Məhkəmə qərarları › İş №1(091)-126/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-126/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-126/2022 24.08.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2irayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədi ilə 2020-ci ilin yanvar ayında Yevlax rayonu, Malbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq onu Türkiyə Respublikasının Sinop şəhərində işlə təmin edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə 17 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Sinop şəhərinə getmiş, sonuncu Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra 19 fevral 2020-ci il tarixdən 25 fevral 2020-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Eyni zamanda, o, təkrarən tamah məqsədi ilə 2021-ci ilin avqust ayının sonlarında Yevlax şəhəri, Nizami prospekti, ev 21 ünvanında olarkən Zərərçəkmiş şəxs2 ilə danışaraq onu Türkiyə Respublikasının Sinop şəhərində işlə təmin edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə 30 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Sinop şəhərinə getmiş, sonuncu Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra 01 oktyabr 2021-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, İlahəmi uşaq yaşlarından tanıyır, sonuncu ilə ailəvi gediş-gəlişi olmuş, həmçinin İlahəm onun yanında böyümüşdür. Aynurla Yevlax şəhərində qonşu olmuş, münasibətləri ailəvi də çox yaxın olmuşdur. Aynur o, azadlığa çıxdıqdan sonra Türkiyəyə bacısının yanına getmək istəmiş, o da tanışının dəvəti ilə işləmək üçün Türkiyəyə getmişdir. Buna görə də qərara gəlmişlər ki, birlikdə işləməyə getsinlər, maddi ehtiyaclarını ödəsinlər. Həmin vaxt Aynur özü ilə 500 manat pul götürmüş, 17 fevral 2020-ci il tarixdə dövlət sərhədini keçib Türkiyənin Sinop şəhərinə getmiş, orada olarkən gürcü tanışı telefon zənglərinə cavab verməmiş, çarəsiz qalıb bir neçə gün hoteldə qalmış və geri Azərbaycana qayıtmışlar. Həmin vaxt nə Aynur, nə də o fahişəliklə məşğul olmamışlar. İlahəm narkotik alüdəçisidir, bu faktı Yevlax şəhərində hamı bilir. 2021-ci ilin ortalarında İlahəmin anası xahiş etmişdir ki, İlahəm narkotikdən əl çəkmir, sonuncunu müalicə etdirmək üçün özü ilə birlikdə Türkiyəyə aparsın. Yaxın münasibətləri olduğu üçün etiraz etməmiş, İlahəmin pasport almasında, həmçinin yol pulunda onun hər hansı iştirakı olmamışdır. İlahəmlə birlikdə 30 sentyabr 2021-ci il tarixdə dövlət sərhədini keçməklə Sinop şəhərinə getmiş, o, Sinopda özünə xalça sexində iş tapmış, orada işləməyə getmişdir. Oraya çatdıqdan sonra bir qədər istirahət etmiş, İlahəm narkotik qəbul etmədiyi üçün ağrıları əmələ gəlməyə başlamış, onunla cəmisi üç gün qalmış, bundan sonra dözməyib təkbaşına geri qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, İlahəm geri qayıdarkən İrandan Azərbaycana narkotik maddə keçirdiyi üçün tutulmuşdur. İlahəm onun yanında qalarkən heç bir əxlaqsızlıqla məşğul olmamış, xəstə kimi yatmışdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı rəhmətə getdikdən sonra, Baki şəhərindən Yevlax rayonuna gəlmiş, sonra övladları dəcəl olduğu üçün anası onu evdən atmışdır. Bundan sonra məcbur qalıb Yevlax rayonunda kirayə ev tutmuşdur. Təqsirləndirilən şəxs kirayə qaldığı evin qonşuluğunda yaşamışdır. Təqsirləndirilən şəxs da məhz bu şəkildə tanımışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs Türkiyə Respublikasından iş təklifi gəlmiş, Təqsirləndirilən şəxs Türkiyə Respublikasına getməsi barədə qərarsız olmuş, belə olub ona özünün də işləmək üçün Türkiyə Respublikasına getmək istədiyini, lakin uşaqlara baxmaq üçün adam lazım olduğunu demişdir. Təranənin bacısı Almaz xanım ona “sənin uşaqlarına mən baxaram, sən get Türkiyədə işlə” demiş, belə olub Türkiyə Respublikasına getməyə razılıq vermişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs pulu olmamış, onun yol xərcini də özü qarşılamışdır. Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasına gəldikləri zaman, Təranəyə iş təklifi edən xanım telefonları açmamış, o da Təqsirləndirilən şəxs təklif etmişdir ki, gedib özlərinə iş axtarıb tapsınlar. İş axtarsalar da, tapa bilməmişlər. Onun bacısı da Türkiyədə yaşadığından, Təranəyə əgər istəyirsə bir müddət bacısıgildə qalmağı təklif etmiş, lakin Təranə razı olmamışdır. Bir müddət orda qaldıqdan sonra məcbur qalaraq Azərbaycana geri qayıtmışlar. Geri gələrkən pulları olmadığı üçün “Whatsapp” proqramı vasitəsi ilə Azərbaycanla əlaqə saxlayıb pul təşkil etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı X9 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermişdir. Həmçinin, üzləşmə zamanı da həmin qurumun əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Türkiyə Respublikasında olduqları müddətdə heç bir şəxslə cinsi əlaqəyə girməmiş, habelə təqsirləndirilən şəxs onu heç nəyə məcbur etməmişdir. Pasportu və sənədləri daim özündə olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadələrində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi Yevlax şəhərindən tanıyır, 2020-ci ilin əvvəllərində Təranə bildirmişdir ki, tanışı olan, Türkiyədə yaşayan şəxs tekstil fabrikində iş tapmışdır, əgər işləmək istəsə Təranə ilə birlikdə Türkiyəyə getsin, onun üçün iş tapar. Təranə onun yaşadığı evdə olarkən birlikdə Türkiyəyə getmək barədə razılığını bildirmişdir. 17 fevral 2020-ci il tarixdə Təranə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Təranə bildirdiyinə görə Türkiyənin Sinop şəhərinə getmişlər. Təranə kirayə ev tutmuş, bir-iki gün guya Təranə ona iş tapmaq üçün zənglər etməyə başlamış, sonradan ona bildirmişdir ki, iş tapmaq mümkün deyil. Oraya gedərkən o, yalnız getmək üçün özü ilə pul götürmüş, qayıtmağa pulu olmamışdır. Təranə də bunu bilmişdir. Təranəyə bildirmişdir ki, ona heç olmazsa pul versin, geri qayıda bilsin. Təranə isə qeyd etmişdir ki, bunun üçün işləməli və tanıdığı şəxslərlə pul müqabilində cinsi əlaqədə olmalıdır. Çarəsiz vəziyyətdə qaldığı üçün razılıq vermiş, Təranə onunla cinsi əlaqədə olmaq üçün iki nəfər müştəri tapmış və onun həmin müştərilərlə cinsi əlaqədə olmağını təşkil etmişdir. O bu işlə heç bir zaman məşğul olmamış, Təranə də bunu görmüşdür. Orada qala bilmədiyini israrla Təranəyə bildirdikdən sonra sonuncu onunla Azərbaycana qayıtmağa razılıq verməli olmuşdur. 27 fevral 2020-ci il tarixdə Təranə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə yaşadığı Yevlax şəhərinə gəlmişdir. Təranə bir neçə dəfə ona zəng edib yenidən Türkiyəyə getməyi təklif etsə də o, heç bir zaman razılıq verməmişdir (cild 01, iş vər. 120- 123). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verdiyi vaxt özündə olmamış, çünki həmin vaxt narkotikin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasına getmiş, iki gün qaldıqdan sonra geri gəlmişdir. Türkiyə Respublikasına xəstəliyi ilə əlaqəli müalicə almaq məqsədilə getmiş, ağrılara dözə bilmədiyi üçün iki gün sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Orada olduğu müddətdə kişilərlə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs özü onu Azərbaycana yola salmış, Türkiyə Respublikasından Azərbaycana gələrkən narkotik vasitə gətirdiyi üçün saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı X9 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermişdir. Həmçinin, üzləşmə zamanı da həmin qurumun əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Türkiyə Respublikasında olduqları müddətdə heç bir şəxslə cinsi əlaqəyə girməmiş, habelə təqsirləndirilən şəxs onu heç nəyə məcbur etməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadələrində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından Yevlax rayonundan tanıyır, Təranənin əvvəllər insan alveri cinayəti törətdiyinə görə tutulduğunu eşitmiş, lakin işin mahiyyətinin nə olduğunu bilməmişdir. 2021-ci ilin avqust ayının sonlarında Təranə ilə danışarkən sonuncu qısa müddətdə Türkiyə Respublikasına gedəcəyini, birlikdə getməyi təklif etmiş, Təranədən hansı işlə məşğul olacağını soruşanda bildirmişdir ki, ona iş tapacaq, işləyib öz maddi ehtiyaclarını özü ödəyəcəkdir. Təranəyə razılıq vermiş, həmin vaxt Yevlax rayonunda Təranənin yaşadığı ünvanda olmuşdur. Təranə razılığını aldıqdan sonra pasport almağa ona köməklik göstərmiş, pasportu hazır olandan sonra 30 sentyabr 2021-ci il tarixdə Təranə ilə birlikdə dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Sinop şəhərinə getmişlər. Çatdıqdan sonra bir neçə saat istirahət etmiş, istirahət etdikdən sonra Təranə bildirmişdir ki, tanıdığı bir çox kişilər var, həmin şəxslərlə əlaqə saxlayıb onu görüşdürəcək, yəni həmin şəxslərlə cinsi əlaqədə olacaqlar, buna görə də onlara pul verəcəklər. Təranəyə etiraz etdikdə isə sonuncu başqa çıxış yolunun olmadığını, orada ancaq bu yolla pul qazana biləcəyini bildirmişdir. Bundan sonra beş gün ərzində Təranə onu müxtəlif kişi müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmiş, müştərilər Təranənin tanışları olmuşlar. Beş gün sonra bədənində ağrıları olduğu üçün qərara gəlmişdir ki, Təranədən xəbərsiz evdən çıxsın. Əşyalarını yığıb evdən çıxmış və taksi avtomobillərindən biri ilə Sinop avtovağzalına getmişdir. 05 oktyabr 2021-ci il tarixdə dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Zərərçəkmiş şəxs2 əlavə dindirilərkən ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasına getməzdən əvvəl narkotik asılılığından əziyyət çəkmiş, Təranə də bunu bilərək ona iş təşkil etməklə yanaşı söz vermişdir ki, Türkiyədə olarkən onu xəstəxanalara göstərəcək, narkotik aludəçiliyindən xilas olacaqdır. Təranənin sözünə inanıb sonuncu ilə birlikdə Türkiyəyə getmiş, lakin Təranə onu aldadaraq cinsi istismar etmiş, Azərbaycana qayıdarkən heç bir müalicə almadığı üçün bədənində güclü ağrılar başlamış, buna görə də qərara gəlmişdir ki, İran İslam Respublikasında olarkən tramadol dərmanını alsın. Tramadolun sərhəddən keçirilməsinin qanunsuz olduğunu bilməmiş, gömrük işçiləri tərəfindən saxlanıldıqdan sonra barəsində cinayət işi başlanılmış və Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Barəsində istintaq aparılarkən, eləcə də məhkəmə prosesləri zamanı Təranə barəsində heç bir şey bildirməmiş, çünki Təranənin təsiri altında olmuş, sonuncudan çəkinmişdir. Təranə onu Türkiyəyə apararkən onun müalicə olunacağına köməklik edəcəyini söz vermiş, lakin onu aldadaraq istismar etmişdir. Təqsirləndirilən şəxs onun pasportunu insan alveri məqsədi ilə götürməmiş, sadəcə olaraq qısa müddətdə baxmaq üçün götürmüşdür( cild 01, iş vər. 39-42, 111-114). Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə sentyabr ayının 28-də bacısı Təranə, qardaşı və Zərərçəkmiş şəxs2 ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Türkiyə Respublikasına getməkdə məqsəd işləyib pul qazanmaq olmuşdur. İlahəmin anası onlardan xahiş etmişdir ki, qızı İlahəmi də Türkiyə Respublikasına aparsınlar. Çünki Zərərçəkmiş şəxs2 narkoloji xəstə olmuş və müalicəyə ehtiyacı olunmuşdur. Qardaşı Türkiyə Respublikasında dönər bişirilən kafedə işləmiş,özü də Türkiyədə xadiməçi işləmişdir. İki gün qaldıqdan sonra ağrıları olduğu üçün onlar İlahəmi Azərbaycana geri yola salmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsi özündə olmuş, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında hər-hansı bir cinsi istismara məruz qalmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında qalmaq üçün kimsə məcbur etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2021-ci il sentyabr ayının 28-də Zərərçəkmiş şəxs2 onlarla birlikdə Türkiyə Respublikasına getmiş, iki gün sonra narkotik vasitə istifadəçisi olduğundan, səhhətində problem yarandığı üçün Azərbaycana geri dönmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasına getməsinin səbəbi müalicə almaq olmuşdur. O, özü Türkiyə Respublikasında dönər bişirilən kafedə işləmişdir. Zərərçəkmiş şəxs2 şəxsiyyət vərəqəsi daim özündə olmuş, onun şəxsiyyət vərəqəsi ondan alınmamışdır. Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında cinsi istismara məruz qalmamışdır. Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 Mübarizə Baş İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs tərəfindən işə düzəltmək adı ilə aldadılaraq 2020-ci ilin fevral ayında Türkiyə Respublikasının Sinop şəhərinə apararaq pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa məcbur edildiyini bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 Mübarizə Baş İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs maddi vəziyyətinin zəifliyindən istifadə edərək 2021-ci ilin sentyabr ayında onu Türkiyə Respublikasının Sinop şəhərinə apararaq orada pasportunu əlindən alaraq pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa məcbur edildiyini bildirmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 01, iş vər. 51-53). Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləmişdir (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 29 fevral 2022-ci il tarixli 01 səhifədən ibarət protokolun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs2 30 sentyabr 2021-ci il tarixdə saat 15:32 dəqiqədə «C03625251» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 oktyabr 2021-ci il tarixdə saat 21:00 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 17 fevral 2020-ci il tarixdə saat 17:31 dəqiqədə «C02392334» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 27 fevral 2020-ci il tarixdə saat 18:35 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 17 fevral 2020-ci il tarixdə saat 17:31 dəqiqədə «P4855914» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 27 fevral 2020-ci il tarixdə saat 18:41 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə saat 15:27 dəqiqədə «P4855914» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 02 dekabr 2021-ci il tarixdə saat 17:25 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur (cild 01, iş vər. 109). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona istinad olunan cinayət əməllərini törətmişdir. Belə ki, CM-in 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 12.3-cü maddəsinə əsasən isə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. CM-in 144-1-ci maddəsində insan alveri cinaytinə anlayış verilmiş və həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyəti müəyyən olunmuşdur. Sözügedən maddənin dispozisiyasında göstərilmişdir ki, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi cinayət məsuliyyətinə səbəb olur və şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər iki və ya daha çox şəxs barəsində törədildikdə şəxsin CM-in 144-1.2.1ci, təkrar törədildikdə CM-in 144-1.2.2-ci, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə isə CM-in 144-1.2.4-1-ci maddəsi ilə tövsif olunur. CM-in 144-1-ci maddəsinin qeyd hissəsində göstərimişdir ki, bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Məhkəmə qeyd edir ki, sözügedən cinayət əməli formal tərkibli cinayətlərə aiddir. Yəni cinayət maddənin dispozisiyasında sadalanan əməllərin törədildiyi andan başa çatmış sayılır. Sözügedən maddənin dispozisiyasında sadalanan əməllərin nəticəsi olaraq insan alveri cinayətindən zərərçəkmiş şəxsin cinsi istismara məruz qalıb-qalmamasının təqsirkarın əməlinin tövsifinə heç bir təsiri yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə 2020 və 2021-ci il tarixdə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Sinop şəhərində işlə təmin edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməklə Türkiyə Respublikasının Sinop şəhərinə getirmiş və istintaqla müəyyən olunmuş tarixlərdə həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək onları cinsi istismar etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə yanaşı, üzləşdirmə istintaq hərəkətinin protokoları, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı, o cümlədən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsləri cinsi istismara məruz qoymamasına dair göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, onun qeyd etdikləri cinayət işinin materialarında olan sübutlarla (zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və s. sübutlarla) təkzib olunur. Odur ki, məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxsin həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edilir və onunla razılaşılmır. Zərərçəkmiş şəxslərin və əlavə şahidlərin məhkəmə istintaqı zamanı qeyd etdikləri xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər aralarında olan rəfiqə münasibətlərini, əlavə şahidlər isə qardaş və bacısı olmaqla yaxın qohum olmalarını əsas götürərək təqsirləndirilən şəxsə qarşı onu ifşa edən ifadə vermək istəməmiş və bu yolla onu cinayət məsuliyyətindən qurtarmağa çalışmışlar. Zərərçəkmiş şəxslərin və əlavə şahidlərin bu ifadələri təqsirləndirilən şəxsi müdafiə etməyə yönəldiyindən, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən və obyektiv ifadə kimi qəbul etmir, ona görə də zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı heç bir təzyiq qarşısında qalmadan, sərbəst şəkildə verdiyi ifadələri (həm zərərçəkmiş şəxs qismində dindirilərkən, həm də təqsirləndirilən şəxslə üzləşdirilərkən verdiyi ifadələr) həqiqi ifadə kimi qəbul edərək təqsirləndirilən şəxsə qarşı elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur, əlavə şahidlərin ifadələri ilə isə razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4aşayır, barəsində heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 97, 100-101). İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 1(091)-148/2016 saylı hökmünə əsasən CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunan azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2020-ci i tarixdə cəzanı çəkib qurtarmışdır. Hazırda məhkuluğu yoxdur. Belə ki, CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən, onun əməllərində cinayətlərin residivi müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, məhkumluğu olmasa da, daha əvvəl eyni qəbildən olan cinayəti törətməsini və ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsindən nəticə çıxarmayaraq yenidən eyni xarakterli cinayət əməlini törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, şəxs yalnız real olaraq bu cəzanı çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə Müvəqqəti Saxlama yerindən azadlığa buraxılmışdır (cild 01, iş vər. 66-67, 72-73, 75). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzasının başlanğıcı isə hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun, məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar