Məhkəmə qərarları › İş №1(060)-107/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-107/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-107/2025 15.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Zərdabi küçəsində fərdi evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20.30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən kişi geyimləri satılan 10 saylı dükana açıq vəziyyətdə olan giriş qapısından içəri daxil olaraq, mağazanın içində kimsənin olmadığını fürsət bilib mağazada masanın üstündə olan kassaya yaxınlaşmış, kassanın kilidini masanın üstündən götürdüyü qayçı ilə açaraq kassaya qanunsuz daxil olmaqla 601 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 601 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Azərbaycan prospekti, 5-ci məhəllə ərazisində yerləşən 12\17 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən “Busani” geyim mağazasına açıq vəziyyətdə olan giriş qapısından içəri daxil olaraq, mağazanın içində kimsənin olmadığını fürsət bilib giriş qapıdan sağ tərəfdə olan masanın üstündən 140 manat pulu, masanın üstündə olan qırmızı rəngli pul kisəsinin içərisindən 25 manat pulu, masanın sol tərəfində olan birinci dolaba qanunsuz daxil olmaqla oradan 50 manat pulu, ikinci dolabdan 470 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 685 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Abşeron rayon, Mehdiabad qəsəbəsi, Zərdabi küçəsində fərdi evdə yaşayır. Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Anası evdar qadındır, atası isə Mehdiabad qəbristanlığında qəbirsanlıqda işləyir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən “Qold Qayalı” marketə gəlmiş, marketin 3-cü mərtəbəsinə qalxaraq, 10 saylı dükanın giriş qapısının açıq vəziyyətdə olduğunu görüb içəri daxil olmuşdur. Mağazanın içində satıcı və müştəri olmadığını görüb, mağazanın kassasından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə kassa olan masaya yaxınlaşmış, masanın üstündən qayçı götürərək kassanın kilidini açmış, kassada nə qədər pul var hamısını götürüb cibinə qoymuş, qayçını isə masanın üstünə qoyaraq dərhal mağazanın giriş qapısından çıxıb getmişdir. Sonradan oğurladığı pulları saymış və 601 manat olduğunu müəyyən etmişdir. Həmin pulları şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi mosikilet ilə Sumqayıt şəhəri, 5-ci məhəllə ərasizində mərkəzi poçtun yaxınlığında yerləşən “İzmir” foto adlanan obyektin qarşısına gəlmiş və motosikleti saxlayıb “İzmir” fotoya daxil olmuş, orada işini bitirdikdən sonra yaxınlıqda “Busani” adlı qadın geyimləri dükanının olduğunu görmüş və biraz müşahidə apardıqdan sonra satıcı qadının dükandan çıxıb yaxınlıqda olan “Azərcell”in satış ofisinə girdiyini görmüşdr. Bundan istifadə edərək o, həmin dükana daxil olmuş və dükanda heç kimin olmamasından istifadə edərək, sağ tərəfdə olan masaya yaxınlaşmış və masanın üstünü, üstündə olan əşyaları, kassanı axtarmağa başlamışdır. Masanın üstündə açıq vəziyyətdə olan 140 manat olduğunu görmüş və həmin pulu götürmüş, sonra masanın üstünü axtarmağa davam etmiş və masanın üstündə olan qırmızı rəngli qadın pul qabından 25 manat və masanın sol tərəfində olan dolabın birinci gözündən və ikinci gözündən pulların hamısını götürmüşdür. Oğurladığı pulları bir yerdə cibinə qoyaraq, tələsik dükandan çıxmış və motosikletə minib həmin yerdən uzaqlaşmışdır. Sonradan oğurladığı pulları sayarkən ümumilikdə 685 manat olduğunu müəyyən etmişdir. Həmin pulları şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. O, etdiyi əməllərdən peşman olduğunu, oğurluq hadisələrini tək etdiyini bildirdi. Hazırda dəymiş maddi ziyanı geri qaytarmağa maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən “Qold Qayalı” marketin 3-cü mərtəbəsində yerləşən 10 saylı mağazanı icarə əsasında işlədir, həmin mağazada kişi və qadın geyimlərinin satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam saat 20:30 radələrində o, siqaret çəkmək üçün mağazadan çıxmış və həmin vaxt tanımadığı naməlum bir oğlan uşağı mağazaya girərək, stolun altında yerləşən kassaya qayçı ilə müdaxilə edərək açmış və kassadan 601 manat pulu oğurlamışdır. O, mağazaya qayıdarkən kassaya baxmış və müəyyən etmişdir ki, kassada olan 601 manat pul yerində yoxdur, oğurlanmışdır. O, dərhal mağazada olan müşahidə kamerasına baxmış və bir oğlan uşağının kassadan pulu oğurladığını aşkar etmişdir. Həmin şəxs mağazaya açıq qapıdan daxil olmuş, kassadan pulu oğurladıqdan sonra açıq qapıdan çıxıb getmişdir. Hadisə nəticəsində ona cəmi 601 manat maddi ziyan dəymiş və hal-hazıradək həmin ziyan ödənilməmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Aəzrbaycan prospekti, 5-ci məhəllə ərazisində yerləşən 12\17 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən “Busani” geyim mağazası X1 məxsus olsa da, həmin mağazanı özü işlədir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində naməlum şəxs o, mağazada olmadığı müddət ərzində müştəri qismində mağazaya daxil olaraq stolun üzərindən 140 manat, stolun üzərində olan qırmızı rəngli pul kisəsinin içərisindən 25 manat, stolun sol tərəfində olan dolabın birinci gözünü açaraq oradan 50 manat, ikinci gözündən isə 470 manat pul oğurlamışdır. O, qonşu mağazaya keçdiyindən hadisə barədə mağazaya qayıtdıqdan sonra xəbər tutmuşdur. O, hadisə barədə mağazanın sahibi X1 məlumat vermiş, bundan sonra X2 DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 685 manat maddi ziyan dəymişdir. Həmin pul onun özünə məxsusdur və hal-hazıradək də ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 xx.xx.2024-cü il tarixli 9682 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2022-ci il tarixdə həmin xəstəxanaya stasionar müalicəyə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə “Tam müayinə olunmadan, diaqnoz dəqiqləşdirilmədən” xəstəxanadan evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli 2453 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki; - məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə; Təqsirləndirilən şəxs yüngül dərəcədə ifadə olunmuş debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlamətləri müəyyən olunur. Qeyd edilməlidir ki, yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə; Təqsirləndirilən şəxs təfəkkürü konkretdir, təhlil-tərkib prosesləri primitivdir, proqnozlaşdırma qabiliyyəti zəif çıxış edir. Mülahizələri səthi, proqnozlaşdırma qabiliyyəti zəif çıxış etməklə, intellektual imkanları, bilik ehtiyatı və dünyagörüşü yaşına uyğun deyildir. Maraq dairəsi məhduddur. Gündəlik məişət mövzularından olan sualları düzgün cavablandırır. Nisbətən mürəkkəb, bilik tələb edən sualları anlamaqda və cavablandırmaqda çətinlik çəkir. Təqsirləndirilən şəxs əqli inkişafında yüngül dərəcəli gerilik əlamətləri müşahidə olunur. Törətdiyi əməl zamanı onun psixi emosional sferasında hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında müəyyən edilən gerilik əlamətləri onu öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətindən məhrum etməmişdir. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uyğurmağa meyillilik əlamətləri müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx xxxxx 2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxslərin ifadəsi ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20.30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən kişi geyimləri satılan 10 saylı dükana açıq vəziyyətdə olan giriş qapısından içəri daxil olaraq, mağazanın içində kimsənin olmadığını fürsət bilib mağazada masanın üstündə olan kassaya yaxınlaşmış, kassanın kilidini masanın üstündən götürdüyü qayçı ilə açaraq kassaya qanunsuz daxil olmaqla 601 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 601 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Azərbaycan prospekti, 5-ci məhəllə ərazisində yerləşən 12\17 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən “Busani” geyim mağazasına açıq vəziyyətdə olan giriş qapısından içəri daxil olaraq, mağazanın içində kimsənin olmadığını fürsət bilib giriş qapıdan sağ tərəfdə olan masanın üstündən 140 manat pulu, masanın üstündə olan qırmızı rəngli pul kisəsinin içərisindən 25 manat pulu, masanın sol tərəfində olan birinci dolaba qanunsuz daxil olmaqla oradan 50 manat pulu, ikinci dolabdan 470 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 685 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusuna qiymət verərək məhkəmə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 17.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası hədi daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah edilməsini mümkün sayır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 1473 saylı məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dindirilməsi üçün Sumqayıt ŞPİ-nə İstintaq Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması, barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 11389 saylı məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nə İstintaq Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 1(060)-880/2024 saylı qərarından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 58-1/2-20372/24 saylı məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 03 (üç) gün tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin və cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar