Məhkəmə qərarları › İş №1(064)-12/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-12/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-12/2024 01.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, tərcüməçi X1 və müdafiəçisi Müdafiəçi oğlununiştiraklarıilə, xx.xx.1987-cı il tarixdə İran İslam Respublikasının Culfa şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Təbriz şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi : İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 12 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 27-ci sahəsindən, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, mühəndis texniki çəpərindən 15 metr içəridə saxlanılmışdır. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.1987-ci il tarixdə İran İslam Respublikası Culfa şəhərində anadan olmuş, milliyətçə azərbaycanlıdır. İran İslam Respublikasında müxtəlif tarixlərdə keçirilmiş çoxsaylı mitinqlərdə iştirak etmişdir. Sentyabr ayında İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah” tərəfindən saxlanılmış, səbəb ona məcburi olaraq Pantürk olduğu üçün Azərbaycana getdiyini, İsrail və Azərbaycan tərəfindən İran İslam Respublikasına qayıdaraq aksiyalar təşkil edərək televiziyadan İran İslam Respublikası cəmiyyətinə çıxış etməyini istəmiş, lakin tərəfindən qəbul edilmədiyi üçün 3 il həbs cəzası verilmişdir. Pul müqabilində zaminliyə çıxmış, bundan sonra bir neçə dəfə yenidən ona İran televiziyasında xalqa “səmimi etiraf” etməyi barədə təhriklər olunmuşdur. Atası Hüseyn onun İran İslam Respublikasında siyasi məhbus kimi asılacağından qorxub ona Azərbaycana qaçaq yolla keçməyi təklif etmişdir. Bir müddətdən sonra yenidən İran İslam Respublikasının xüsusi xidmət orqanı “Sepah” tərəfindən bir neçə dəfə Təbriz şəhərində saxlanılmışdır. Bu səbəbdən Culfa şəhərində yaşayan bacısı Pərya Pürhimətinin evinə getmək və oradan isə Biləsuvar istiqamətində olan şəxslərlə əlaqə saxlayıb Azərbaycan Respublikasına qeyri-qanuni yolla keçmək qərarına gəlmişdir. 12 oktyabr 2023-cü il tarixdə atası ilə birlikdə Culfa şəhərində yaşayan bacısının evinə gəlmişdir. Sonra Culfa şəhərindən Biləsuvar istiqamətində atası Hüseyn ilə çıxmış, Aslandüz rayonundan keçərkən yolda “Sepah”ın əməkdaşlarını görmüşdür. Bu zaman maşını aralıda saxlamış və şəxsi əşyalarını götürüb atası ilə görüşüb üzü Araz çayına doğru hərəkət etmişdir. Araz çayını keçdikdən sonra üzü Azərbaycan Respublikası sərhədinə doğru hərərkət etmiş və təxminən 3-4 saat hərəkət etdikdən sonra Azərbaycan sərhədçisinə rast gəlmiş və onlar tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. O, əlində ağ bayraqla özü könüllü şəkildə sərhədçilərə təslim olmuş və Azərbaycana pənah gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, siyasi fəaliyyəti ilə bağlı İranda siyasi təqiblərə məruz qaldığından və Təbriz məhkəməsinin bu barədə qərarı olduğundan qeyriqanuni yolla siyasi sığınacaq almaq üçün Azərbaycana gəlmək məcburiyyətində qalmışdır. Odur ki, barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş edir. Şahid N №-li hərbi hissənin 18-ci sərhəd zastavasının giziri Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə əsgər Şahid2 ilə birlikdə saat 17:00-dan 22:00-dək 18-ci sərhəd zastavasının 27-28-cı sahəsinə “sərhəd gözətçisi” xidmətinə təyin olunmuşdur. Xidmətin təşkili zamanı saat 20:20 radələrində əsgər Şahid2lə birlikdə 1 nəfər şəxsin əlində ağ bayraq və fənərlə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkətini müşahidə etmişdir. O, Şahid2lə birlikdə həmin əraziyə hərəkət etmiş və sərhəd pozucusuna dayan əmrini vermişdir. Sərhəd pozucusu əmrə tabe olduqdan sonra, bu barədə sərhəd zastavasına məlumat vermişdir. Sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq “Həyəcan“ qrupu yaradılaraq hadisə yerinə çıxarılmış və pozucu saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Şahid N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının əsgəri Şahid2 gizir Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş: N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi vəzifəsini icra edən leytenant Sənan Məhərrəmov raportunda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 18-ci sərhəd zastavasının 27-ci sahəsində MTÇ-dən 15 metr içəridə sərhəd xəttindən 800 metr aralıda 53/1 nömrəli sərhəd nişanından 150 metr sağda xx xxxxxxxx 1987-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının 27-ci sahəsi olmuşdur. Azərbaycan Respublikası DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) məlumat mövcüd deyil. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 12 yanvar 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışmüvəqqəti şəhadətnamədən görünür ki, qaçqın statusu almaq məqsədilə X4 adına verilmiş bu sənəd xx.xx.2024-cü il tarixədək etibarlıdır və şəxsiyyəti təsdiq edən sənəddir. Beləliklə də, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir. Məhkəmə onu qeyd etməyi lazım bilir ki, sığınma dedikdə, təqiblərə məruz qalan şəxsin öz ölkəsindən başqa dövlətə gəlmiş və öz ölkələrinə qayıtmaq istəməyən və ehtiyat edən şəxslərə verilmiş hüquqi müdafiədir. Sığınma irqi, dini, milliliyi, müəyyən bir sosial üzvlüyü və ya siyasi fikri nəzərə alınmaqla, ona qarşı tətbiqedilən zülmdən və ya əsaslı təqibdən qorxduğu üçün öz ölkələrinə qayıda bilməyən və ya istəməyən insanlar üçün nəzərdə tutulur. Siyasi sığınacaq dedikdə, öz ölkəsində müəyyən səbəblərə görə təqiblərə məruz qalmış və ya təzyiqlərlə üzləşən şəxsin başqa ölkədə yaşamasına və işləməsinə imkan verən hüquq hesab etmək olar. Ölkəmizdə siyasi sığınacağın verilməsi konstitusiya normaları ilə tənzimlənir. Belə ki, bu barədə Azərbaycan Respublikasının Konstitusiyasının siyasi sığınacaq hüququndan bəhs edən 70-ci maddəsində aşağıdakılar qeyd edilmişdir: İ. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. İİ. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. Siyasi sığınacağın verilməsi məsələlərini həll etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 21-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidentinə aid edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsində deyilir ki, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Təqsirləndirilən şəxs araşdırma zamanı İranda siyasi fəaliyyəti ilə bağlı siyasi təqiblərə məruz qaldığından və Təbriz məhkəməsinin bu barədə qərarı olduğundan qeyriqanuni yolla Azərbaycana gəlmək məcburiyyətində qaldığını bildirmişdir. Lakin təqsirləndirilən şəxsin həqiqətən də vətəndaşı olduğu İran İslam Respublikasında ictimaisiyasi fəaliyyəti ilə əlaqədar siyasi təqiblərə məruz qalması və məhz bu səbəbdən Azərbaycan Respublikasına qeyri-qanuni yolla gəlməsi onun ifadəsindən başqa hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ona etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olan müvəqqəti şəhadətnamə verilmişdir. Bu isə ona siyasi sığınacaq verilməsi anlamına gəlmir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 318-ci maddəsinin qeydi şamil olunmamalı və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, törətdiyi əməli səmimi şəkildə etiraf etməsini və ilk dəfə cinayət əməli törətməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal (və ya hallar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs cərimə cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, iş materialları ilə həm də o müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, həmin tarixdən xx.xx.2024-cü il tarixədək isə ev dustaqlığında saxlanılmışdır. Odur ki, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə və evdustaqlığında saxlanıldığı cəmi 3 ay müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs ona təyin ediləcək cərimə cəzasından azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsində deyilir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Bütün bunlarla yanaşı, məhkəmə həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini, davranışını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və sair halları nəzərə alaraq ona əlavə cəza növü olan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasını təyin etməməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in: 52.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 58.3-cü maddəsində qeyd olunur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 3 (üç) ay müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar