Məhkəmə qərarları › İş №1(076)-44/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-44/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-44/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə saat 24 radələrində yaşadığı Şəmkir rayonu Mahmudlu kəndinin mərkəzində yerləşən X4 məxsus çayxananın qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun onun barəsində kənd sakinləri arasında xoşagəlməz ifadələr işlətməsini bəhanə gətirərək mübahisə yaradıb küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan şəxsiyyəti istintaqla müəyyən edilməyən çoxsaylı şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə əvvəlcədən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını silah qismində istifadə edərək xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs sol qol, sol əl, sol bud və bədən nahiyyəsinə davamlı və ardıcıl zərbələrlə vuraraq sonuncuya sol mil sinirinin postravmatik zədələnməsi, sol əlin hərəki və hissi pozulması ilə müşayiət olunan sol bazunun orta üçdə birinin bayır səthinin kəsilmiş yarası ümumi əmək qabiliyyitinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (15%) səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya, döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, sol qabırğaltı nahiyənin, sol əlin 1-ci barmağının və sol budun orta üçdə birinin iç səthinin kəsilmiş yaraları ilə– həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli hərəkətlər edib xuliqanlıq edərək, həmçinin xuliqanlıq niyyəti ilə Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, əvvəllər narkotik istifadəçisi olmuş, 2020-ci il tarixdə Şəmkir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə məhkum olunmuşdur. 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış və 2023-cü il tarixdə narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olduğu üçün Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və istintaq müddətində barəsində “başqa yerı getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla əvvəllər həmkəndli kimi normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. 2023-cü ilin avqust ayında Fazilin də narkotik vasitələrin istifadəsində şübhəli olduğundan Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğu ona məlum olmuş, Fazil tutulduqdan sonra sərbəst buraxılmışdır. Avqust ayı ərzində kənd camaatından Fazilin narkotik vasitə ilə tutulmasında günahkar onu bilməsini, bilib-bilmədən bu barədə kənd sakinləri yanında danışmasını eşitmiş, camaat içində biabır olduğunu düşünərək bu məsələni Fazil ilə aydınlaşdırmaq qərarına gəlmişdir. 21 avqust 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində kəndin mərkəzində piyada hərəkət edən zaman təsadüfən Fazilin “Vaz 2106” markalı avtomobilini Azərə məxsus çayxananın qarşısında olmasını görmüş, avtomobilə yaxınlaşdıqda Fazilin avtomobildə olmamasını görmüş, “harda olsa indlərdə gələcək” düşünərək orada gözləmişdir. Təxminən 15-20 dəqiqə gözləmiş və 22 avqust 2023-cü il tarixdə saat təxminən 00 radələrində Fazil avtomobilin yanına gəlmişdir. O, Fazil ilə salamlaşıb ondan camaat içərisində onun barəsində guya onu polislərə satmağı barədə etdiyi söhbətlərin aydınlığını istəmiş, Fazil isə ondan qaçmaq məqsədi ilə yavaş-yavaş avtomobilinə əyləşmiş və həqiqətən də onun barəsində polisə məlumat verməyi ilə bağlı sözlər işlətdiyini etiraf etmiş, lakin bunu əsaslandıra bilməmişdir. Fazil onunla danışa-danışa artıq avtomobilində sükanın arxasına əyləşmiş, lakin qapını örtmək istədikdə əlində tutub imkan verməmiş və Fazilin baş və sifət nahiyyəsinə ardıcıl olaraq xatırlamasına görə 5-6 dəfə yumruq zərbəsi ilə vurmuş, Fazil isə avtomobildən düşmüş və əlində olan dəqiq görə bilmədiyi ağac və ya taxta parçası ilə başına və bədəninə bir neçə dəfə zərbə ilə vurmuş, həmin anda belində olan və əvvəlcədən üzərində gəzdirdiyi bıçağı çıxararaq sağ əlində tutub Fazilin qarnına, qoluna, qılçasına təxmini xatırlamasına görə 6-7 dəfə zərbə ilə vurmuş, lakin Fazil yerə yıxılmamışdır. O, oradan çıxıb getmişdir. Həmçinin, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayında narkotik vasitələrin istifadəsində şübhəli bilinərək Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və bundan sonra kənd içərisində polislərə guya onun satdığını deyərək danışmış və bu da onun qulağına çatmışdır. Təbii ki, bu söz onun xoşuna gəlməmiş və bu söhbəti onunla aydınlaşdırmaq qərarına gəlmişdir. Həmin vaxtadək Fazil ilə həmkəndli kimi münasibəti normal olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. 21 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində Fazilin avtomobilini kənd mərkəzində olan çayxananın qarşısında görmüş və onu gözləmişdir. Bir neçə dəqiqə sonra Fazil gəlmiş və o, bu söhbəti ondan soruşduqda o, inkar etməyərək həqiqətən də onu polislərə “satdığını” düşündüyünü dediyi üçün ona əvvəlcə bir neçə dəfə yumruq zərbəsi vurmuş, lakin Fazil də əlində olan əşya ilə ona xəsarət yetirdiyi üçün ona bıçaqla xəsarət yetirmiş və bununla da özünü müdafiə etmişdir. Hadisə zamanı Fazil ilə söhbət edən zaman o, özünə məxsus “Vaz 2106” markalı avtomobildə sükanın arxasına əyləşmiş, qapını örtməyinə icazə verməmiş və ardıcıl olaraq 5-6 dəfə onun sifət və baş nahiyyəsinə zərbələrlə vurmuş, Fazil isə avtomobildən düşmüş və hadisə vaxtı sərxoş olduğu üçün onun əlində nəsə olub olmamasını dəqiq deyə bilməz, ola bilsin ki, onun əlində heçnə olmamışdır. Davadalaş təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda onların arasında olan davadalaşı kiminsə görməsini görməmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbələrlə vurmaqda məqsədi onu “polisin xəbərçisi” kimi təqdim etməsinə görə cəzalandırmaq və onu döyüməsinə görə özünü müdafiə etmək olmuşdur. Fazili öldürmək fikri olmamışdır, əgər belə bir fikri olsaydı, bıçağı onun bədən hissələrinə yox, konkret olaraq boğazına və ya ürəyinə sancarmış, bunun üçün fürsəti də olmuşdur. Ona çox sayda bıçaq vursa da bıçağın ona çox da daxil olmadığını əlində hiss etmişdir. Hadisə vaxtı istifadə etdiyi bıçaq onda çoxdan olmuşdur, uzun müddət əvvəl mağazadan almış və nə vaxtsa özünü müdafiə etmək üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla əvvəllər heç bir ədavəti olmamışdır. Lakin 14 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən həbs olunmazdan əvvəl narkotik vasitə marixuana əldə etmiş, həmkəndlisi Ülvi isə narkotik vasitə əldə etdiyini görmüşdür. Bundan təxminən bir saat keçməmiş, polis əməkdaşları yaşadığı Mahmudlu kəndi ərazisində saxlamışlar və polis şöbəsinə gətirmişlər, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə aşkar olunmuş və bu səbəbdən tutulmuşdur. Lakin daha sonra istintaqı müddətində barəsində iltizam qətimkan tədbiri seçilməklə azad edilmişdir. Evə buraxılandan sonra çayxanada bu barədə yəni Ülvinin onu tutdurması barədə danışmışdır. 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus Vaz 2106 markalı, 57 ?? 552 nömrə nişalı avtomobili ilə kəndin mərkəzində yerləşən Niyazi adlı şəxsə məxsus yeməkxaya kabab bişirtmək üçün getmişdir. O, avtomobilini yeməkxanadan təxminən 50 metr aralıda yerləşən çayxananın qarşısında saxlamışdır. Ancaq gecə saatları olduğu üçün çayxana bağlı olmuşdur. O, kabab bişirtdirib, evə getmək üçün avtomobilin olduğu yerə gəlmiş və avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşən zaman kiminsə avtomobilinin pəncərəsini döydüyünü eşidib, pəncərəni açmışdır. Bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Ülvi bildirmişdir ki, “eşitmişəm səni mənim tutdurmağım barədə danışırsan”. Ülviyə cavab olaraq üzərində narkotik olan vaxtı onu ondan başqa heçkimin görmədiyini demiş, lakin Ülvi onu tutdurmadığını, polisə xəbər vermədiyini demişdir. O, isə bildirmişdir ki, “sən etmiyibsənsə aralaş get”. Lakin Ülvi onunla mübahisə etməyə başlamış və bildirmişdir ki, “sən ümumiyyətlə nə deyirsən”. Hava qaranlıq olduğu üçün Ülvinin əlində bıçaq olduğunu və nə etmək istədiyini tam görə bilməmişdir. Ancaq anidən Ülvinin qoluna nəsə vurduğunu hiss etmiş, avtomobilin qapısını açmış və avtomobildən düşmüş, lakin Ülvi bıçaqla ardıcıl olaraq bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Ülvi ona xəsarət yetirəndən sonra bir qədər aralaşmış və ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxtı səs küyə ətrafdan adamlar toplaşmış və mobil telefon işığı ilə ona yaxınlaşmışlar. O, özü də hiss etmişdir ki, Ülvi ona bıçaqla xəsarətlər yetirmişdir. Hadisə yerinə toplaşan şəxslərdən hansısa biri təcili yardım avtomobili çağırmış və təcili yardım xidməti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs onu tutdurması barədə danışdığı söhbəti aydınlaşdırmaq üçün gəlmişdir. Mübahisələri də bu söhbət üstündə baş vermişdir. Lakin Ülviyə onu tutdurmuyubsa onunla heç bir problemim olmadığını demişdir. Buna baxmayaraq Ülvi heç bir səbəb olmadan mübahisə edərək bıçaqla bir neçə dəfə bədəninin müxtəlif nahiyyələrinə vurub xəsarət yetirmişdir. Hadisə sutkanın qaranlıq vaxtı yəni, saat 23 radələrində baş vermişdir. Hadisə çayxananın qarşısında baş versə də həmin vaxtı çayxana bağlı olmuşdur. Ancaq Ülvi ona xəsarət yetirəndən sonra ünvanına söyüşlər söyməklə səs küy yaratmış və səs küyə ətrafdan təxminən 2-3 nəfər kimliyini xatırlamadığı adamlar toplaşmışdır. Ancaq Ülvi ona xəsarət yetirərkən yanında heçkim olmamışdır, bu səbəbdən Ülvinin ona xəsarət yetirməsini heçkim görməmişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Hadisə qaranlıq vaxtı baş verdiyi üçün Ülvinin ona xəsarət yetirdiyi bıçağın əlamətlərini görməmişdir. Hətta Ülvi ona xəsarət yetirib uzaqlaşandan sonra ona bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar onu deyə bilər ki, 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində kəndin mərkəzinə yaxınlıqda yerləşən evindən çıxaraq mərkəzdə yerləşən Heydər Əliyev adına parkda fəaliyyət göstərən çayxanaya getmiş, qaranlıq vaxtı çayxayanaya gedərkən parkdan təxminən 15-20 metr aralıda səs küy eşitmişdir. Belə ki, həmin yerə yaxınlaşanda həmkəndlisi Fazilin özünə məxsus Vaz 2106 markalı avtomobilə söykənib dayanmasını, Təqsirləndirilən şəxs isə ondan aralıda dayanıb Fazilə qışqırmasını eşitmişdir. Fazildən nə baş verdiyini soruşduqda Ülvinin onu bıçaqladığını demişdir. O, dərhal təcili yardım çağırmış, ancaq Fazilin qan itirməsinə görə onu öz avtomobilinə əyləşdirmiş və Şəmkir rayon xəstəxanası istiqamətində aparmışdır. Şəmkir rayon 3 yol deyilən yerdə Fazili təcili yardım avtomobilinə əyləşdirmiş, özü isə avtomobili idarə edərək xəstəxanaya getmişdir. Orada Fazilə tibbi yardım göstərilmiş, ailə üzvləri gələndən sonra öz evinə qayıtmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirəndən sonra hadisə yerinə çatmışdır. Yuxarıda qeyd etdiyi kimi səs küy eşidib, həmin yerə getdikdə hadisənin artıq baş verdiyini bilmişdir. Hadisə sutkanın qaranlıq vaxtı baş vermişdir, səs küyə xeyli sayda təxminən 10- 15 nəfər kənd sakinləri toplaşmışdır. Həmdə həmin yer hamının toplaşdığı yerdir. Ancaq qaranlıq olduğu və dərhal Fazilə kömək etdiyi üçün orada toplaşan şəxsləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla həmkəndli kimi normal münasibəti olmuşdur, heç bir ilə düşmənçilik və ədavəti olmamışdır. 21 avqust 2023-cü il tarixdə təxmini xatırlamasına görə saat 23-23:30 radələrində kəndin mərkəzində olan ərzaq mağazasından siqaret alıb çölə çıxdıqda çayxana tərəfdən səs-küy eşitmiş, eşitdiyi səslərdən iki nəfərin dalaşmasını və bir-birlərini söymələrini bilmişdir. Səs gələn tərəfə getmiş, çayxananın qarşısına çatdıqda Ülvi ilə Fazilin bir-biri ilə əlbəyaxa olmaları, iki nəfərin isə onları aralaşdırmalarını görmüşdür, Fazilin isə qolundan qan axırmış. Hava da qaranlıq olmuş, həmin vaxt orda olan şəxslərdən soruşduqda ona Ülvinin Fazili bıçaqla vurmasını demişlər. Daha sonra həmkəndliləri X6 öz maşını ilə xəstəxanaya aparmışlar, həmin vaxt təcili tibbi yardım avtomobilinin yolda olmasını demişlər. Ülvi oradan çıxıb getmiş, o, da evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla həmkəndli kimi normal münasibəti olmuşdur, heç bir düşmənçilik və ədavəti olmamışdır. 21 avqust 2023-cü il tarixdə təxmini xatırlamasına görə saat 23:30 radələrində kəndin mərkəzində piyada evimə tərəf getmiş, həmin vaxt çayxana tərəfdən səs-küy eşitmiş, eşitdiyi səslərdən iki nəfərin dalaşmasını və bir-birlərini söymələrini bilmişdir. Səs gələn tərəfə getmiş, çayxananın qarşısına çatdıqda Ülvi ilə Fazilin bir-biri ilə əlbəyaxa olmalarını görməmiş, onlara yaxınlaşanda Fazil əlini qoluna və bədəninə tutaraq qan olmasını görmüş və Ülvinin onu bıçaqla vurmasını bilmişdir. Həmin vaxt səs-küyə həmkəndlisi Sabir adlı şəxs də gəlmiş, Sabir ilə Fazili özünə məxsus “Vaz 2106” markalı avtomobildə arxa sərnişin oturacağında uzatmış, Sabir də onun yanında əyləşmiş, o, da Fazilin avtomobilini sürmüş, eyni zamanda Sabir təcili tibbi yardıma zəng etmişdir. O, Fazili xəstəxanaya aparmaq üçün avtomobilini sürmüş və Şəmkir rayonunda 3 yol deyin yerdə təcili tibbi yardım avtomobili ilə rastlaşmış, Fazili orada təcili tibbi yardım avtomobilinə mindirmişdir. Sabir də təcili tibbi yardım xidməti ilə xəstəxanaya getmiş, o, da Fazilin maşınını aparıb kəndə qoymuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 26 avqust 2023-cü il tarixli, 1009 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, sol qabırğaltı nahiyənin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol əlin 1-ci barmağının iç səthinin və sol budun orta üçdə birinin iç səthinin kəsilmiş yaraları iti kənarlı alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, zərbələr nəticəsində törənmişdir, törənmə müddətləri 21 avqust 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrıayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (səh. 26-27). İş materiallarına əlavə olunmuş əlavə məhkəmə-tibb ekspertizasının 26 avqust 2023-cü il tarixli, 1009 nömrəli rəyə 19 oktyabr 2023-cü il tarixli 03/Ə nömrəli rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər – sol mil sinirinin postravmatik zədələnməsi, sol əlin hərəki və hissi pozulması ilə müşayiət olunan sol bazunun orta üçdə birinin bayır səthinin kəsilmiş yarası ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (15%) səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir, döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, sol qabırğaltı nahiyənin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol əlin 1-ci barmağının iç səthinin və sol budun orta üçdə birinin iç səthinin kəsilmiş yaraları isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (səh. 88-90). İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 16/898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir (səh. 68-69). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Paşayev X3 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.2-ci maddəsi əsas götürülərək barəsində 02 il 06 ay azadlığın məhdudlaşdırılması cazəsına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin həmin cəza qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması olaraq saxlanılmış, Şəmkir Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmış, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin cəza 04 ay 01 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (səh. 63-64). İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 1(076)-27/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması və cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2024-cü il tarixdən hesablanaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan Şəmkir RİHB-nin Mahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur (səh. 62). İş materiallarınaəlavə olunmuş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsi və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs isnad olunan Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdrılması və azadlıqdan məhrumetmə, 221.3-cü maddənin sanskiyasında isə yalnız azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törtədiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəliliyi, cinayət əməllərinin törədilməsi halları və şəraiti nəzər alınmaqla həmin cinayət əməllərinə görə müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası aşağı hədlərdə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş və onların heç birinə görə məhkum olunmamış, cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Cinayətlərin məcmusuna daxil olan cinayətlər az ağır cinayətlərdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə uyğun olaraq cəzaların qismən toplanılması yolu ilə cinayətləri məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa Şəmkir Rayon Məhkəməsinin 1(076)-27/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması və cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2024-cü il tarixdən hesablanaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Şəmkir Rayon Məhkəməsinin onun barəsində çıxardığı ittiham hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətdiyi üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplama yolu ilə qəti cəza təyin edilməli, Şəmkir Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş müddəti qəti cəzaya hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli hökmü ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli olması hökm edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə Şəmkir Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)- 27/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz bir manat əlli) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar