Məhkəmə qərarları › İş №1(091)-132/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-132/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-132/2024 12.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxx 1999-cu ildə Ağsu rayonunun Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu rayonunun Padar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə saat 09:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun 158-ci kilometrliyində, Ağsu dolaylarından keçən hissəsində Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, qeyd edilən tələblərə əməl etməyib, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, öz hərəkətini davam etdirərək, avtomobilin idarəetməsini itirib avtomobili yolun sağ kənarında olan dərəyə aşırmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər X3 travma şoku, müştərək ağır dərəcəli qapalı kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, subaraxnoidal və subdural qansızma, burun sümüyünün qapalı yerdəyişən sınığı, yuxarı çənədə ön hissədə 03 (üç) ədəd kəsici dişlərin travmatik sınması, başın yumşaq toxumalarının geniş ölçülü əzilmiş-cırılmış (skalp) yarası, sol ağız bucağı ətrafı nahiyədə yumşaq toxumanın geniş ölçülü, əzilmişcırılmış yarası, gövdənin arxa səthində belin sol yuxarı tış hissəsində dərialtı qansızma, gövdənin ön səthində hər iki aşağı ətraf nahiyyələrində çoxsaylı dərinin epidermis qatının sıyrılmış yaraları kimi, eləcə də sonuncunun oğlu X5 müştərək ağır açıq kəllə beyin travması, kəllə qapağı və əsası sümüklərinin açıq, basılmış, çox qəlpəli sınıqları, baş beynin əzilməsi, sol bud çanaq oynağının qapalı yerdəyişən sınıqları, bədənin çoxsaylı sıyrılmış yaraları kimi xəsarətlər alaraq Əmir Xangəldiyevin müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, subaraxnoidal və subdural qansızma ilə müşayiət edilən travma şoku nəticəsində ölümünə səbəb olan və sonuncunun oğlu Məsud Xangəldiyevin müştərək ağır açıq kəllə beyin travması, kəllə qapağı və əsası sümüklərinin açıq, basılmış, çox qəlpəli sınıqları və baş beynin əzilməsi nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, atası X15 məxsus olan, etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlamazdan əvvəl avtomobilin saz vəziyyətdə olub-olmadığı yoxlamış, avtomobildə heç bir texniki problem olmamış və avtomobil tam saz vəziyyətdə olmuşdur. Həmin avtomobil ilə 06 noyabr 2023-cü il tarixdə saat 09 radələrində Ağsu rayonunun Padar kəndindən çıxıb Bakı şəhərinə gedən zaman Ağsu şəhərinin ərazisində yolun sağ yan hissəsində dayanmış sonradan adlarını bildiyi, Şamaxı şəhərinə gedən X3 təklifinə əsasən sonuncunu və yanında olan X8 avtomobilə əyləşdirmiş və yenidən idarə etdiyi avtomobillə hərəkətə davam etmişdir. Həmin vaxt Əmir Xangəldiyev avtomobilin qabaq sağ oturacağında, Məsud Xangəldiyev isə avtomobilin arxa orta oturacağında əyləşmişlər, lakin həmin sərnişinlər təhlükəsizlik kəmərini bağlamamışlar. Həmin tarixdə saat 09:40 radələrində qeyd olunan avtomobil ilə Şamaxı rayonu istiqamətində hərəkət edib Ağsu dolaylarını qalxdıqdan sonra 3-cü dolayda üzü yuxarı sol tərəf istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman əks hərəkət zolağından yolun orta hissəsi ilə dövlət qeydiyyat nişanını xatırlamadığı açıq mixəyi rəngli “VAZ 2106” markalı avtomobilin ona tərəf gəldiyini görmüş, həmin avtomobillə toqquşmaması üçün sükanı sağ tərəfə istiqamətləndirmiş və əyləci sıxmışdır. Bu zaman onun idarə etdiyi avtomobil yolun sağ ehtiyat hissəsinə çıxmış, daha sonra idarəetməni itirmiş və avtomobil yolun sağ tərəfində olan dərəyə tərəf hərəkət etməyə başlamışdır. O, avtomobilin dərəyə aşacağını görüb bunun qarşısını almaq məqsədilə sükanı sol tərəfə istiqamətləndirmiş, lakin buna nail ola bilməmiş və avtomobil dərəyə aşmışdır. Daha sonra o, avtomobilin dərənin aşağısında yararsız vəziyyətdə olduğunu, sərnişinlərin isə avtomobildə olmadığını görmüş, təhlükəsizlik kəmərini açıb avtomobilin pəncərəsindən çölə çıxdıqdan sonra isə Məsud Xangəldiyevin avtomobildən 5-6 metr kənarda hərəkətsiz vəziyyətdə yerdə olduğunu görmüş, Əmir Xangəldiyevin meyiti isə avtomobildən təxminən 50-60 metr yuxarı hissəyə düşdüyü üçün görə bilməmişdir. Bundan sonra o, Məsud Xangəldiyevə yaxınlaşıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edrək bu barədə məlumat vermiş, ardınca Məsud Xangəldiyevi qucağına götürüb dərə ilə yuxarı çıxmağa çalışmış, lakin dərə sərt, uşağın çəkisi isə çox olduğu üçün dərəni yuxarı çıxa bilməmişdir. Daha sonra isə qışqırmağa və kömək çağırmağa başlamış, lakin orada heç kəs olmamışdır. Bundan sonra o, Məsud Xangəldiyevin yanında dayanmış, uşağa süni nəfər verməyə və ürəyini qapalı masaj etməyə çalışmış, lakin sonuncunun hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Bir müddət sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım xidmətinin əməkdaşları oraya gəlmiş və Məsud Xangəldiyevi müayinə edərək sonuncunun öldüyünü bildirmişlər. Bundan sonra isə Məsud Xangəldiyevi xərəyə qoyub dərə ilə yuxarıya doğru qaldırmışlar, onu isə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Törətdiyi əməldən peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X10 onun qardaşı, X16 isə qardaşının oğlu olmuşdur. 06 noyabr 2023-cü il tarixdə qohumları ona zəng edərək Ağsu dolaylarında avtomobilin aşdığını və nəticədə avtomobildə olan qardaşı Əmir Xangəldiyevin və sonuncunun oğlu Məsud Xangəldiyevin öldüyünü bildirmişlər. Bundan sonra o, Ağsu Rayon Mərkəzi Xəstəxanasına getmiş və qardaşı Əmir Xangəldiyev və sonuncunun oğlu Məsud Xangəldiyevin meyitləri ona təhvil verilmişdir. Sonradan qardaşı Əmir Xangəldiyev və sonuncunun oğlu X12 Həsən Nazim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkət edən zaman Ağsu dolaylarında sonuncunun avtomobilin idarəetməsini itirib avtomobili dərəyə aşırması, nəticədə qardaşı Əmir Xangəldiyevin və sonuncunun oğlu Məsud Xangəldiyevin xəsarətlər alaraq hadisə yerində ölməsi ona məlum olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmışdır, hazırda sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X10 onun əri, X16 isə oğludur. 06 noyabr 2023-cü il tarixdə əri Əmir Xangəldiyev və oğlu Məsud Xangəldiyev sənədlərinin hazırlanması məqsədilə Şamaxı rayonuna getmək üçün səhər tezdən evdən çıxıb Ağsu rayonuna getmişlər. Bundan bir neçə saat sonra isə qohumları yaşadığı evə gəlmiş və Ağsu dolaylarında avtomobilin aşması nəticəsində avtomobildə olan əri Əmir Xangəldiyevin və oğlu Məsud Xangəldiyevin öldüyünü bildirmişlər. Bundan bir müddət sonra əri Əmir Xangəldiyev və oğlu Məsud Xangəldiyevin meyitləri yaşadığı evə gətirilmiş, sonradan adları qeyd olunan şəxslərin Ağsu dolaylarında avtomobilin dərəyə aşması nəticəsində xəsarətlər alaraq hadisə yerində ölmələri ona məlum olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmışdır, hazırda sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Dövlət X6 manqa komandiri vəzifəsində xidmət edir. 06 noyabr 2023-cü il tarixdə növbədə olduğu vaxt saat 09:50 radələrində “101” qaynar xətt vasitəsi ilə Bakı-Şamaxı- Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və bir ədəd “Mercedes” markalı avtomobilin dərəyə aşması barədə məlumat daxil olmuşdur. Dərhal hadisənin baş verdiyi 3-cü dolaya getmişlər və oraya çatıb “Mercedes” markalı avtomobilin aşaraq düşdüyü dərənin içirisinə doğru hərəkət etməyə başlamışlar. Onlar dərəyə tərəf hərəkət edən zaman əvvəlcə orta yaşlı kişi cinsli şəxsin meyitinə rast gəlmişlər və həmin meyitə yaxınlaşıb cansız olduğunu görmüşlər. Daha sonra isə avtomobilə tərəf hərəkət edib avtomobilə yaxınlaşdıqda avtomobilin 4-5 metr yaxınlığında azyaşlı uşağın meyitinin olduğunu və meyitin yanında bir neçə nəfər şəxsin, o cümlədən sürücünün olduğunu görmüşlər. Bundan sonra onlar meyitləri dərədən çıxarıb aidiyyəti üzrə təcili tibbi yardım avtomobilinə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağsu Rayon Mərkəzi X13 Yardım Şöbəsində sürücü vəzifəsində işləyir. 06 noyabr 2023-cü il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasında növbədə olarkən saat 09:50 radələrində “103” qaynar xətt vasitəsi ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və bir ədəd “Mercedes” markalı avtomobilin dərəyə aşması barədə məlumat daxil olmuşdur. Dərhal hadisənin baş verdiyi 3-cü dolaya getmişlər və oraya çatdıqda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Mercedes” markalı avtomobilin dərəyə aşması nəticəsində avtomobildə olan sərnişinlərin öldüyünü, sürücünün isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirərək avtomobildə olan sərnişinlərin meyitlərini dərənin yuxarısına doğru gətirib onlara təhvil vermişlər. Bundan sonra onlar həmin meyitləri təcili tibbi yardım avtomobilinə yerləşdirib Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirərək təhvil vermişlər, sürücü isə xəsarətlər aldığı üçün həkimə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Səfdər oğlu məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə saat 09:40 radələrində tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Corolla” markalı avtomobili ilə Ağsu rayonundan Bakı şəhərinə gedən zaman Ağsu dolayları ilə Şamaxı rayonu istiqamətində hərəkət edərkən avtomobilin arxa oturacağında əyləşməklə mobil telefonu ilə məşğul olmuş, həmin vaxt avtomobilin dərəyə düşdüyünü görməmiş, bu zaman avtomobilin qabaq oturacağında oturan şəxs qarşıda gedən avtomobilin dərəyə düşdüyünü demiş və sürücü avtomobili saxlamışdır. Sürücü düşüb baxanda avtomobil görünməmiş, bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan ibtidai istintaq zamanı müstəntiq ona zəng edərək Ağsu Rayon Polis Şöbəsinə gəlib imza etməsini təklif etmiş, 2024-cü ilin fevral ayında həmin polis şöbəsinə gedib baş verənləri danışmış və baş vermiş hadisəni görmədiyini müstəntiqə demişdir. İfadəsi müstəntiq tərəfindən əvvəlcədən yazılmış, ifadəsində qeyd olunanları o, deməmiş, tələsdiyi üçün ifadəsini oxumamış və ifadəsinə imza edib polis şöbəsini tərk etmişdir. Cinayət işinin materiallarında olan ifadəsinin sonunda edilən imza ona məxsusdur. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə saat 09:40 radələrində tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Corolla” markalı avtomobili ilə Bakı şəhərinə gedən zaman Ağsu dolayları ilə Şamaxı rayonu istiqamətində hərəkət edərkən dolayları yenicə qalxan zaman qara rəngli, “Mercedes Benz” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanından ötüb keçmiş və onlar da həmin avtomobilin arxası ilə hərəkət etməyə başlamışlar. Dolaylarla hərəkət edərkən açıq mixəyi rəngli, “VAZ 2106” markalı avtomobilin gəlməsini görməmişlər və hərəkət edib 3-cü dolaya çatan zaman “Mercedes Benz” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 100 metr irəlidə qəflətən yolun sağ kənarına çıxaraq dərədən aşağı düşdüyünü görmüşlər. Bu zaman onun olduğu taksinin sürücüsü avtomobili saxlamış və onlar avtomobildən aşağı düşmüşlər. O, dərədən aşağı baxsa da aşan avtomobili görə bilməmiş, habelə eniş sərt olduğundan aşağı düşə bilməmişdir. Daha sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermiş və bir müddət sonra isə həmin yerə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlmişlər. Bundan sonra onlar həmin yeri tərk edib getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 06 noyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 09:46-da Ağsu-Bakı istiqamətində **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dərəyə aşması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən 158-ci kilometrliyindədir. Yol yol asfalt örtükdən ibarət olmaqla, qurudur, yoxuş və döngəlidir, iki hərəkət zolağından ibarətdir, yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Hadisə yaşayış məntəqəsindən kənar ərazidə baş vermişdir, hadisənin baş verdiyi ərazi Ağsu dolayları olduğu üçün yolda maksimum sürət 50 km/saat həddində müəyyən edilmişdir. Minik avtomobilinin aşdığı yerin koordinatları yolun hərəkət hissəsinin sağ kənarına təxminən 80-100 metr məsafədə yerləşir, sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etmişdir, hadisə vaxtı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin yük yerində yük olmamışdır, avtomobildə sürücü yerində Təqsirləndirilən şəxs, qabaq sağ tərəfdə sərnişin qismində X10, arxa oturacaqda orta hissədə isə X16 olmuşdur, yolun hərəkət hissəsinin sağında yol çiyni, sonra isə dərə, yolun hərəkət hissəsinin solunda yol çiyni, daha sonra isə dağ yerləşir. Yolun eni 7,5 metr, hərəkət hissəsinin eni 3,75 metr, sağ çiyin hissəsinin və sol çiyin hissəsinin eni 2,3 metr olmuş, hərəkət zolaqlarının sayı isə 2-dir. “Mercedes Benz” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsi ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olmuş, hadisə yerində tormoz izi və şin izi aşkarlanmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 06 noyabr 2023-cü il tarixli 827 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 20 noyabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 180” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu dolaylarını qalxan zaman 3-cü dolayda yuxarı sol tərəf istiqamətində hərəkət edərkən qarşıdan yolun orta hissəsi ilə açıq mixəyi rəngli, “VAZ 2106” markalı avtomobilin gəlməsi və ümumiyyətlə həmin tarixdə Ağsu dolaylarında qeyd olunan rəngli və markalı avtomobilin hərəkət etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 noyabr 2023-cü il tarixli 17 nömrəli rəyindən görünür ki, mərhum X5 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “müştərək ağır açıq kəllə beyin travması, kəllə qapağı və əsası sümüklərinin açıq, basılmış, çox qəlpəli sınıqları, baş beynin əzilməsi” diaqnozu ilə, həyati, ölümündən az əvvəl baş vermiş, qərarın təsviri hissəsində göstərilmiş müddətdə və şəraitdə, yəni 06 noyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi inkar edilməyən və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, “sol bud çanaq oynağının qapalı yerdəyişən sınıqları” diaqnozu ilə, həyati, ölümündən az əvvəl baş vermiş, qərarın təsviri hissəsində göstərilmiş müddətdə və şəraitdə, yəni 06 noyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi inkar edilməyən və canlı şəxslərdə dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, habelə “bədənin çoxsaylı sıyrılmış yaraları” diaqnozu ilə, həyati, ölümündən az əvvəl baş vermiş, qərarın təsviri hissəsində göstərilmiş müddətdə və şəraitdə, yəni 06 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi inkar edilməyən və canlı şəxslərdə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb müştərək ağır açıq kəllə beyin travması, kəllə qapağı və əsası sümüklərinin açıq, basılmış, çox qəlpəli sınıqları fonunda baş beynin əzilməsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 noyabr 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, mərhum X3 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “müştərək ağır dərəcəli qapalı kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, subaraxnoidal və subdural qansızma” diaqnozu ilə, həyati, qərarın təsviri hissəsində göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar olunmayan, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 noyabr 2023-cü il tarixə uyğun gələn və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, “burun sümüyünün qapalı yerdəyişən sınığı, yuxarı çənədə ön hissədə 03 (üç) ədəd kəsici dişlərin travmatik sınması” diaqnozu ilə, həyati, qərarın təsviri hissəsində göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar olunmayan, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 noyabr 2023-cü il tarixə uyğun gələn, canlı şəxslərdə dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və ölümlə birbaşa səbəbli əlaqəsi olmayan, “başın yumşaq toxumalarının geniş ölçülü əzilmiş-cırılmış (skalp) yarası, sol ağız bucağı ətrafı nahiyədə yumşaq toxumanın geniş ölçülü, əzilmiş-cırılmış yarası” diaqnozu ilə, həyati, qərarın təsviri hissəsində göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar olunmayan, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 noyabr 2023-cü il tarixə uyğun gələn, canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və ölümlə birbaşa səbəbli əlaqəsi olmayan, “gövdənin arxa səthində belin sol yuxarı tış hissəsində dərialtı qansızma, gövdənin ön səthində, hər iki aşağı ətraf nahiyələrində çoxsaylı dərinin epidermis qatının sıyrılmış yaraları” diaqnozu ilə, həyati, qərarın təsviri hissəsində göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar olunmayan, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 noyabr 2023-cü il tarixə uyğun gələn, canlı şəxslərdə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən və ölümlə birbaşa səbəbli əlaqəsi olmayan xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi nəticəsində subaraxnoidal və subdural qansızma ilə müşayiət edilən travma şoku olmuşdur. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 27 noyabr 2023-cü il tarixli 4106/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 dekabr 2023-cü il tarixli 8/3558 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes-Benz C 180” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Makimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən daha artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Makimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsindən daxil olmuş 21 yanvar 2024-cü il tarixli 3-13-16/-2/2-269/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 13 iyun 2023-cü il tarixdən 13 iyun 2026-cı il tarixədək etibarlı olan “BA” seriyalı, 203369 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi vardır, “Mercedes Benz C 180” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 adına qeydiyyatdadır, həmin avtomobil Təqsirləndirilən şəxs adına olan və 10 iyul 2023-cü il tarixdən 13 iyun 2033-cü il tarixədək müddəti olan etibarnamə ilə istifadə olunmuşdur və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 yanvar 2024-cü il tarixli 230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə onda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində o, anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD seriyalı, 350864 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, “C 180 minik” modelli, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X17r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BA seriyalı, 203691 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X15 13 iyun 2023-cü il tarixdə (13 iyun 2033-cü il tarixədək etibarlı olan) sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, 10 iyul 2023-cü il tarixdə X19 tərəfindən Təqsirləndirilən şəxs 13 iyun 2033-cü il tarixədək etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 yanvar 2024-cü il tarixli 18-1-25/2-73/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində idarə etdiyi avtomobil ilə Şamaxı rayonu istiqamətində hərəkət edib Ağsu dolaylarını qalxdıqdan sonra 3-cü dolayda üzü yuxarı sol tərəf istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman əks hərəkət zolağından yolun orta hissəsi ilə dövlət qeydiyyat nişanını xatırlamadığı açıq mixəyi rəngli “VAZ 2106” markalı avtomobilin ona tərəf gəldiyini gördüyünü, həmin avtomobillə toqquşmaması üçün sükanı sağ tərəfə istiqamətləndirdiyini, əyləci sıxdığını, bu zaman onun idarə etdiyi avtomobilin yolun sağ ehtiyat hissəsinə çıxdığını, daha sonra idarəetməni itirdiyini, avtomobilin yolun sağ tərəfində olan dərəyə tərəf hərəkət etməyə başladığını, avtomobilin dərəyə aşacağını görüb bunun qarşısını almaq məqsədilə sükanı sol tərəfə istiqamətləndirdiyini, lakin buna nail ola bilmədiyini və avtomobilin dərəyə aşdığını qeyd etmişdir. Hadisə vaxtı digər avtomobildə olan Şahid5 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində 06 noyabr 2023-cü il tarixdə saat 09:40 radələrində tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Corolla” markalı avtomobil ilə Bakı şəhərinə gedən zaman Ağsu dolayları ilə Şamaxı rayonu istiqamətində hərəkət edərkən dolayları yenicə qalxan zaman qara rəngli, “Mercedes Benz” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların yanından ötüb keçdiyini, əyləşdiyi avtomobilin qeyd olunan avtomobilin arxası ilə hərəkət etməyə başladığını, dolaylarla hərəkət edərkən açıq mixəyi rəngli, “VAZ 2106” markalı avtomobilin gəlməsini görmədiyini, hərəkət edib 3-cü dolaya çatan zaman “Mercedes Benz” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 100 metr irəlidə qəflətən yolun sağ kənarına çıxaraq dərədən aşağı düşdüyünü gördüyünü bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan tarixdə göstərilən avtomobil ilə Ağsu rayonundan Bakı şəhərinə gedən zaman Ağsu dolayları ilə Şamaxı rayonu istiqamətində hərəkət edərkən avtomobilin arxa oturacağında əyləşməklə mobil telefonu ilə məşğul olduğunu, həmin vaxt avtomobilin dərəyə düşdüyünü görmədiyini, bu zaman avtomobilin qabaq oturacağında oturan şəxsin qarşıda gedən avtomobilin dərəyə düşdüyünü dediyini, sonradan ibtidai istintaq zamanı müstəntiqin ona zəng edərək Ağsu Rayon Polis Şöbəsinə gəlib imza etməsini təklif etdiyini, 2024-cü ilin fevral ayında həmin polis şöbəsinə gedib baş verənləri danışdığını, baş vermiş hadisəni görmədiyini müstəntiqə dediyini, ifadəsinin müstəntiq tərəfindən əvvəlcədən yazıldığını, ifadəsində qeyd olunanları demədiyini, tələsdiyi üçün ifadəsini oxumadığını, ifadəsinə imza edib polis şöbəsini tərk etdiyini və cinayət işinin materiallarında olan ifadəsinin sonunda edilən imzanın ona məxsus olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verib yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olmamasını qeyd edərək özünü təqsirli bilməməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüş, şahid isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün qeyd olunan məzmunda ifadə vermişdir. Habelə cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 dekabr 2023-cü il tarixli 8/3558 nömrəli rəyində istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes-Benz C 180” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması, onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanının olması, onun avtomobili hərəkət sürəti 3.24 “Makimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən daha artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Makimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluğun olması qeyd olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığına dair 20 noyabr 2023-cü il tarixli raportda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 180” markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu dolaylarını qalxan zaman 3-cü dolayda yuxarı sol tərəf istiqamətində hərəkət edərkən qarşıdan yolun orta hissəsi ilə açıq mixəyi rəngli, “VAZ 2106” markalı avtomobilin gəlməsinin və ümumiyyətlə həmin tarixdə Ağsu dolaylarında qeyd olunan rəngli və markalı avtomobilin hərəkət etməsinin müəyyən edilmədiyi qeyd olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı, Şahid5 isə məhkəmə istintaqı zamanı verdikləri ifadələrində qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Şahid5 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bu Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı, Şahid5 isə məhkəmə istintaqı zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X9 tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış 23 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənildiyini və hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X4 tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış 23 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənildiyini və hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 may 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 may 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Padar kəndində yaşayır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonunun Cəlayır kəndində yaşamış və həmin kənd orta məktəbində gözətçi vəzifəsində işləmişdir, işlədiyi yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonunun Cəlayır kəndində yaşamış və həmin kənd orta məktəbinin Azərbaycan bölməsinin İX sinfini bitirmişdir, təhsil aldığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində zərərçəkmiş şəxslərin hüquqi varislərinə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 263.3-cü maddəsinin dispozisiyasına əsasən həmin cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət əməlidir və həmin maddənin sanksiyasına əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzanın aşağı həddi beş ildir. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər üçün cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Ağsu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilin maddi sübut hesab edilməsi haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə “Mercedes Benz C 180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün Ağsu RPŞ-nin duracağına qoyulmuşdur. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz C 180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi X15 qaytarılmalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 yanvar 2024-cü il tarixli 230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə onda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində o, anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Ağsu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ağsu RPŞ-nin duracağında saxlanılan “Mercedes Benz C 180” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi X15 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar