Məhkəmə qərarları › İş №1(056)-21/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-21/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-21/2025 13.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Allahverdiyevin sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə elan olunmuş ittihama görə, o, Sabirabad rayonu Moranlı kəndində yerləşən əmisi X4 məxsus, şifahi razılaşma əsasında işlədilməsi üçün qardaşı X5 icrayə verilmiş və idarəolunmasında faktiki iştirak etdiyi çayxanada 30 noyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində həmkəndliləri Şahid3, Şahid4, Şahid2 və Şahid1 pul vəsaitləri barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan “Poker” qumar oynunu oynamaları üçün çayxananın içərisindəki xüsusi otaqda yerləşdirməklə, onlara oyun üçün kart verməklə və oyun müddəti ərzində adları qeyd olunan şəxslərdən xalların bərabər olması (seka) zamanı hər dəfə 1 manat olmaqla, ümumilikdə 3 manat məbləğində pul vəsaiti əldə etməklə qumar oyunlarını təşkil etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, 30 noyabr 2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu Moranlı kəndində qardaşı X1 işçisi icazə alıb getdiyindən ona kömək etmək üçün orda olmuşdur. Həmin günü saat 20 radələrində çayxanada olan zaman qardaşı Ruslan isə çayxananın yanındakı yerləşən mağazada olmuş, bu vaxt həmkəndliləri Şahid3, Şahid4, Şahid1 və Şahid2 çayxanaya gəlmişlər. Onların çayxanaya gəldiklərini gördükdən sonra yanlarına getmiş, onlar çayxanada masalardan birində əyləşmiş və ondan çay istədikdə razılaşaraq həmin şəxslərə çay verdikdən sonra, kart almasını xahiş etmişlər. O onlara 1 manat dəyərində kart alıb verdikdən sonra çayxananın mətbəx hissəsinə keçib orada əyləşmişdir. İkinci çayı sifariş verdikdən sonra ona 5 manat pul vermişlər, lakin xırdası olmadığı üçün 3 manat pul onda qalmışdır. Bir neçə dəqiqə sonra isə çayxanaya mülki geyimli şəxslərin daxil olduğunu və səs – küy yarandığını görmüş və dərhal çayxanadan çıxıb yaşadığı evə gedərək atası Bəxtiyarı çağırmış, daha sonra isə atası ilə birlikdə çayxanaya gəlmiş və atası həmin mülki geyimli şəxslərlə çayxanada söhbət etməyə başlamışdır. O, çayxanadan çöldə dayanıb atasını gözləmiş, həmin günü həmkəndlilərinin çayxanada onlara çay verdikdən sonra qumar oyunu oynayıboynamamaları barədə məlumatsız olmuşdur. Həmkəndlilərinin ifadələrində bildirdikləri həmin xüsusatlar, yəni onlara qumar oynamağa yer və kart verməsi, onlardan seka pulu kimi 3 manat alması tamamilə yalan olmuş, elə bir hallar baş verməmişdir. Həmkəndlilərinin nə üçün onun əleyhinə həmin ifadələri vermələrini bilməmişdir. Hazırda o, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, İİ Qarabağ Müharibəsinin iştirakçısıdır. Sabirabad rayonu Moranlı kənd sakini X7 2-3 ildir ki, kəndin mərkəzində çayxana və ərzaq mağazası işlətmiş, çayxana Ruslanın əmisi Rizvan Mansurova məxsus olmuş, əvvəllər bir neçə dəfə çay içmək məqsədilə Ruslanın çayxanasına gedib gəlmişdir. Lakin heç vaxt qumar oynamamış və həmin çayxanada qumar oynandığını görməmişdir. 30 noyabr 2023-cü il tarixdə saat 19 radələrində həmin çayxanaya getmiş, orada həmkəndliləri X12, Şahid3, Şahid4 və Şahid2 olduqlarını görmüşdür. Onlar öz aralarında danışıb “Duraka” oyunu oynamağa razılaşmış və bu məqsədlə çayxanada qapalı otağa keçmiş, həmin vaxt Ruslanın qardaşı Mirzəcan çayxanada olmuşdur. Ruslan özü çayxanada olmamış, onun yanında olan Bəhram, Nurlan və Asiman ilə oyun oynamağa başlamış, Əsgər isə oyun oynamamış, sonuncu çay içib onların oynuna baxmışdır. Onlar əvvəlcə oyun kartı ilə “Duraki” oynu oynamış, kart köhnə olduğundan Mirzəcandan Nurlan 1 manat pul verərək yeni kart almasını istəmişdir. O, Təqsirləndirilən şəxs seka pulu verməmişdir. İstintaq zamanı vermiş olduğu ifadələri özü könüllü heç bir təziq altında olmadan vermişdir. 2 çaynik çayın pulu olaraq Təqsirləndirilən şəxs 5 manat pul vermiş, sonuncunun xırdası olmadığından 3 manat onda qalmışdır ki, çay içdikcə pulunu çıxar. Bundan əlavə o, qumar oynadığı üçün barəsində tənbeh görülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələr verərək həmkəndliləri Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Moranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü CM-nin 244-1.1-ci maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş cinayət işi materiallarında olan şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir. Hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də qumar oynamalarını inkar etsələr də, elektron məhkəmə sistemində axtarış zamanı həmin şəxslərin İXM-nin 525-ci maddəsi (qumar oynama) maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilmələri, həmin qərarların qanuni qüvvəsini alması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hazırki məhkəmə iclası zamanı şahidlərin vermiş olduqları ifadələri təqsirləndirilən şəxs həmkəndliləri olmaqla onu müdafiə etmək xarakterli ifadə kimi qiymətləndirir və onların hazırk iifadələrini mötəbər sübut kimi qəbul etmir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 244-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi daha məqsədəuyğundur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar