Məhkəmə qərarları › İş №1(029)-106/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-106/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-106/2023 20.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi : X2 iştirakları ilə, xx.xx.1995-ci ildə X3 şəhərində anadan olmuş, Mərakeş Krallığının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X4 şəhəri Tranche 8 Lettre d NM 10 Tamanşourte ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Avropa ölkələrinə gedib orada yaşamaq və işləmək məqsədilə həmin ölkələrə getmək üçün viza əldə edə bilmədiyindən 22 sentyabr 2023-cü il tarixdə, saat 17:22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasınm xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, X5 ölkələrinə getmək "Schengen” vizası tələb olunduğundan və həmin vizanı əldə etmək Mərakeş Krallığı vətəndaşları üçün çox çətin olduğundan o bu ölkələrə getməyin fərqli yollarını axtarmışdır, internetdə apardığı araşdırma nəticəsində ona məlum olmuşdur ki, Azərbaycan Respublikasına viza əldə etmək asandır və o elektron viza ilə bunu özü üçün təmin etmişdir. O, "Google Map" proqramı vasitəsilə xəritəyə baxmışdır ki, Azərbaycan Respublikasına qanuni yolla gedib, oradan qanunsuz yolla Rusiya Federasiyasına keçsin, Rusiya Federasiyasından da Avropa ölkələrinin birinə getsin və tədricən sənədlərini qaydasına qoyub orada yaşasın. Bu məqsədlə 16 sentyabr 2023-cü il tarixdə "Casablanca-İstanbul-Bakı" aviareysi ilə Bakı şəhərinə, 'Heydər Əliyev” Beynəlxalq Aeroportuna gəlmiş, çatdıqdan sonra internetdə Bakı şəhərində müvəqqəti qalmaq üçün otel axtarmış və ucuz qiymətə "AF hostel" mehmanxanasını tapmış, bron edərək həmin hosteldə 4 gün qalmış, həmin günlər ərzində Bakı şəhərində bir nəfər şəxslə tanış olmuş və həmin şəxsdən Rusiya Federasiyası ilə sərhədə hansı yolla getməyin mümkün olduğunu soruşmuşdur. O, həmin şəxsin adını hazırda xatırlamır, həmin şəxslə qaldığı AF hosteldə tanış olmuş, həmin şəxs ona bunun üçün "Bakı Beynəlxalq Avtovağzalına getməsini, oradan avtobusla Quba-Qusar rayonlarına gedib sərhəd-keçid məntəqəsinə yaxınlaşmasını bildirmişdir. Həmin şəxs ona həmçinin bildirmişdir ki, Azərbaycanda quru sərhədləri bağlıdır və o, sərhədi quru yolla Rusiya Federasiyası istiqamətində keçə bilməyəcəkdir. Buna baxmayaraq, o, 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən avtobusla Quba şəhərinə getmiş və orada adını bilmədiyi bir hosteldə yerləşmişdir. Hosteldə olduğu müddətdə o "Google Map" proqramı vasitəsilə xəritəyə baxaraq müəyyən etmişdir ki, Qusar rayonunun Yuxarı Zeyxur kəndi Rusiya Federasiyası ilə sərhədyanı ərazidə yerləşir. Sentyabr ayının 22-də qaldığı hosteldən çıxıb xəritədən istifadə etməklə Qusar rayonunun Yuxarı Zeyxur kəndinə getmiş, lakin həmin vaxt o, taksidən istifadə etmişdir. Belə ki, o, hostelin yaxınlığında dayanan qara rəngli, "Mercedes-Benz" markalı avtomobili idarə edən, adını bilmədiyi taksi sürücüsündən xahiş etmişdir ki, onu Qusar rayonunun Yuxarı Zeyxur kəndinə aparsın. Taksi sürücüsü onu həmin kəndin ərazisinə aparmış və o, avtomobildən düşüb xəritədən istifadə edərək Rusiya Federasiyası ilə sərhədə gedib çatmışdır. Həmin ərazi meşəlik sahədən ibarət olmuş, uzaqdan sərhəd çəpərini görmüş və ona doğru sürətlə getmişdir ki, Azərbaycandan Rusiyaya qanunsuz olaraq keçsin. Lakin, 22 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində sərhədi qanunsuz olaraq keçmək məqsədilə hərəkətdə olarkən sərhədçilər tərəfindən saxlanılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 12:50 radələrində hərbi hissənin şəxsi heyəti “Silaha" komandası ilə qaldırılmış və onlar 6-cı sərhəd zastavasının xidməti ərazisinə getmişlər. Ərazidə axtarış tədbirləri başlanmış, o, baş çavuş Şahid2 ilə birlikdə olmuşdur. Saat 17:21 radələrində 15-ci sahədə olarkən 1 nəfər naməlum şəxsin Rusiya Federasiyası istiqamətində irəlilədiyini müşahidə etmiş, həmin şəxsə yaxınlaşaraq "Dayan!" əmri vermiş və həmin şəxs dərhal yerində dayanmışdır. Bundan sonra onlar həmin şəxsi saxlamışlar. Onlar həmin şəxsdən hansı məqsədlə həmin əraziyə gəldiyini soruşduqda, sonuncu əl-qol hərəkətləri ilə onlara Rusiya Federasiyası istiqamətini göstərmiş və sözlərindən belə başa düşülmüşdür ki, həmin şəxs dövlət sərhədini qanunsuz olaraq həmin ölkə istiqamətində keçmək istəmişdir. Həmin şəxs onlar tərəfindən saxlanılan zaman sonuncunun üzərində bel çantası olmuş, onlar bu barədə aidiyyəti üzrə radiorabitə vasitəsilə məruzə etmiş və həmin şəxsi sərhəd zastavasına aparmışlar. Onlara sonradan məlum olmuşdur ki, həmin şəxs Mərakeş Krallığı vətəndaşı Təqsirləndirilən şəxsdir və saxlanıldığı əraziyə gəlməkdə məqsədi dövlət sərhədini qanunsuz olaraq Rusiya Federasiyasına keçmək, oradan isə Avropa ölkələrinin birinə getmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında olan protokoldan və fotocədvəldən görünür ki, baxış keçirilən hadisə yeri Qusar rayonu Yuxarı Zeyxur kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının xidməti ərazisidir. Saxlanılma yeri olan 15-ci sahə sol tərəfdən çay, sağ tərəfdən ağaclıqla əhatə olunmuşdur. Qeyd olunan nöqtə 35 nömrəli sərhəd nişanından 300 metr sağda, dövlət sərhəd xəttindən 50 metr aralıda yerləşir. Sərhəd pozucusunun əraziyə daxil olduğu 13-cü sahədə 51-52 nömrəli dirəklər arasındakı 7,8,9 –cu məftillər qırılmış və nəzarət iz zolağında 1 nəfərə məxsus AR-RF istiqamətində ayaq izləri aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Resoublikası ərazisində məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 17:22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti müsbət xaraktrerizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Təqsirləndirilən şəxs dövlət sərhəddini qanunsuz keçməkdə məqsədi məhz maddi qazanc əldə etmək məqsədi ilə Avropa ölkələrinə getmək istəmişdir. Məhkəmə hesab edir ki, ona cərimə cəzası təyin edildiyi təqdirdə əlavə mərhumiyyətlərə məruz qalacaq, həmin cəzanın icrasını həyata keçirmək mümkün olmayacaq. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əcnəbi olduğundan, həmçinin Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmadığından ona CM-nin 52.1-ci maddəsinə əsasən əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan inzibati qaydada tutma haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablanmışdır Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətlərinin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübut olan olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olduğu andan (Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar