Məhkəmə qərarları › İş №1(055)-26/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-26/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-26/2024 09.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 16:41-də xx xxxxxxx 1986-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 1(056)- 24/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, 01 mart 2023-cü il tarixdə saat 09 radələrində ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin açıq vəziyyətdə olan pənəcərəsindən evə qanunsuz daxil olub evin yataq otağındakı dolabın içərisindən 1 ədəd 583 əyyarlı 50 qram çəkidə 4250 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 583 əyyarlı 3 ədəd brilliant qaşı olan 3000 manat dəyərində qızıl üzüyü, 1 cüt 583 əyyarlı qara və ağ brilliant qaşlı 3000 manat dəyərində qızıl sırğanı və 600 manat pulu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 10850 manat məbləğində maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, ittiham üzrə özümü tam şəkildə təqsirli bilir. Dövlət ittihamçısının elan etdiyi bütün əməlləri törətmişdir. Belə ki, onun həmin hadisə zamanı pis vərdişi olmuş, yəni narkotik vasitələrdən istifadə etmişdir. Hadisə günü isə narkotik vasitə istifadə etmədiyi üçün ağrımış və ona görə də ona narkotik vasitə əldə etmək üçün pul lazım olmuşdur. Səhər 9 radələri olmuşdur. Qapısında kilid olan bir həyət görmüş, həmin həyətin və evin kimə məxsus olduğunu bilməmişdir. Hasardan tullanaraq həyətə keçmişdir. Həyətə keçəndən sonra pəncərələrdən birinin nisbətən açıq olduğunu görmüş, həmin pəncərədə dəmir barmaqlıq olmadığı üçün pəncərədəki nəfəsliyi qıraraq qırağa qoymuşdur. Daha sonra isə evə daxil olmuşdur. Daxil olduğu ilk otaqda tək nəfərlik yataq və başqa əşyalar olmuşdur. O, dəhlizin sonundakı yataq otağına getmiş, orada şkafdan zərf içərisində olan 600 manat pulu, qızıl üzüyü və qızıl boyunbağını götürmüşdür. Orada olan qızıl üzüyü götürən zaman qızıl sırğa yerə düşmüş və o, sırğanı tapa bilməmişdir. Daha sonra isə oğurladıqlarını götürərək oradan çıxmışdır. Hər iki qızılın qramını 75 manatdan olmaqla, qızıl üzüyü Şirvan şəhərində 220 manata, qızıl boyunbağını isə Bakı şəhərində “Moskva” univermağına 1730 manata satmışdır. O, evə daxil olanda başqa otaqlarda da şkaflar olmuş, lakin o, evin quruluşuna görə qızıllar və pulun məhz həmin otaqda ola biləcəyini düşünmüşdür. O, özü Sabirabad şəhərində tutulan zaman bu əməli də daxil olmaqla bütün əməllərini etiraf etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yenidən ifadə verərək göstərmişdir ki, bu işin ona heç bir aidiyyəti yoxdur. Bu işə görə o, ilk olaraq Sabirabad Rayon Polis Bölməsində dindirilmişdir. Onlara da o evdən heç nə oğurlamadığını bildirmiş, ondan bu barədə ərizə də alınmışdır. Sabirabad Rayon Polis Bölməsi tərəfindən bu işə xitam verilmişdir. Daha sonra bu işlə əlaqədar onu Saatlı Rayon Polis Bölməsindən Elcan müəllim çağırmışdır. Ona bildirmişlər ki, bu işlə əlaqədar onun günahı yoxdur. O, orada izahatını vermiş, qolunu çəkmiş və çıxıb getmişdir. Sonra başqa oğurluq işi ilə əlaqədar Sabirabad Rayon Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilmişdir. Üstündən 1 ay keçəndən sonra Saatlı Rayon Polis Bölməsi onu yenidən bu işə görə gətirmişdir. O daha bezmiş, 1 il 3 aydan çox müddət keçmişdir. O, oğurluq olunan evə, ümumiyyətlə, girməmişdir. Sabirabad Rayon X1 qardaşı ilə hədələmiş, bu işi boynuna almasa qardaşını tutacaqlarını bildirmişdir. Saatlı Rayon Polis Bölməsindən də polis Qəhrəman onu hədələmişdir. Sonra nazirlikdən də yoxlanış gəlmiş, onun tək yolu məhkəmədə çıxıb hakimə hər şeyi danışmaq olmuşdur. Bu işdə məqsəd günahkarı tapa bilmədiklərindən işləri bağlamaq üçün onun üzərinə yıxmaq olmuşdur. Oğurluq olunan evə baxış keçirilməsi barədə çəkilişə baxılarsa, polis əməkdaşlarının onu necə istiqamətləndirdikləri görünər. Zərərçəkmiş şəxs özü də polislərin ona istiqaməti göstərdiklərini hiss etmişdir. O, indiki ifadəsinin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü təxminən saat 1 radələrində evə gəlmişdir. Evə gələndə həyət qapısına güc tətbiq olunduğunu görmüş, lakin fikir verməmişdir. Daha sonra evə girib yataq otağına keçəndə şkafın bir gözünün eşildiyini görmüş, dərhal oraya baxanda oradakı qızıllarının və oğlunun təhsil haqqı üçün ayırdığı zərf içərisində olan 600 manatın orada olmadığını bilmişdir. Bundan sonra dərhal onlarla qonşu olan qaynıgilə xəbər vermişdir. Onlar da onunla birlikdə gəlib evə baxmışlar. Sonra qaynının oğlu ərazi üzrə sahə müvəkkilinə xəbər vermiş, bundan sonra polislər gələrək hadisə yerinə baxmışlar. Lakin o, oğrunun bu şəxs olduğuna inanmır. Çünki hadisə yerinə baxış zamanı bu adam hansı pəncərədən girdiyini belə bilməmişdir. Təqsirləndirilən şəxs pəncərənin yanından keçib gedəndə onunla qandallanmış polis əməkdaşı Təqsirləndirilən şəxs qolundan çəkərək həmin pəncərəni işarə etmişdir. Bundan sonra təqsirləndirilən şəxs o pəncərədən girdiyini bildirmişdir. Onun fikrincə, onun evindən oğurluq edən şəxs başqasıdır. Həmçinin ona dəyən ziyan heç bir şəkildə ödənilməmişdir. O, dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Həmçinin polis Şahid1 də bu hadisədə maraqlıdır. Şahid1 onun polis idarəsinə ərizə təqdim etməsini 1 ay yubatmışdır. O, hər dəfə ərizə vermək istəyəndə Şahid1 onun polis şöbəsinə ərizə təqdim etməsinə imkan verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, bu hadisə ilə bağlı X5un əməliyyat tapşırığı olmuşdur. Bununla bağlı müəyyən əməliyyat keçirilmiş, həmçinin məxfi əməkdaşın köməyi ilə onlarda həmin oğurluğu Təqsirləndirilən şəxs törətmiş ola bilməsi ehtimalı yaranmışdır. Ona görə də o, həmin məlumatı X5a bildirmişdir. Həmin zaman təqsirləndirilən şəxs başqa bir əməlinə görə Sabirabad Rayon Polis Şöbəsində olmuşdur. X5 oraya gedərək təqsirləndirilən şəxsi dindirmişdir. Dindirilən zaman təqsirləndirilən şəxs özü hadisəni etiraf etmişdir. Təqsirləndirilən şəxs Sabirabad şəhərində bu əməlini etiraf etməsi ilə bağlı onlara heç bir məlumat daxil olmamışdır. Yəqin ki, Eminin etiraf etməsi və onların Emini müəyyən etməkləri üst-üstə düşdüyü üçün elə bir məlumat daxil olmamışdır. O, zərər çəkmiş şəxsin rayon polis şöbəsinə ərizə verməsinə heç bir halda əngəl olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs onun əmisinin yoldaşıdır. Təqsirləndirilən şəxsi isə tanımır. Həmin gündən bir gün əvvəl o, işdən növbədən gəlmişdir. Səhər öz torpaq sahəsinə heyvanlarını aparmışdır. Evə gələndə isə saat təxminən 1 radələri olmuşdur. Elə həmin ərəfədə əmisinin yoldaşı onlara gələrək evinə oğru girdiyini demişdir. Sonra onlar hamısı onun evinə getmişdir. O da bu barədə ərazi üzrə polis sahə müvəkkilinə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Eminin cinayətkar olduğunu bilməmişdir. Onların Şirvan şəhərində öz qızıl mağazaları olmuş, qızılın alqı-satqısı ilə məşğul olmuşlar. 03 mart 2023-cü il tarixdə Emin onların mağazasına gəlib satmaq üçün balaca bir üzük gətirmişdir. Kişi və ya qadın üzüyü olduğu yadında deyildir. 230 manata satın almış, satış zamanı o, Eminin adını və soyadını qeyd etmiş, şəxsiyyət vəsiqəsinin sürətini çıxarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 qızılların alqı-satqısı ilə bağlı qeyd dəftərini məhkəməyə təqdim edərək və əlavə sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi bir dəfə Şirvanda üzləşməyə gətirmişlər, həmin şəxsi tanımamış, amma təqsirləndirilən şəxs özü qızılı onun mağazasına satdığını etiraf etmişdir. O, qızılın satışına dair məlumatları dəftərdə qeyd etmiş, təqsirləndirilən şəxs öz imzası ilə təsdiq etmişdir. İstintaq zamanı polis əməkdaşları təqsirləndirilən şəxsi onların mağazasına gətirəndə Sabirabad rayonu, ya da Saatlı rayonundan gəldiklərini demişlər, o, bunu xatırlamır, lakin ona həmin şəxsin bütün rayonlardan oğurluq etdiyini bildirmişlər. Onlarda qızılın alqısına dair ayrıca qeyd dəftəri olmamış, onlar əsasən qızılın satqısı ilə məşğul olmuşlar, çox az hallarda qızıl almışlar, ona görə də, təqsirləndirilən şəxsdən qızılın alqısına dair qeyd son vərəqdə qeyd edilmişdir. Dəftərdə işçiləri də qeydlər aparırlar, amma həmin bu qeydləri şəxsən özü yazmış, lakin ola bilsin ki, fərqli rəngli qələmlərlə yazmış, buna görə də yazılarda rəng fərqi olmuşdur. Həmçinin ola bilsin ki, qələmin mürəkkəbi bitmiş, buna görə də “2023-cü il” sözlərini fərqli qələmlə yazmışdır. Barəsində ifadə verdiyi şəxs hazırkı təqsirləndirilən şəxsə oxşamır, onun barəsində danışdığı şəxs bir az arıq və qara olmuşdur. Ona satılan üzük qaşlı olmamış, 4 qramdan bir az artıq olmuş, 1 qramını 50 manatdan almış, 230 manat qiymətləndirərək götürmüşdür. Üzüyün üzərində hər hansı bir fərqləndirici bəzək, nişan olub-olmaması yadından çıxmışdır. Təqsirləndirilən şəxs üzüyün üzərindən qaşını götürüb onlara satmış ola bilməz, çünki onlar elə üzükləri götürmürlər. Təqsirləndirilən şəxs da əlavə sualları cavablandırarkən göstərdi ki, X2 tanıyır, həmin şəxsə qızıl üzük satmışdır, amma satdığı üzük zərər çəkmiş şəxsin üzüyü deyil, başqa evdən oğurladığı üzük olmuşdur. Həmin iş üzrə hal-hazırda cəza çəkir. Həmin üzüyü Muğan prospektində Ramin Petrolla üzbəüz evdən mart ayının 27-si oğurlamışdır. Həmin üzüyü satarkən özü şəxsiyyət vəsiqəsini təqdim etmiş, şahid Almas Hüseynova da sürətini çıxartmış, üzük 3 qram olmuş, qramını 75 manatdan 236 manat qiymətləndirmiş, 6 manat çıxmış, ona 230 manat pul vermişdir. Almas Hüseynovanın qeyd dəftərindəki imza ona aid deyildir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da əlavə sualları cavablandırarkən göstərdi ki, onun oğurlanan qızıl-zinət əşyalarınının içində 1 ədəd brilliant qaşlı nişan üzüyü olmuş, həmin üzüyün neçə qram olduğunu bilməmişdir. Göstərilən cinayət işinin məhkəmə baxışı zamanı dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın cinayət işinin məhkəmə baxışı zamanı təsdiq olunmadığını göstərərək həmin maddələrlə elan olunmuş ittihamdan imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısı ilə razı olduqlarını və onun təklifinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1 və 314.2-ci maddələrinin tələblərini, yuxarıda qeyd edilən məsələlərlə bağlı dövlət ittihamçısının mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilməli, cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 1(056)-24/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək iki il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəlinin 22 may 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs hazırda Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 1(056)-24/2024 saylı hökmü ilə təyin edilmiş iki il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməkdədir. Ona görə də, bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Həmin maddənin tələbinə əsasən hazırkı cinayət işi üzrə cinayət törətmiş şəxs (şəxslər) müəyyən edilməmiş qaldığından, həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi qərar qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilsin. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına aid edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi cinayət əməlini törətmiş şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar