Məhkəmə qərarları › İş №1(029)-26/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-26/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-26/2023 12.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, Qusar rayonunda fəaliyyət göstərən fərdi sahibkar Zərərçəkmiş şəxs ilə xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlamaqla onun sahibliyində olan Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında satıcı, faktiki isə mağaza müdiri vəzifəsində işləyərkən ona etibar olunmuş özgə əmlakının mənimsənilməsinə yol verməməklə öz əmək funksiyalarını layiqincə yerinə yetirməsini tam məsuliyyəti ilə öz üzərinə götürməsi məqsədi ilə tam maddi məsuliyyət barədə müqavilə bağlanılaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin mağazada işləmiş, hər ay təhvil aldığı müxtəlif adda məhsulların alış və satış qiymətləri, mağaza sahibinə təhvil verdiyi pul vəsaitlərinin və digər zəruri məbləğlərə dair aylıq malpul hesabatlarını yazıb tərtib etmiş, həmin mağazada işlədiyi müddətdə əmək funksiyalarına uyğun olaraq ona həvalə olunmuş mağazada olan malların satışını həyata keçirməli, vəzifələrinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olduğu halda, bunu etməyərək ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq maddi məsul şəxs olmaqla ona inanılıb etibar edilmiş mağazadan vahid niyyətlə ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə olan pul vəsaitlərini, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 24.433,76 manat (iyirmi dörd min dörd yüz otuz üç manat 76 qəpik), eyni zamanda xx.xx.2021-ci il tarixdən 11,05.2022-ci il tarixədək olan dövr ərzində isə 2.184,43 manat (iki min yüz səksən dörd manat 43 qəpik) olmaqla ümumilikdə 26.618,19 manat (iyirmi altı min altı yüz on səkkiz manat 19 qəpik) məbləğində pul vəsaitlərini şəxsi ehtiyacları üçün götürüb xərcləməklə mənimsəmiş, bununla da “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında işlədiyi müddətdə mağazanın əmlakının qorunub saxlanılmasına maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona inanılıb etibar edilmiş mağazadan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə cəmi 26.618,19 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özünə götürüb vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə özgə əmlakını talamışdır Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə fərdi sahibkar Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamaqla Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında satıcı vəzifəsində işə başlasa da, ancaq faktiki olaraq isə həmin mağazanın müdiri vəzifəsini icra etmiş, işə götürülərkən onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanılmış, onun əmək funksiyası mağazada olan malların satışını həyata keçirmək olmuşdur. Özündən başqa satıcı kimi orada arvadı X5, baldızı X6 və X12, operator kimi isə X10 işləmişlər. Onlar mağazanın fəaliyyətində ona köməklik göstərmişlər. Mağazanın əmlakı, kassası isə tam özünün nəzarətində, cavabdehliyində olmuşdur. Mağazanın iki kassası olmuş, əsas işlək kassada adətən Vəfadə Hacıyevə və Aygün Tahirova işləmişlər, nadir hallarda istifadə edilən ikinci kassada isə özü və arvadı Oksana Mahmudova iş aparmışlar. Hər gün səhər saatlarında kassada əyləşən işçiyə kassa sıfırlanmış vəziyyətdə təhvil verilmiş, günün sonunda isə kassanı təhvil almış, gün ərzində satılmış məhsulların əvəzində ödənilmiş pul vəsaitləri kompyuter göstəricilərinə uyğun olaraq ona təhvil verilmiş, o da bu pul vəsaitlərini mağazadakı seyfə yerləşdirmiş, mağazada satılan malların əvəzində qəbul edilmiş pul vəsaitlərinin saxlanıldığı həmin seyfin açarı da özündə olmuş, bu pul vəsaitləri mütəmadi olaraq özü tərəfindən obyektin sahibinə təhvil verilmişdir. Həmin “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında maddi məsul şəxs özü olmuş, mağazadakı mallar onun tərəfindən təhvil alınmış və pul vəsaitləri idarə edilmişdir. O, “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında işlədiyi müddətdə mağazadakı əməliyyatlara dair aylıq mal-pul hesabatları yazıb tərtib etmiş, bu hesabatların birinci vərəqində “mədaxil” bölməsinin “Mal mədaxili” hissəsində hesabat dövründə ona təhvil verilən malların ümumi dəyərini, “Yenidən qiymətləndirmə” hissəsində bütün malların qiymətinin cəmi bahalaşdığı məbləği, “məxaric” bölməsinin “Gəlir” (“Vıruçka”) hissəsində satılan malların əvəzində sahibkara qaytardığı pul vəsaitlərinin cəmi məbləğini, “Post-terminal” hissəsində plastik kart vasitəsi ilə edilən ödənişlərin məbləğini, “Geri qaytarma" (“Vozvrat”) hissəsində geri qaytarılan malların məbləğini, “Təsərrüfat xərcləri” (“Xoz. Rasxod”) hissəsində gündəlik xərclərin məbləğini, “Yeni-qiymətləndirmə” hissəsində malların qiymətinin cəmi ucuzlaşdığı məbləği, “Endirim” (“Skidka”) hissəsində güzəşt məbləğini, “Xarab meyvə-tərəvəz” hissəsində xarab olmuş, çürümüş malların məbləğini, “Silinmiş paket və çeklər” hissəsində isə mağazada istifadə olunmuş sellofan və çeklərin məbləğini yazmış, hər əvvəlki ayın qalığını növbəti ayın hesabatına qeyd etmişdir. Bu məbləğlə cəmi mədaxil məbləğini toplayıb daha sonra cəmi məxaric məbləği çıxılır, alınan fərq faktiki olaraq mağazada qalmış malların dəyərini göstərir və qalıq kimi qeyd edilir. O, həmçinin aylıq mal-pul hesabatlarında təhvil aldığı məhsulları, onların alış və satış qiymətlərini yazmış, bu qiymətləri də kompyuter sistemində olan qaimələrdən köçürmüş, bu qiymətlər əsasında da malların satışı həyata keçirilmiş, malların satışı da kompyuter sisteminə köçürülmüş, düzgünlüyü hər gün onun tərəfindən nəzarət edilmiş, hər hansı problem yaranardıqda, həmin problem dərhal aradan qalıdırılmışdır. Hesabatları yazan zaman məlumatların düzgünlüyünü yoxlayıb qeyd etmiş, hesabatların sonuna da malların qaimə-fakturalarını əlavə etmiş, hər ay mühasibatlıq tərəfindən tərtib etdiyi aylıq mal-pul hesabatları yoxlanılmışdır. Orada onun tərəfindən hər hansı hesablama səhvinə yol verildiyi halda mühasibatlığın işçiləri tərəfindən həmin məbləğlər dəqiq hesablanmaqla qırmızı qələmlə “qeyd” bölməsində yazılmışdır, yəni o, daxil olan malların kimdən alınması, alış, satış qiymətlərini qeyd edərək icmal cədvəli tərtib etmiş, həmin icmal cədvəli baş mühasib Şahid1 tərəfindən hər ay yoxlanılıb düzəliş edilmiş, özü və Şahid1 tərəfindən imzalanmaqla təsdiq edilmişdir, bu səbəbdən də kompyuter sistemində olan hər hansı problemə görə mənimsəmə ola bilməzdi, həmin mənimsəmə faktı onun tərəfindən pulun hissə-hissə olmaqla götürülməsindən yaranmışdır. Maddi-məsul şəxs olduğu “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında işlədiyi müddətdə mühasibatlıq tərəfindən bir neçə dəfə daxili audit aparılmış, ilk dəfə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində aparılan daxili audit zamanı mağazada heç bir çatışmazlıq faktı aşkar edilməmiş, əksinə, mağazada artıq mal-pul vəsaitinin olması müəyyən edilmişdir. Bundan sonra isə xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində mağazada onun öhdəliyində 24.433.76 manat (iyirmi dörd min dörd yüz otuz üç manat 76 qəpik) çatışmazlıq faktı aşkar olunmuş, tərəfindən həmin məbləğdə pulun mənimsənilməsi müəyyən edilmiş, onun tərəfindən mənimsənilən pulun ödənilməsi təklif edildiyindən işdən çıxarılmayaraq öz işinə davam etmişdir. Mənimsədiyi pulları qaytara bilmədiyi üçün sonuncu dəfə işdən kənarlaşdırılması ilə əlaqədar xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində mağazanın təhvil verilməsi ilə əlaqədar daxili audit aparılaraq təhvil-təslim aktı tərtib edilmiş, həmin vaxt da əlavə olaraq maddi məsul şəxs olduğu mağazada 2.184,43 manat (iki min yüz səksən dörd manat 43 qəpik) çatışmazlıq faktı müəyyən edilmişdir. “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında işlədiyi müddətdə öhdəliyində cəmi 26.618,19 manat çatışmazlıq yaranmışdır. Müdiri olduğu mağazada mal-pul qalığını yoxlamaq məqsədi ilə keçirilmiş daxili auditlərdə onun iştirakı təmin edilmiş, həmçinin keçirilmiş yoxlama nəticələrinə dair akta imza etməklə onu təsdiq etmişdir. Onun sərəncamında, cavabdehliyində olan pulları öz şəxsi problemləri olduğundan hər dəfəsində hissə-hissə olmaqla 200-300 manat götürüb öz şəxsi ehtiyaclarını həll etmək üçün xərcləmiş, həmin pullar heç kim tərəfindən aşkar olunmayacaq məbləğdə olduğundan bu işi kiminsə biləcəyini düşünməmişdir. Ən çox götürdüyü məbləğ isə 1000 manat olmuşdur. Mənimsədiyi pullar ona etibar olunmasından, vəzifəsindən istifadə edərək götürdüyü zaman fikirləşməmişdir ki, bunun üstü açılar, bu səbəbdən arxayın olmuşdur ki, mənimsədiyi pulları sonradan yavaş-yavaş qaytarıb yerinə qoyar, ancaq xx.xx.2021-ci il tarixdə heç gözləmədiyi vaxtda daxili audit keçirilmiş və pulları mənimsəməsi üzə çıxmışdır. Gündəlik xərclər üçün mağazadan pulu götürdüyündə də ona heç kim nəzarət etməmiş, götürdüyü pulların da hesablarını aparmayıb öz şəxsi ehtiyacları üçün xərclədiyindən keçirilən yoxlamalarda mənimsədiyi pullara görə də çatışmazlıq faktı aşkar olunmuşdur. Daxili audit zamanı aşkar edilmiş çatışmazlıqlar onun tərəfindən öz xətti ilə yazılaraq tərtib etdiyi mal-pul hesabatı əsasında aparılmış, daxili audit zamanı onun iştirakı da təmin edilmişdir.İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmayıb. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazası və digər obyektlərə sahiblik edir. Qusar şəhər sakini Təqsirləndirilən şəxs Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında rəsmi müqavilə ilə satıcı işləsə də, faktiki olaraq həmin mağazanın müdiri olmuşdur. Özünə məxsus həmin “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında satıcı vəzifəsində Təqsirləndirilən şəxs, bundan başqa satıcı kimi Təqsirləndirilən şəxs arvadı X5, baldızı X6 və X12, operator kimi isə X10 işləmişlər. Obyektdə olan əmlak Təqsirləndirilən şəxs tərəfindən idarə edilmiş, mağazaya satış üçün daxil olan mal, kassa fəaliyyəti və malların satışından əldə edilmiş pul vəsaitinə cavabdehlik Təqsirləndirilən şəxs üzərində olmaqla obyektdən satılan məhsullara maddi məsul şəxs Təqsirləndirilən şəxs özü olmuşdur. Digər satıcılar və operator isə Təqsirləndirilən şəxs köməklik göstərmişlər. Təqsirləndirilən şəxs onun tərəfindən işə götürülən zaman ona etibar olunmuş əmlakın mənimsənilməsinə yol verməməklə öz əmək funksiyalarını layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi məqsədi ilə onunla arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanılmış, əmək funksiyası mağazada olan malların satışını həyata keçirmək olmuşdur. Onun işi satıcı kimi mağazada olan malların satışını həyata keçirmək, mağazadan satılan malların əvəzində pul məbləğlərini alıb kassaya daxil etmək, kompyuterdə qeyd edib alıcılara çek vermək, sonra isə hesabat verməklə məhsulların satışından əldə olunmuş pulları rəhbərliyə təhvil verməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs bu mağazada işlədiyi müddətdə onun iş fəaliyyətini, mağazanın malpul qalığını yoxlamaq məqsədi ilə maliyyə direktoru Şahid1, mühasiblər Şahid2 və Şahid5 tərəfindən daxili auditlər aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs iştirakı da təmin edilmişdir. Bu daxili audit üç dəfə olmaqla xx.xx.2019 - xx.xx.2019, xx.xx.2021 -xx.xx.2021ci və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixində aparılan daxili audit zamanı mağazada çatışmazlıq müəyyən edilməmişdir. xx.xx.2021 - xx.xx.2021-ci il tarixində aparılmış daxili audit zamanı isə mağazada cavabdeh Təqsirləndirilən şəxs öhdəsində 24.433,76 manat (iyirmi dörd min dörd yüz otuz üç manat 76 qəpik) çatışmazlıq olduğu müəyyən edilmiş, həmin vaxt da ona etibar etdiyi pulunu mənimsədiyini bilmişdir. Daxili audit Təqsirləndirilən şəxs iştirakı ilə keçirilməklə onun tərəfindən, eləcə də Şahid1, Şahid2 və Şahid5 tərəfindən də imza edilmişdir. Təqsirləndirilən şəxs ona etibar etdiyi pulunu öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamasına baxmayaraq, lakin ziyanın heç bir hissəsini ödəmədiyindən işdən kənarlaşdırılması ilə əlaqədar onun satıcı vəzifəsində işlədiyi müddətdə sonuncu dəfə xx.xx.2022 - xx.xx.2022-ci il tarixində mağazanın təhvil verilməsi ilə əlaqədar daxili audit aparılaraq təhvil-təslim aktı tərtib edilmiş, həmin vaxt da əlavə olaraq mağazada 2.184,43 manat (iki min yüz səksən dörd manat 43 qəpik) çatışmazlıq müəyyən edilmişdir. Bundan sonra aydın olmuşdur ki, Təqsirləndirilən şəxs çatışmazlığı üzə çıxdıqdan sonra da pulunu mənimsəməklə davam etmişdir. Həmin daxili audit də Təqsirləndirilən şəxs iştirakı ilə keçirilməklə onun tərəfindən, eləcə də maliyyə direktoru Şahid1, mühasiblər Şahid2, Şahid5 və yeni mağaza meneceri X2 tərəfindən də imza edilmişdir. Təqsirləndirilən şəxs ona məxsus “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında işlədiyi müddətdə ümumi çatışmazlıq cəmi 26.618,19 manat (iyirmi altı min altı yüz on səkkiz manat 19 qəpik) təşkil etmişdir. Vurulmuş maddi ziyanın ödənilməsini, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş fəaliyyəti sahibkar fiziki şəxs Zərərçəkmiş şəxs məxsus obyektlərdə maliyyə uçotunun aparılmasına nəzarət etməkdən ibarətdir. Zərərçəkmiş şəxs sahibliyində olan obyektlərdən biri də Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasıdır. Bu obyektdə əvvəllər, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixədək satıcı vəzifəsində Təqsirləndirilən şəxs işləmişdir. Həmin “Pioneer” ərzaq və sənaye malları satışı mağazasının sahibi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə rəsmi əmək müqaviləsi bağlanılmaqla həmin obyektin satıcısı vəzifəsinə işə götürmüş, Təqsirləndirilən şəxs işə götürülən zaman ona etibar olunmuş əmlakın mənimsənilməsinə yol verməməklə öz əmək funksiyalarını layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi məqsədi ilə onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanılmış, bu obyektdə ondan başqa iki satıcı işləmiş, həmin satıcılar Təqsirləndirilən şəxs köməklik göstərmiş, obyektdən satılan məhsullara maddi məsul şəxs isə Təqsirləndirilən şəxs özü olmuş, mağazadakı əmlak onun tərəfindən idarə edilmiş, mağazaya satış üçün daxil olan mal, kassa fəaliyyəti və malların satışından əldə edilmiş pul vəsaitinə cavabdehlik məsuliyyəti bilavasitə onun üzərində olmuşdur. xx.xx.2021- xx.xx.2021 -ci il tarixlərində mühasib Şahid2 ilə birlikdə daxili audit aparılmış, həmin vaxt mağazada cavabdeh Təqsirləndirilən şəxs öhdəsində 24.433,76 manat (iyirmi dörd min dörd yüz otuz üç manat 76 qəpik) çatışmazlıq faktı aşkar olunmuş, ona etibar edilmiş həmin məbləğdə pulun mənimsənilməsi müəyyən edilmişdir. Daxili audit bilavasitə Təqsirləndirilən şəxs öz iştirakı ilə aparılmış, onun tərəfindən də daxili auditin nəticəsinə dair tərtib edilmiş akta imza edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasından 24.433,76 manat məbləğində pul vəsaitinin mənimsənilsəməsinin aşkar edilməsinə baxmayaraq hal-hazıradək bu ziyanın heç bir hissəsini ödəməmiş, buna baxmayaraq həmin vaxt Təqsirləndirilən şəxs işdən çıxarılmamış, işinə davam etmişdir. Ona etibar edilmiş pulu öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə taladığından, lakin ziyanı ödəmədiyindən işdən kənarlaşdırılması ilə əlaqədar onun satıcı vəzifəsində işlədiyi müddətdə sonuncu dəfə xx.xx.2022 - xx.xx.2022- ci il tarixlərində mağazanın təhvil verilməsi ilə əlaqədar daxili audit aparılaraq təhvil-təslim aktı tərtib edilmiş, həmin vaxt da əlavə olaraq mağazada 2.184,43 manat (iki min yüz səksən dörd manat 43 qəpik) çatışmazlıq faktı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında işlədiyi müddətdə ümumi çatışmazlıq cəmi 26.618,19 manat (iyirmi altı min altı yüz on səkkiz manat 19 qəpik) təşkil etmiş, mağazadan bu məbləğdə pul mənimsənilmişdir. Ona görə də audit yoxlamasının nəticəsinə dair 30 iyun 2022-ci il tarixli təhvil-təslim aktı tərtib edilmiş, obyektin sahibi Zərərçəkmiş şəxs satıcı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs mənimsədiyi əmlakın, çatışmazlığın təsdiq edilməsi məqsədi ilə Auditorlar Palatasının sərbəst auditoru Şəmşinur Hüseynova müraciət edərək, auditin aparılması üçün onunla xx.xx.2022-ci il tarixli, 34 saylı müqavilə bağlamış, bundan sonra aparılmış audit nəticəsində Təqsirləndirilən şəxs kassada 26.614.99 manat çatışmazlığı olduğu müəyyən edilmiş, lakin çatışmazlığın həqiqi məbləği 26.618,19 manat olmuşdur. Təqsirləndirilən şəxs 26.618,19 manat məbləğində pulu mənimsəməsi aylıq mal-pul hesabatları, təftiş aktları ilə tam sübut olunmuş, həmin sənədlər onun özü tərəfindən də imza çəkilməklə təsdiq edilmişdir. Sahibkar fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən ərizəyə əlavə edilmiş aylıq hesabatların vərəqlərində satıcı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs təhvil verilən mallar, dəyəri və qaimə-fakturaları vardır. Bu hesabatların birinci vərəqində isə “mədaxil” və “məxaric” bölmələri vardır, həmçinin əvvəlki ayın qalığı qeyd edilmişdir. “Mədaxil” bölməsinin “Mal mədaxili” hissəsində hesabat dövründə Təqsirləndirilən şəxs təhvil verilən malların ümumi dəyəri, “Yenidən qiymətləndirmə” hissəsində bütün malların qiymətinin cəmi bahalaşdığı məbləğ, “Məxaric” bölməsinin “Gəlir” (“Vıruçka”) hissəsində Təqsirləndirilən şəxs satılan malların əvəzində sahibkara qaytardığı pul vəsaitlərinin cəmi məbləği, “Post-terminal” hissəsində plastik kart vasitəsi ilə edilən ödənişlərin məbləği, “Geri qaytarma” (“Vozvrat”) hissəsində geri qaytarılan malların məbləği, “Təsərrüfat xərcləri” (“Xoz. Rasxod”) hissəsində gündəlik xərclərin məbləği, “Yeni-qiymətləndirmə” hissəsində malların qiymətinin cəmi ucuzlaşdığı məbləğ, “Endirim” (“Skidka”) hissəsində güzəşt məbləği, “Xarab meyvə-tərəvəz” hissəsində xarab olmuş, çürümüş malların məbləği, “Silinmiş paket və çeklər” hissəsində isə mağazada istifadə olunmuş sellofan və çeklərin məbləği qeyd edilmiş, aylıq hesabatlar satıcı Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş, hər əvvəlki ayın qalığı növbəti ayın hesabatına köçürülmüş, bu məbləğlə cəmi mədaxil məbləğini toplayıb daha sonra cəmi məxaric məbləği çıxıldıqdan sonra alınan fərq faktiki olaraq mağazada qalmış malların dəyərini göstərilməklə qalıq kimi qeyd edilmiş, həmin aylıq hesabatlar əsasında da daxili audit aparılmış, daxili audit zamanı mağazadakı bütün mallar miqdarı və qiymətinə uyğun olaraq daxili audit aktında qeyd edilməklə həmin malların cəmi məbləği ilə aylıq hesabatın qalığı üzləşdirilməklə mağazada çatışmazlığın olub-olmaması yoxlanılmış, çatışmazlıq olduğu halda bu məbləğ daxili audit aktının sonunda yazılmışdır. Təqsirləndirilən şəxs mağazaya maddi məsul şəxs olduğundan onun çatışmazlığı birbaşa pul şəklində olmuşdur. Belə ki, mağazanın mədaxil və məxarici ümumi hesabatda pul şəklində aparıldığından çatışmazlıq da birbaşa məbləğ şəklində olan çatışmazlıqdır. Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 ifadəsnə uyğun eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2005-ci il tarixli, ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən satıcı vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət barədə müqavilənin surətindən görünür ki, işəgötürən Zərərçəkmiş şəxs ilə işçi Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanılmışdır. Cinayət işinin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 54X/22 saylı əmrin surətindən görünür ki, “Market” bölməsində “mağazada olan malların satışı” vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi əsas tutularaq (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cinayət işinin materiallarında olan 26-xx.xx.2021-ci il tarixli daxili audit aktından görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən mağazada akt üzrə qalıq 101375.24 manat, hesabat üzrə qalıq isə 125809 manat olmaqla, 24433.76 manat çatışmazlıq olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 11-xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən mağazada cəmi akt üzrə qalıq 105154.76 manat, hesabat üzrə qalıq isə 107339.19 manat olmaqla, 2184.43 manat çatışmazlıq olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli audit hesabatından görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən mağazada xx.xx.2021-ci il tarixdə 24433.76 manat, xx.xx.2022-ci il tarixdə 2181.23 manat, cəmi 26614.99 manat çatışmazlıq müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Qusar rayon Mərkəzi Xəstəxanası” X21 xx.xx.2022-ci il tarixli, PHŞ/6.54-2-2022-255 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qusar RMX” PHŞ-nə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Qusar RPŞ-nin 02.11,2022-ci il tarixli, 149-22494- 1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən başqa şəxslərin həmin cinayətin törədilməsində iştirak etməsi, cinayəti bilib gizlətmələri və cinayətin əvvəlcədən planlaşdırılması faktı, cinayət əməlinin törədilməsinin şahidləri olması, həmin cinayətin törədiləcəyi barədə əvvəlcədən hər hansı şəxsin məlumatının olması faktı, Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən məbləğdə mənimsəmənin hansı üsul və vasitələrlə törədilməsi, Təqsirləndirilən şəxs ilə fərdi sahibkar Zərərçəkmiş şəxs arasında işgüzar münasibətlər olub, aralarında hər hansı ədavət və yaxud düşmənçiliyinin olması faktı və Təqsirləndirilən şəxs cinayət törətməyə sövq edən halların olması müəyyən edilməmişdir. Əməliyyat yolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Pioneer” ərzaq və sənayə malları satışı mağazasında öz ailə üzvləri ilə birgə işləmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin həmin dövr ərzində hər hansı şəxs və ya şəxslərə borc və ya digər öhdəliklərinin olması, Təqsirləndirilən şəxs hər hansı şəxsə borca pul verməsi halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 2019- 2022-ci illər ərzində daşınmaz və daşınar əmlaklar, digər qiymətli əşyalar alıb-almaması halları hələki müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 149-22507-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2022-ci il tarixli, 1818 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, NA/147 saylı məktubuna əlavə edilmiş arayışlar və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X5, oğlu xx.xx.2005-ci il təvəllüdlü X13, qızı xx.xx.2008-ci il təvəllüdlü X3 ibarətdir. Cinayət işinin materiallarında olan fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən ərzaq malları mağazasında keçirilmiş inventarizasiyalar zamanı 26xx.xx.2021-ci il tarixdə 24433.76 manat, 11-xx.xx.2022-ci il tarixdə isə 2181.23 manat, cəmi 26614.99 manat çatışmazlıq müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli akt və ona əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri, M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında keçirilmiş audit yoxlamaları zamanı Təqsirləndirilən şəxs tərəfindən 26.618.19 manat məbləğində pulun mənimsənilməsi ilə əlaqədar “Pioneer” ərzaq və sənaye malları satışı mağazasına dəymiş ziyanın bir hissəsi olaraq 6700 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8281 saylı rəyindən görünür ki, iş materiallarında olan qaimə-fakturalar, təhvil-təslim aktları, kassa mədaxil orderləri, inventarizasiya aktları, müqavilələr və xx.xx.2022-ci il tarixli auditor rəyini tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə 26618.19 manat çatışmazlıq müəyyən olunur. Həmçinin “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında yaranmış 26618.19 manat məbləğində çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan halları nəzərə alaraq, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalarını təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını, CM-nin 59.1.4; zərərçəkmiş şəxsə vurmuş olduğu 26.618,19 manat maddi ziyandan 6700 manatı ödəməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını şəxsiyyyəti müsbət səciyyələndiriən hal kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə baxışında Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurulmuş zərərin tələbinə dair mülki iddia ilə müraciət edərək cinayət işi üzrə mülki iddiaçı kimi tanınması barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona dəymiş 19.918,19 (on doqquz min doqquz yüz on səkkiz manat doqquz qəpik) manat maddi ziyanın və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun xeyrinə ödənilməsi barədə cinayət mühakimə icraatı qaydasında, məhkəmənin hökmü ilə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli Təqsirləndirilən şəxs 19.918,19 (on doqquz min doqquz yüz on səkkiz manat doqquz qəpik) manat maddi ziyanın və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə üzrə maddi sübut olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövlərdə qeydiyyatı aparılmış mal-pul hesabatları, 26-xx.xx.2021-ci il tarixli daxili audit aktı, 11-xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı, 02-xx.xx.2019-cu il tarixli daxili audit aktı, Zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 19.918,19 (on doqquz min doqquz yüz on səkkiz manat doqquz qəpik) manat və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar