Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-58/2024 25.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1986-cı ildə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, 1 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,350 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, 15 may 2024-cı il tarixdə saat 19:45 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində özünə məxsus “VAZ 21070” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olub, həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyıb, yol hərəkəti qaydalarını pozduğuna görə Saatlı RPŞ-nin DYP-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyindən şübhələnildiyi üçün Saatlı RPŞ-nə gətirilmiş, orada 15 may 2024-cı il tarixdə saat 20:50 radələrində onun üstünə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ cibindən həmin 0,350 qram, xeyli miqdarda narkotik vasitə olan heroini aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özünə məxsus olan “VAZ 2107” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol patrul xidməti avtomobilində xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib inzibati xəta törətməsi barədə söhbət edən zaman ondan narkotik maddənin təsiri altında avtomobil idarə etməyindən şübhələndiklərini bildirərək onu Saatlı RPŞ-yə dəvət etmişlər. Saatlı RPŞ-də olan vaxt üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən bir ədəd kağız bükümdə olan el arasında “kokos” adlanan narkotik vasitə olan heroin aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış zamanı protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır.Hazırda əməlinə görə peşmançılıq çəkir, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Saatlı şəhəri H.Əliyev prospektində “KİA Sportage” markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində YPX əməkdaşı Şahid2 və sabiq YPX əməkdaşı X2 ilə xidməti vəzifəsini yerinə yetirən zaman hərəkətdə olan “VAZ 21070” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğu aşkar edilmiş və avtomobil saxlanılmışdır. Mirxaliq Miriyev avtomobilin sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş, həmin vaxt sürücünün Saatlı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu görmüş, sürücüdən özünə və avtomobilə aid sənədləri təqdim etməsini xahiş eləmişlər. Eyni zamanda yol hərəkəti qaydasını pozmasının səbəbini izah etməsini istəmişlər. Bu zaman sürücü Təqsirləndirilən şəxs hərəkətlərindən narkotik vasitənin təsiri altında avtomobil idarə etməsindən şübhələnmişlər və onu Saatlı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Saatlı RPŞ-yə gəlmiş, Xəyalın idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. Bundan sonra Xəyalın üzərinə şəxsi axtarış aparılarkən əynində olan şalvarın cibindən bir ədəd ağ rəngli kağız büküm aşkar edilmiş, həmin kağız büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynidə olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd kağız bükümdə təmiz çəkisi- 0,350 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyuun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5619 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ailənin yeganə qazanc gətirəni olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkotik vasitənin növünü çəkisini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 15 may 2024-cü il tarixdən 17 may sentyabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0.300 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 49.74 manat ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0.300 qram qalan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-58/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-58/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver