Məhkəmə qərarları › İş №1(046)-16/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-16/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-16/2025 01.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 14.20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən,Göyçay rayonu Alpoud kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 19 radələrində ictimai yer olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül”çay evinin həyətində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə tanışları Şahid1 məxsus «VAZ 2107» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sərnişin oturacağında oturmağı bəhanə edib mübahisə edərək nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə zərbə endirib və dava edərkən onu arxası üstə yerə yıxaraq sonuncuya gövdənin arxa səthində sol kürək arası nahiyədə qançır qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol yanaq nahiyəsində yumşaq toxumanın bir qədər şişkinliyi fonunda hematoma ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. xx.xx.2024cü il tarixdə günorta saatlarında digər sinif yoldaşı olan X1 şəhərində yerləşən “Bir İnci” restoranında “Uşaq gördü” məclisi etmiş, həmin qonaqlıqda onlar digər sinif yoldaşları ilə birlikdə iştirak etmişlər. Həmin vaxt onlar məclisdə Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki olan araq qəbul etmiş, həmin gün saat 17 radələrində məclisdən çıxaraq Elvinlə birlikdə digər sinif yoldaşları Şahid1 ilə birlikdə sonuncuya məxsus «VAZ 2107» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə çay içmək üçün Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinə getməyə qərar vermişlər. Bundan sonra onlar Raufa məxsus avtomobillə Qızılgül çay evinə getmiş, həmin çay evində bir qədər oturub çay içərək söhbət etmişlər. Bundan sonra saat 19 radələrində çay evindən çıxıb yaşadıqları evə getmək üçün çay evinin həyətinə düşmüşlər. Həmin vaxt Raufa məxsus avtomobildə qabaq sərnişin oturacağında əyləşmək üçün Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, həmin vaxt həm o, həm də Zərərçəkmiş şəxs qabaq sərnişin oturacağında oturmaq istəmişdir. Onlar hər ikisi sərxoş vəziyyətdə olduğundan aralarında olan mübahisə böyümüş və onlar çay evinin həyətində birbirinin yaxasından tutub dartışmışlar. Sərxoş olduğundan Zərərçəkmiş şəxs neçə vurması barədə xəbəri olmamışdır.Bundan sonra Raufa məxsus avtomobildə yaşadıqları kəndə getmişlər.Mübahisə təxminən 02 dəqiqə davam etmişdir. xx.xx.2024-cü il tarixdə Göyçay rayon polis şöbəsindən onunla telefon vasitəsilə əlaqə saxlanılmış,o polis şöbəsinə dəvət olunmuşdur.xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək polis şöbəsində saxlanılmış,4-5 aydan sonra polis şöbəsinə dəvət etmişlər və oxumadan onun adından yazılan ifadələri imzalamışdır.Göyçay rayon polis şöbəsindən buraxıldıqdan sonra heç yerə şikayət etməmiş,bu barədə vəkilinə də məlumat verməmişdir.Zərərçəkmiş şəxslə barışımışdır.Özünü zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirdiyinə görə təqsirli bilir,əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsini,zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında digər sinif yoldaşı X1 şəhərində yerləşən “Bir İnci” restoranında “Uşaq gördü” məclisi etmiş, həmin qonaqlıqda onlar digər sinif yoldaşıları ilə birlikdə iştirak etmişlər. Həmin vaxt onlar məclisdə Təqsirləndirilən şəxsla birlikdə spirtli içki olan araq qəbul etmişlər. Həmin gün saat 17 radələrində onlar məclisdən çıxaraq Elvinlə birlikdə digər sinif yoldaşları Şahid1 ilə birlikdə sonuncuya məxsus «VAZ 2107» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə çay içmək üçün Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinə getməyi qərar vermişlər. Bundan sonra onlar Raufa məxsus avtomobillə Qızılgül çay evinə getmişlər. Onlar həmin çay evində bir qədər oturub çay içərək söhbət etmiş, bundan sonra saat 19 radələrində çay evindən çıxıb yaşadıqları evə getmək üçün çay evinin həyətinə düşmüşlər. Həmin vaxt Raufa məxsus avtomobildə qabaq sərnişin oturacağında əyləşmək üçün Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, həmin vaxt həm o, həm də Təqsirləndirilən şəxs qabaq sərnişin oturacağında oturmaq istəmişdir. Onlar hər ikisi sərxoş vəziyyətdə olduğundan aralarında olan mübahisə böyümüş,bir-birinin yaxasından tutub dartışmışlar.Nalayiq ifadələr işlətmələrini xatırlamır.Ola bilsin ki,sərxoş olduğuna görə xatırlamasın.Onları Rauf aralamışdır.Digər şəxslərin orada olmasını xatırlamır. Dava-dalaş təxminən 1 dəqiqə yarım davam etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gedərkən Kürdəmir rayonu ərazisində telefon vasitəsilə onunla əlaqə saxlanılmış və o Göyçay rayon polis şöbəsinə dəvət olunmuşdur.Həmin tarixdə polis şöbəsinə gəlmiş,Təqsirləndirilən şəxsla dava-dalaş etməsi bildirilmiş və ona bu barədə videogörüntü göstərilmişdir.Polis şöbəsində Təqsirləndirilən şəxsla dava etməməsini bildirmişdir.Onu 3 gün saxladıqdan sonra pul gətirmək adı ilə buraxmışlar.Onlardan buraxılmaq üçün 8000 manat pul tələb edilmiş, sonra o evə buraxılmışdır.Lakin pulun tapa bilmədiyinə görə sabahısı gün Göyçay rayon polis şöbəsinə gəlmiş və o yenidən orada 4 gün-xx.xx.2024-cü il tarixədək saxlanılmışdır.Bir müddət sonra onu polis şöbəsinə dəvət etmişlər və barışıq ərizəsi adı ilə onlara sənədləri imza etdirmişlər.Orada saxlanılması ilə əlaqədar heç yerə şikayət etməmiş və bu barədə vəkilə də məlumat verməmişdir.Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbim yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evini işlədir. xx.xx.2024-cü il tarixdə saaat 17 radələrində sonradan tanıdığı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Rauf adlı şəxslər işlədiyi “Qızılgül” çay- evinə gəlmiş, Təqsirləndirilən şəxs obyektə gələrkən Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və o, Təqsirləndirilən şəxs yaxınlaşaraq mübahisə etməməyi demişdir.Sonra o obyektdən getmişdir.Sonradan polis şöbəsinə onu dəvət edərək, işlətdiyi obyektdə dava-dalaş olduğunu bildirmişlər. O, polis şöbəsində obyetdə dava-dalaş olarkən orada olmadığını demişdir. Bir müddətdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs obyektə gətirmişlər.Təqsirləndirilən şəxs polis əməkdaşlarına Zərərçəkmiş şəxs ilə otaqda mübahisə etdiyini və obyektdən çıxıb həyətdə dava etdiyini bildirmişdir. O, polis əməkdaşlarında dava-dalaşın həyətdə baş verdiyini və obyektə heç bir aidiyyətinin olmadığını demişdir. Polis şöbəsində ifadəsi alınarkən, onun adından yazılan ifadəni oxumamış və imza etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun sinif yoldaşları olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında digər sinif yoldaşı olan X1 şəhərində yerləşən “Bir İnci” restoranında “Uşaq gördü” məclisi etmiş, o, həmin restorana özünə məxsus «VAZ 2107»markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Həmin qonaqlıqda onlar digər sinif yoldaşıları ilə birlikdə iştirak etmişlər. Həmin qonaqlıqda Elvin Mikaydzadə və Təqsirləndirilən şəxs spirtli içki olan araq qəbul etmişdir. Həmin gün saat 17 radələrində onlar məclisdən çıxarkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs çay içmək üçün onları avtomobili ilə Göyçay rayonu, Cəyirli kəndində yerləşən Qızılgül çay evinə aparmağını istəmiş, həmin şəxslər sərxoş vəziyyətdə olduqları üçün o, imtina etməyərək razılaşmışdır. Bundan sonra həmin şəxslər ona məxsus avtomobillə Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül'’ çay evinə getmişlər. Onlar həmin çay evində bir qədər oturub çay içərək söhbət etmiş, bundan sonra saat 19 radələrində onlar çay evindən çıxıb yaşadıqları evə getmək üçün çay evinin həyətinə düşmüşlər. Həmin vaxt o, avtomobilinə əyləşərkən Elvin Mikaydzadə və Təqsirləndirilən şəxs qabaq sərnişin oturacağında əyləşmək üçün mübahisə etməyə başlamış, onlar sərxoş vəziyyətdə olmuş və hər ikisi qabaq sərnişin oturacağında əyləşmək istəmişdir. Həmin şəxslər sərxoş vəziyyətdə olduğundan aralarında olan mübahisə böyümüş,o Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sakitləşdirə bilməmişdir. Bundan sonra həmin şəxslər mübahisə edərək çay evinin həyətində ucadan bir-birinə nalayiq ifadələr işlədib səs küy yaratdıqları üçün ətrafda olan tanımadıqları bir neçə nəfər şəxs də yanlarına gəlmişdir. O və orada olan tanımadığı digər şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sakitləşdirib aralamağa çalışsalar da sonuncular mübahisəni davam etdirmiş və birbirinin yaxasından tutub mübahisə edərkən Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə endirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs sağ əli ilə bir neçə dəfə yumruqla Təqsirləndirilən şəxs baş nahiyəsinə zərbə endirmiş və onlar yerə yıxılmışlar. Bundan sonra onlar orada olan digər şəxslərlə sonuncuları ayırmağa çalışsa da yenə də yerdə güləşərək dava etməyə davam etmişlər. Bundan sonra onlar orada olan şəxslərlə güclə Elvin Mikaydzadə və Təqsirləndirilən şəxs aralamış və həmçinin bir nəfər şəxs gəlib Təqsirləndirilən şəxs çəkərək oradan uzaqlaşdırmışdır. Həmçinin o da digər şəxslərlə Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Həmin mübahisə və dava vaxt etibarı ilə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt orada olan şəxsləri əvvəllər görməmiş və tanımamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 27 iyun 2024-cü il tarixli 397 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər:

1. Sol yanaq nahiyəsində yumşaq toxumanın bir qədər şişkinliyi fonunda hematoma küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uvğıın gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

2. Sağ əlin İİ-İİİ barmaq falanqaları nahiyələrində dərinin epidermis qatının sıyrılmış yaraları və gövdənin arxa səthində sol kürək arası nahiyədə qançır küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə, saat 18.30-da şübhəli şəxs qismində tutulmuş, 01 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 17.30 MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyul 2024-cü iltarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsrləndirilməsinə dair cinayət işi materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, görüntü 1 dəqiqə 15 saniyədən ibarətdir, mobil telefon vasitəsilə qeydə alınmışdır. Görüntülərdəkı hadisə Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinin həyətində baş verir. Görüntü binanın 2-ci mərtəbəsindən qeydə alınmışdır.Görüntüdən görünür ki, iki nəfər şəxs ictimai yer olan “Qızılgül” çay evinin həyətində bir-birinin paltarından tutub dartışaraq ucadan nalayiq ifadələr işlədib mübahisə və dava edirlər. Onların səs küyünə toplaşan insanlar onları aralamağa çalışsalar da onlar uca səslə nalayiq ifadələr işlədib dava etməyi davam etdirirlər. Həmin vaxt dava edən şəxslərdən arıq bədən quruluşlu olan şəxs digər kök bədən quruluşlu olan şəxsin sifət nahiyəsinə başı ilə zərbə endirir, bundan sonra isə kök bədən quruluşlu şəxs digərinin baş nahiyəsinə yumruqla ardıcıl zərbələr endirərək onu yerə yıxır. Ətrafa toplaşan şəxslər onları ayırmağa çalışsalar da onlar yerdə davanı davam etdirirlər. Həmin səs küyə kənardan şəxslər gələrək toplaşır. Bundan sonra isə hadisə yerinə toplaşan şəxslər həmin şəxsləri zorla ayıraraq hərəsini bir tərəfə çəkirlər, ancaq onlar yenə də nalayiq ifadələr işlədirlər. Baxış zamanı edənlərdən kök bədən quruluşlu olan şəxsin Zərərçəkmiş şəxs, digər dava edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixli izahatından,sonra şübhəli şəxsin dindirilməsi haqqında 29 iyun 2024-cü il tarixli protokoldan,daha sonra isə təqsirləndirilən şəxsin dindirilməsi haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs izahat verərkən, sonradan şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül'’ çay evinin həyətində Zərərçəkmiş şəxs ilə avtomobilin qabaq oturacağında kimin oturması ilə bağlı mübahisə edib,bir-birinin yaxasından tutmasını,daha sonra kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə vurmasını,Zərərçəkmiş şəxs isə yumruqla bir neçə dəfə onun baş nahiyəsinə zərbə endirməsini,səs-küy yaranmasını,nalafiq ifadələr işlədilməsini,həmin vaxt orada olan şəxslərin onları aralamaq istədiklərini,mübahisənin 15 dəqiqə davam etməsini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 26 iyun 2024-cü il tarixli izahatından,sonra şübhəli şəxsin dindirilməsi haqqında 29 iyun 2024-cü il tarixli protokoldan,daha sonra isə təqsirləndirilən şəxsin dindirilməsi haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki,Zərərçəkmiş şəxs həm izahat verərkən,həm ifadə verərkən xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül'’ çay evinin həyətində Təqsirləndirilən şəxsla avtomobilin qabaq oturacağında kimin oturması ilə bağlı mübahisə edib,bir-birinin yaxasından tutmasını,əlbəyaxa olmasını,daha sonra Təqsirləndirilən şəxs kəllə ilə onun sifət nahiyyəsinə bir dəfə vurmasını, o isə yumruqla bir neçə dəfə Təqsirləndirilən şəxs baş nahiyəsinə zərbə endirməsini,səs-küy yaranmasını,nalafiq ifadələr işlədilməsini,həmin vaxt orada olan şəxslərin onları aralamaq istədiklərini,onları zorla aralamalarını,mübahisənin 15 dəqiqə davam etməsini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirmə zamanı xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül'’ çay evinin həyətində Şahid1 istifadəsində olan «VAZ 2107»markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında kimin oturması ilə bağlı mübahisə edib,bir-birinin yaxasından tutmasını,hər ikisinin sərxoş olmalarını,əlbəyaxa olmalarını,daha sonra Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə vurmasını, Zərərçəkmiş şəxs isə yumruqla bir neçə dəfə Təqsirləndirilən şəxs baş nahiyəsinə zərbə endirməsini,səs-küy yaranmasını,nalafiq ifadələr işlədilməsini,həmin vaxt orada olan şəxslərin onları aralamaq istədiklərini,onları zorla aralamalarını,mübahisənin 15 dəqiqə davam etməsini göstərmişlər. Müdafiəçinin vəsatəti əsasında Göyçay rayon X3 daxil olmuş 30 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinin həyətində və həmin həyəti çəkə bilən kameralar mövcud deyildir. Müdafiəçinin vəsatəti əsasında Göyçay rayon Polis Şöbəsidən daxil olmuş 20 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinin həyətində quraşdırılmış və həmin həyəti çəkə bilən müşahidə kamerlarının sistem bloku bir aydan artıq müddətə yaddaş görüntülərini saxlamadığı səbəbindən xx.xx.2024-cü il tarixə aid görüntüləri əldə edilməsi mümkün olmamışdır. Müdafiəçinin vəsatəti əsasında Göyçay rayon Polis Şöbəsidən daxil olmuş 29 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin girişində qurşadırılmış müşahidə kameralarının sistem bloku işləməməsi səbəbindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər müddətə görüntüləri əldə edilməsi mümkün olmamışdır. Müdafiəçinin vəsatəti əsasında "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş məlumatlardan Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı və 050785-24-95 saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Göyçay rayon polis şöbəsinin inzibati binasının yerləşdiyi ərazidə fəaliyyət göstərməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Cinayət qanunvericiliyinin təhlil edilən normasından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən də aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin xüsusiyyəti, onun ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Bundan başqa, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin tərkibi, yəni ictimai yer olan “Qızılgül” çay evinin həyətində dava-dalaş salmaqla orada olan insanların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan,nalayiq ifadələr işlədilməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlərin mövcud olması görünür. CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi faktiki olaraq etirafedici ifadələri yanaşı, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, ekspertiza rəyləri ilə,videogörüntü və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkəmə qeyd edir ki,ibtidai araşdırma zamanı qanuni üsullarla əldə olunmuş və sonradan məhkəmə iclasında tədqiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə nəzərə çatdırmaq istəyir ki,təqsirləndirilən və zərərçəkmiş şəxsin onlara qarşı ibtidai araşdırma zamanı qanunla müəyyən edilmiş müddətdən artıq qanunsuz olaraq saxlanılması və pulun tələb edilməsi ilə bağlı məhkəmədə verdikləri məlumatlar qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayət əməlinin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu, Alpoud kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar