Məhkəmə qərarları › İş №1(054)-19/2022

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-19/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-19/2022 06.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1977-ci il tarixdə Vartaşen şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Oğuz şəhəri, H.Əliyev prospekti, dalan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yerinin qapısını açma yolu ilə içəri qanunsuz daxil olmaqla içəridən 1 ədəd 200 manat dəyərində 5 m x 2 m ölçüdə, 1 ədəd 120 manat dəyərində 2,90 m x 2 m ölçüdə, 1 ədəd 120 manat dəyərində 3 m x 2 m ölçüdə, 1 ədəd 60 manat dəyərində 2 m x 1 m ölçüdə və 1 ədəd 1000 manat dəyərində 2,40 m x 1,30 m ölçüdə müxtəlif rənglərlə, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilmiş xalçaları, daha sonra isə həmin evin pəncərəsindən içəri qanunsuz daxil olmaqla içəridən 1 ədəd 80 manat dəyərində üzərində müxtəlif naxışlar (həmçinin, Qız qalası şəkli) olan nərdtaxtanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdi ki, o, Oğuz şəhərində yaşayır və daimi olaraq heç bir yerdə işləmir. O, əvvəllər də cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2021-ci ilin avqust ayında cəzasını cəkib qurtarmışdır. xx.xx.2022-ci il tarixdə spirtli içki qəbul etmiş və bundan sonra qonşuluqda Zərərçəkmiş şəxs məxsus evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin evin çöl tərəfdən hasarını aşıb həyətə keçmişdir. Həyətə daxil olduqdan sonra ətrafa nəzər saldıqda həyətin qutaracağında saxlanc yeri olduğunu görmüşdür. Saxlanc yerinin qapısını açaraq içəri daxil olaraq oradan 5 ədəd müxtəlif ölçülərdə xalçanı götürüb küçəyə yığmış, daha sonra yenidən həmin həyətə qayıdaraq evin pəncərəsindən içəri daxil olmuşdur. Evin otaqlarının birində nərdtaxta görmüş və həmin nərdtaxtanı götürərək küçəyə çıxarmışdır. Bundan sonra küçəyə yığdığı xalçaları və nərdtaxtanı bir neçə dəfəyə yaşadığı evə daşıyaraq evdə gizlətmişdir. Bir neçə gün sonra polis əməkdaşları onu oğurluqda şübhəli bilindiyi üçün saxlamış, o da etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Oğurluğu təkbaşına etmiş, heç kimin köməyindən istifadə etməmiş və onun oğurluq etməsindən heç kimin, o cümlədən ailə üzvlərinin də məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, maddi vəziyyəti çətin olduğundan oğurluq etmiş, lakin oğurladığı əşyaları heç kimə satmamışdır. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Oğurladığı əmlakların harada olduğunu da könüllü etiraf etmiş və həmin əmlakları polis əməkdaşlarına təqdim etmişdir. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, oğurladığı əmlakları əvvəlki vəziyyətində olduğu kimi qaytarmışdır. Onun bir yetkinlik yaşına çatmayan uşağı vardır. Qeyd edilən halları cəza təyin edilən zaman nəzərə almağı və ona qanun çərçivəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, atası Şahid1la birlikdə Baki şəhərində yaşayır. Onların Oğuz şəhəri, H.Əliyev prospekti, dalan 4 ünvanında yerləşən evi vardır və həmin evə özü mütəmadi olaraq nəzarət edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evə nəzarət etmək üçün gələndə evin pəncərəsinin açıq olduğunu görmüşdür. O, evdə oğurluq olmasını ehtimal etmiş və evin saxlanc yerinə daxil olduqda orada olan xalçaların yerində olmadığını görmüşdür. Dərhal Oğuz rayon Polis Şöbəsinə oğurluq hadisəsi baş verməsi ilə bağlı məlumat vermiş və xalçaların sayını dəqiq bilmədiyindən ərizə yazaraq xalça və digər əşyaların oğurlanmasını qeyd etmişdir. Daha sonra ailə üzvləri ilə birlikdə evə baxış keçirdikdə 5 ədəd xalçanın və 1 ədəd nərdtaxtanın oğurlandığını müəyyən etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsini törədən şəxs Oğuz şəhər sakini Təqsirləndirilən şəxsdur. Onunla Təqsirləndirilən şəxs arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Ona məxsus evdən cəmi 5 ədəd xalça və 1 ədəd nərdtaxtanın oğurlanması nəticəsində ona 1580 (bir min beş yüz səksən) manat miqdarında maddi ziyan dəymişdir. Hazırda həmin əşyalar rayon Polis Şöbəsində saxlanılır. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ona məxsus olan, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilməklə sonradan ona qaytarılacağı təqdirdə də, təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, hazırda Baki şəhərində yaşayır. Onun Oğuz şəhəri, H.Əliyev prospekti dalan 4 ünvanında yerləşən evi vardır və həmin evi oğlu Zərərçəkmiş şəxs bağışlamışdır. Həmçinin, evdə olan bütün əşyalar da oğlu Orxana məxsusdur. xx.xx.2022-ci il tarixdə oğlu Orxan ona zəng edərək həmin evdə oğurluq hadisəsi olduğunu bildirmişdir. O da hadisə ilə bağlı Oğuz şəhərinə gələrək evə baxmış, bu zamanı evdən 5 ədəd xalçanın və 1 ədəd nərdtaxtanın oğurlandığını bilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin evdən oğurluq edən şəxs Oğuz şəhər sakini Təqsirləndirilən şəxsdur. Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadəsində əri Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları tədiq etmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Oğuz şəhəri H.Əliyev prospekti, dalan 4 ünvanında yerləşən evi və həmin evə Təqsirləndirilən şəxs pəncərədən qanunsuz daxil olduğu yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs Kuhi X3 şəhəri H.Əliyev prospekti, dalan 4 ünvanında yerləşən evdən və həmin evin həyətyanı sahəsindəki saxlanc yerindən oğurladığı 1 ədəd nərdtaxtanı və 5 ədəd xalçanı gizlətdiyi yeri əyani şəkildə göstərmiş və həmin əmlakları istintaq orqanına təqdim etmişdir. Qeyd olunan əmlaklar iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən protokol tərtib edilməklə götürülmüşdür. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs Kuhi X3 şəhəri H.Əliyev prospekti, dalan 4 ünvanında yerləşən evə və həmin evin həyətyanı sahəsindəki saxlanc yerinə daxil olduğu və oradan oğurluq etdiyi yerləri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4018 nömrəli rəyində qeyd edilmişdir ki, ekspеrtizа tədqiqаtınа təqdim еdilmiş 1 (ədəd) nərdtaxta və 5 (beş) ədəd xalçanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən, 1580,00 manat (1 ədəd 5 m x 2 m ölçüdə xalça 200 manat dəyərində, 1 ədəd 2,90 m x 2 m ölçüdə xalça 120 manat dəyərində, 1 ədəd 3 m x 2 m ölçüdə xalça 120 manat dəyərində, 1 ədəd 2 m x 1 m ölçüdə xalça 60 manat dəyərində, 1 ədəd 2,40 m x 1,30 m ölçüdə toxunma xalça 1000 manat dəyərində və 1 ədəd nərdtaxta 80 manat dəyərində) müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Oğuz rayon X4 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 (ədəd) nərdtaxta və 5 (beş) ədəd xalça maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz Rayon Polis X2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli qərarın elan edildiyi andan xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 464 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxs Kuhi X3 rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10-0/469 nömrəli və 10-0/470 nömrəli arayışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin Nümayəndəliyin ərazisində yaşayır, onun ailəsi valideynlərindən ibarətdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs əvvəllər müxtəlif səbəblərdən dəfələrlə məhkum olunduğu qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət nəticəsində əldə edilmiş əmlakların axtarışına və tapılmasına fəal kömək etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, həmin əmlakları, zərərçəkmiş şəxsə qaytarılması üçün əvvəlki vəziyyətində istintaq orqanına təqdim etməklə dəymiş maddi ziyanı könüllü olaraq aradan qaldırması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs digər şəxsə məxsus əmlakları gizli olaraq talasa da, məhkəmə onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratdığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilərək ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, eyni zamanda, zərərçəkmiş şəxsin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin cəzanın 2 (iki) il 6 (altı) ay müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun barəsində “həbs” qətimkan tədbiri seçildiyi vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan, saxlanılması üçün Oğuz rayon Polis X2 təhvil verilmiş 1 (ədəd) nərdtaxta və 5 (beş) ədəd xalça hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun barəsində “həbs” qətimkan tədbiri seçildiyi vaxtdan xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan, saxlanılması üçün Oğuz rayon Polis X2 təhvil verilmiş 1 (ədəd) nərdtaxta və 5 (beş) ədəd xalça hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində həmin hökmdən Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar