Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-125/2025 24.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində ittiham irəli sürülən şəxs X4 təqribən 04- 06 may 2025-ci il tarixlərində kütləvi informasiya vasitəsi olan 21 min 700 nəfər izləyicisi olan tiktok səhifəsində barəsində videolar paylaşmışdır.Barəsində ittiham irəli sürülən şəxs X1 informasiya vasitəsi olan tiktok səhifələrində şikayətçi X7 yəni onun barəsində təhqir və böhtan xarakterli videoları yaymaqla şərəf və ləyaqətimi qəsdən alçaldaraq onu təhqir etmiş və şikayətçiyə böhtan atmışdır.Həmin videoların məzmunu belədir: “Barəsində ittiham irəli sürülən şəxs Səfərov Mircəlal oğlu tərəfindən kütləvi informasiya vasitəsi olan tiktok səhifələrində böhtan və təhqir cinayətlərini belə törətmişdir”; Müəllif məzmunu təqdim olunan videolarda onun cəmiyyətdə yeri, Mingəçevir şəhəri, Ağdaş rayonu və bütün ölkə ərazisində şikayətçinin nüfuzunu zədələyən, böhtan xarakterli, kinayə edici və həqiqətə uyğun olmayan, yalan ifadələr işlətməklə onun şərəf və ləyaqətini qəsdən alçaltmış, ləkələmiş, ona böhtan atmış bu da onun nüfuzuna xələl gətirmişdir. Müəllif videolarında şikayətçini dəfələrlə onun guya müxtəlif adamlar haqqında videolar çəkərək və videoların yayınlanmaması qarşılığında müxtəlif adamlardan videoların yayımlanması qarşılığında pul tələb etmişdir. Bu kimi ifadələr işlədərək hətta onun sosial şəbəkə hesabında paylaşdığı övladının şəklini videoda göstərərək ona mənəvi zərər vurmuşdur və o, bunu şərəf və ləyaqətinin alçaldılması hesab edir. Ona böhtan atmış, təhqir etmiş və bununla da onun şərəf və ləyaqətini qəsdən alçaldaraq cəmiyyətdə nüfuzdan salmağa çalışmışdır. Barəsində ittiham irəli sürülən şəxs X2 informasiya vasitəsi olan youtube və instaqram səhifələrində onun barəsində təhqir və böhtan xarakterli videoları yaymaqla onun şərəf və ləyaqətini qəsdən alçaldaraq təhqir etdiyinə və şikayətçiyə böhtan atdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və Mircəlal Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Murad Rzayev şikayətinin məzmununa uyğun çıxış etmiş və göstərilən halları nəzərə alaraq şikayətinin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Mircəlal Səfərov isə bildirmişdir ki, Murad Rzayevə qarşı sosial şəbəkə hesabında hər hansı təhqir və ya böhtan xarakterli ifadə işlətməmiş, əksinə olaraq Murad Rzayev onu təhqir etmiş və ona böhtan atmışdır. Göstərilən halları nəzərə alaraq şikayətin icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Nəzərə almaq lazımdır ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti məhz hazırlıq iclasında yoxlanılır. Belə ki, məhz oların nəticələrindən asılı olaraq işin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. İş üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən isə təhqir dedikdə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Belə ki, şikayətçinin ərizəsinə qoşma kimi əlavə etdiyi videoyazılara nəzər saldıqda barəsində şikayət verilən şəxs Mircəlal Səfərovun şikayətçi Murad Rzayev barəsində təhqir və böhtan xarakterli hər hansı söz, ifadə deməsi və ya hərəkət etməsi müəyyən olunmur. Həmçinin həmin videoyazıların biri - şikayət verilən şəxs Mircəlal Səfərovun şikayətçi Murad Rzayevin əməllərindən hüquq mühafizə orqanlarına şifahi formada şikayət etməsini əks etdirir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə şikayətin forma və məzmunca CPM-nin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət ərizəsində şikayəti vermiş şəxsin imzası müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri müəyyən edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №1(051)-125/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-125/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver