Məhkəmə qərarları › İş №1(091)-121/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-121/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-121/2021 26.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X12, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, 2-ci qrup əlil, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində sərxoş halda yaşadığı Şəki şəhəri Bağbanlar küçəsi ev 59V mənzil 32 ünvanındakı evə gəlmiş, evin qonaq otağında yemək süfrəsi qurulmuş stolun ailə üzvləri tərəfindən otağın künc hissəsinə qoyulmasını görüb bundan qəzəblənərək əvvəlcə həmin yemək süfrəsi qurulmuş stolu və otaqda olan stulları təpiklə vuraraq üzərindəki əşyalarla birlikdə dağıdıb sındırmaqla yerə tökmüş, daha sonra evin yataq otağında həmin gün onlara qonaq gəlmiş qayınX6nın ona evə sərxoş vəziyyətdə gəlməsi, evdəkilərə qarşı nalayiq ifadələr işlətməsi, evdəki əşyaları dağıtması, qızı Nuranə Cəlilovanın ad günündə dava salması ilə bağlı iradlar bildirməsindən əsəbiləşərək aralarında yaranmış mübahisə zamanı Ruqiyə Əhmədovanı qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə onunla mübahisə etdikdən sonra mətbəxdən soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb yataq otağına qayıdarkən həmin anda otaqdan dəhlizə doğru çıxmış Ruqiyə Əhmədovanın əvvəlcə əli ilə boğazından tutub sıxaraq onun müqavimət göstərməsinin qarşısını almış, həmçinin sonuncunun doğma qızı X12, azyaşlı nəvələri xx.xx.2008-ci il təvəllüdlü Şahid2 və 12.01.2014-cü il təvəllüdlü X9 onların yaxınlığındakı qapıları açıq otaqlarda olmalarını, baş verən mübahisəni görüb eşitmələrini, evin sahəsinin kiçik olması səbəbindən dəhliz və yataq otaqlarının bir-birinə çox yaxın olmasını və evdə olan digər şəxslərin də bu hərəkətləri müşahidə edə biləcəklərini bilməsinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə sonuncuların gözləri qarşısında xüsusi iztirab və əzab verəcəyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki mətbəx bıçağı ilə X8 qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan qarının ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələyən və kəskin daxili qanitirməyə səbəb olan deşilmişkəsilmiş yarası xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan bir ədəd xəsarət yetirərək Ruqiyə Əhmədovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün işini qurtardıqdan sonra evə qayıtmış, uşağının doğum günü olduğuna görə yeyib-içmək üçün spirtli içki olan araq almış və bir az araq içmişdir. Oğlu zəng edərək evə nə vaxt gələcəyini soruşduqda o da oğluna evə gəldiyini, yolda olduğunu, o gələnə qədər özlərinin oturub yeyibiçmələrini demişdir. Evə çatdıqda içəri girdiyi zaman stolun yerinin dəyişdiyini görüb buna iradını bildirmiş, stolu nə üçün əvvəlki yerindən götürüb başqa yerə qoyduqlarını soruşaraq həmin stolun öz yerində qalmasını bildirmişdir. Həmin vaxt içkili olmuşdur. Eyni zamanda onun psixoloji problemləri də var. Həmçinin böyrəyinin biri olmadığına görə İİ qrup əlildir. Anası və qayınanası stolu evin ortasına qoyanda isə özü deyəndən sonra daha nə üçün stolu ortaya çəkdiklərini deyib yenə də onlara irad bildirmiş, stola təpik vurmuşdur. Həmin vaxt stolun üstündə olan konfet və kompot şüşəsi dağılmışdır. O, həmin vaxt əsəbiləşərək çölə çıxıb evə qayıtmışdır. O, qayınanasına demişdir ki, belə olmaz. Qayınanası da ona qızını ondan boşatdıracağını və onu başqa kişiyə ərə verəcəyini demişdir. Həmin vaxt arvadı da anasına etiraz edərək dünyaya bir dəfə gəldiyini və bir dəfə də ərə getdiyini, danışığına fikir verməsini bildirmişdir. O, qayınanasına onların ailə işlərinə qarışmamasını, onun qonaq olduğunu və yerini bilməsini demişdir. Qayınanası isə yenə də həmin sözü təkrar edəndə o da qayınanasına digər qızı olan baldızı Yeganənin ölmüşünə and içməsini demişdir. Qayınanası da Yeganənin yox, onun ölməsini deyəndə artıq həddindən artıq əsəbiləşib özünü öldürəcəyini bildirmişdir. Sonra o, mətbəxdən bıçağı götürüb özünü öldürmək üçün ayaqyolu tərəfə getmək istəyən zaman qayınanası qarşısına çıxmışdır. Orada qayınanası qarşısına gələn zaman əlində olan bıçaq birdən qayınanasına dəymişdir. O, baş vermiş hadisədən çox peşman olmuş və orada ağlamışdır. Bundan sonra həyətə düşmüş, evə təcili yardım avtomobilinin gəldiyini görmüşdür. Onun arxasınca isə polis avtomobilləri gəlmişdir. O da törətdiyi əməlindən peşman olaraq polis əməkdaşına təslim olmuşdur. Bir şəxsin ölümünə səbəb olduğundan özünü CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Odur ki, barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1984-cü ildə Şəki şəhərində anadan olmuş, evli, natamam orta təhsillidir, əvvəllər məhkum olunmamış, qeydiyyatda olduğu yer ünvan 2 ünvanda da yaşamışdır. Onun bıçaqla vurduğu X17 qayınanası olmuş, eyni zamanda ana tərəfdən qohumu olmuşdur. 2007-ci ildə X12 ilə ailə həyatı qurmuş, bu nikahdan 2 övladı, 2008-ci il təvəllüdlü oğlu Şahid2 və 2012-ci il təvəllüdlü qızı Nuranə Cəlilova dünyaya gəlmişlər. O, ailəsi ilə birlikdə Bakı şəhəri Xocasən qəsəbəsində kirayə tutduğu evdə yaşamış, arvadı ilə münasibəti həmişə yaxşı olmuş, ailə qurduğu ərəfədə qayınX6 ilə münasibəti yaxşı olsa da, sonralar bu münasibət bir az pisləşmişdir. Qayınanası Ruqiyə, demək olar ki, hər həftəsonu onu ailəsi ilə birlikdə yaşadığı Şəki rayonunun Oxud kəndində yerləşən evə qonaq çağırmış, həmçinin qayınanasının özü də tez-tez onun yaşadığı evə qonaq gəlmişdir. Onun heç vaxt qayınanası ilə problemi olmamışdır. Təxminən 7-8 il əvvəl Bakı şəhəri Xocasən qəsəbəsində yaşadığı evə gedərkən qayınanası Ruqiyənin onlara qonaq gəldiyini görmüş, qayınanası ondan gecə vaxtı hara getməsini, haradan gəlməsini soruşmuş, o isə həmin vaxt bu sualına əsəbiləşərək ona “qonaq gəlmisən, qonaq kimi də get” demiş, qayınanası ona demişdir ki, bəs nə üçün arvadı Türanəni yaşadığı evə qeydiyyata salmamışdır. O, bu məsələnin ona aidiyyatının olmadığını deyib cavabını vermiş, Ruqiyə həmin vaxt ona demişdir ki, qızını ondan boşatdıracaq. Qayınanasının bu sözü onun əsəbinə çox toxunsa da, həmin vaxt bunu biruzə verməmiş, Ruqiyə həmin sözü ona deyən zaman arvadı Türanə anasına cavabında “mən həyatda bir dəfə evlənirəm, ölənə kimi də bununla yaşayacam” demiş, bundan sonra o, Ruqiyəyə cavab verməmişdir. 12.01.2021-ci il tarixdə qızı Nuranə Cəlilovanın ad günü olduğu üçün bilmişdir ki, qayınanası onlara qonaq gələcək və axşam birlikdə süfrə arxasında oturulacaq. O, günorta vaxtı özü üçün gəzməyə çölə çıxmış, Şəki şəhərində “Məmməd Əfəndi ziyarətgahı” adlanan yerin yaxınlığında olarkən həmin ziyarətgahın yanında yerləşən mağazadan spirtli içki almış, dükandan çıxdıqdan sonra həmin spirtli içkidən bir az qəbul etmiş və “inək” konfeti yemiş, həmin ərəfədə oğlu Nurlan istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, evdə süfrəyə oturduqlarını demiş, o isə bir azdan evə gələciyini demiş, əynindəki gödəkçənin cibində əvvəlcədən olan almanın yarısını yeyib yenidən cibinə qoymuş, bir az gəzdikdən sonra yenidən spirtli içki qəbul etmiş və spirtli içki bitdikdən sonra butulkanı tullamış, bundan sonra yaşadığı evə getmişdir. Evə daxil olanda qonaq otağında anası Şahid1, arvadı Türanə Cəlilovanın, X15nın və uşaqlarının süfrədə oturduqlarını görmüş, evə gələndə əynində olan gödəkçəni çıxarıb qonaq otağına qoymuş, qonaq otağına daxil olanda anası qayınanası ilə birlikdə stolu olduğu yerdən götürüb divara tərəf qoymuşlar. Stolun yerinin dəyişdirilməsi onun qəzəbinə toxunduğu üçün o, təpiklə stola vurmuş və stol qırılmış, azyaşlı qızı qaçıb gizlənmiş, arvadı da qızının arxasınca yataq otağına getmiş, stolun üzərində olan qəndqabı, kompot yerə dağılmışdır. O, anası ilə qayınanasına “məni gözləyirdiz? Noldu, bayaqdan stol otağın ortasında idi, mən gələndə dəyişdiz” demiş, anası ona “stoldu da, nə fərqi var ortada oldu, ya kənarda oldu” demiş, anası əliylə onun boyun nahiyəsinə vurmuş, həmin vaxt qayınanası “bu işin axırı yoxdu. Qızımı boşatdıracam” demiş, qayınanası bunu deyəndə o, şiddətli əsəb yaşamış, əvvəllər Xocasən qəsəbəsində deməsi də yadına düşmüşdür. Bundan sonra o, evin mətbəxinə gedərək çəngəlbıçaq-qaşıq olan şkafın rəfini hirslə özünə tərəf dartmış, rəfdən düşən və çörək kəsmək üçün istifadə etdikləri ağ-qırmızı rəngli dəstəyi olan bıçağı götürərək qayınanasının üzərinə getmiş, qayınanası evin tualetinin qarşısında olduğu üçün o, sol əliylə qayınanasının boğazından yapışmış və sıxmağa başlamış, bıçaq isə sağ əlində olmuş, bıçağı gizlətdiyi üçün heç kim görməmiş, həmin vaxt o, “bura Xocasən deyil” deyib əlindəki bıçağı qayınanasının qarın nahiyəsinə soxmuş, qayınanasından xırıltı səsi gəlmiş və tualetin qapısına tərəf yıxılmışdır. Anası “vay aman öldü arvad” demiş, o da anasına “ölən zibil deyil” demiş, həmin dəqiqə arvadı da yataq otağından koridora çıxmış və qışqırmağa başlamış, arvadı və anasının səs-küyünə qonşular gəlmiş, o, qonaq otağında olan tünd qəhvəyi rəngli paltonu əyninə geyinib evdən çıxmış, evdən çıxan zaman o, çönüb qayınanası tərəfə baxmış, həmin vaxt evdəkilər qayınanasını koridorda uzatmağa çalışmış və rəngi saralmışdır. O, evdən çıxmış və pilləkənlə aşağı düşərkən ağlamağa başlamış, öz-özünə nə iş gördüyünü düşünmüş, yola çıxıb yaşadığı evin yaxınlığındakı “Kent” adlanan mağazanın yanında siqaret çəkmiş, görmüşdür ki, təcili tibbi yardım maşını gəlmişdir. Əraziyə tez-tez təcili tibbi yardım maşını gəldiyi üçün həmin yardımın onların evinə gəldiyini təxmin etmiş, az sonra polis əməkdaşları da həmin əraziyə gəlmiş və o, başa düşmüşdür ki, polislər baş vermiş hadisə ilə bağlı gəliblər. Bundan sonra o, həmin polis əməkdaşlarına yaxınlaşaraq “axtardığınız adam mənəm” deyərək təslim olmuşdur. Hadisə 12 yanvar 2021-ci il tarixdə, saat hardasa səkkiz tamam, doqquzun yarısı arası yaşadığı Şəki şəhəri Bağbanlar küçəsi ev 59V mənzil 32 ünvanında baş vermiş, hadisə baş verən zaman yanında anası Şahid1 olmuş, o, bıçaqla qayınanasını vurduqdan dərhal sonra arvadı otaqdan çıxaraq qışqırmağa başlamışdır. X22 öldürmək niyyəti olmamış, qayınanasını bıçaqla vurmaq niyyəti aralarında yaranmış mübahisə zamanı qəflətən yaranmış, Ruqiyəni qorxutmaq istəmiş, əlində olan bıçağı qayınanasına tərəf apararkən istəmişdir ki, bıçağı tərs çevirməklə dəstəyini ona vuraraq onu qorxutsun. Lakin bunu bacara bilməmiş və bıçaq qayınanasının qarın nahiyəsinə girmişdir. Baş vermiş hadisəyə səbəb qayınanasının “qızımı boşatdıracam” deməsi olmuş, əvvəllər də həmin ifadəni işlətdiyi üçün bu, onun çox əsəbinə toxunmuş, nəticədə qisas almaq üçün bu cür hərəkətə yol vermiş, hadisə vaxtı o, sol əliylə Ruqiyənin boğazından tutaraq sıxdığı üçün Ruqiyə ona müqavimət göstərə bilməmişdir. Həmin vaxt arvadı Türanə Cəlilova, azyaşlı uşaqları Nurlan və Nuranə evdə olsalar da, onlar baş vermiş hadisəni görməmişlər, onlar həmin vaxt yataq otağında olmuş, anası isə onun yanında olduğu üçün baş vermiş hadisəni görmüşdür. O, həmin vaxt iki azyaşlı uşağının və Türanənin yaşadığı evdə olduğunu bilmiş, uşaqlar öz yataq otaqlarında, arvadı Türanə isə qonaq otağında olmuş, Türanə həmin vaxt qonaq otağında nəsə iş görmüş, hadisə baş verən zaman Türanə onlardan təxminən 2- 3 metr aralıda olmuş, qonaq otağının ümumiyyətlə qapısı olmadığından həmin vaxt otaq da açıq olmuş, baş vermiş hadisəni evdə olan hər kəs görə bilərmiş, çünki o, evin dəhlizində Ruqiyə Əhmədovanı bıçaqla vurmuş, arvadı və azyaşlı uşaqları hadisə baş verən zaman dəhlizə çıxa bilər və hadisəni görə bilərmiş, lakin azyaşlı uşaqları öz yataq otaqlarında, arvadı isə qonaq otağında olmuş, onlar həmin vaxt baş vermiş hadisəni görməmişlər. O, qayınanasından başqa evdə olan heç kimə xəsarət yetirməmişdir. O, mütəmadi olaraq spirtli içki qəbul etmiş və spirtli içki qəbul etdikdən sonra çox vaxt biləklərini kəsmiş, hadisə vaxtı da spirtli içkinin təsirində olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs X15nı öldürmək istəmədiyini, hadisə vaxtı əsəbi olduğunu, hadisə baş verən yer ilə arvadı Türanə Cəlilovanın olduğu yer arasındakı məsafəni dəqiq bilmədiyini, qayınanasını bıçaqla vurandan sonra arvadının səs eşidib gəldiyini, arvadının hansı otaqdan çıxıb oraya gəldiyini bilmədiyini, qonaq otağından baxdıqda hadisə baş verən yerin göründüyünü bildirdi. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, hadisə baş verən axşam qızının 12 yaşı tamam olmuş və onun doğum gününü qeyd etmişlər. Oğlu Nurlan əri Təqsirləndirilən şəxs zəng edəndə Rahim onların yeyib-içmələrini, özünün də bir azdan gələcəyini bildirmişdir. Rahim evə gələn zaman onların stolun yerini dəyişdiklərini görüb əsəbiləşmişdir. X6 ilə əri Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, daha sonra Rahim mətbəxə getmiş, ancaq o, həmin vaxt Rahimin bıçaq götürdüyünü bilməmişdir. X28 yerə yıxılanda səs eşitmiş, nə isə baş verdiyini bilib onun üstünə qaçmış, anasını yerdən qaldırmaq istəyəndə onun üstünün qan olduğunu görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə istintaqının gedişində əvvəlcə təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirsə də, çıxışlar mərhələsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün nəvəsinin doğum günü olmuş, qudası X17 ilə masa ətrafında oturub yemək yemişlər. Oğlu Təqsirləndirilən şəxs sərxoş halda evə gələndə onlar həmin stolu otağın kənarına tərəf çəkmişlər. Oğlu da onu görüb onlara nə üçün stolun yerini dəyişdiklərini deyərək irad bildirmişdir. O da oğluna otaqda genişlik olsun deyə stolu kənara qoyduqlarını deyib ona acıqlanmışdır. Oğlu X15 ilə mübahisə etməyə başlamışdır. X5 xoşagəlməz söz dediyinə görə oğlu əsəbiləşərək evdən çölə çıxmışdır. O, qudası Ruqiyə Əhmədova ilə yataq otağına keçəndə oğlu da oraya gələrək yenə də qayınanası ilə mübahisə etməyə başlamışdır. Sonra oğlu otaqdan çölə çıxmışdır. X15 da onun dalınca getmişdir. Bir qədər sonra o, tappıltı səsini eşitmiş və qaçıb baxanda qudası Ruqiyənin yerə yıxıldığını görmüşdür. Onu yerdən qaldırmaq üçün çəkəndə qan olduğunu görmüş, qışqıraraq ağlamağa başlamışlar. Ancaq həmin vaxt oğlu Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə və mütəxəssisin iştirakları ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Hadisə baş verən gün bacısının ad günü olduğundan süfrə açaraq oturub yeyib-içmişlər. O, atası Təqsirləndirilən şəxs zəng edib onun harada olduğunu soruşduqda atası ona yolda olduğunu və evə gəldiyini demişdir. Stolun ayağı narahat olduğundan həmin stolun yerini dəyişmişlər. Atası evə gəlib bunu gördükdə stolun yerini nə üçün dəyişdiklərini deyərək mübahisə etməyə başlamış, stolu dağıtmışdır. Həmin vaxt nənəsi Şahid1 öz otağına keçmiş, digər nənəsi Ruqiyə Əhmədova isə atası ilə mübahisə etmişdir. Bundan sonra da qeyd edilən hadisə baş vermişdir. O, hadisəni görməmişdir, səs eşidib dəhlizə çıxanda nənəsinin yerdə uzandığını və üstünün qan olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, baş vermiş hadisəni görməmiş, sonradan ona bu barədə məlumat verilmişdir. Əvvəllər də bacısının əri Təqsirləndirilən şəxsla anasının arasında söz-söhbət olduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şəki şəhəri, Bağbanlar küçəsindəki 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki ev 59V, mənzil 32 ünvanında yerləşən 3 otaqlı mənzildir. Həmin mənzilə giriş 85x200 sm ölçüdə dəmir materialdan olan ağ rəngli, bir taylı qapıdandır və giriş qapısı dəhlizə açılır. Giriş qapısının sağ tinindən sağ tərəf istiqamətdə 220 sm məsafədə mərhum Ruqiyə Əhmədovanın meyiti vardır. Meyitin əynində boz-qara-ağ rəngli çərçivəli naxışlı uzunqol, öndən düymə ilə bərkidilən kofta, ağımtıl-süd rəngli uzunqol vadalaska, qara rəngli yubka və qara rəngli retuz görünür. Ağımtıl-süd rəngli uzunqol vadalaskaya baxdıqda üzərində gözlə görünən zədə və qanabənzər ləkələr olması müəyyən edildi. Meyitin sol tərəf istiqamətində kovralitin üzərində 10x13 sm ölçüdə qanabənzər ləkə aşkar olundu. Həmin qanabənzər ləkədən 480 sm sağ tərəf məsafədə mətbəxdə masanın üzərində bıçaq aşkar olundu. Həmin bıçağa baxdıqda tutacağının plastmas materiallı, ağ, göy və qırmızı rəngli, tiyəsi 19 sm, dəstəyi isə 11,5 sm, ümumi uzunluğu 31,5 sm olduğu müəyyən olundu. Həmin bıçaqdan sağ tərəfdə 14 sm məsafədə masanın üzərində dəstəyi açıq qəhvəyi rəngdə və taxta materialdan olan tiyəsi 12 sm, dəstəyi 11,5 sm, ümumi uzunluğu isə 23,5 sm olan bıçaq görünür. Qeyd olunan bıçaqdan 45 sm məsafədə masanın üzərində qara və boz rəngli dəstəyi olan tiyəsi 12 sm, dəstəyi 11 sm, ümumi uzunluğu isə 33 sm olan bıçaq vardır. Həmin bıçaq şərti olaraq 5 rəqəmi ilə işarələndi. Mətbəxə baxış keçirilərkən mətbəx mebelinin siyirtmələrinin yerindən çıxarılmış və yerə düşmüş, siyirtmələrin içərisindəki əşyaların isə döşəmə üzərinə dağılmış vəziyyətdə olması müəyyən olundu. Giriş qapısının sağ tinindən sağ tərəf istiqamətdə 330 sm məsafədə qonaq otağı vardır. Qonaq otağının ölçüləri 300x580 sm olmaqla hündürlüyü 270 sm-dir. Həmin otağın qapısının sol tinindən 145 sm məsafədə yerə aşmış vəziyyətdə stul və 180 sm məsafədə qırılmış taxta masanın hissələri vardır. Qonaq otağının qapısının sol tinindən sol tərəf istiqamətdə 215 sm məsafədə divanın üzərində 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd papaq vardır. Bundan başqa meyitin sol ayağından 80 sm məsafədə 570x300 sm ölçüdə yataq otağı vardır. Həmin otaqda yerləşən 180x200 sm ölçüdə olan çarpayının üzərində qara rəngli əl çantası vardır. Baxış iştirakçısı Ruqiyə Əhmədova bildirdi ki, həmin çanta və çantanın içərisindəki əşyalar mərhuma məxsus olmuşdur. Çantaya baxış keçirilərkən ağ rəngli «Samsung» markalı smartfon tipli mobil telefon aşkar olundu. Meyitin sağ ayağının pəncəsindən sağ tərəf istiqamətdə 60 sm məsafədə 70x140 sm ölçüdə sanitar qovşağı yerləşir. Sanitar qovşağına giriş 60x180 sm ölçüdə olan taxta qapıdandır. Sanitar qovşağına bitişik formada 60x180 sm ölçüdə hamam yerləşir. Hamama giriş 60x180 sm ölçüdə olan taxta qapıdandır. Sanitar qovşağının və hamamın hündürlüyü 230 sm-dir. Hadisə yerinə baxış keçirilməsi zamanı hadisə yerindən bir ədəd üzərində qanabənzər ləkələr olan kovralit hissəsi, Təqsirləndirilən şəxs məxsus 1 ədəd gödəkçə, 1 ədəd papaq, 3 ədəd mətbəx bıçağı, bir ədəd «Samsung» markalı smartfon tipli mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 04-15) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Meyitə baxış keçirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: Boz-qara-ağ rəngli çərçivəli naxışlı uzunqol, öndən düymə ilə bərkidilən kofta. Ağımtıl-süd rəngli uzunqol vadalaska. Vadalaskanın aşağı kənarı qanla bulaşıqdır, aşağı kənarından 14.5 sm yuxarıda sol yan tikişdən 21.5 sm sağda 2.5x0.7 sm ölçüdə boylama çəp istiqamətli, kənarlarından sapları düzxətli trayektoriya üzrə kəsilmiş dəlib keçən zədə vardır. Zədənin ətrafında qırmızımtıl rəngli qanabənzər maddə ilə çirklənmələr vardır. Ağ qolsuz mayka. Maykanın aşağı kənarında 19.5 sm yuxarıda sol yan tikişdən 21 sm sağda 2.5x0.7 sm ölçüdə boylama-çəp istiqamətli, kənarlarındakı sapları düzxətli trayektoriya üzrə kəsilmiş dəlib keçən zədə vardır. Zədənin ətrafında qırmızımtıl rəngli qanabənzər maddə ilə çirklənmələr vardır. Ağ qolsuz maykanın altında bənövşəyi-ağ naxışlı büstqalter vardır. Qara rəngli yubka. Qara rəngli retuz. Mavi rəngli corab. Qəhvəyi rəngli trusik. Paltarlar əvvəllər istifadə olunmuşdur. Yuxarıda qeyd edilən zədələrdən başqa digər zədə aşkar edilmədi. Meyit qadın cinslidir. Düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 165 sm-dir. Meyit əllədikdə soyuqdur. Meyit qacıması yalnız çeynəmə əzələsində zəif inkişaf etmişdir. Meyit ləkələri meyitin arxa səthində zəif büruzə olunur və barmaqla təzyiq etdikdə rəngi itir, 30 saniyə sonra öz əvvəlki rəngini bərpa edir. Meyitin saçları qırmızımtıl-qəhvəyi rənglidir, uzunluğu 15-20 sm-dir. Kəllə-tağı sümükləri əllədikdə tamdırlar, burnu, gözləri və qulaq seyvanları adi quruluşdadır, gözləri qapalıdr. Bəbəklər bərabər-simmetrik genəlmişlər. Diametri 0.4 sm-dir. Hər iki gözün ağlı qişasında qansızma yoxdur. Xarici qulaq seyvanlarında sırğalıq hissədə 01 cüt sarı rəngli metaldan sırğa, 01 ədəd sarı rəngli metaldan üzük və sol əldə 01 ədəd qol saatı vardır. Ağzı yarımaçıqdır, dişləri protezdir, dil diş xəttindən arxada yerləşmişdir. Burunu adi quruluşdadır. Xarici qulaq keçəcəkləri, burnu və ağız boşluqları təmizdir, sərbəstdir. Üz-skelet sümükləri əllədikdə tamdırlar. Boyunu adi quruluşdadır, adi hərəkətlidir, krepitasiya yoxdur. Döş qəfəsi silindrikdir. Əllədikdə körpücük sümükləri, döş sümüyü, qabırğalar, yuxarı və aşağı ətraflar, çanaq və əllənən digər sümüklərdə patoloji hərəkətlilik (krepitasiya)-sınıq müəyyən edilmədi. Qarın yumuşaqdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını örtür. Uşaqlıq yolu ifrazatsızdır, zədəsizdir. Arxa keçəcək şüavari büküşlüdür. Sfinkter bir qədər boşalıb, ətrafı təmizdir, zədəsizdir. XƏSARƏT: Qarının ön divarında, epiqastral nahiyədə, orta xəttdən 1.6 sm solda, göbəkdən 14.5 sm yuxarıda bir qədər boylama-çəp istiqamətli, 2.4x0.9 sm ölçüdə, kənarları hamar, qırmızımtıl rəngli qansızmalı, əllə müayinə etdikdə qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yara vardır. Meyitin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətdən başqa digər xəsarət müəyyən olunmadı. X2 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş bir ədəd boz-qara-ağ rəngli uzunqol kofta, bir ədəd ağımtıl-süd rəngli uzunqol vadalaska, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd bənövşəyi-ağ naxışlı büstqalter, bir ədəd qara rəngli yubka, bir ədəd qara rəngli retuz, bir cüt mavi rəngli corab, bir ədəd qəhvəyi rəngli trusik, bir cüt sarı rəngli metaldan sırğa, bir ədəd sarı rəngli metaldan üzük, bir ədəd qol saatı, həmçinin dırnaq və tük nümunələri götürülmüşdür. (cild 01, iş vər. 17-25) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair tərtib olunmuş 12 yanvar 2021-ci il tarixli, 06 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olması aşkar edilmişdir. (cild 01, iş vər. 30-31) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini bir daha təsdiq edərək əyani şəkildə göstərmişdir. (cild 01, iş vər. 68-75) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13.01.2021-ci il tarixli “əşyaların tanınması haqqında” protokoldan görünür ki, hadisə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd bıçağı tanınma üçün şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edildi. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq şərti olaraq 3 rəqəmi ilə nömrələnərək şərti olaraq 1, 2 və 4 rəqəmləri ilə nömrələnmiş, həmin bıçaqdan görünüşü ilə kəskin fərqlənməyən digər 3 ədəd bıçaqla birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edildi və ünvan 3 ünvanda qeydiyyatda olduğu və yaşadığı evdə istifadə edilmiş bıçağı göstərməsi Təqsirləndirilən şəxs təklif edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuş bıçaqlar barəsində ona heç bir məlumat verilmədiyini bildirərək 4 ədəd bıçağı nəzərdən keçirib göstərdi ki, şərti olaraq 3 rəqəmi ilə nömrələnmiş bıçaq onun ailə üzvləri tərəfindən ünvan 3 ünvanda yerləşən evdə istifadə edilmiş və həmin bıçağın haradan və nə vaxt alındığını xatırlamır. Bundan sonra Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bıçağı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunduqda sonuncu həmin bıçağı ölçüsünə, dəstəyində ağ-qırmızı-göy rənglərinə, tiyəsinin gümüşü rəngdə olmasına və çörək kəsmək üçün istifadə edildiyinə görə görə tanıya bildiyini bildirdi. (cild 01, iş vər. 76-79) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12.01.2021-ci il tarixli “Raport”dan görünür ki, 12.01.2021-ci il tarixdə Şəki MRX-nin 103 xidmətindən İ.Abbasov telefonla məlumat verərək Şəki şəhəri Bağbanlar küçəsi bina 59 mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qaynX6nı bıçaqla qətlə yetirməsini bildirmişdir. Məlumat yoxlanılan zaman Şəki şəhəri Bağbanlar küçəsi bina 59 mənzil 32-də Təqsirləndirilən şəxs yaşadığı evdə qaynX6nı bıçaqla qətlə yetirməsi faktı öz təsdiqini tapmışdır. (cild 01, iş vər. 148) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 X29 13.02.2021-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, “X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar olunmuşdur: qarnın ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələyən və kəskin daxili qanitirməyə səbəb olan deşilmiş-kəsilmiş yara. X1 ölümünə səbəb qarnın ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma olmuşdur və ölüm meyitin müayinəsindən 3-4 saat əvvəl olmaqla qərarda qeyd edilən tarix və müddətə uyğundur. Bu xəsarətlər həyatidirlər, ölümündən az əvvəl iti deşici-kəsici əşyanın(alətin) təsirindən törənmişdir, hadisə yerindən götürülmüş bıçağın təsirindən törənməsi istisna edilmir, dərəcəsinə görə, ölümünə səbəb olduğundan Ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 meyiti üzərində olan xəsarətlər ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkündür. X1 cinsiyyət orqanlarında hər hansı xəsarət və həmçinin zorlamaya xarakterik əlamətlər aşkar edilmədi. X4 hamilə deyildir. X4 ölməmişdən əvvəl spirtli içki, narkotik vasitə və yaxud psixotrop maddə qəbul etməmişdir”. (cild 01, iş vər. 162-166) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 16 fevral 2021-ci il tarixli 83/25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa güclü nevrotik reaksiya ilə cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusuiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən, yəni 12.01.2021-ci il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci madddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 10-12) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 6/396 №-li rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, X14 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin, 01 ədəd sviterin, 01 ədəd maykanın, 01 ədəd yubkanın, 01 ədəd büstqalterin, 01 ədəd retuzun, 01 ədəd alt tumanının, 01 ədəd corabın; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd sviterin və hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, X14 məxsus olduğu qeyd edilən 01 ədəd yubkanın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs oğluna məxsus qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın səthində kənar lif mikrohissəcikləri həmçinin, X14 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X14 məxsus olduğu qeyd edilən sağ və sol əlinin dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sağ və sol əlinin dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri üzərində X14 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur”. (cild 02, iş vər. 19-26) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X29 10.03.2021-ci il tarixli, 91/2021-MTKŞ №-li rəyindən görünür ki, İ.1. Ekspertizaya təqdim edilmiş X14 məxsus vodolazka və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş X14 məxsus büstqalterin sağ-arxa nahiyəsində, qarmaqlar tikilmiş köbə yerindən tam sökülmüş ayrılmışdır. Bu sökülmə küt yaranma mexanizmə malikdir, büstqalterin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. 3. Ekspertizaya təqdim edilmiş X14 məxsus tuman, bir cüt corab, kolqotka, yubka və jaket üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. 4. Ekspertizaya təqdim edilmiş X14 məxsus vodolazkanın və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnının ön divarında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. 5. Ekspertizaya təqdim edilmiş X14 məxsus vodolazkanın və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədəyə görə zərbənin yetirilmə istiqaməti barədə mühakimə yürütmək mümkün olmadı. 6. Xəsarət alan zaman zərərçəkmiş və ona qəsd edən müxtəlif qarşılıqlı vəziyyətdə, həmçinin qərarda göstərilən qarşılıqlı vəziyyətdə ola bilərdilər. 7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İİ. 1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 02, iş vər. 27-34) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X29 10.03.2021-ci il tarixli, 132/2021-MTBŞ №-li rəyindən görünür ki, 1. X8 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - A/İİ/ 2. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - O/İ/. 3.Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus cins şalvar, R.Əhmədovaya məxsus vodolazka, alt mayka, kalqotka, yubka, lifçik, jaket, onun sağ gicgah nahiyəsindən götürülmüş tük nümunəsi, sağ və sol əl-barmaq dırnaq kəsikləri yatağında və kovralit kəsiyi üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən X14 məxsus ola bilər. /əgər onun qanında müşayiətçi H antigeni varsa/ 4. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus sviter, qısa palto, onun tük və dırnaq nümunələri, R.Əhmədovaya məxsus trusik, 01 cüt corab və onun digər tük nümunələri üzərində qana şübhəli ləkələr, mətbəx bıçağı üzərində isə qan aşkar olunmadı. (cild 02, iş vər. 35-41) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, ...“Təqsirləndirilən şəxs qayınX6 ilə aralarında yaranmış mübahisə zamanı Ruqiyə Əhmədovanı qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə onunla mübahisə etdikdən sonra mətbəxdən soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb yataq otağına qayıdarkən həmin anda otaqdan dəhlizə doğru çıxmış Ruqiyə Əhmədovanın əvvəlcə əli ilə boğazından tutub sıxaraq onun müqavimət göstərməsinin qarşısını almış, həmçinin sonuncunun doğma qızı X12, azyaşlı nəvələri xx.xx.2008-ci il təvəllüdlü Şahid2 və 12.01.2014-cü il təvəllüdlü X9 onların yaxınlığındakı qapıları açıq otaqlarda olmalarını, baş verən mübahisəni görüb eşitmələrini, evin sahəsinin kiçik olması səbəbindən dəhliz və yataq otaqlarının bir-birinə çox yaxın olmasını və evdə olan digər şəxslərin də bu hərəkətləri müşahidə edə biləcəklərini bilməsinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə sonuncuların gözləri qarşısında xüsusi iztirab və əzab verəcəyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki mətbəx bıçağı ilə X8 qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd xəsarət yetirərək Ruqiyə Əhmədovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı, xx.xx.2008-ci il təvəllüdlü və 12.01.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı) ilə birlikdə Şəki şəhəri Bağbanlar küçəsi 59 V saylı ictimai yaşayış binasının 32 saylı mənzilində yaşayır. Onun barəsində yaşadığı müddət ərzində davranışından yaşadığı bina sakinləri tərəfindən Şəki Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 202-203) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 213177 nömrəli pensiya işi üzrə ümumi xəstəlikdən 2-ci qrup əlilliyə görə 03.10.2003-cü il tarixdən əmək pensiyası təyin olunmuş və hal-hazırda pensiyanın məbləği 259,78 manatdır. Vətəndaşın pensiyasından heç bir tutulma aparılmır və pensiya ödənişləri X24 filialı vasitəsilə aparılır. (cild 02, iş vər. 88-90) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 207) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, ikinci qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 43-44) Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 4(075)-4/2021 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 108- 111) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması 13.01.2021-ci il tarixdə saat 00:30-da rəsmiləşdirilsə də, cinayət işinin materialları ilə müəyyən olunur ki, sözügedən cinayət hadisəsi 12.01.2021-ci il tarixdə saat 20 radələrində baş vermiş, hadisədən sonra polis əməkdaşları hadisə yerə gəlmiş və Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə saat 21:42-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə göndərilmiş və 12.01.2021-ci il tarixdə saat 21:53-də müvafiq müayinələrdən keçirilmişdir. (cild 01, iş vər. 30-31) CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Belə olan halda, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması 13.01.2021-ci il tarixdə saat 00:30-da rəsmiləşdirilsə də, təqsirləndirilən şəxsin saxlanılması faktiki olaraq 12.01.2021-ci il tarixdə baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 12 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum X14 məxsus bir ədəd kofta, bir ədəd vadalaska, bir ədəd mayka, bir ədəd büstqalter, bir ədəd ətək, bir ədəd retuz, bir ədəd corab, bir ədəd alt tuman, onun dırnaq və tük nümunələri, Təqsirləndirilən şəxs əl-barmaq izləri, dırnaq və tük nümunələri, bir ədəd bıçaq, bir ədəd kovralit hissəsi dəyəri olmadığından, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar və bir ədəd sviter isə tələb edilmədiyindən məhv edilməli, Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd “NOKİA” markalı mobil telefon və hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə özünə qaytarılmalı, X2 meyitinə baxış keçirilməsi zamanı aşkar olunaraq götürülmüş bir cüt sarı rəngli metaldan sırğanın, bir ədəd sarı rəngli metaldan üzüyün, bir ədəd qol saatının, həmçinin Ruqiyə Əhmədovaya məxsus bir ədəd “SAMSUNG GT-S7562” markalı mobil telefonun, hadisə yeri olan evin mətbəxindən götürülmüş iki ədəd bıçaq və bir ədəd papağın zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 209,16 AZN (iki yüz doqquz manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X14 məxsus bir ədəd kofta, bir ədəd vadalaska, bir ədəd mayka, bir ədəd büstqalter, bir ədəd ətək, bir ədəd retuz, bir ədəd corab, bir ədəd alt tuman, onun dırnaq və tük nümunələri, Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri, dırnaq və tük nümunələri, bir ədəd bıçaq, bir ədəd kovralit hissəsi, bir ədəd cins şalvar və bir ədəd sviter məhv edilsin, Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd “NOKİA” markalı mobil telefon və hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə özünə qaytarılsın, X2 meyitinə baxış keçirilməsi zamanı aşkar olunaraq götürülmüş bir cüt sarı rəngli metaldan sırğanın, bir ədəd sarı rəngli metaldan üzüyün, bir ədəd qol saatının, həmçinin Ruqiyə Əhmədovaya məxsus bir ədəd “SAMSUNG GT-S7562” markalı mobil telefonun, hadisə yeri olan evin mətbəxindən götürülmüş iki ədəd bıçaq və bir ədəd papağın zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınsın. İş üzrə 209,16 AZN (iki yüz doqquz manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar