Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-39/2025 18.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan ,ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsində Şahid1 barəsində Azərbaycan Respublikası İXM- nin 510 və 535.1 -ci maddələri üzrə 13 avqust 2024-cü il, tarixli 3(046)-736/2024 saylı inzibati xəta haqqında işə baxılan zaman, iclas zalında iş üzrə şahid qismində izahat verərkən, proses iştirakçılarının gözü önündə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Göyçay rayon Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs şəxsiyyət və ləyaqətini alçaldan “sən nə oturmusan orada “çömçə” kimi” ifadəsi ilə təhqir edərək, məhkəməyə hörmətsizlik etməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, 2024-cü ilin avqust ayında qonşuları Şahid3 ilə əri Şahid1 arasında söz-söhbət yaranmışdır. Şahid1 tez-tez yaşadıqları binaya gəlib evin qarşısında Gülnarəni söyüb təhqir etmişdir. Yaşadıqları binanın və evin qarşısında onun tərəfindən quraşdırılmış videogörüntü kameraları vardır. Ona görə Şahid3 evinin qarşısındakı kameraları açıb video görüntüləri göstərməyi ondan xahiş etmişdir. O. kameranı açıb baxrakən Rüstəmin 3:26-da binadan keçdiyini görmüşdür. Köməklik edərək kamera görüntülərini Şahid3 göstərmişdir. Gülnarə ona onun dediklərini sübut edə bilməyəcəyini bildirmiş və ondan xahiş etmişdir ki, Rüstəmin binanı qarşısından 3.26-da keçdiyini bildirsin. Gülnarənin şikayəti əsasında Şahid1 barəsində polis əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. 13 avqust 2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsində Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 -ci maddələri inzibati xəta haqqında işə baxılarkən şahid qismində məhkəməyə dəvət edilmişdir. Şahid qismində məhkəmə qarşısında izahat verərkən Şahid1 vəkili əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun sözlərinə gülümsəməsindən sonra anidən əsəbləşmiş, “niyə gülümsədiyini?” “gülməli söz demişəm ki, gülürsən?” “nə oturmusan orada çömçə kimi” ifadələrini işlətmişdir. “Çömçə” adi məişətdə istifadə olunan söz olduğuna görə təhqiredici ifadə hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 13 avqust 2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsində Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri üzrə baxılan inzibati xəta haqqında iş üzrə dövlət hesabına müdafiəçi kimi iştirak etmişdir. Məhkəmə prosesi zamanı iş üzrə şahid qismində dəvət olunmuş əvvəllər tanışlığı və ədavəti olmayan Təqsirləndirilən şəxs izahat verdikdən sonra, prosessual hüquqlarından istifadə edib şahidə iş üzrə suallar vermişdir. Təqsirləndirilən şəxs suallara natamam cavab verərək, yayınmağa çalışmışdır. Bundan sonra proses zamanı Təqsirləndirilən şəxs aqressiv formada qışqıraraq “niyə güldüyünü?” və “çömçə kimi nə oturmusan orada” ifadələrini işlətmişdir. Həmçinin, hakimə vəkilin suallarına cavab verməyəcəyini bildirmişdir. Həmin sözlərdən sonra kənar şəxslərin yanında öz ünvanına səslənən sözlərdən sonra sarsıntı keçirmişdir. Göyçay şəhərində həm vəkil nüfüzu, həm də şəxsi vətəntaş nüfuzu alçaldılmışdır. Peşə fəaliyyətini həyata keçirərkən hadisə baş verdiyindən işgüzar nüfuzuna xüsusilə xələl gətirilmişdir. Özünü təhqir olunmuş hesab etdiyindən bu barədə ilkin olaraq proses zamanı məhkəməyə müraciət etmiş, daha sonra şikayət ərizəsi ilə Göyçay Rayon Prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs ən sərt şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, 13 avqust 2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsində Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri üzrə baxılan inzibati xəta haqqında işdə iclas katibi kimi iştirak etmişdir. Məhkəmə prosesi zamanı iş üzrə şahid qismində dəvət olunmuş əvvəllər tanımadığı Təqsirləndirilən şəxs izahat verərkən iş üzrə müdafiəçi qismində dəvət olunmuş Zərərçəkmiş şəxs gülümsəməsindən sonra əsəbləşərək aqressiv formada qışqıraraq “niyə gülümsədiyini?” və “nə oturmusan orda çömçə kimi” ifadələrini işlətmişdir. Qeyd edilənlər məhkəmə iclasının protokolunda qeyd olunmuş və bundan başqa məhkəmə iclas zalının video çəkilişində öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3(046)-736/2024 nömrəli inzibati xəta haqqında işlər üzrə məhkəmə iclas protokolunun surətindən görünür ki, prosses zamanı şahid qismində dəvət olunmuş Təqsirləndirilən şəxs izahat verərkən məhkmə baxışı iştirakçısı inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Göyçay rayon Vəkil bürosunun vəkili Zərərçəkmiş şəxs qarşı “sən nə oturmusan orada “çömçə” kimi” ifadəsini işlətmişdir. Məhkəmə baxışında cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilmişdir.Baxış zamanı görünür ki,şahid qismində məhkəmə iclasına dəvət olunmuş Təqsirləndirilən şəxs izahat verəndən sonra ona müdafiəçi tərəfindən verilmiş suallara «sən nə oturmusan orada çömçə kimi» ifadəsini işlətmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə -linqvistik ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 4/1496 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs işlətdiyi “sən nə oturmusan orada “çömçə” kimi” ifadəsi məhkəmə baxışı iştirakısını təhqir edən, şəxsiyyət və ləyaqətini alçaldan ifadə hesab olunur. Cinayət işi materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutma haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 19.30-da Göyçay RPŞ-nin əməkdaşlarının iştirakı ilə Göyçay rayon ərazisində tutulmuş, 13 fevral 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək 13 fevral 2025-ci il tarixdə müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs hal-hazırda Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2011-ci il tarixli 1 (046)-126/2011 saylı hökmü üzrə heç bir çəkilməmiş cəzası qalmamışdır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluq ödənilmiş hesab olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsinə görə məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə cinayət əməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsində Şahid1 barəsində Azərbaycan Respublikası İXM- nin 510 və 535.1 -ci maddələri üzrə 13 avqust 2024-cü il, tarixli 3(046)-736/2024 saylı inzibati xəta haqqında işə baxılan zaman, iclas zalında iş üzrə şahid qismində izahat verərkən, proses iştirakçılarının gözü önündə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Göyçay rayon Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs şəxsiyyət və ləyaqətini alçaldan “sən nə oturmusan orada “çömçə” kimi” ifadəsi ilə təhqir edərək, məhkəməyə hörmətsizlik etməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 2 gün həbsdə saxlanılma müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsinin sanksiyası həddində təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət işi materiallarında olan bir ədəd «DVD» disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının 80 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirli bilinərək 550 (beş yüz əlli) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək 2 gün həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin edilmiş cəza yüngüllşədirilərək. qəti olaraq ona 400 ( dörd yüz) manat cərimə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut olan bir ədəd «DVD» disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 80 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-39/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-39/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver