Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-92/2025 08.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə, saat təxminən 02 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi “Avto Hissələr” mağazasının həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, arxa tərəfdəki pəncərəni əli ilə itələyərək açıb mağazaya girib, mağazanın kassasından Zərərçəkmiş şəxs məxsus 1500 manat məbləğində pulu gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 31 mart 2025-ci il tarixdə, saat təxminən 23 radələrində yaşadığı evin həyətində tək başına spirtli içki qəbul edərək, sərxoş olmuş və xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində əvvəllər işlədiyi avtomobil təmiri sexin həyətində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi “Avto Hissələr” mağazasından oğurluq etmək qərarına gələrək, oğurluq hadisəsi törədən zaman istifadə etmək üçün özü ilə 01 ədəd kəlbətin və 01 dəst iş əlcəkləri götürüb, tək başına piyada həmin mağazaya getmişdir. 01 aprel 2025ci il tarixdə, saat təxminən 02 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi “Avto Hissələr” mağazasının həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, mağazanın arxa tərəfinə keçib özü ilə gətirdiyi kəlbətinlə müşahidə kameraların naqillərin kəsib, iş əlcəklərini geyinmiş, daha sonra isə mağazanın arxa tərəfindəki pəncərəyə quraşdırılmış dəmir barmaqları aralayıb, pəncərəni əli ilə itələyərək açıb mağazaya girib, mağazanın kassasından Zərərçəkmiş şəxs məxsus 1500 manat məbləğində pulu oğurlayıb, mağazaya girdiyi pəncərədən çıxıb getmişdir. Həmin vaxt yolda tanımadığı yol maşını ilə Qusar şəhər Avtovağzalına gəlmiş, oradan isə tanımadığı taksi avtomobilinə oturub yaşadığı evin yaxınlığında düşmüşdür. Bundan sonra tək başına piyada öz evinə gedib, yaşadığı evin həyətində saxladığı özünə məxsus “Mercedes Benz” markalı avtomobilin salonunda oğurladığı pulun 380 manatını gizlədib, qalıq qalan pulu götürüb kafeyə gedib, tək başına pivə içib evə qayıdan zaman oğurladığı pulun qalıq hissəsini yolda naməlum şəraitdə itirmişdir. 01 aprel 2025-ci il tarixdə axşam radələrində isə polis əməkdaşları tərəfindən saxlanıraaq polis şöbəsinə aparılmış və orada törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 60 kv.m olan obyekti icarəyə götürüb, orada müxtəlif markalı avtomobillərin ehtiyyat hissələrini tək başına satmaqla öz ailəsini dolandırmış, mağazanın həyəti dəmir torla hasarlanmaqla, müşahidə kameraları quraşdırılmış, bundan başqa mağazanın pəncərələri dəmir barmaqlıqlarla bağlanmışdır. 01 aprel 2025-ci il tarixdə, saat 11 radələrində mağazaya gələn zaman kassanın içərisində 1500 manat pulun olmadığını görüb, müşahidə kameralarını yoxlamaq istəyərəkən kameraların işləmədiyini görüb, mağazanın həyətinə düşüb, ətrafa baxış keçirən zaman müşahidə kameraların naqillərin kəsildiyini və arxa tərəfdəki dəmir barmaqlıqların alt hissəsinin aralandığını görüb, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Bundan sonra polis şöbəsində ona məlum olmuşdur ki, mağazadan 1500 manat pulu oğurlamış şəxs Qusar şəhər sakini Təqsirləndirilən şəxsdur. Ona vurulmuş olan maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə icraatına ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi “Avto Hissələr” mağazasından baş vermiş oğurluq hadisəsi ilə bağlı TB-nin təhqiqatçısı, polis kapitanı Elxan Abdullayev tərəfindən verilmiş əməliyyat tapşırığı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsi törətmiş şəxsin ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, izahatın alınması üçün Qusar RPŞ-nə gətirilmişdir. Daha sonra isə onun razılığı ilə TB-nin təhqiqatçısı, polis kapitanı Elxan Abdullayev tərəfindən onun yaşadığı ünvanda video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində qarajda saxlanılan “Mercedes Benz” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilin salonundan oğurlanmış puldan qalıq qalan 380 manat pul, həmçinin qarajdakı stolun üstündən Təqsirləndirilən şəxs oğurluq hadisəsi törədən zaman istifadə etdiyi 01 cüt əlcəklər və 01 ədəd kəlbətin aşkar edilərək, qablaşdırılmış və götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2025-ci il tarixli 2275 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yüngül ifadə olunmuş dissosiativ-konversion pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül ifadə olunmuş dissosiativ konversion pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz faktiki hərəkətlərini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı evin həyətindəki qarajda saxlanılan Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilin salonundan oğurlanmış puldan qalıq qalan 380 manat pul, həmçinin qarajdakı stolun üstündən Təqsirləndirilən şəxs oğurluq hadisəsi törədən zaman istifadə etdiyi 01 cüt əlcəklər və 01 ədəd kəlbətin aşkar edilərək, götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 CD diskə Qusar RPŞ-də xidməti iş otağında «SONY» markalı kompüterin disk yuvasına daxil edilib baxış keçirilmişdir. Videogörüntüdən müəyyən edilir ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və evinin həyətinə Təqsirləndirilən şəxs razılılğı ilə polis əməkdaşların iştirakı ilə baxış keçirir. Baxış zamanı Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə, saat təxminən 02 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi “Avto Hissələr” mağazasından oğurladığı pullardan qalıq qalan 380 manat pulu evin həyətində qaradaj saxlanılan ona məxsus “Mercedes Benz” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobilin salonundan, bundan başqa qarajda stolun üstündə oğurluq hadisəsi törədən zaman istifadə etdiyi 1 dəst iş əlcəklər və 01 ədəd kəlbətin aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə tək başına oğurluq hadisəsi törətdiyini, pulun bir hissəsini xərclədiyini, bundan başqa oğurluq hadisəsi törədən zaman 1 dəst iş əlcəklər və 01 ədəd kəlbətindən istifadə etdiyini bir daha təsdiq etmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, iş üzrə vurulmuş olan maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, vurulmuş olan maddi ziyanın ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı, Qusar şəhəri, Piroğlanov ev 76-da yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan 01 dəst iş əlcəkləri və 01 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 380 manatın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri, Piroğlanov ev 76-da yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut olan Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan 01 dəst iş əlcəkləri və 01 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 380 manatın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-92/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-92/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver