Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-125/2023 26.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Ağdaş rayonunun Hüşün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Ağdaş rayonunun Hüşün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi, faktiki olaraq sahibliyi və istifadəsində olan, X13 adına olan “VAZ 2103” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonunun Bulaqotağı kəndinin ərazisindən keçən Bulaqotağı- Hüşün kənd yolunda Ağdaş rayonunun Bulaqotağı kəndi istiqamətindən Ağdaş rayonunun Hüşün kəndi istiqamətinə doğru hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətdən artıq sürətlə sürücülük hüququ və etibarnaməsi olmadan idarə etməklə idarə etməni itirib Hüşün kəndi istiqamətində yol çiynində dayanmış vəziyyətdə olan Şahid1 etibarnamə əsasında idarə etdiyi arvadı X4 məxsus “QAZ 33021” yük markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə idarə etdiyi avtomobildə olan sərnişin X8 boyun fəqərələrinin sınığı, alın payına qansızma, başın alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, burun sümüyünün, hər iki almacıq sümüyünün, üst çənə sümüyünün sınığı, sağ qaş nahiyəsinin, sağ körpücük nahiyəsinin yaraları, hər iki gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, qeyd olunan səbəbdən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, etibarlılıq müddəti birmiş etibarnamə əsasında və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlamazdan əvvəl avtomobilin saz vəziyyətdə olub-olmadığı yoxlamış, avtomobildə heç bir texniki problem olmamış və avtomobil tam saz vəziyyətdə olmuşdur. Həmin avtomobil ilə 23 oktyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində dayısı X14 ilə birlikdə Ağdaş rayonunun Bulaqotağı kəndindən Ağdaş rayonunun Hüşün kəndinə gedən zaman dayısı Faris Qarayev avtomobilin ön sağ oturacağında əyləşmişdir. Həmin tarixdə saat 19 radələrində Bulaqotağı-Hüşün istiqamətində maksimum sürət həddi 60 km/saat olan asfalt örtüklü yolda 90-100 km/saat sürətlə avtomobili idarə edən zaman yol bir qədər döngəli olduğu üçün avtomobili əvvəlcə sol zolaqla, yolun döngəli hissəsi bitdikdən sonra isə orta hissəsi ilə hərəkət etdirmiş, avtomobili yolun sağ zolağına hərəkət etdirmək üçün sükanı sağ tərəfə çevirən zaman idarəetməni itirmiş və bu zaman əyləci sıxmasına baxmayaraq, idarə etdiyi avtomobilin ön hissəsi yolun hərəkət hissəsindən sağ kənarda dayanmış “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobilin ön oturacağında əyləşmiş dayısı Faris Qarayev ölmüşdür. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum X14 onun əri olmuşdur. 13 oktyabr 2022-ci il tarixdə X25 rayonunun Bulaqotağı kəndində yerləşən bağ sahəsindən meyvə yığıb satmaq üçün Sumqayıt şəhərindən Ağdaş rayonunun Bulaqotağı kəndində getmişdir. 23 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində hazırda xatırlamadığı qohumlarından bir nəfər ona zəng edərək əri Faris Qarayevin yol-nəqliyyat hadisəsi nəticəsində qəzaya uğradığını demiş, o da dərhal Sumqayıt şəhərindən Ağdaş rayonuna gəlmişdir. Orada olan zaman əri Faris Qarayevin bacısı oğlu Təqsirləndirilən şəxslə birlikdə sonuncuya məxsus avtomobillə hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə əri Faris Qarayevin ölməsi ona məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “QAZ 33021 markalı”, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun arvadı X4 məxsusdur. 23 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Şahid4 ilə birlikdə Ağdaş şəhəri, dördyol dairəsi istiqamətindən Ağdaş rayonunun Hüşün kəndi istiqamətində hərəkətdə olan zaman səhhətində olan problemlə əlaqədar qəza dayanma işıq siqnalını yandırıb avtomobili yolun sağ çiynində olan torpaq hissəyə hərəkət etdirərək orada dayandırmış, daha sonra o və Şahid4 avtomobildən aşağıya düşüb avtomobilin arxa tərəfinə keçmişlər. Orada olan zaman arxa tərəfdən yüksək sürətlə “VAZ 2103” markalı avtomobilin idarəetməni itirərək onların dayandıqları yerə tərəf gəldiyini görmüşlər və dərhal kənara hərəkət etmişlər. Bu zaman “VAZ 2103” markalı avtomobilin ön hissəsi onun avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə onun avtomobili yolun sağ tərəfindən axan su kanalına düşmüş, “VAZ 2103” markalı avtomobil isə fırlanaraq asfalt hissədə dayanmışdır. Daha sonra o və Şahid4 “VAZ 2103” markalı avtomobilə yaxınlaşdıqda avtomobili Təqsirləndirilən şəxs idarə etməsi, avtomobilin ön oturacağında isə Faris Qarayevin əyləşməsi ona məlum olmuşdur. Daha sonra dərhal təcili tibbi yardım xidmətinə məlumat vermişlər və bir müddət sonra təcili tibbi yardım avtomobili oraya gələrək həmin şəxsləri xəstəxanaya aparmışdır. Bir müddət sonra oraya polis əməkdaşları gəlmiş və müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin X28 bölməsinin Yol-Patrul xidmətinin baş inspektoru vəzifəsində işləyir. 23 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində xidmətdə olan zaman Ağdaş RPŞ-nin Növbətçi hissəsindən Hüşün-Bulaqotağı kənd yolunun Ağdaş rayonunun Bulaqotağı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin olması barədə məlumat daxil olmuş və hadisə yerinə getdikdə “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin “Qaz 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması ona məlum olmuşdur. Bundan sonra o, hadisə yerinin mühafizəsini təşkil etmiş, bir müddət sonra isə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bulaqotağı-Hüşün kənd yolunun Ağdaş rayonunun Bulaqotağı kəndinin ərazisində olan zaman yol kənarında yol-nəqliyyat hadisəsinin olmasını görüb avtomobilini saxlayaraq avtomobildən aşağı düşmüş, bu zaman yol-nəqliyyat hadisəsini törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu, hadisə nəticəsində sonuncunun idarə etdiyi “VAZ 2103” markalı, 23-BB- 136 dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində olduğunu, Şahid1 məxsus olan “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə su kanalına aşdığını görmüşdür. Daha sonra hadisə yerinə baxış keçirən polis əməkdaşlarının dəvəti ilə həmin istintaq hərəkətində hal şahidi qismində iştirak etmiş və baxış keçirilən zaman hadisə yerində “VAZ 2103” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 20 metr tormoz (əyləc) izi aşkar olunmuşdur. Daha sonra müvafiq protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:44-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasından 02 avtomobilin toqquşması nəticəsində naməlum markalı avtomobilin çaya düşməsi, “VAZ 2103” markalı avtomobildə isə 2 nəfər şəxsin qalması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Ağdaş Rayon Mərkəzi X1 “qapalı kəllə-beyin travması, beynin əziyi, aqonal vəziyyət, çənə və burun sümüyünün sınığı” xəsarətlərini alması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Təqsirləndirilən şəxs “qapalı kəllə-beyin travması, alının cırılmış-kəsilmiş yaraları, ümumi bədənin əziyi, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişən sınığı xəsarətlərini alması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Ağdaş Rayon Mərkəzi X1 ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yo-nəqliyyat hadisəsinin baş verdiyi yer Ağdaş rayonunun Bulaqotağı kəndinin ərazisindən keçən Bulaqotağı-Hüşün avtomobil yoludur. Yol asfaltbeton örtüklüdür, döngəli, düz və qurudur, yolda 02 hərəkət istiqaməti və 02 hərəkət zolağı vardır. Yolun hərəkət hissəsinin ortasında qırıq-qırıq nişanlanma xətti vardır. Hadisə baş vermiş yolun hərəkət hissəsinin ümumi eni 6 metr, hər hərəkət zolağının eni isə 3 metrdir. Bulaqotağı-Hüşün istiqamətində yolun sağ və sol tərəfində yolun hərəkət hissəsinə torpaq sahə birləşir, yolun sağ tərəfindəki torpaq sahənin eni 2,5 metrdir, yolun sağ tərəfindən torpaq sahədən sonra su kanalı yerləşir. “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında dayanmış vəziyyətdə olan “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu yer Bulaqotağı-Hüşün istiqamətində olan asfalt yolun sağ kənarındakı torpaq sahəsidir. “VAZ 2103” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında dayanmış vəziyyətdə olan “QAZ” 33021 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra “QAZ 33021” markalı, O3-BJ-893 dövlət qeydiyyat nişanlı avtomobil torpaq sahəsinin sağında olan su kanalına aşmışdır. Hadisə baş verdikdən sonra “VAZ 2103” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön təkəri yolun sağından 2,1 metr, sağ ön təkəri yolun sağından 1,6 metr, sağ arxa təkəri yolun sağından 3 metr, arxa sol təkəri isə yolun solundan 2,5 metr məsafədədir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 20 metr tormoz (əyləc) izi aşkar edilmişdir. Hadisə havanın qaranlıq vaxtı baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23 noyabr 2022-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, mərhum X8 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “boyun fəqərələrinin sınığı, alın payına qansızma, başın alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, burun sümüyünün, hər iki almacıq sümüyünün, üst çənə sümüyünün sınığı, sağ qaş nahiyəsinin, sağ körpücük nahiyəsinin yaraları, hər iki gözətrafı nahiyənin qançırı” diaqnozu ilə, 23 oktyabr 2022-ci il tarixdə küt alət təsirindən törənmiş, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Mərhumun ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur. Mərhumun meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. Mərhumun ölümü meyitin müayinəsindən ən azı 2, ən çoxu 4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis X22 Polisi Bölməsindən daxil olmuş 14 fevral 2023-cü il tarixli 9/3-13- 62/2-4183/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis X22 Polisi Bölməsindən daxil olmuş 14 fevral 2023-cü il tarixli 9/3-13- 62/2-4184/2023 nömrəli məktubdan görünür ki, Ağdaş rayonunun Bulaqotağı kəndinin ərazisindən keçən Bulaqotağı-Hüşün avtomobil yolunda sürət həddi 60 km/saat-dır. Təqsirləndirilən şəxs 20 oktyabr 2016-cı il tarixdə sürücülük hüququ olmadan avtomobili sərxoş halda idarə etdiyi üçün barəsində protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli 393/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 fevral 2023-cü il tarixli 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “müştərək travma, qapalı kəllə-beyin travması, hər iki beyin yarımkürələrində qansızmalar, alın sümüyünün yerdəyişmiş sınığı, sol gicgah, sağ almacıq sümüyünün yerdəyişməmiş sınıqları, sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ qaşüstü nayihənin yarası” diaqnozu ilə, 23 oktyabr 2022-ci il tarixdə küt alətin təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 yanvar 2023-cü il tarixli 8/278 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2023-cü il tarixli 290/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən, onda hal-hazırda 23 oktyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu müştərək travma ilə əlaqədar “Sağtərəfli alın sümük-plastik dekompression trepanasiya, basılmış sınığın qaldırılması və kranioplastika, alın nahiyəsinin əzilmiş yarasının birincili cərrahi işlənilməsi” və “Sağ budun açıq reduksiyadan sonra kilidli millə intramedulyar metalloosteosintezi” cərrahi əməliyyatlardan sonrakı vəziyyətin olduğu müəyyən edildi. Hazırki vəziyyətlə əlaqədar Təqsirləndirilən şəxs adekvat müalicəyə və reabilitasion prosedurlara ehtiyacı vardır. Təqsirləndirilən şəxs hazırki vəziyyəti ilə əlaqədar onun sərbəst şəkildə kənar şəxslərin köməyi olmadan məhkəmə proseslərində iştirakının mümkünlüyü müalicə və reabilitasiya prosedurlarından sonra təyin oluna bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 582/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən, onda hal-hazırda 23 oktyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu müştərək travma ilə əlaqədar “Sağtərəfli alın sümük-plastik dekompression trepanasiya, basılmış sınığın qaldırılması və kranioplastika, alın nahiyəsinin əzilmiş yarasının birincili cərrahi işlənilməsi” və “Sağ budun açıq reduksiyadan sonra kilidli millə intramedulyar metalloosteosintezi” cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyətin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu və almış olduğu adekvat müalicədən sonra onun məhkəmə proseslərində iştirakı mümkündür. Həmçinin cəza çəkməsinə mane olan ağır xəstəliklər müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD seriyalı, 189565 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AA seriyalı, 021454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X16r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 18 fevral 2023-cü il tarixli PHŞ-6-22/2-248/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə CM-in 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini demiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan maddə ilə özünü təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ibtidai istintaq zamanı qeyd etdikləri sonuncunun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan AA seriyalı, 021454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2103” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X16r. Həmin xüsusatla bağlı X21 20 fevral 2023-cü il tarixdə ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən qeyd olunan avtomobilin mərhum atası X17 məxsus olduğunu və həmin avtomobili faktiki olaraq Təqsirləndirilən şəxs satdıqlarını, lakin sonuncunun göstərilən avtomobili öz adına rəsmiləşdirmədiyini və yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə baş verən zaman “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması qəbul edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 fevral 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Hüşün kəndində yaşayır, 12 iyul 2011-ci ildə doğulmuş Turan Qocayev, 17 sentyabr 2012-ci ildə doğulmuş Təhminə Qocayeva və 08 may 2014-cü ildə doğulmuş Səma Qocayeva onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, X2 rayonunun Bulaqotağı kəndində yaşamışdır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X15, X9 və X10 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsi, hadisə nəticəsində qohumu olan dayısının ölməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışması, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmaması, himayəsində azyaşlı uşaqlarının olması, habelə komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2023-cü il tarixli 290/KEŞ nömrəli və 19 sentyabr 2023-cü il tarixli 582/KEŞ nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi nəticəsində almış olduğu müştərək travma ilə əlaqədar “Sağtərəfli alın sümük-plastik dekompression trepanasiya, basılmış sınığın qaldırılması və kranioplastika, alın nahiyəsinin əzilmiş yarasının birincili cərrahi işlənilməsi” və “Sağ budun açıq reduksiyadan sonra kilidli millə intramedulyar metalloosteosintezi” cərrahi əməliyyatlardan sonrakı vəziyyətlə bağlı adekvat müalicəyə və reabilitasion prosedurlara ehtiyacının olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 03 (üç) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Müətəllim oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Müətəllim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-125/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-125/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver