 2018-ci il təvəllüdlü X7 ilə birlikdə Yevlax şəhəri C.Mustafayev küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 05 sentyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə üzrə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xəstəlikdən əziyyət çəkməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əmlak vəziyyətini, onun gəncliyini, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb, göstərilən halların məcmusunu müstəsna hal hesab edərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilib, əlavə cəza təyin edilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla, əlavə cəza təyin edilmədən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Dövlət Gömrük Komitəsinin Maliyyə Təhcizad İdarəsində saxlanılan 1547 ədəd 5000-lik, 10 ədəd 2000-lik, 190 ədəd 1000-lik, 56 ədəd 500-lük və 20 ədəd 100-lük əskinazlar olmaqla, ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) rusiya rublu pul əskinasları müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra sahibinə qaytarılmalı, iş üzrə ekspertiza xərci-ekspertiza tədqiqatının dəyəri olan 280 (iki yüz səksən) manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Yevlax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilməsin, o, 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. İş üzrə maddi sübutlar olan, Dövlət Gömrük Komitəsinin Maliyyə Təhcizad İdarəsində saxlanılan 1547 ədəd 5000-lik, 10 ədəd 2000-lik, 190 ədəd 1000-lik, 56 ədəd 500-lük və 20 ədəd 100-lük əskinazlar olmaqla, ******* (yeddi milyon doqquz yüz yetmiş beş min) rusiya rublu pul əskinasları müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri 280 (iki yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000 0003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya idarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar