Məhkəmə qərarları › İş №1(060)-305/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-305/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-305/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi-X2 katibliyilə, xüsusi ittihamçılar X1 və Vəliyeva Cəmilə Günəşalı qızının, xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili X7, təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızının, müdafiəçi Sumqayır Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları iştirakları ilə, 16.11.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi işləməyən, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsindəki fərdi evdə yaşayan Kərimova İlhamə Rafiq qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 və Vəliyeva Cəmilə Günəşalı qızı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Kərimova İlhamə Rafiq qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza ilə cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Xüsusi ittihamçılar X5 və Vəliyeva Cəmilə Günəşalı qızı şikayətlərini onunla əsaslandırmışlar ki, X5 40 ilə yaxındır ki, X4 tibb bacısı vəzifəsində işləyir və 35 ildən artıq müddətdir ki, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yerləşən 70 saylı fərdi yaşayış evində ailə üzvləri ilə (əri, 3 oğlu və 1 qızı) birlikdə yaşayır, Vəliyeva Cəmilə Günəşalı qızı Sumqayıt şəhər 23 saylı MİS-də xadimə işləyir, ailəlidir, 30 ildən artıq müddətdir ki, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yerləşən 642 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Bu müddətdə yaşayış yerlərində onlardan və ailə üzvlərindən heç bir şikayət olmamışdır. Yalnız son 5-6 ildə qonşuluqlarında yaşayan ana-bala olan Naxış və İlhamə Kərimovalardan başqa onlardan şikayət edən olmamışdır. Bildirirlər ki, qonşuluqlarında yaşayan X9 və Kərimova İlhamə Rafiq qızı son 5-6 ildə qonşularla daim münaqişələr yaradırlar, qəsdən hüquq-mühafizə orqanlarına bilə-bilə yalan məlumatlar verirlər, böhtan xarakterli şikayətlər edirlər. Son illərdə isə onlar daha da fəallaşmışlar və hamıdan şikayətlər edirlər, hətta qonşuları, o cümlədən onları ağır cinayət törətməkdə ittiham edirlər. Hazırda şikayət etdikləri Kərimova İlhamə Rafiq qızı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində, məhəllələrində yaşayan təxminən 10-15 nəfər şəxsin yanında KİV nümayəndəsinə verdiyi müsahibəsində onların “qız alveri” ilə məşğul olduqlarını bəyan etmişdir. Həmin müsahibə kütləvi informasiya vasitələrində və internet saytında da yayımlanmışdır. Belə ki, Kərimova İlhamə Rafiq qızı qonşuların şikayəti əsasında 25.01.2021-ci il tarixdə yaşadıqları St.Sumqayıt qəsəbəsində çəkiliş aparmağa gəlmiş “Space” TV-nin “Gəl dərdini danış” verilişinin Amil Xəlil adlı aparıcısının İlhamə və anası Naxış Kərimovalardan qonşuları şərləyərək yalan şikayətlər etmələri və qonşularla olan münaqişənin hansı səbəbdən baş verməsini soruşduqda oraya yığışan təxminən 10-15 nəfər şəxsin yanında onların (Mülayim və Cəmilənin) haqqında KİV nümayəndəsinə (Amil Xəlilə) demişdir ki, “onlar qız alveri ilə məşğul olduqlarına görə” 3-4 il bundan əvvəl guya onlardan yuxarılara şikayət etdiyinə görə onlara qarşı qərəzli münasibətdədirlər. İlhamə Kərimovanın eyni məzmunlu çıxışı yenidən 29.01.2021-ci il tarixdə “Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişində yayımlanmışdır. İlhamənin onlara ‘böhtan atmasını, onları ağır cinayətdə-“qız alverində” (“insan alveri”ndə) ittiham etməsini minlərlə şəxs eşitmişdir. Bundan başqa İlhamə Kərimovanın eyni məzmunlu çıxışları “Yotube” internet saytında da yayılmışdır. Hazırda xüsusi ittiham qaydasında şikayətçi olduqları İlhamə Kərimova onları ağır cinayətdə ittiham edərək yalan olduğunu bilə-bilə onlara böhtan atmış, onları təhqir etmiş, şərəf və ləyaqətlərini alçaltmışdır. İlhamə Kərimovanın barələrində dediyi böhtan xarakterli məlumatları eşidən qohumlar, iş yoldaşları və dosttanışlar dəfələrlə onlara (Mülayim Hilalbəyliyə və Cəmilə Vəliyevaya) zənglər edərək bunun nə məsələ olması ilə maraqlanmışlar. Onlar da həmin şəxslərə bu məlumatın yalan olmasını və İlhamənin dediklərinin heç bır əsası olmadığını, onlara şər-böhtan atdığını bildirmişlər. Buna baxmayaraq həmin şəxslər onlara şübhə ilə baxırlar, İlhamənin bilə-bilə şər-böhtan atması, onları ağır cinayətdə (insan alverində) ittiham etməsi nəticəsində şərəf və ləyaqətləri alçaldılmış, nüfuzlarına xələl gəlmişdir. Ailələrinin, gəlinlərinin yanında, qohumlar, dost-tanış yanında biabır olmuşlar. Onlar artıq heç kimin üzünə baxa bilmirlər, hazırda depressiyadadırlar. İlhamənin onlara atdığı böhtana, rüsvayedici sözlərinə görə ailələrində söz-söhbət yaranıb, qohum və tanışları narahat olmuş, onlardan bu məsələ ilə əlaqədar olaraq açıqlama tələb etmişlər. Xəcalətlərindən qohum-qonşular, iş yoldaşları arasına çıxa bilmirlər. 29.01.2021-ci il tarixdə “Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişinin yazıldığı 46 dəqiqə 30 saniyə müddəti olan videodiskin 13 dəqiqə 25 saniyədən 14 dəqiqə 05 saniyəyədək və 14 dəqiqə 50 saniyədən 15 dəqiqə 05 saniyəyədək olan müddətdə İlhamə Kərimova qonşularla olan münaqişənin səbəbi barədə deyir: “...onlar mənə qarşı bu yaxınlıqda, bir neçə il bundan qabaq qız alveri ilə məşğul idilər, bir neçə il bundan əvvəl, bir neçə ailə idilər, bunlardan yuxarı instansiyalara şikayətlər etdik ki, bunlar burda bu işlə məşğuldurlar, bunların hamısına 227-ci maddə ilə cinayət işi başladılar....” və “ ... qulaq asırsınız indi siz bizə, bir neçə il bundan əvvəl qonşular burda qız alveri ilə məşğul idilər, biz də şikayətlər etdik ki, baxın nəyə görə şikayətlər etdik ki, qız alveri edirlər...”. Belə hesab edirlər ki, İlhamə Kərimova tərəfindən qəsdən onlara böhtan atılır. Onun dedikləri və cəmiyyətdə yayımlanan onlara qarşı böhtan xarakterli məlumatlar, həm də onların şərəf və ləyaqətlərinin ləkələnməsinə yönəlmişdir. Qonşuların yanında olan və kütləvi informasiya vasitəsi olan “Space” TV-də 29.01.2021-ci il tarixdə “Gəl dərdini danış” verlişində İlhamə Kərimova tərəfindən verilmiş böhtan xarakterli məlumatların (“insan alveri” ilə məşğul olma) yayılması nəticəsində hüquqları kobud şəkildə pozulmuş, şərəf və ləyaqətləri alçaldılmışdır. Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X5 və Vəliyeva Cəmilə Günəşalı qızı məhkəmə iclasında verdikləri ifadələrində şikayətlərində qeyd olunanları bir daha təsdiq edərək, əlavə olaraq bildirdilər ki, onlar insan alveri ilə məşqul olmamışlar, heç kimi faişəliyə cəlb etməmişlər, İlhamə Kərimovanın heç bir sübut olmadan, əsassız olaraq onları kütvəli informasiya vasitələrində Cinayət Məcəlləsinin 144-1-ci maddəsində nəzərdə tutulan ağır cinayət hesab edilən “İnsan alveri” ilə məşğul olmasında ittiham etdiyi üçün Kərimova İlhamə Rafiq qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızı xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xüsusi ittihamçılar X5 və Vəliyeva Cəmilə Günəşalı qızı ilə qonşudurlar. Onlarla bir neçə ildir ki, münasibətləri yaxşı deyildir. Belə ki, dəfələrlə onların arasında mübahisələr olmuş və bununla bağlı hüquq mühafizə orqanlarında araşdırmalar aparılmışdır. Onların aralarında yaranmış mübahisənin səbəbini öyrənmək üçün yaşadıqları ünvana “Space” TV-nin “Gəl dərdini danış” verilişinin əməkdaşları gəlmiş və həmin verlişin aparıcısı Amil Xəlil adlı aparıcı ondan aralarında yaranmış mübahisənin səbəbini soruşduqda o, “Mülayim və Cəmilə qız alveri ilə məşğul olduqlarına görə” 3-4 il bundan əvvəl onlardan yuxarılara şikayət etdiyini bildirmiş və onun eyni məzmunlu çıxışı yenidən 29.01.2021-ci il tarixdə “Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişində yayımlanmışdır. Həqiqətən də o, xüsusi ittiham qaydasında verilmiş şikayətdə yazılmış bütün sözləri xüsusi ittihamçıların barəsində demişdir. Bunu düz demişdir, indi də deyir ki, Mülayim və Cəmilə insan alveri ilə, qız alveri ilə məşğul olublar, bunun təsdiqi barədə onda polisin məktubu var. Belə ki, o Mülayim və Cəmilənin insan alveri ilə məşğul olmaları barədə hüquq mühafizə orqanlarına şikayət etmiş və bu barədə onların barəsində araşdırma aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Anar Mirhəşimovun 01.04.2019-cu il tarixli məktubu da vardır. Təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızı bir daha da xüsusi ittihamçıların insan alveri ilə məşğul olduqlarını bildirərək, heç bir təqsirinin olmadığını qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cəmilə Vəliyeva onun arvadıdır. Mülayim Hilalbəyli və İlhamə Kərimova isə onun qonşularıdır. İlhamə Kərimova və sonuncunun anası qonşuları hər dəfə şərləyərək və böhtan ataraq heç bir əsas olmadan hüquq mühafizə orqanlarına şikayətlər edirlər. Buna görə də bu məsələ ilə bağlı “Space” TV-nin “Gəl dərdini danış” verilişinin əməkdaşları gəlmiş və həmin verlişin aparıcısı Amil Xəlil adlı aparıcısı İlhamə Kərimovadan onlar arasında yaranmış mübahisənin səbəbini soruşduqda X12 və Mülayimi insan alveri ilə məşğul olmalarında ittiham edərək müsahibə vermiş və İ.Kərimovanın müsahibəsi televiziya kanalında yayımlanmış, veriləşə o da baxmış və həmin ittihamedici ifadələri televizaya efirindən də eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Cəmilə Vəliyeva onun qardaşı arvadıdır. Mülayim Hilalbəyli və İlhamə Kərimova isə onun qonşularıdır. İlhamə Kərimova və sonuncunun anası qonşuları dəfələrlə şərləyərək və böhtan ataraq heç bir əsas olmadan hüquq mühafizə orqanlarına onlardan şikayətlər edirlər. Buna görə də bu məsələ ilə bağlı “Space” TV-nin “Gəl dərdini danış” verilişinin əməkdaşları gəlmiş və həmin verlişin aparıcısı Amil Xəlil adlı aparıcısı İlhamə Kərimovadan qonşularla aralarında yaranmış mübahisənin səbəbini soruşduqda X12 və Mülayimi insan alveri ilə məşğul olmaqda ittiham edərək müsahibə vermiş və İ.Kərimovanın müsahibəsi televiziya kanalında da yayımlanmış və o, həmin ittihamedici ifadələri verilşdən də eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Edyar oğlu ifadəsində göstərdi ki, Cəmilə Vəliyeva onun qardaşı arvadıdır. Mülayim Hilalbəyli və İlhamə Kərimova isə onun qonşularıdır. İlhamə Kərimova və onun anası Naxış qonşuları yalan yerə şərləyərək və onlara böhtan ataraq heç bir əsas olmadan hüquq mühafizə orqanlarına şikayətlər edirlər. Bu hal mütəmadi xarakter aldığından qonşuların müraciətinə əsasən bu məsələ ilə bağlı “Space” TV-nin “Gəl dərdini danış” verilişinin əməkdaşları gəlmiş və həmin verlişin aparıcısı Amil Xəlil adlı aparıcı İlhamə Kərimovadan qonşularla aralarında yaranmış mübahisənin səbəbini soruşduqda o, Cəmilə və Mülayimi insan alveri ilə məşğul olmalarında ittiham edərək müsahibə vermiş və İ.Kərimovanın müsahibəsi televiziya kanalında yayımlanmış və həmin ittihamedici ifadələri efirdən də eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İlhamə Kərimova onun bacısı qızıdır, Cəmilə Vəliyeva onun qardaşının keçmiş qaynanasıdır və Mülayim Hilalbəylini isə bacısının və qardaşının keçmiş qaynanasının qonşuları kimi tanımışdır. İlhamə Kərimova və onun anası Naxış Kərimova hər dəfə qonşularla səbəbsiz yerə və qəsdən mübahisə edir, qonşuları şərləyir, DİN-nin 102 xidmətinə zəng edir, əsassız məhkəmə mübahisələri yaradır. Bu səbəbdən bir neçə dəfə qonşulardan ona irad tutanlar da olmuşdur. Qonşuların müraciətinə əsasən “Space” TV-nin “Gəl dərdini danış” verilişinin əməkdaşları onların yaşadığı ünvana gəlmiş və həmin verlişin aparıcısı Amil Xəlil adlı aparıcı İlhamə Kərimovadan qonşularla aralarında yaranmış mübahisənin səbəbini soruşduqda o, Cəmilə və Mülayimi insan alveri ilə məşğul olmalarında ittiham edərək müsahibə vermiş və İ.Kərimovanın müsahibəsi televiziya kanalında yayımlanmış, həmin ittihamedici ifadələri efirdən də eşitmişdir. Məhkəmə araşdırması zamanı xüsusi ittihamçılar tərəfindən məhkəməyə təqdim olunmuş diskə kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 29.01.2021-ci il tarixdə “Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişinin yazıldığı 46 dəqiqə 30 saniyə müddəti olan videodiskin 13 dəqiqə 25 saniyədən 14 dəqiqə 05 saniyəyədək və 14 dəqiqə 50 saniyədən 15 dəqiqə 05 saniyəyədək olan müddətdə İlhamə Kərimova qonşularla olan münaqişənin səbəbi barədə deyir: “...onlar bu yaxınlıqda, bir neçə il bundan qabaq qız alveri ilə məşğul idilər, bir neçə il bundan əvvəl, bir neçə ailə idilər, bunlardan yuxarı instansiyalara şikayətlər etdik ki, bunlar burda bu işlə məşğuldurlar, bunların hamısına 227-ci maddə ilə cinayət işi başladılar....” və “ ... qulaq asırsınız indi siz bizə, bir neçə il bundan əvvəl qonşular burda qız alveri ilə məşğul idilər, biz də şikayətlər etdik ki, baxın nəyə görə şikayətlər etdik ki, qız alveri edirlər. Təqsirləndirilən şəxs tərəfindən İlhamə Kərimovanın xüsusi ittihamçıları məşğul olmaqda ittiham etdiyi insan alveri cinayəti ağır cinayət hesab edilir. Belə ki, Cinayət Məcəlləsinin “İnsan alveri” nə dair 144-1.1-ci maddəsindən görünür ki, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin CM-nin 15.4-cü maddsindən görünür ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızı tərəfindən X3 və Vəliyeva Cəmilə Günəşalı qızını ağır cinayət hesab edilən CM-nin 144-1-ci maddəsində nəzərdə tutulan “İnsan alveri” cinayəti ilə məşğul olmaqda ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətində ittiham etmələri ilə bağlı xüsusi ittihamçılar tərəfindən irəli sürülən dəlillərə münasibət bildirərək belə hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş və biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi ittihamçılar tərəfindən məhkəməyə təqdim olunmuş diskə kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızı kütləvi informasiya vasitələrində X3 və Vəliyeva Cəmilə Günəşalı qızını ağır cinayət olan insan alveri cinayəti ilə məşqul olmaqda kütləvi informasiya vasitəsində ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymışdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki, …dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, …çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin mənasına görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Aparılmış məhkəmə istintaqı zamanı Kərimova İlhamə Rafiq qızının kütləvi informasiya vasitələrində X3 və Vəliyeva Cəmilə Günəşalı qızını ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onlara böhtan atması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızının özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş xüsusi ittihamçıların, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızı məhkəmə iclasında qonşularla aralarında yaranmış mübahisənin səbəbini öyrənmək üçün yaşadıqları ünvana “Space” TV-nin “Gəl dərdini danış” verilişinin əməkdaşları gəldiyini və həmin verlişin aparıcısı Amil Xəlil adlı aparıcı ondan aralarında yaranmış mübahisənin səbəbini soruşduqda o, “xüsusi ittihamçıların qız alveri ilə məşğul olduqlarına görə” 3-4 il bundan əvvəl onlardan yuxarılara şikayət etdiyini bildirdiyini və onun eyni məzmunlu çıxışı yenidən 29.01.2021-ci il tarixdə “Space” TV-də “Gəl dərdini danış” verilişində yayımlandığını, həqiqətən də o, xüsusi ittiham qaydasında verilmiş şikayətdə yazılmış bütün sözləri xüsusi ittihamçıların barəsində dediyini, bunu düzgün olaraq qeyd etdiyini, həqiqətən də o, xüsusi ittihamçıların insan alveri ilə məşğul olmaları barədə hüquq mühafizə orqanlarına şikayət etdiyini və bu barədə onların barəsində araşdırma aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müvini Anar Mirhəşimovun 01.04.2019-cu il tarixli məktubunun ona göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs İlhamə Kərimovanın məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müvini Anar Mirhəşimovun 01.04.2019-cu il tarixli məktubu ilə bağlı olaraq məhkəmə tərəfindən 15 aprel 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinə sorğu verilmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən məhkəmənin 15 aprel 2021ci il tarixli sorğusuna cavab olaraq 27 aprel 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarı 27.04.2021-ci il tarixli məktubla Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. 27 aprel 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın surətindən görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, 43 saylı məktəbin yaxınlığında fərdi evdə yaşayan Kərimova İlhamə Rafiq qızına göndərilməklə ona qərardan narazı qaldığı halda Azərbaycan Respublikası CPMnin 122-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur. Məhkəmə tərəfindən 26.04.2021-ci il tarixdə 16.11.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsindəki fərdi evdə yaşayan Kərimova İlhamə Rafiq qızının məhkumluğunun olub olmaması barədə məhkəməyə arayış verilməsi üçün Sumqayıt şəhər polis idarəsinə sorğu verilmiş və məhkəmənin həmin sorğusuna cavab olaraq Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən məhkəməyə 26.05.2021-ci ildə daxil olmuş 20.05.2021-ci il tarixli məktubundan və 31.05.2021-ci il tarixdə tərtib olunmuş tələbnamənin surətindən görünür ki, Suyəzən rayonu Beşdam kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan 16.11.1998-ci il təvəllüdlü Kərimova İlhamə Rafiq qızı 20.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə istintaqa cəlb edilmiş, lakin həmin cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam edilmişdir. Bundan başqa İlhamə Kərimova 27.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə istintaqa cəlb edilmiş və həmin cinayət işi üzrə hal-hazıradək yekun qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Kərimova İlhamə Rafiq qızının cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Kərimova İlhamə Rafiq qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Kərimova İlhamə Rafiq qızını cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Kərimova İlhamə Rafiq qızının yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kərimova İlhamə Rafiq qızına tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilən Kərimova İlhamə Rafiq qızının məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29.04.2021-ci il tarixli (iş № 1(060)- 305/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş, xüsusi ittiham qaydasında şikayətlə bağlı işlə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 350, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Kərimova İlhamə Rafiq qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Kərimova İlhamə Rafiq qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Kərimova İlhamə Rafiq oğlunun üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilən Kərimova İlhamə Rafiq qızına Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar