Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-29/2025 12.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X1, Tərcüməçi : X2 iştirakları ilə, 03 oktyabr 2002-ci il tarixdə X3 Respublikasının Setif şəhərində anadan olmuş, X3 Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X3 Respublikasının Setif şəhərində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Bendemaq Çuayibin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bendemaq Çuayib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etmişdir. Belə ki, o, qanunsuz olaraq Rusiya Federasiyasına keçib, oradan işləmək məqsədi ilə avropa ölkələrinə getmək üçün 23 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunun Samur qəsəbəsində yerləşən 5-ci sərhəd zastavasının 17-ci sahəsindən qəsdən, qanunsuz olaraq piyada hərəkət etməklə, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etmiş, dövlət sərhəd xəttindən 180 metr aralıda, maneə çəpərindən 10 metr içəridə, 45 nömrəli sərhəd nişanından 30 metr solda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün saat 20:07-də saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Bendemaq Çuayib təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, X3 Respublikasında maddi vəziyyətinin çətin olması səbəbindən Azərbaycan Respublikasına gəlib və oradan da, işləmək üçün qeyri qanuni yolla Rusiya Federasiyasına keçmək, oradan isə avropa ölkələrinə getmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə hava yolu ilə, rəsmi qaydada Bakı şəhərinə gəlmiş, əvvəlcədən “Google map”-da Rusiya Federasiyasının ərazisinə qeyri-qanuni yolla keçəcəyi istiqaməti müəyyənləşdirmiş və Bakı şəhərinə gəldikdən sonra, hava limanında əvvəllər tanımadığı taksi sürücüsünə yaxınlaşaraq Qusar rayonu Samur qəsəbəsinə getməli olduğunu bildirmiş və taksi sürücüsü onu qeyd olunan yerə gətirmişdir. Təxminən saat 19 radələrində o, Qusar rayonu Samur qəsəbəsində çatdıqdan sonra əvvəlcədən “Google map”-da Rusiya Federasiyasının ərazisinə qeyri-qanuni yolla keçəcəyi istiqaməti müəyyənləşdirdiyindən, həmin marşrutla irəliləməyə başlamış, kəndin içərisindən keçib meşəlik ərazidə hərəkət etdikdən sonra, təxminən 45 dəqiqə sonra qarşısına tikanlı məftillərlə əhatə olunmuş çəpər çıxmışdır. Çəpərin məftillərini aralayıb digər tərəfə keçmiş, çəpəri keçib 9-10 metr piyada hərəkət etdikdən sonra təxminən 20 radələrində dövlət sərhədində sərhədçilər tərəfindən qəfildən ona “Dayan!” komandası verilərək saxlanılmışdır. Sonda təqsirləndirilən şəxs Bendemaq Çuayib törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib və iş materiallarını tədqiq edərək, hesab edir ki, Bendemaq Çuayib Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xidmətinin təşkili zamanı saat 20:04 radələrində 5-ci sərhəd zastavasının 20-ci sahəsində quraşdırılmış “PTZ” tipli müşahidə kamerasında 5-ci sərhəd zastavasının 17-ci sahəsində 45 nömrəli sərhəd nişanından təxminən 30 metr sola, Dövlət sərhəd xətindən 180 metr aralı, MTÇ-indən 10 metr içəridə Azərbaycan Respublikasından Rusiya Federasiyasına doğru dövlət sərhədini pozan 1 nəfərin hərəkətini müşahidə etmiş, bundan sonra dərhal bunu aidiyyəti üzrə məruzə etmiş və sərhəd pozucusunu nəzarətdə saxlayaraq dəyişiklər olduğu təqdirdə dərhal digər xidmətləri və cavabdehi məlumatlandırmış, təxminən 20:07 radələrində müşahidə olunan sərhəd pozucusu təlimatın tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən saxlanılmışdır. Sonradan ona məlum olmuşdur ki, sərhəd pozucusu X3 Respublikası vətəndaşı Bendemaq Çuayibdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bendemaq Çuayib əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Bendemaq Çuayib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Bendemaq Çuayibin törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Bendemaq Çuayibin cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Bendemaq Çuayibin törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti müsbət xaraktrerizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Bendemaq Çuayibin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Bendemaq Çuayibə cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Bendemaq Çuayibin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Bendemaq Çuayib dövlət sərhəddini qanunsuz keçməkdə məqsədi məhz maddi qazanc əldə etmək məqsədi ilə Avropa ölkələrinə getmək istəmişdir. Məhkəmə hesab edir ki, ona cərimə cəzası təyin edildiyi təqdirdə əlavə mərhumiyyətlərə məruz qalacaq, həmin cəzanın icrasını həyata keçirmək mümkün olmayacaq. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Bendemaq Çuayib əcnəbi olduğundan, həmçinin Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmadığından ona CM-nin 52.1-ci maddəsinə əsasən əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Bendemaq Çuayibin barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə Bendemaq Çuayib cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bendemaq Çuayibin cəzaçəkmə müddətlərinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Bendemaq Çuayibin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Bendemaq Çuayib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Bendemaq Çuayib ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bendemaq Çuayib barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bendemaq Çuayibin cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2024-cü il tarixdən hesablansın. Bendemaq Çuayibə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Hökmdən elan olduğu andan (Bendemaq Çuayibə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-29/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-29/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver