Məhkəmə qərarları › İş №1(043)-27/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-27/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-27/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1957-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 9.640 ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(043)-1079/2013 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 3(043)-135/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxxxx 2019-cu il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs 9.640 ABŞ dolları məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs yaxın dostu olmaqla yaxşı münasibətləri olmuşdur. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində torpaq yeri almaq üçün pul lazım olduğundan 6000 ABŞ dolları məbləğində borc pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs verdiyi pulunu istədikdə həmin vaxtı pulu olmadığını üçün əvəzində ona torpaq sahəsi təklif etmişdir. Sonuncu torpaq sahəsi yox, verdiyi pulu istədikdə bir az gözləməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs gözləyəcəyini, lakin borcu notarial qaydada təsdiqləməyini xahiş etmişdir. Belə olan halda sonuncu ilə notariusda əlavə olaraq 10000 ABŞ dolları məbləğində borc müqaviləsi bağlamışlar. Müqavilə bağlandıqdan 1 il sonra Zərərçəkmiş şəxs pul tələbi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən 9.640 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Daha sonra X3 Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx xxx 2018-ci il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. Bundan sonra Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəhlə işləyərək aylıq 260 manat əmək haqqından hər ay 120 manat məbləğində pul Zərərçəkmiş şəxs bank hesabına ödənilmişdir. Məhkəməyədək borcundan 1500 manat məbləğində ödəniş edə bilmişdir. Hazırda isə qətnaməni tam icra edərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxın dostu olmaqla yaxşı münasibətləri olmuşdur. Sonuncu şəhər ərazisində obyekt ərazisi kimi torpaq almaq üçün bir ay ərzində qaytarmaq şərti ilə 2013-cü ilin yanvar ayında 10.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Təqsirləndirilən şəxs inandığından onunla notariusda müqavilə bağlayaraq həmin pulu borc olaraq vermişdir. Pulu aldıqdan sonra cəmi 300 manat ödəniş etmişdir. Daha sonra aldığı pulu söz verdiyi vaxtdan keçməsinə baxmayaraq ödəmədiyindən 2013cü ilin iyun ayında pul tələbi ilə Gəncə Şəhəri Kəpəz Rrayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 9.640 ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə alınıb verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qətnamədən narazı olduğundan müvafiq olaraq Gəncə Apelyasiyya Məhkəməsinə apelyasiyya, daha sonra kasasiyya şikayətləri verməyinə baxmayaraq qətnamə qüvvəsində qalmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs əmək haqqından hər ay 118 manat pul ödənilməklə borcundan cəmi 1130 manat ödəniş etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs qətnaməni tam icra etmişdir. Buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(043)-1079/2013 nömrəli qətnaməsi üzrə icra vərəqəsi onun icraatında olmuşdur. Qətnaməyə əsasən Təqsirləndirilən şəxs 9.640 ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcluya tələbin könüllü icrasını təmin etməsi barədə qərar və bildiriş göndərilsə də, Təqsirləndirilən şəxs qətnamə üzrə olan borcunu ödəmədiyindən ona bir neçə dəfə rəsmi xəbərdarlıq etməyimə baxmayaraq qətnamənin icrasından yayınınaraq borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbədən də, xx xxxx 2019-cu il tarixdə inzibati protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə vermişdim. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 3(043)-135/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra qətnamənin icra olunması üçün ona yeni müddət verilməsinə baxmayaraq yenidən borcun ödənilməsindən yayınmışdır. Təqsirləndirilən şəxs dəfələrlə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar olunmasına baxmayaraq borcunu ödəməyərək qətnamənin icrasından qərəzli olaraq boyun qaçırdığından müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(043)-1079/2013 nömrəli qətnaməsi üzrə icra vərəqəsi icra məmuru Şahid1 icraatındadır. Qətnaməyə əsasən Təqsirləndirilən şəxs 9.640 ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs qətnamə üzrə olan borcunu ödəmədiyindən icra məmuru Şahid1 İcra idarəsinə çağırdığının, barəsində inzibati protokol tərtib edərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verərək inzibati qaydada həbs olunduğunun, inzibati tənbehdən sonra da, borcluya məhkəmə qərarını qərəzli olaraq icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar etdiyinin şahidi olmuşdur. İdarənin böyük icra məmuru kimi borclu Təqsirləndirilən şəxsla dəfələrlə hüquqi mövzuda söhbətlər apararaq qətnamənin dövlətin adından çıxarıldığını, buna görə də icrasının məcburiliyini izah etmiş və icra olunmadığı halda inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1079/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 9640 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnəsi ilə Azərbaycan Respublikasının pul vahidi manatla tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, qətnamə xx xxxxxx 2013-cü il tarixdə qüvvəsini almış və həmin tarixdə icra vərəqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş borclunun əmlak vəziyyəti və gəlirləri barədə elektron sorğudan görünür ki, Təqsirləndirilən şəxs tələbin yönələ biləcəyi əmlakı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəhlə işlədiyi və aylıq əmək haqqının 260 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1079/2013 saylı qətnaməsini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2014-cü il tarixli qərarın surətindən görünür ki, icra işi üzrə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli izahatdan görünür ki, borclu Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından başlayaraq icra sənədi üzrə hər ay 300 manat ödəniş edəcəyinə söz vermişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(043)-135/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1079/2013 saylı, xx xxxx 2013-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs icra sənədində göstərilən sənədi könüllü icra etməsi üçün təkrarən 10 gün müddət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust və xx xxxxxxxx 2019-cu il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs borcunu ödəmədiyi halda Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan məlum olur ki, Bağırov X2 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü müstəqil icra edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərarı ilə cəzası 07 ilə endirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi həmin məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi iləyanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda olduqda çıxarılır. Məhkəmədə işə baxılarkən zərərçəmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1079/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsinin icra olunduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar