Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-38/2024 05.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X9 və Bakı şəhəri 19 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 2,411 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd şəffaf sellofan bükümdə qablaşdıraraq üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2023-cü il tarixdə saat 1100-da RPŞ-nin Növbətçi Hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan təmiz çəkisi 2,411 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərində olarkən Əfqan adlı tanışı ona zəng edərək Göyçay rayon Polis Şöbəsinin rəis müavini Azad Məmmədovun onunla görüşmək istədiyini, ona görə də Göyçay rayonuna gəlməsini bildirmişdir. Əfqandan rəis müavininin onunla nə işi olduğunu soruşduqda Əfqan ona bu barədə heç nə bilmədiyini, birlikdə rəis müavininin yanına gedərkən hər şeyin məlum olacağını demişdir. Həmin gün Bakı şəhərində işlərini bitirib saat 21 radələrində Göyçay şəhərinə gəlmiş, Əfqana zəng etdikdə sonuncu ona hazırda gec olduğunu, səhər saat 9-10 radələrində birlikdə Fəqan adlı şəxsin obyektində görüşüb oradan Polis Şöbəsinə getmələrini demişdir. Əfqanla razılaşıb 06 aprel 2023—cü il tarixdə saat 0930 radələrində Fəqan adlı şəxsin obyektinə gedib birlikdə rəis müavini Azad müəllimin yanına getmək üçün Əfqanı gözləmiş, təxminən yarım saat sonra Göyçay rayon Polis Şöbəsinin əməkdaşları oraya gələrək onun qoluna qandal vurub zorla rayon Polis Şöbəsinə aparmışlar. Orada onu nəyə görə qoluna qandal vuraraq zorla gətirdiklərini, onsuz da Əfqan adlı şəxsə rəis müavininin yanına gələcəyini bildirmiş, polislər ona tapşırıq gəldiyini və onun cibinə qoyulan narkotik vasitəni boynuna alıb tutulmalı olduğunu, əks halda ailə üzvlərinin üzərinə narkotik vasitə qoyulacağını bildirmişlər. Ailə üzvlərini qorumaq üçün polis əməkdaşları ilə razılaşmış, polislər ona narahat olmamasını, iki gündən sonra onun buraxılacağını, sonra isə məhkəmənin ona “elektron braslet” cəzası verəcəyini bildirmiş, buna görə də dəvət edilmiş müdafiəçisinin yanında polis əməkdaşlarının onun cibinə qoyduqları narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Sonradan polis əməkdaşlarının onu aldatmasını başa düşmüş və bu barədə müxtəlif yerlərə şikayət etmişdir. Onun üzərində narkotik vasitə olmamış, aşkar olunan narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuş və ona hədə-qorxu gəldiklərinə görə həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə getmiş, Abşeron rayonu “gənclər şəhərciyi” adlanan yerdə olarkən yolun kənarında yerdə içərisində narkotik vasitə heroin olduğu bir ədəd şəffaf selofan büküm tapmış, narkotik vasitə qəbul etdiyi üçün həmin bükümü götürüb üzərində saxlamışdır. Həmin gün axşam saatlarında Göyçay şəhərinə qayıtmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində olarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın ön sağ cibindən çəkisi 2,55 qram olmaqla içərisində narkotik vasitə heroinin olduğu bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlə aşkar olunduğu bükümlə birlikdə polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmiş, təsirə-təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili işləmiş Şahid1 Əkbər oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 10 radələrində Ə.Kərim küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ ön cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,55 qram olan içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə olan heroini bir gün əvvəl Bakı şəhərində yerdən tapdığını, istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və X1 baş inspektor kriminalisti işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 Əkbər oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin rəisi işləyən Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili işləmiş Şahid1 xx.xx.2023-cü il tarixdə raportla müraciət edərək Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmiş, bununla əlaqədar olaraq əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 əməliyyat-axtarış tədbiri keçirərək Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. X19 rayon sakini kimi tanımış, sonuncu ilə Təqsirləndirilən şəxslə bağlı aralarında heç bir danışıq olmamışdır. X22 Həmzəyevin barəsində olan cinayət işi ilə bağlı hansısa bir söz deməmiş, sonuncunun mobil telefonundakı səs yazıları ona məxsus olmamışdır. Ola bilsin ki, onun səs yazıları və Əfqan Osmanovun müxtəlif ifadə fromaları montaj edilərək xüsusi texniki vasitələrin köməkliyi ilə düzəldilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixə Göyçay rayon Polis Şöbəsinin rəis müavini Azad Məmmədov vatsap tətbiqi vasitəsilə ona zəng edərək ondan Araz Həmzəyi soruşmuş, sonuncuya Arazın Bakı şəhərində olduğunu, özünə zəng vurub məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq Göyçay rayon Polis Şöbəsinə gəlməsini bildirmiş, sonuncu həmin gün axşam saat 2130 radələrində ona zəng vuraraq Bakıdan gəldiyini bildirmişdir. Araza artıq gec olduğunu, səhər birlikdə rayon Polis Şöbəsinə gedəcəklərini demiş, 06 aprel 2023-cü il tarixdə saat 09 radələrində Arazla zəngləşərək bir nəfər qohumlarının yas mərasimində getdiyini, oradan çıxıb Fəqan adlı şəxsin çayxanasında görüşərək oradan Polis Şöbəsinə getmələrini razılaşmışlar. Yasda olan zaman dosti Müşfiq ona zəng edərək Arazı dörd nəfər polis əməkdaşının qolunu qandallayıb apardığını bildirmiş, Fəqanın işlətdiyi çayxana-avtoyumanın qarşısına gələrkən orada Arazın avtomaşınını görmüşdür. Avtoyuma məntəqəsində işləyən Rəhim adlı şəxs də ona Arazı dörd nəfər polis əməkdaşının oradan apardıqlarını bildirmişdir. Arazın işi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsində ifadə verməmiş, müstəntiq Pünhan Şükürlünün yanında olmamışdır. xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin rəisi Şahid4 ona zəng edərək Bakı şəhərində olduğuna görə Nərimanov rayon Polis Şöbəsinə gedib sonuncunun ona vatsapla göndərdiyi məzmunda ifadə verməyi təklif etmiş, lakin həmin məzmunda ifadə verməyəcəyini özünün bildiyin şəkildə hadisəni olduğu kimi danışacağını Rəşidə bildirmişdir. Həmin ifadə formalarında onun hadisə barədə heç bir məlumatının olmadığı, Arazın ona zəng vurmaması və s. bu kimi məzmunda olmuş, lakin Nərimanov rayon Polis İdarəsində tanımadığı müstəntiqə ifadə verərək Arazın tutulduğu hadisəni bildiyi kimi danışmışdır. Cinayət işi materiallarında olan ifadə onun tərəfindən verilməmiş, həmin ifadədəki imza ona məxsus olmamışdır. Ümumiyyətlə iş materiallarında olan dindirmə protokolundakı xx.xx.2023-cü il tarixində ümumiyyətlə Göyçay rayon Polis Şöbəsində olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Göyçay şəhərində Əfqan adlı şəxsə məxsus avtoyuma məntəqəsində işləməklə 06 aprel 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi avtoyuma məntəqəsinə gəlmiş, orada avtomaşını yuyulması üçün ona ona verərək Əfqanla görüşdükdən sonra polisə gedəcəklərini bildirmişdir. Çay dəmlədiyi zaman dörd nəfər mülki geyimli şəxs içəri daxil olaraq Araza birlikdə getməli olduqlarını demiş, çölə çıxan zaman Arazın qoluna qandal vuraraq gəldikləri avtomaşına əyləşdirib oradan uzaqlaşmışlar. Bundan sonra zəng vurub yerin sahibi Əfqana bu barədə məlumat vermiş, Arazın avtomaşını orada qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 06 aprel 2024cü il tarixdə səhər işlətdiyi Göyçay şəhərində Əli Kərim küçəsində yerləşən çayxanaya gələn zaman Təqsirləndirilən şəxs avtomaşınını orada görmüş, Rəhim adlı işçisindən Arazın harada olmasını soruşduqda sonuncu Arazı Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqlarını bildirmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X12 Bölməsinin baş müstəntiqi işləyən X11 ifadəsində göstərmişdir ki, X10 xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsində onun xidməti otağında ifadə vermiş, sonuncu ifadəsini özü imzalamaqla öz ifadəsində göstərilənləri tədqiq etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 14 iyun 2024-cü il tarixli 4/710 – 5/669 nömrəli rəyinin nəticə hissəsində X6 adından olan xx.xx.2023-cü il tarixli “Şahidin dindirilməsi” protokolunun kserosurətinin 1-ci vərəqinin aşağı hissəsində “İmza:” qrafalarında əks olunmuş imzalar və 2-ci vərəqində “İmza: Əfqan Osmanov” qrafasında əks olunmuş imza – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmamasına dair göstərilənləri izah edə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli 17/319 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 2,411 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2022-ci il tarixli 1124 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 14 iyun 2024-cü il tarixli 4/710 – 5/669 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 139-140-cı vərəqlərində X6 adından olan xx.xx.2023-cü il tarixli “Şahidin dindirilməsi” protokolunun kserosurətinin 1-ci vərəqinin aşağı hissəsində “İmza:” qrafalarında əks olunmuş imzalar və 2-ci vərəqində “İmza: Əfqan Osmanov” qrafasında əks olunmuş imza – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyin “Tədqiqi hissəsinin” 2ci bəndində göstərilən səbəblərə görə xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi protokolun reproqrafik surətinin 2-ci surətinin “Əfqan Osmanov” adının qarşısında olan imzanın təsvirinin həmin sənədə köçürülüb-köçürülməməsini (montajı) müəyyən etmək mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol ön cibindən sellofan bükülünün içərisində çəkisi 2,55 qr olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Şəhər Təsərrüfatı Birliyi tərəfindən alınmış xx.xx.2023-cü il tarixli 292 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri H.Əliyev prospekti 207/1 saylı evdə yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin arayışından görünür ki, Göyçay şəhəri H.Əliyev prospekti ev 207, mənzil 1 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixiatr həkimlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1050-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Hətta məhkəmə belə bir halı da diqqətdən qaçırmır ki, video-çəkliş zamanı müdafiəçi bir neçə dəfə təqsirləndirilən şəxsdən narkotik vasitənin onun üzərinə qoyulub-qoyulmamasını soruşsa da Təqsirləndirilən şəxs israrla narkotik vasitənin özünə məxsus olduğunu bildirir. Bundan başqa araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməsi halı müəyyən edilməmiş, sonuncu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən zaman ona qarşı qanunsuzluqlar edilməsi barədə heç bir söz deməmişdir. Müdafiə tərəfinin dəlillərinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan və Əfqan Osmanovun adından yazılmış şahidi dindirmə protokolundakı sonuncunun Təqsirləndirilən şəxs tutulması ilə bağlı heç bir məlumatının olmaması, Təqsirləndirilən şəxs zəng vurmamasına dair ifadəsinin Ə.Osmanov tərəfindən imzalanmaması Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması faktını təkzib etməməklə yanaşı, bu hal iş üzrə ibtidai araşdırma aparan müstəntiq tərəfindən yol verilmiş kobud qanun pozuntusu olmaqla onun barəsində xüsusi qərarın çıxarılması üçün əsasdır. Eyni qaydada məhkəmə tərkibi hesab edir ki, Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin rəisi Şahid4 tərəfindən Əfqan Osmanova vatsap mobil tətbiqi vasitəsilə sonuncunun verməli olduğu ifadələrin forması göndərilmiş, lakin həmin hal da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunmamasını təsdiq edən hal olmamaqla yanaşı ancaq CAB rəisi tərəfindən öz vəzifə səlahəyyitlərinə aid olmayan və polis fəaliyyəti ilə bir araya sığmayan fəaliyyət olduğu üçün onun da barəsində xüsusi qərar çıxarılması üçün əsasdır. Eynilə Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işinin açılmaması, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın surətinin məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməməsi kimi hallar da əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair pozuntular kimi qəbul edilsə də məhkəmə hesab edir ki, həmin hallar da Təqsirləndirilən şəxs təqsirliliyinə təsir etməyən hal kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan sübutlar olan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri Təqsirləndirilən şəxs təqsirli olaraq CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə kifayət edir. Bütün qeyd edilənlərlə yanaşı məhkəmə tərkibi X6, X7 və X2 Təqsirləndirilən şəxs Əfqan Məmmədova məxsus çayxanada olarkən polis əməkdaşları tərəfindən qoluna qandal vurularaq aparılmasına dair ifadələrini də təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün onun müdafiəsinə yönəlmiş ifadələr kimi qəbul edir. Belə ki, Əfqan Osmanov xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin rəis müavininin ona zəng vurub Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etdiyini göstərsə də həmin zəngin ancaq vatsap tətbiqi vasitəsilə edildiyini və hazırda mobil telefonunda qalmadığını göstərmişdir. Bundan başqa müdafiə tərəfi təqsirləndirilən şəxsin N.Tusi küçəsindən aparıldığını göstərsə də şahid Əfqan Məmmədov işlətdiyi çayxananın Göyçay şəhəri Əli Kərim küçəsində yerləşdiyini göstərmiş, xx.xx.2023-cü il tarixdə Şahid1 Əkbər oğluna məxsus 055 255-05-66 mobil nömrəsinin və Şahid2 məxsus 077 643-09-63 mobil nömrəsinin saat 10 radələrində Göyçay şəhəri Əli Kərim küçəsində olan mobil əhatə dairəsində olduqları müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 2,361 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-38/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-38/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver