Məhkəmə qərarları › İş №1(029)-24/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-24/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-24/2022 15.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu Bədirqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona görə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır ki, o, 17 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Bədirqala kəndində yerləşən, Şahid5 məxsus adsız kafedə müştərilər Şahid1, Şahid3, Şahid2 və Şahid4 olan zaman kafeyə daxil olaraq heç bir səbəbi olmadan qəsdən masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir etməyə başlamış, sonra onun əynindəki gödəkçəsindən tutub yerə yıxmış, daha sonra isə əl-qol və ayaq zərbələri ilə döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonu Bədirqala kəndində yaşayır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Yaşadığı kənddə Hacıbala tərəfindən onun ailəsi barədə müxtəlif şayiələr yayılmış və buna görə də, aralarında sözsöhbət olmuşdur. Bundan başqa, Hacıbala əvvəllər bələdiyyədə işləmiş və onun torpaq sahəsini ucuz qiymətə başqa şəxsə satmışdır. Buna görə də, onun Hacıbaladan acığı olmuşdur. O, 17 yanvar 2022-ci il tarixdə Sərvət adlı şəxslə 750 qramlıq spirtli içki araq içərək sərxoş olmuş və evə getmişdir. Evdə olarkən ailə üzvləri ilə mübahisə etmiş və buna görə əsəbləşmişdir. Həmin gün saat təxminən 19 radələrində əsəbi və sərxoş halda evdən çıxaraq yaşadığı kənddə yerləşən, Şahid5 məxsus kafeyə getmiş və kafedə Hacıbalanın masa arxasında oturduğunu görmüşdür. Həmin vaxt onun Hacıbaladan acığı olduğundan həmin şəxsi söymüş, ona yaxınlaşmış, torpaq sahəsini nəyə görə ucuz qiymətə satdığını soruşmuş, Hacıbala əcəb etdiyini demiş, bu səbəbdən də, yumruqla onun sifətindən sıxıb itələmiş, Hacıbala yıxılmışdır. Lakin, onu əl-qol və ayaq zərbələri ilə vurmamışdır. Həmin vaxt Hacıbala orada olan ağac parçası ilə onun başından vurmuş və o, xəsarət almışdır. Bundan sonra orada olan adamlar onları ayırmış və onu bayıra çıxarmışlar. Hacıbalanın burun nahiyəsində olan sıyrıq onun yumruqla onu itələməsi nəticəsində əmələ gəlmiş, qalan xəsarətləri isə o, yetirməmişdir. Törətdiyi əməlindən peşmandır, himayəsində dörd azyaşlı uşaqları vardır, bir neçə dəfə zərər çəkmiş şəxslə barışmağa cəhd etsə də, sonuncu onunla barışmamışdır. Odur ki, həmin halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən səmimi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Bədirqala kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, həmçinin uzaq qohumudur. O, 2010-cu ildə bələdiyyədə işləmiş, təqsirləndirilən şəxsə məxsus torpaq sahələri isə 2014-cü ildə hansısa şirkət tərəfindən alınmışdır. 17 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Bədirqala kəndində yerləşən, Şahid5 məxsus kafedə yeyib-içmək üçün oturmuş, həmin vaxt orada həmkəndliləri Şahid1, Şahid3, Şahid2 və Şahid4 da olmuşlar. O, yemək yeməyə başlayan zaman Təqsirləndirilən şəxs kafeyə girərək onun ünvanına ucadan söyüşlər söymüş, ona yaxınlaşıb gödəkçəsinin arxa boyun hissəsindən tutaraq dartıb yerə yıxmış, təpiklə başından və qarnından vurmuş, ayağa qalxdıqda isə yumruqla sifətindən vurmuş, burnu qanamış, sifəti göyərmişdir. Bundan sonra orada olan şəxslər onları ayırmışlar və Romiki bayıra çıxartmışlar. O, özünü müdafiə etməyə, Romiki vurmağa macal tapmamışdır. Romikin onu niyə söydüyünü və vurduğunu bilməmiş, sonradan Romikin anası demişdir ki, guya torpaq söhbətinə görə həmin hərəkətləri etmişdir. Lakin, onun Romiklə heç bir torpaq problemi olmamışdır. O, hadisə ilə bağlı polisə şikayət etmiş və Romik təhqiqata cəlb olunmuşdur. Hazırda o, Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir, həmin şəxsin barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Bədirqala kəndində yaşayır, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Tarıveürdi oğlu onun həmkəndliləridirlər. 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında Qusar rayonu Bədirqala kəndində yerləşən, Şahid5 məxsus kafeyə getmiş, zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs də orada olmuşdur. Bir az oturduqdan sonra Təqsirləndirilən şəxs da kafeyə gəlmiş, sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ucadan söyməyə başlamış, həmçinin Hacıbalanın oturduğu masaya yaxınlaşaraq arxa tərəfdən onun paltarının yuxarı hissəsindən tutub dartaraq onu yerə yıxmış, yumruqla və təpiklə həmin şəxsi vurmuş, Hacıbalanın burnu qanamışdır. Lakin, Hacıbalanın Romiki vurduğunu görməmiş, orada odun parçası olmamışdır. O, Romikin Hacıbalanı nə üçün söydüyünü və vurduğunu bilməmiş, aralarında hər hansı söhbət olmamış, Romik kafeyə girən kimi məlum hadisə baş vermişdir. Bundan sonra o, Romiki kafedən bayıra çıxarmış və sonuncu oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və X1 Şahid4 oğlu ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 və Şahid5 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar Şahid4 oğlunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 28 saylı 17.01.2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Terıverdi oğlunun məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs Terıverdi oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun üstünün sıyrığı; sol diz nahiyəsinin şişkinliyi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 17.01.2022-ci il tarixdə əl-qol zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 29 saylı 17.01.2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ təpə və ənsə-təpə nahiyyəsinin, həmçinin alnın tüklü hissəsinin xırda ölçülü səthi əzilmiş yaralar bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən bir gün əvvəl, yəni 18.01.2022-ci il tarixdə əmələ gələ bilərdi, həmçinin özü-özünə də yetirilməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan protokolaşdırma nömrəsi 05588 olan 17.01.2022-ci il tarixli alkotesterdən çıxarışın surətindən görünür ki, həmin tarixdə saat 21:34-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0,442 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan təhqiqat orqanının 29 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs və Şahid4 əməllərində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 146/01-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 26.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən qəti olaraq 150 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 04.09.2015-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs 150 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.01.2022-ci il tarixli 82 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Bədirqala kəndində daimi qeydiyyatdadır və aşağıdakı ailə tərkibinə malikdir: arvadı X7, uşaqları X2, X6, X3, X4. İş materiallarında olan Seriya AZE 11690246, Seriya AZE 11690245, Seriya AZE 11799077, AA1004666 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 03.12.2012-ci il təvəllüdlü Elena, 03.01.2014-cü il təvəllüdlü Razin, 01.12.2016-cı il təvəllüdlü Yuliya və 13.05.2019-cu il təvəllüdlü Alisa adlı dörd azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Bədirqala kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 15.03.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir, onun barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 17 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Bədirqala kəndində yerləşən, Şahid5 məxsus adsız kafedə müştərilər Şahid1, Şahid3, Şahid2 və Şahid4 olan zaman kafeyə daxil olaraq heç bir səbəbi olmadan qəsdən masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir etməyə başlaması, sonra onun əynindəki gödəkçəsindən tutub yerə yıxması, daha sonra isə əl-qol və ayaq zərbələri ilə döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə xuliqanlıq hərəkətləri etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində dörd azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, əməlindən səmimi peşman olmasını şəxsiyyətini müsbət cəhətdən, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Bədirqala kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışmamasını, sonuncunun ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin edilməsi onun islah olunması və cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməz və ona görə də, həmin cəzalardan hər hansı birinin təyin edilməsi də məqsədəmüvafiq deyildir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Bədirqala kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar