Məhkəmə qərarları › İş №1(067)-160/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-160/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-160/2024 19.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, tərcüməçi Naz Zarminanın iştirakları ilə 15 yanvar 2006-cı ildə Pakistan İslam Respublikası, İslamabad şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Pakistan İslam Respublikasının İslamabad şəhərində qeydiyyatda olmaqla faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Almaniya Federativ Respublikasına getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Rusiya Federasiyasından keçərək Almaniya Federativ Respublikasına işləmək üçün getmək məqsədi ilə 16 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının 1-ci sahəsindən maneə çəpərini aralayıb qarşı tərəfə keçərək piyada 500 metr hərəkət etməklə, qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 100 metr məsafədə, 137 nömrəli sərhəd nişanından 30 metr solda saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Pakistan İslam Respublikasından Azərbaycana 06 iyun tarixdə işləmək məqsədilə gəlmişdir. Lakin işçi vizasını əldə etməsi üçün ondan 2000, 3000 manat arası pul istənilmişdir. O, həmin məbləği verə bilmədikdə Pakistan İslam Respublikasına geri qayıtmaq niyyətinə gəlmişdir. Lakin pulu olmadığı üçün Azərbaycan Respublikası sərhədini pozaraq cinayət əməlini törətmişdir. O, Xaçmaz rayonu ərazisinə xəritədən istifadə etməklə tək gəlmişdir. Pakistan İslam Respublikası höküməti ilə heç bir problemi yoxdur. Onun Azərbaycanda hər hansı bağlılığı və ya qohumluq əlaqələri olduğu şəxs yoxdur. Hansısa dövlətdən siyasi sığınacaq almamışdır. X3 Respublikası vətəndaşlarıdır. Övladı yoxdur. O, xəritəyə baxdıqda Ali adlı şəxs hansı səbəbdən xəritəyə baxdığını ondan soruşmuş, o, Aliyə sərhədi pozmaq haqqında düşündüyünü demişdir. Ali belə addım atmağın səhv hərəkət olduğunu ona demişdir. Lakin onu Azərbaycana Ali dəvət etməmişdir. O, etdiyi əməlin qanun pozuntusu olduğunu bilmədən həmin əməli törətmişdir. Azərbaycan Respublikasının qanunlarını pozduğuna görə Azərbaycan dövlətindən üzür istəyir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərdi ki, Qurban bayramı günü şəxsi heyyətlə birlikdə sərhəd zastavasında bayram süfrəsi açmışlar. Həmin vaxt, “Növbətçi operator” məruzə edərək bir nəfər naməlum şəxsin dövlət sərhədini pozmağa cəhd etdiyini bildirmişdir. Əvvəlcə o, daha sonra isə ardınca zastava rəisi həmin yerə tərəf qaçaraq hərəkət etmişlər. Onlar təqsirləndirilən şəxsə yaxınlaşdıqlarında sonuncu ayağının altına ağac kötüyü qoyub maneə çəpərini keçərək artıq dənizin kənarında Rusiya Federasiyası ərazisinə keçməyə cəhd etmişdir. Onlar təqsirləndirilən şəxsi tutduqlarında sonuncu tək olmuş və onların tərəfindən sərhəd zastavasına gətirilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Qurban bayramı günü axşam saatlarında şəxsi heyyətlə birlikdə bayram süfrəsində əyləşdikləri vaxt dövlət sərhədi yaxınlığında bir nəfər şəxsin olduğu barədə məlumat daxil olmuşdur. O, həmin yerə gedib baxdıqda maneə çəpərinin altının ağacla qaldırıldığını və sürünmə izlərini müşahidə etmişdir. Daha sonra nəzarət iz zolağının üzərində ayaq izlərini görmüşdür. Kamera görüntüsündə dövlət sərhəd xətti yaxınlığında, hansı ki, sərhəd boyu zolaqda maneə çəpərindən içəridə bir nəfər şəxsin görünməsi barədə naryad məlumat vermişdir. Həmin istiqamətdə hərəkət edərək həmin şəxsi tutub lazımı tədbirləri görmüşlər. Tərəflərindən saxlanılan şəxs türk dilini bilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 17 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə leytenantı X11 tərəfindən faktla bağlı Azərbaycan Respublikasının CM-nin 29, 318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - 16 iyun 2024-cü il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 06) müəyyən edilir ki, inzibati xətaya dair iş üzrə latın və urdu qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb oxuya bilən Nicat Əliyev urdu dilində tərcüməçi qismində təyin olunmuşdur. - “İnzibati qaydada tutma haqqında” protokoldan (cild 01, vərəq 14) müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. - 17 iyun 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, iş vərəq 22) və 1-ci sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış videogörüntüdən (cild 01, vərəq 36) müəyyən edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbənin zabiti, leytenant X7, N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasında xidmət edən kapitan Şahid1, N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasında xidmət edən baş çavuş X4, müdafiəçi Şahin Mütəllimovun, mütəxəssis Nicat Əliyevin, dövlət sərhədini Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, həmçinin hal şahidləri X6 və X8 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, baxış gündüz təbii işıqlandırma şəraitində keçirildi. Baxış keçirilən hadisə yeri Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının 1-ci sahəsidir. Qeyd olunan yer 137 nömrəli sərhəd nişanından təxminən 30 metr solda, dövlət sərhəd xəttindən 100 metr aralı, maneə çəpərindən 500 metr içəridə yerləşir. Həmin nöqtədən sol tərəfə qonşu 2-ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. Müqabil tərəfdə RF Dağıstan Respublikası Məhərrəmkənd rayonu, Primorski kəndi yerləşir. - 17 iyun 2024-cü il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 242) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə urdu və azərbaycan dillərini sərbəst bilən X12 tərcüməçi qismində təyin olunmuşdur. - “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 55) müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 69) müəyyən edilir ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - 17 iyun 2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 79) müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə leytenantı X11 Təqsirləndirilən şəxs, müdafiəçi X2 və tərcüməçi X5 iştirakları ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “Tecno KJ5” markalı mobil telefonuna DSX-nın İstintaq və Təhqiqat İdarəsinin inzibati binasında xidməti otağında baxış keçirmişdir. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-310/2024 saylı qərarından müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli faktiki tutulduğu andan, yəni 16 iyun 2024-cü il tarixdən hesablanmışdır. - 19 iyun 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan (cild 01, vərəq 103) müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış “Növbətçi operator” adlı faylı (videogörüntü) özündə əks etdirən disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 106) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində məhkumluğunun olub-olmaması barədə məlumat tapılmamışdır. - 23 iyul 2024-cü il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 117) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə latın və urdu qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb oxuya bilən Nicat Əliyev urdu dilində tərcüməçi qismində təyin olunmuşdur. - 23 iyul 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 126) müəyyən edilir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokollar və digər sənədlər Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qəbul edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Rəhman X17 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Rəhman X20 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətməyə cəhd etmişdir. Onun əməli başa çatmamışdır, cinayət etməyə cəhddir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət məcəlləsinin 318-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasının yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan 16 iyun 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və 17 iyul 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyun 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında iş üzrə Təqsirləndirilən şəxs məxsus pasportunun surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs Rəhman X14 əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməklə cəzasını çəkib qurtardıqdan sonra öz ölkəsinə göndərilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış “Növbətçi operator” adlı faylı (videogörüntü) özündə əks etdirən disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış “Növbətçi operator” adlı faylı (videogörüntü) özündə əks etdirən disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar