Məhkəmə qərarları › İş №1(039)-60/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-60/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-60/2021 13.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 01 mart 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, F.Kərimov küçəsi, ev 101-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən bilə-bilə hüquq verən saxta sənəd olan etibarnamələrdən istifadə etmiş və aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qəsdən dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, o, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs razılığı ilə sonuncuya təyin edilmiş çoxuşaqlı qadın kimi aldığı 341 manat sosial müavinətin köçürüldüyü plastik bank kartının istifadə müddəti başa çatdığından yeni bank kartının sifarişi gecikdiyi üçün 341 manat pulun Kapital Bank”ın Yevlax rayon filialından nağdlaşdırmaqla götürülməsi məqsədilə sonradan vəfat etmiş X9 istintaqla müəyyən edilməyən vaxtda saxta yolla hazırladığı və oan verdiyi Zərərçəkmiş şəxs adına olan bank plastik kartlarından istifadə və digər hüquqları ilə bağlı sonuncu tərəfindən onun adına verilmiş 04.12.2019-cu il tarixli 7E- 13901 nömrəli etibarnamənin saxta olduğu bilə-bilə 2020-ci ilin fevral ayının 4-də həmin etibarnaməni “Kapital Bank”ın Yevlax rayon filialına təqdim etməklə 341 manat pulu bankdan nağdlaşdıraraq götürüb qəsdən bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa o, əvvəllər tanıdığı Şahid2 razılığı ilə sonuncuya təyin edilmiş çoxuşaqlı qadın kimi aldığı 330 manat sosial müavinətin köçürüldüyü plastik bank kartından pulun ancaq Bərdə rayonu ərazisində olan bankomatlardan nağdlaşdırılaraq çıxarıldığını bilərək həmin bank plastik kartından pulun Yevlax rayonu ərazisində yerləşən bankomatlardan istifadə etməklə nağdlaşdırmanı həyata keçirmək məqsədilə sonradan vəfat etmiş X9 istintaqla müəyyən edilməyən vaxtda saxta yolla hazırladığı və ona verdiyi Şahid2 adına olan bank plastik kartlarından istifadə və digər hüquqları ilə bağlı sonuncu tərəfindən onun adına verilmiş 25.12.2019-cu il tarixli 7E-27996 nömrəli etibarnamənin saxta olduğu bilə-bilə Şahid2 plastik bank kartından Yevlax rayonu ərazisində yerləşən bankomatlardan pulu nağdlaşdırmaq hüququnu əldə etmək üçün 2020-ci ilin aprel ayının istintaqla müəyyən edilməyən günündə və saatında həmin etibarnaməni “Kapital Bank”ın Yevlax rayon filialına təqdim etməklə qəsdən bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa, o, əvvəllər tanıdığı Şahid1 razılığı ilə sonuncuya təyin edilmiş çoxuşaqlı qadın kimi aldığı 330 manat sosial müavinətin köçürüldüyü plastik bank kartından pulun nağdlaşdırılaraq çıxarılması ilə bağlı 12 mart 2020-ci il tarixli 7E-6567 nömrəli etibarnamədə müddəa olmadığını bilərək həmin bank plastik kartından pulun Yevlax rayonu ərazisində yerləşən bankomatlardan istifadə etməklə nağdlaşdırmanı həyata keçirmək məqsədilə sonradan vəfat etmiş X9 istintaqla müəyyən edilməyən vaxtda saxta yolla hazırladığı və ona verdiyi Şahid1 adına olan bank plastik kartlarından istifadə və digər hüquqları ilə bağlı sonuncu tərəfindən onun adına verilmiş 16.12.2019-cu il tarixli 7E-27495 nömrəli etibarnamənin və Şahid2 ilə Şahid1 Oqtay qızının hər ikisinin birlikdə adları qeyd edilmiş sonuncuların adlarından yenə eyni məqsədlə bank plastik kartından pulun Yevlax rayonu ərazisində yerləşən bankomatlardan istifadə etməklə nağdlaşdırmanı həyata keçirmək məqsədilə etibar edilmiş 28.01.2020-cil il tarixli 7E-231 nömrəli etibarnamənin saxta olduğu bilə-bilə Şahid2 və Şahid1 Oqtay qızının plastik bank kartlarından Yevlax rayonu ərazisində yerləşən bankomatlardan pulu nağdlaşdırmaq hüququnu əldə etmək üçün 2020-ci ilin aprel ayının istintaqla müəyyən edilməyən günündə və saatında həmin etibarnamələri “Kapital Bank”ın Yevlax rayon filialına təqdim etməklə qəsdən bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun plastik bank kartından 2019-cu ilin sentyabr-mart aylarında ümumilikdə 2387 manat pulu ona olan borcunu ödəməsi üçün çıxardıqdan sonra Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu əmlakını ələ keçirmək məqsədilə sonuncuya təyin edilmiş çoxuşaqlı qadın kimi aldığı 341 manat sosial müavinətin düzəlməsinə özünün demədiyi bir üsulda və məbləğdə xərci çıxdığını bildirib aldatmaqla Zərərçəkmiş şəxs adına olan **********754483 nömrəli bank plastik kartından sonuncunun razılığı olmadan 2020-ci ilin aprel-sentyabr aylarında cəmi 6 ay müddətində olmaqla hər ay 341 manatdan olmaqla cəmi 1946 manat özgə əmlakı olan Zərərçəkmiş şəxs pulunu hər ay Yevlax rayonu ərazisində olan müxtəlif bankomatlardan istifadə etməklə nağdlaşdıraraq vahid niyyətlə ələ keçirib qəsdən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Şahid2 və Şahid1 təxminən 1 ildir ki, tanıyır və onlarla münasibəti yaxşı olmuşdur. Təxminən 2020-ci ilin fevral ayının axırlarına yaxın Şahid2 ona uşaq pulunu vermədiklərini demişdir. O da, Svetaya 350 manat pul vermiş, Sveta ona sənə etibarnamə verəcəm, əvəzində mənə düşən uşaq pulunu vəsiqəmlə alarsan demişdir. Sveta ona uşaq pulunu almağı üçün 02 mart 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən Asan xidmət mərkəzində etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Svetanın uşaq pulu aldığı vəsiqə ilə 2020-ci ilin aprel ayının əvvəllərində Yevlax şəhərində yerləşən Kapital bankın Yevlax filialından etibarnamə əsasında Svetaya düşən uşaq pulunu çıxartmağa getmişdir. Kapital bankda ona həmin etibarnamə əsasında Kapital bankın Bərdə filialında pul çıxarda biləcəyini bildirmişdirlər. Həmin vaxt Bərdə şəhərinə gedə bilmədiyi üçün əvvəllər tanıdığı X3 etibarnamə düzəltməsini demiş, Arif Əliyev 2020-ci ilin aprel ayının əvvəllərində 25 dekabr 2019-cu il tarixli saxta etibarnamə düzəldib ona vermişdir ki, Kapital bankın Yevlax filialından pul çıxarda bilsin. Həmin saxta etibarnamə əsasında 2020-ci ilin aprel ayının ortalarında Kapital bankın Yevlax filialına gedib Şahid2 plastik bank kartından Yevlax rayonu ərazisində yerləşən bankomatlardan pulu nağdlaşdırmaq hüququnu əldə etmək üçün həmin saxta etibarnaməni bankın işçisinə təqdim etmiş, bankın adını xatırlamadığı işçisi etibarnamənin saxta olduğunu, bununla pul verilə bilməyəcəyini demişdir. Həmin vaxt etibarnamə səhv etmirsə bankda qalmışdır. Şahid1 isə 2020-ci ilin fevral ayında sosial yardım düzəldə biləcəyini demişdir. Gülmirəyə sosial yardım düzəltdikdən sonra Gülmirə sənə etibarnamə verəcəm, pulumu və sosial yardım kartımı alıb göndərərsən demişdir. Gülmirə ilə razılaşmışdırlar ki, kart hazır olduqdan sonra üç ay onda qalacaq. Gülmirə ona 12 mart 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən Asan xidmət mərkəzində sosial yardım kartını və pulunu götürmək üçün dostu Şahid3 etibarnamə vermişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsi itdiyi üçün dostu Şahid3 etibarnamənin onun adına verilməsini xahiş etmişdir. Şahid3 bir neçə gün sonra Kapital bankın Yevlax filialına kartı götürmək üçün müraciət edən zaman Anara etibarnamədə nağd pulun verilməsinə dair səlahiyyət verilmədiyi bildirilmişdir. Gülmirənin verdiyi etibarnamədə nağd pulun verilməsi üçün qeyd olmadığı üçün Arif Əliyev ona 2020ci ilin aprel ayının əvvəllərində, öz deməsinə görə Yevlax şəhərində 16 dekabr 2019-cu il tarixli 7E-27495 nömrəli saxta etibarnamə düzəltmişdir. Həmçinin həmin ərəfələrdə Şahid2 sosial yardım kartından pulu da nağdlaşdırmaq üçün Arif Əliyevə həm Şahid2, həm də Şahid1 adından olan etibarnamələr düzəltməsini demişdir. Arif Əliyev həmin vaxtlarda Şahid2 ilə Şahid1 Oqtay qızının hər ikisinin birlikdə adları qeyd edilmiş sonuncuların adlarından yenə eyni məqsədlə bank plastik kartından pulun Yevlax rayonu ərazisində yerləşən bankomatlardan istifadə etməklə nağdlaşdırmanı həyata keçirmək məqsədilə 28.01.2020-cil il tarixli 7E-231 nömrəli saxta etibarnamə düzəltmiş, həmin etibarnamələri də 2020-ci ilin aprel ayının ortalarında Kapital bankın Yevlax filialına təqdim etmişdir. Kapital bankın işçisi həmin etibarnamələrdə olan imzaların saxta olduğunu demişdir. Həmin vaxt etibarnamələr bankda qalmış, Gülmirənin bibisi Şahid4 isə sosial yardım düzəltdikdən sonra ona 450 manat pul vermiş, bir neçə gün sonra isə kartı götürə bilmədiyi üçün Tahirəyə zəng edib kartı özlərinin götürməli olduğunu demişdir. Bundan başqa qohumu Zərərçəkmiş şəxs təxminən iki ilə yaxındır ki, tanımış və münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin sentyabr ayında ondan 4000 manat borc almışdır. Nişanə Bakı şəhərində yaşadığı üçün Yevlaxda olan adını xatırlamadığı taksilərdən biri ilə ona 4000 manat pul göndərmişdir. Nişanənin ona borcu olduğu üçün təxminən 1 il əvvəl sosial yardım kartını ona vermişdir. Nişanəyə məxsus sosial yardım kartından Nişanənin razılığı ilə 2019-cu ilin sentyabr ayından başlayaraq 2020-ci ilin sentyabr ayı da daxil olmaqla hər ay 341 manat olmaqla cəmi 4333 manat pul çıxartmış və sonra isə kartı Nişanəyə qaytarmışdır. 2020-ci ilin fevral ayında Nişanənin sosial yardım kartında müəyyən problemlər, səhv etmirsə kartın sifarişində gecikmə olduğu üçün Arif Əliyev 2020-ci ilin fevral ayının əvvəllərində ona Nişanəyə məxsus kartdan nağd yolla pul çıxarda bilməyi üçün 04.12.2019-cu il tarixli 7E-13901 nömrəli saxta etibarnamə düzəltmişdir. Həmin etibarnamə əsasında Kapital bankın Yevlax filialından 04 fevral 2020-ci il tarixdə 341 manat pul çıxartmışdır. Həmin etibarnamə həqiqi etibarnaməyə oxşamış, imzalar fərqlənməmiş, buna görə də bankın işçiləri həmin etibarnamənin saxta olmasını bilməmişlər. Arif Əliyevin hazırladığı 4 ədəd saxta etibarnamədən həmin etibarnamələrin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl qaynanası vasitəsilə Təqsirləndirilən şəxs tanımış və onun sosial müavinət düzəltməkdə mahir olduğunu öyrənmişdir. Mahirlə təxminən 2019-cu ilin mart-aprel aylarında Yevlax şəhərində görüşüb dörd azyaşlı övladının olduğunu, buna görə də sosial yardım almaq istədiyimi bildirmişdir. Mahir də ona sosial yardım düzəltmək üçün köməklik göstərəcəyini bildirmişdir. Mahir həmçinin bir ay ərzində müxtəlif işlər görəcəyini, həmin işlərə xərc çəkəcəyini, buna görə də kart hazır olduqdan sonra 11 ay ərzində kartı özündə saxlayacağını bildirmişdir. Mahirə 11 ay müddətin çox olduğunu, sadəcə beş ay kartı verə biləcəyini deyərək özünün və övladlarının sənədlərini toplayıb sosial müdafiə fonduna təqdim etməsi üçün Mahirə vermişdir. 2019-cu ilin aprel ayında Mahirə Bərdə şəhərində yerləşən Asan xidmət mərkəzində etibarnamə vermişdir. Mahir kart hazır olduqdan sonra 11 ay müddətində kartdan istifadə edəcəyini bildirmişdir. Mahirlə razılaşmadığı üçün Bərdə Asan xidmətə gedərək etibarnaməni ləğv etdirmişdir. Bərdə Asan xidmətdə etibarnamənin ləğv olunmağının Yevlax şəhərində yerləşən Kapital bankda görünmədiyini, banka gedib bu barədə məlumat verməyini ona bildirmişdirlər. Təxminən iki-üç gün sonra Yevlax şəhərində yerləşən Kapital banka getmiş və bankın əməkdaşı sosial müavinət kartının gəldiyini demişdir. Kartı götürmüş və bankın işçisinə Mahirlə arasında olan etibarnamənin ləğv edildiyini bildirmişdir. 2019-cu ilin iyul ayında sosial yardım kartından iki ayın pulunu, 682 manatı çıxartmışdır. Mahir həmin vaxt bunu bilərək işinə 2000 manat xərc çəkdiyini, buna görə də ona 2000 manat pul verməli olduğunu bildirmişdir. Mahirə ancaq 1000 manat pul verə biləcəyini demişdir. 2019-cu ilin avqust ayında Mahirlə Yevlax şəhərində qarşılaşmış, Mahir işinə müxtəlif formalarda xərc çəkdiyini, sənədlər topladığını demiş, Mahirə kartını yeddi aylığına verə biləcəyini demiş və Mahir də onunla razılaşmışdır. Təxminən 2019-cu ilin sentyabr ayında Mahirin istəyi ilə onunla Mahirin arvadı Samirə arasında həmin vaxt Yevlax şəhərinə gəlmiş səyyar Asan xidmət avtobusunda etibarnamə imzalanmış, bunun əsasında Mahirdən kartından yeddi ay müddətində pul çıxartmasını, sonra isə kartımı qaytarmasını bildirmişdir. Mahir də onunla razılaşmışdır. Mahir və Samirə ilə birlikdə Kapital banka getmiş, bankın işçisinə Samirəyə etibarnamə verdiyini və kartını Samirənin götürəcəyini bildirmişdir. 2020-ci ilin mart ayına da daxil olmaqla Mahir kartından razılığı əsasında 2387 manat pul çıxartmışdır. Təxminən 2020-ci ilin aprel ayında Mahirdən kartını istəmiş lakin Mahir kartını verməmişdir. Mahir kartını bir neçə ay sonra qaytaracağını bildirmiş, aprel-sentyabr aylarında razılığı olmadan dələduzluq yolu ilə kartından hər ay 341 manat olmaqla cəmi 1946 manat pul çıxartmış, sentyabr ayında isə kartı ona qaytarmışdır. Mahirlə arasında 04.12.2019-cu il tarixli 7E-13901 reyestr nömrəli etibarnamə olmamış, həmin etibarnamədəki imzalar da ona məxsus olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən doqquz aydır ki, tanıyır və onunla münasibətləri yaxşı olmuşdur. Altı azyaşlı övladı olduğu üçün sosial yardım almaq istəmişdir. Buna görə də bibisi Şahid4 2020-ci ilin yanvar ayının ortalarında DSMF-nin Yevlax şöbəsinə getmiş və həmin vaxt orada Mahirlə qarşılaşmışdır. Mahirin bibisi Tahirəyə ona sosial yardım düzəldə biləcəyini demişdir. Sosial yardım düzəltmək üçün lazım olan sənədləri bibisi Tahirəyə vermiş və Mahirlə razılaşmışdır ki, sosial yardımın düzəlməsi ilə bağlı xərcləri çəkəcək və bunun müqabilində kartı düzəldikdən sonra üç ay onda qalacaq. Mahirin dostu Şahid3 12 mart 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən Asan xidmət mərkəzində sosial yardım kartını və pulunu götürmək üçün etibarnamə vermişdir. Həmin vaxt bibisi Tahirə də orada olmuş, Mahir həmin vaxt vəsiqəsinin itdiyini bildirib dostu Şahid3 etibarnamə verməyini xahiş etmişdir. Sosial yardım düzəldikdən sonra təxminən 2020-ci ilin aprel ayının ortalarında bibisi Tahirə gedib kartı götürmüş və kart Mahirdə qalmamışdır. X16 işini düzəltdiyi üçün 450 manat pul vermişdir. Təqsirləndirilən şəxs 16 dekabr 2019-cu il tarixdə və 28 yanvar 2020-ci il tarixdə etibarnamə verməmiş, həmin tarixlərdə olan etibarnamələrdəki imzalar ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs həmin etibarnamələri hansı yolla düzəltdiyini də bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Kapital bank ASC-nin Yevlax və Bərdə filiallarında 2020-ci ildə monitorinq keçirilmiş və həmin monitorinq zamanı Təqsirləndirilən şəxs tərəfindən Kapital bank ASC-nin Yevlax filialına təqdim edilmiş 3 ədəd etibarnamənin saxta olması müəyyən edilmişdir. Qeyd edilən etibarnamələrin verildiyi notariuslara sorğular göndərilmiş və həmin etibarnamələri həmin notariusların vermədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin etibarnamələr əsasında Kapital bank ASC-nin Yevlax filialından müxtəlif vaxtlarda məxaric əməliyyatları etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Kapital bankın müştərisi kimi tanımışdır. Müxtəlif etibarnamələrlə bağlı əməliyyatların aparılması üçün banka müraciət edir. 13 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs banka müraciət etmiş, etibarnamə təqdim etmiş və təqdim etdiyi etibarnamədə Ayaz Salehovun imzası kimi göstərilən imza açıq şəkildə fərqlənmişdir. Ayaz Salehovun imza nümunəsi bankda olduğu üçün etibarnamədəki imzanın onun imzası olmadığını aydın görmüşdür. Etibarnamə skayn edilib götürülmüş, əsli Mahirin təkidi ilə ona qaytarılmışdır. Sonrakı günlərdə Təqsirləndirilən şəxs iki ədəd etibarnamə ilə yenə banka müraciət etmişdir. Həmin etibarnamələrin saxta olmasına şübhələr yaranmış, etibarnamələrin həqiqiliyi internetdə yoxlanılan zaman həmin etibarnamələrin mövcud olmadığı müəyyən edilmişdir. Bu barədə filial rəhbərliyinə məruzə edilmiş, sonra isə bankın baş ofisinə göndərilmişdir. Bundan başqa 16 dekabr 2019-cu il tarixli 7E-27495 nömrəli, 28 yanvar 2020-cil il tarixli 7E-231 nömrəli və 25 dekabr 2019-cu il tarixli 7E- 27996 nömrəli etibarnamələr Təqsirləndirilən şəxs banka təqdim etdiyi etibarnamələr olmuş, ancaq Təqsirləndirilən şəxs onları hansı ardıcıllıqla təqdim etdiyini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 4/1076 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 25 dekabr 2019-cu il tarixli 7E-27996 reyestr nömrəli və 16 dekabr 2019-cu il tarixli 7E-27495 reyestr nömrəli etibarnamələrin aşağı hissəsində Notariusun imzası qrafalarında əks olunmuş imzalar X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş imzanın əksidir. Əksi ekspertizaya təqdim olunmuş 4 dekabr 2019-cu il tarixli 7E-13901 reyestr nömrəli etibarnamənin kserosurətinin aşağı hissəsində Notariusun imzası qrafalarında olan imza X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim olunmuş 28 yanvar 2020-ci il tarixli 7E-231 reyestr nömrəli etibarnamənin kserosurətinin Notariusun imzası qrafasında olan imza X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim olunmuş 28 yanvar 2020-ci il tarixli 7E-231 reyestr nömrəli etibarnamənin kserosurətinin Notariusun imzası qrafasında olan imza X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-texniki ekspertizasının 22 dekabr 2020-ci il tarixli, 5/898 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 25 dekabr 2019-cu il tarixli 7E-27996 reyestr nömrəli və 16 dekabr 2019-cu il tarixli 7E-27495 reyestr nömrəli etibarnamələrdə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 4 dekabr 2019-cu il tarixli 7E-13901 reyestr nömrəli etibarnamənin kserosurətindəki möhür əksi ekspertizaya təqdim edilmiş notarius X10 möhürünün eksperimental nümunələri ilə eynilik təşkil etmir.Tədqiqata təqdim edilmiş 25 dekabr 2019cu il tarixli 7E-27996 reyestr nömrəli və 16 dekabr 2019-cu il tarixli 7E-27495 reyestr nömrəli etibarnamələrdə olan möhür əksləri ekspertizaya təqdim edilmiş notarius X1 möhürünün eksperimental nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təyin edilmiş 28 yanvar 2020-ci il tarixli 7E-231 reyestr nömrəli etibarnamənin kserosurətindəki möhür əksi ekspertizaya təqdim edilmiş notarius X5 möhürünün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, qəsdən bilə-bilə hüquq verən saxta sənəd olan etibarnamələrdən istifadə etmiş və aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qəsdən dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsinə əsasən cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşman olmasını, zərərçəkimiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. İş üzrə 167 (bir yüz altmış yeddi) manat 52 (əlli iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan 4 ədəd etibarnamə cinayət işi materiallarında saxlanılmalıdr. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib, qazancından 20 % dövlət nəfinə pul tutulmaqla, 01 (бир) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 167 (bir yüz altmış yeddi) manat 52 (əlli iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 4 ədəd etibarnamə cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar