Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-24/2023 28.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Qusar rayonu Quxur oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qusar rayonu Quxur oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində Qusar rayonu Quxur oba kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yumruqla onun sifət nahiyəsinə vuraraq ona qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun arvadıdır. Sərxoş olduğuna görə Mirvari onu nalayiq söyüşlərlə söymüş və onun evdən qovmuşdur.10 dekabr 2022-ci il tarixdə yaşadığı evdə arvadı Mirvari onunla mübahisə etmiş və ev özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt o, “ala sənə ev” deyib əlini qabağa edəndə əli Mirvarinin dodağına dəyərək onun dodağından qan gəlmişdir. Mübahisə vaxtı onların yanında heç kim olmamış, uşaqları Xumar və Elmir başqa otaqda olmuşdur. O, arvadını heç vaxt döyməmişdir. Onların aralarında daimi mübahisələr olur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizası rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əməli törətmş şəxs onun əridir. Ramazan mütəmadi olaraq spirtli içki qəbul etmiş, ailəsinə baxmamış və evdə buna görə narazılıqlar olmuşdur. Əri Ramazan heç bir yerdə işləmir, ancaq spirtli içki içib axşamlar onunla mübahisə edir. O çörək birişib evə gəlmiş, halsız olduğu üçün sobanın yanına oturmuşdur. Həmin vaxt Ramazan gəlib onun sinəsinə və başına yumruqla vurmuşdur. O, özündən getmiş ora gələn uşaqlar Ramazanı sakitləşdirmişdir. Axırıncı dəfə o, işdən ayıdıb evdə yemək yeyən vaxt əri Ramazan gəlib onun sifətindən yumruqla vurmuşdur. Hazırda o, Ramazanla barışmamış, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, axşam o, evin yuxarı mərtəbəsində yatmışdır. Evin aşağı mərtəbəsindən səs gəlmiş, səsə aşağı düşmüş, aşağı düşəndə anası Mirvarınin dodağı partlamış və qan içində olduğunu görmüşdür. O, anasında nə baş verdiyini soruşduqda anası onu Ramazanın vurduğunu demişdir. Məhkəmə istintaqı zamanı X3 atası Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyinə görə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan olunaraq sübut kimi qəbul edilmiş ifadədən görünür ki, atası Ramazan mütəmadi olaraq spirtli içki qəbul edərək ailəsində narazılıqlar yaratmışdır. 10 dekabr 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində yaşadığı evdə yatdığı zaman anası Mirvari onun otağına gəlmiş və atası Ramazan tərəfindən döyüldüyünü demişdir. Həmin vaxt anası Mirvarini ağzından qan gəlmiş. O. Anasını ağzını silmişdir. Onların evində mütəmadi olaraq dava dalaş olmuş, atası Ramazan sərxoş halda anasını nalayiq söyüşlərlə söymüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 1061 saylı 10 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst dodaqda sağda əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törətməklə yetirilmə müddəti 10 dekabr 2022-ci il tarixə uyğun gəlmiş, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-66/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm ləğv edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işin icraatına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-111/2021 saylı 21 dekabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli PHŞ/6.54-2-2022-434 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun qeydiyyatında yoxdur. xx.xx.2021-ci il tarixdə həkim psixiatrın qəbulunda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X1 Qusar rayon qəbul şöbəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli **********8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs heç bir növ sosial müavinət (təqaüd) və əmək pensiyası almır. İş materiallarında olan Qusar RİHB-nın Quxur oba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Quxur oba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzaların təyin edilməsi cəzanın məqsədini təmin edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 154.2 və 154.2.1-154.2.10-cu maddələrinə əsasən həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləridir. Aşağıdakılardır. Azərbaycan Respublikası CPM-nin 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Quxur-oba kəndindəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-24/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-24/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver