Məhkəmə qərarları › İş №1(055)-64/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-64/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-64/2024 02.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonunun Dədə Qorqud kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 25 avqust 2024-çü il tarixdə saat 21:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evə gedən torpaq yolun kənarında sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq yumruqla baş, sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub ona, sol gözün konyuktivasında qansızma, sol göz qapaqlarında hematoma, sağ və sol gicgah nahiyəsində, sol əlin üst səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməsi ilə nəticələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Dədə Qorqud kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs zəng edib ondan onu Saatlı şəhəri mərkəzi bazarının qarşısında yerləşən dərzi sexinə aparmasını xahiş etmişdir. Əli də VAZ 21099 markalı avtomobili ilə yaşadığı evin qarşısına gəlib onu avtomobilinə götürmüşdür. Bundan sonra Əli ilə birlikdə Saatlı şəhərinə gedib orada mərkəzi bazarın qarşısında yerləşən dərzi sexlərinin birinin qarşısında avtomobili saxlamışdır. O da sexə daxil olub şalvarın ölçülərinin düzəldilməsi üçün dərziyə vermişdir. Aldığı şalvarı düzəltdirdikdən sonra Əlinin avtomobilinə əyləşib yenidən yaşadıqları kəndə qayıtmışlar. Kəndə çatdıqdan sonra Əlidən avtomobilini yaşadığı evə gedən yolda saxlamasını bildirmişdir. O, avtomobildən düşməmiş və Əliyə yol haqqı olaraq 3 manat pul vermişdir. Lakin Əli həmin pulun az olduğunu dediyi üçün ona əlavə olaraq 1 manat da vermişdir. Əli yenə də həmin pulun az olduğunu deməsinə görə onunla aralarında sözlə mübahisə olmuşdur. Bundan sonra Əlinin avtomobilindən düşüb kənddə yerləşən Famil adlı şəxsin işlətdiyi kafeyə gedib orada yeyib-içdikdən sonra yaşadığı evə getmişdir. Evdə olarkən Əli onun verdiyi pula narazılıq etməsinə görə onun mobil nömrəsinə zəng etmişdir. Əli onun zənginə cavab verən zaman Əlidən harada olduğunu soruşub ona verdiyi pula görə nə səbəbə narazılıq etməsinin səbəbini sual etmişdir. Lakin Əli ona yaşadığı kənddə yerləşən Xanbaba adlı şəxsə məxsus mağazanın yaxınlığında olduğunu və işinin olduğunu deyib telefon əlaqəsini kəsmişdir. Bundan sonra o, dəfələrlə Əliyə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Əlinin bu hərəkətləri onun xətrinə dəydiyinə görə yaşadığı evdən çıxıb piyada Xanbabanın mağazasının qarşısına getmişdir. Mağazanın qarşısına çatanda həmin vaxt Əli orada olmuşdur. O, Əliyə yaxınlaşıb ona, onunla işi olacağını deyib kənara çəkilməsini istəmişdir. Bundan sonra o, Əli ilə piyada söhbət edə-edə onun avtomobilinə tərəf getmişlər. Əlinin avtomoblinə çatmaqlarına təxminən 10 metr qalmış Əli ona, “bir də mənə zəng etmə, kiminlə gedirsən get” deməsi ona təsir etmişdir. Buna görə də o, yumruqla Əlinin baş və sifət nahiyəsinə zərbələr endirmişdir. Zərbənin təsirindən Əli Xanbaba adlı şəxsə məxsus evin daş hasarına dəyib əli ilə gözünü və başını tutub aşağı oturmuşdur. O da bundan sonra yaşadığı evə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ibtidai ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 07 sentyabr 2024-cü il tarixli, 199 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözün konyuktivasında qansızma, sol göz qapaqlarında hematoma, sağ və sol giçgah nahiyəsində, sol əlin üst səthində qançırlar küt əşyanın (əşyaların) ola bilsin yumruq, təpik, daşın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə toplanmış ********* saylı sadələşdirilmiş icraat materialına 15 avqust 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə Saatlı RPŞ-də olan məhkəməyədək sadələşdirilmiş icraat materialına 15 avqust 2022-ci il tarixli qərarla CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etsə də, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla iki yüz qırx saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar