Məhkəmə qərarları › İş №1(055)-18/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-18/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-18/2025 05.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin aprel ayının əvvəlində Saatlı rayonu Şirinbəyli kəndində yerləşən “X2 Sistemlərinin İstismarı İdarəsi” hüquqi şəxsinə məxsus “LK-20-1” zinə kollektorunun mühafizəsi zonasının içərisindəki torpaq sahəsinin ayrı-ayrılıqda 7 kv.metr və 5 kv.metr hissəsinin hər birində 6 ədəd olmaqla ümumilikdə 12 ədədini torpağa qanunsuz olaraq əkmiş, 19 avqust 2024-cü il tarixədək olan müddət ərzində həmin torpaq sahəsində 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından cücərmiş 11 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 12 avqust 2024-cü il tarixdə satış məqsədi olmadan həmin bitkilərin hissələrini toplayıb 02 ədəd kağız bükümdə olmaqla ümumilikdə 6,08 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üstündə saxlamış və daşımış, həmin yerdə 19 avqust 2024-cü il tarixdə saat 14:40 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayonu Şirinbəyli kəndində yerləşən “X2 Sistemlərinin İstismarı İdarəsi” hüquqi şəxsinə məxsus “LK-20-1” zinə kollektorunun mühafizəsi zonasının torpaq sahəsinə baxış keçirilən zaman 11 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi və əynində olan şalvarın sol cibində qanunsuz saxladığı 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda 0,96 qram və 5,12 qram olmaqla ümumi təmiz çəkisi 6,08 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, daşımaqla saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkibyetişdirərək kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitənin marixuana, yəni el arasında “nəşə” deyilən növündən qəbul edir. 2024-cü ilin əvvəlində yaşadığı kənddə piyada hərəkət edərkən avtomobil yolunun kənarında yerdə kağıza bükülmüş kibrit qutusunun olduğunu görmüş, həmin bükülü diqqətini cəlb etdiyi üçün yerdən götürüb baxanda bükülünün içərisindəki kibrit qutusunun içində nəşə toxumu olduğunu görmüşdür. Həmin toxumu gətirib evdə gizlədib saxlamışdır. 2024-ci ilin ilin aprel ayının əvvəlində həmin toxumu əkib becərmək qərarına gəlmiş və yaşadığı kəndin ərazisində çöldə yonca sahəsini kənarında kiçik dibçəklərdə toxumları əkmiş, onları sulamışdır. Həmin toxumların sayı 12 ədəd olmuş, 12 ədəd toxumları dibçəklərdə əkmiş, lakin həmin toxumlardan 11 ədədi cücərmiş, 1 ədədi isə cücərməmişdir. Bundan sonra həmin sahədə olan arxın içəri hissəsində kolların arasında yer düzəltmiş və həmin cücərmiş çətənə bitklərini orada əkmiş, ümumilikdə sayı 11 ədəd olan cücərmiş çətənə bitkilərinə qulluq edib, dibin boşaldıb suvarmışdır. Tutulduğu gündən təxminən bir həftə əvvəl həmin çətənə bitkilərindən bir qədər qırıb qurutmuş və onları iki ədəd gümüşü rəngli kağızı bükümə yığıb, gələcəkdə istifadə etmək məqsədilə şalvarının sol cibində saxlamışdır. 19 avqust 2024-ci il tarixdə təxminən saat 14 radələrində çöl sahədə olarkən polis əməkdaşları sahəyə gəlib onun yaşadığı kəndin çöl sahəsində narkotik tərkibli bitkiləri əkməyi və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumatı daxil olduğunu bildirmişlər. O da 11 ədəd nəşə kollarını polis əməkdaşlarına göstərmişdir. Bundan sonra həmin yerin foto və videosu çəkilmiş, ümumilikdə sayı 11 ədəd olan çətənə bitkisinin kollarını torpaqdan çıxarıb 1 ədəd kisəyə yığmışlar. Həmin vaxt polis əməkdaşları ondan üstündə qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşduqda, o, şalvarının sol yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan 2 ədəd gümüşü rəngli bükümləri polis əmədaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər açılmış və hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğu məlum olmuş və həmin bükümlər də götürülümüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilərək imza edilmiş, videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 avqust 2024-cü il Təqsirləndirilən şəxs yaşadığı kəndin çöl sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs kəndin çöl sahəsində narkotik tərkibli bitkilər əkibyetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həmin sahəyə birlikdə baxış keçiriləcəyini bildirilərkən Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı kəndin çöl sahəsindəki kollektorun içərisində ümumilikdə 11 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən 11 ədəd bitkiyə baxış keçirilmiş və aqronom həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işlərinin aparıldığını bildirmişdir. Həmin 11 ədəd bitki əkildikləri yerdən çıxarılaraq qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş başqa əşya, yaxud predmetin olub-olmadığını soruşduqda, o, üstündə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin kütləni təqdim etməsi təklif olunduqda, o, şalvarının sol yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan 2 ədəd gümüşü rəngli bükümləri onlara təqdim etmişdir. Həmin kütləyə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilərək imza edilmiş, videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Firudun oğlu Şahid1 ilə eyni məzmunda ifadələr verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir və Şirinbəyli kəndində özünə məxsus 0,50 hektar torpaq sahəsi var. Həmin sahədə yonca əkmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun istifadəsində olan mobil nömrəmə zəng edərək onu Saatlı RPŞ-yə dəvət etmişlər. O da polis şöbəsinə gəlmiş və ona aydın olmuşdur ki, ona məxsus torpaq sahəsinin 5-6 metr kənarında narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. Polis əməkdaşları ondan həmin çətənə bitkiləri barədə soruşduqda o, cavabında polis əməkdaşlarına bildirmişdir ki, yaxınlıqda çətənə bitkilərinin əkildiyini bilməmiş və həmin bitkiləri kimin əkdiyindən məlumatı olmamışdır. Polis şöbəsində öyrənmişdir ki, həmin çətənə bitkilərini həmkəndlisi Təqsirləndirilən şəxs əkmişdir. Aşkar olunmuş narkotik tərkibli çətənə bitkiləri ona məxsus torpaq sahəsinin təxminən 5-6 metr kənarında əkilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 20 avqust 2024-cü il tarixli 18/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 02 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri – 0,96 qram; 5,12 qram ümumi çəkisi – 6,08 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs... çöl sahədə əkmiş olduğu...” sözləri yazılmış və imzalar olan 01 ədəd sintetik torbada cəmi 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 1500,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 11 ədəd çətənə bitkiləri və 2 ədəd bükümdəki marixuanalar tərkiblərinə görə eynidir. İşdə olan mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kəndin çöl sahəsinin kənarından keçən su kanalının içərisində qanunsuz əkib yetişdirdiyi 11 ədəd çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 6311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 ədəd çətənə (kannabis) bitkisini əkib-yetişdirdiyi torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək məqsədilə həmin torpaq sahəsinə baxış keçirilmiş, həmin yerdə şifahi sorğu əsasında baxışın iştirakçıları Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi torpaq sahəsinin mülkiyyətçisinin X2 Sistemlərinin İstismarı İdarəsi olduğunu bildirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən kollektorun içərisində 7 kv.metr və 5 kv.metr torpaq sahəsi becərilməklə çətənə bitkiləri əkilmişdir. Bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə X2 Sistemlərinin İstismarı İdarəsi tərəfindən İstintaq bölməsinə daxil olmuş cavab məktubundan görünür ki, Saatlı rayonu Şirinbəyli kəndinin çöl pay torpaq sahələrinin arası ilə keçən kollektorun adı “LK-20-1” zinə kollektorudur. Həmin kollektorun su buraxma qabiliyyəti 3 kbm/san-yə qədər olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarına əsasən həmin kollektorun mühafizə zonası minimum 5 metr təşkil etdiyindən Təqsirləndirilən şəxs tərəfindən 11 ədəd çətənə bitkilərinin əkildiyi ərazi “LK-20-1” zinə kollektorunun mühafizə zonasına düşür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbirilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan11 ədəd çətənə bitkisi və qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 6,04 qramı edilməlidir İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49.74 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq üç il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq üç il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 11 ədəd çətənə bitkisi və qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 6,04 qramı məhv edilsin. İş üzrə 49.74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar