Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-79/2023 04.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X18, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs qızı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X15 və X8 iştirakları ilə xx xxxxxxxx 1990-cı il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1993-cü ildə Şəki rayonu Baş Zəyzid kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən evlərinin yaxınlığında əvvəldən də aralarında İmran Balammədovun arvadı Təranə Balammədova ilə yaxın münasibətdə olması səbəbindən münaqişələrinin olduğu xalası oğlanları Zərərçəkmiş şəxs ilə sonuncunun əlində bıçaq və tapança formasında alışqan ilə onların yaşadıqları evin yaxınlığına gələrək mübahisə edərkən şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə vuraraq sonuncuya qəsdən qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər iki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin kürək, bel, sol bilək, sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyəsinin qançırları, sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində Şəki rayonu Baş Zəyzid kəndindəki marketdən çıxıb qardaşıgilə gələrkən yolda xalası oğlu Rahibin əlində tapança ilə gəldiyini görmüş, Rahib də onu görüb kolluğun arxa tərəfinə çağırmışdır. Rahibə telefonla danışdığını və kolluğun arxa tərəfinə gələ bilməyəcəyini bildirmiş, Rahib əlindəki tapança ilə onu hədələmişdir. Həmin vaxt qayınatası ilə telefonla danışmış, Rahib əlindəki telefonu ona göstərərək hansısa nömrədən nalayiq söyüşlər gəldiyini bildirmiş, Rahibə həmin nömrəni tanımadığını bildirmişdir. Həmin vaxt qardaşı İmran onu görərək orada nə iş gördüyünü soruşduqda qardaşına telefonla danışdığını bildirmiş, qardaşı ona evdə telefonla danışmasını bildirmişdir. Sonra qardaşı narahat olub onun tərəfə gəlməyə başlamış, qardaşı İmranın gəldiyini görüb Rahib özü kolluğun arxasına doğru getmişdir. Qardaşı onların yanına çatanda Rahibin kolluğun yanında olmasını görüb sonuncuya zərbə endirmiş, bundan sonra o da Rahibə sillə vuraraq polisə təhvil vermək məqsədilə sonuncunu birlikdə evə aparmışlar. Çünki hadisədən əvvəl bir neçə dəfə Rahibdən polis şöbəsinə şikayət etsələr də polis əməkdaşları onlara sübut gətirilməsini bildirmişlər. Rahibin qardaşı İmranın arvadı ilə arasında münasibət olmasına görə mübahisələri olmuş, Rahib qardaşına hədə-qorxu gələrək sonuncuları öldürəcəyini bildirmişdir. Hətta Rahib televiziya verilişinə çıxaraq İmranın kiçik uşağının atası olmasını iddia etmişdir. Rahibi oğurlamamış, sonuncunu polisə təhvil vermək məqsədilə həyətlərinə apararaq qaçmaması üçün əl-ayağını bağlamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğlu olmaqla, əvvələr münasibətləri yaxşı olmuş, 18 aprel 2022-ci ildə yaşadığı evdə olarkən arvadı Təranə ona ağlaya-ağlaya ona Rahibin Təranəni qorxudaraq sonuncu ilə cinsi əlaqədə olduğunu bildirdikdən sonra bu barədə Polis Şöbəsinə ərizə vermişdir. 05 may 2022-ci ildə Rahib “Space” televiziyasına çıxaraq Təranə ilə onun sonuncu uşaqlarının atası olmasını bildirmiş, sonra bir neçə dəfə onlara gələrək Təranənin Rahiblə əlaqə saxlamamasını bəhanə gətirərək onu hədələmişdir. Rahibin bu hərəkətlərinə görə arvadı Təranədən rəsmi ayrılmaq üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci ildə saat 20 radələrində küçədə kiminsə olmasını görüb yaşadığı evdən çıxarkən qardaşı Kamranı küçədə görüb sonuncuya evə gəlməsini bildirmişdir. Kamran gələcəyini bildirdikdən sonra həyətə girmiş, bir qədər sonra yenə küçəyə çıxarkən Kamranın kiminləsə söhbət etdiyini görüb sonunculara yaxınlaşarkən Rahibin kolun yanında dayandığını görmüşdür. Həmin vaxt Rahibin bir əlində bıçaq, digərində isə tapança olmuş, Rahibi görən kimi sonuncunun arvadı Təranəyə qarşı etdiyi hərəkətlər yadına düşdüyündən sonuncuya yaxınlaşıb təpik və yumruqla vurmağa başlamışdır. Bu zaman qardaşı Kamran da ona kömək edərək Rahibi vurduqdan sonra sonuncunun qolundan tutaraq yaşadığı evin həyətinə aparmışlar. Rahibin əlində olan bıçaq orada yerə düşmüş, tapançanı isə Kamran götürüb həyətə tullamışdır. Evin həyətində Kamranla Rahibin əl ayağını iplə boruya bağlamış, anası Mahizər xalası Nuriyyə, dayısı Vahidə zəng vurub Rahibin onlara gələrək dava-dalaş salmasını demişlər. Dayısı Vahid evdə olmadığı üçün qohumları Elxana zəng vuraraq onlara göndərmiş, Elxan və Nuriyyədən əvvəl dayısı Qurban gəlmişdir. Qurban qapının ağzında 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarının gəlməsini istədikdən bir qədər sonra polis əməkdaşları onlara gəlmişlər. Polis əməkdaşları baxış keçirən zaman hadisə yerindən bıçağı və evdən isə tapançanı aşkar edərək götürmüşlər. Hadisə zamanı heç bir məbləğdə pul götürməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında yaşayan zaman tanımadığı bir nömrədən tanımadığı bir şəxs tərəfindən ona təhqir dolu mesajlar gəlmiş, həmin şəxslə görüşməyə çalışsa da onunla görüşməkdən boyun qaçıraraq ona mesaj yazmaqda davam etmişdir. Hətta bir dəfə onun yaşadığı evə hücum edərək evin pəncərələrini sındırmışlar. Baş verən bu hadisədən sonra dayısı Zahid onunla əlaqə saxlayaraq harada olduğunu maraqlandıqdan sonra Dərbənd şəhərində işləməyi təklif etmiş, sonuncuya harada olduğunu bildirməyərək təklif etdiyi işdən imtina etmişdir. Daha sonra dayısı ona zəng edərək ailəsinə hücum olunacağını və sosial şəbəkədə paylaşacağını bildirmiş, dayısı Zahiddən hücumun kim tərəfində təşkil olunacağını soruşduqda sonuncu ona Azərbaycana gəldikdən sonra bu barədə məlumat verəcəyini demişdir. Azərbaycana qayıtdıqdan sonra yenidən Zahidlə əlaqə saxlayaraq evinə hücum edəcək şəxslərin kim olduğunu soruşmuş, Zahid ona xalası uşaqları İmran və Kamranla arasında olan münaqişəni bitirməsini istədiyini bildirmişdir. Zahidə İmran və Kamranla arasında olan münaqişəyə son qoyduğunu və heç bir münaqişəin olmadığını bildirmiş, dayısı Zahid ona Kamranla İmranın ona evinə hücum edəcək şəxsi deyəcəyini bildirmişdir. 10 iyul 2022-ci il tarixdə baş verən hadisələri digər dayısı Vahidə danışmaq üçün Baş Zəyzid kəndinə getmiş, dayısı Zahidin də bundan xəbəri olmuşdur. Dayısı Vahid evdə olmadığına görə sonuncu ilə görüşə bilməyərək geri qayıdarkən yolda xalası oğlu Kamran onu səsləmiş, sonuncunun yanına getdikdə Kamran ondan kəndə nəyə görə gəldiyini soruşmuşdur. Xalası oğlu Kamrana baş verən hadisələri danışaraq dayısı Zahidin sonuncularla barışmaq istədiyini bildirdikdən sonra Kamrana ona gələn SMS yazışmaları göstərmişdir. Kamran ona İmranın da evdə olduğunu və onu evlərinə dəvət etmişdir. Kamranla birlikdə sonuncunun evinin yaxınlığına çatanda İmranın qapının yanında olduğunu və əlində nə isə tutduğunu görmüş, həmin vaxt İmran onun üstünə gəlməyə başlamışdır. Barışıq üçün gəldiyinə görə İmran onu üzərinə gələn zaman qaçmamış, İmran həmin vaxt onun üzərinə hücum edərək onu yumruqla vurmağa başlamışdır. Bunu görüb Kamran da onu vurmağa başlamış, sonra hər ikisi onun qolundan tutub evlərinə aparmışlar. Həyətdə olan zaman Kamran arvadı Humaydan ip gətirməsini istəmiş, daha sonra dayısı Vahidin oğlu Toğrul oraya gəlmişdir. Humay ipi tapmadığına görə Kamran gedib ip tapdıqdan sonra həmin iplə onun əl-qolunu bağladıqdan sonra yenidən taxta ilə onu döyməyə başlamışıar. Döydükdən sonra çantasında olan 4163 manat pulu, mobil telefonu və sənədlərini götürmüş, Toğrul pulu bölüşdürməyi təklif etsə də Kamran bütün işləri özlərinin gördüyünü deyərək pulu bölməkdən imtina etmişdir. Sonra Kamran yenə də taxta parçası ilə onu döyməkdə davam etmiş, həmin zərbələrin təsirindən huşunu itirmişdir. Özünə gəldikdən sonra xalası Nuriyyəni və qohumları Elxanı orada görmüş, həmin vaxt qıcolma keçirdiyinə görə xalası ona kömək etmək istədikdə Kamran buna imkan verməmişdir. Qısa bir müddət sonra Kamran kiminləsə telefonla danışaraq Qurbanın işləri pozduğunu demiş, sonra telefonu ona verərkən telefonla danışan şəxsin dayısı Zahid olduğunu görmüşdür. Zahid ona əlqolunu bağlatdırdığını, sonuncunun dediklərini edəcəyi halda əl-qolunu açdıra biləcəyini demişdir. Zahidlə razılaşdıqdan sonra telefonu Kamrana vermiş, sonradan dayısı Qurbanın evə çatmadan Kamran və İmranın xəbəri omadan hadisə barədə 102 xidmətinə məlumat verdiyini bilmişdir. Hadisə yerində Humay Kamran onu öldürəcəkləri təqdirdə həbs olunacaqlarını dedikdə Kamran Humaya narahat olmamasını, hər şeyin həll olunacağını demişdir. Toğrul Kamrana onu vurmamasını polislərin artıq hər şeyi bildiyini dedikdən sonra dayısı Zahidə zəng edib bu barədə bildirmişdir. Ona qarşı edilən hərəkətlərin hamısını dayısı Zahidin təşkil etdiyinə, həmçinin dayısı oğlu Toğrul da bu işdə əli olduğuna görə sonuncuların da məsuliyyətə cəlb edilməsini istəmişdir. Heç vaxt Kamran və İmranı hədələməmiş, hadisə vaxtı sonuncular polisin gəldiyini bildiklərinə görə onun əlinə bıçaq və silah maketi qoymuşlar. Bundan başqa Rusiya Federasiyasında olarkən ona yazılan təhdid xarakterli mesajlar xalası oğlu İmranın təşkil etdiyini hesab etdiyinə görə İmranın mobil telefonuna təhdid mesajları yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 o]lu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Şəki rayonu Baş Zəyzid kəndində kafedə qohumu Vahidlə birlikdə çay içib söhbət etdiyi vaxt Vahidin mobil telefonuna zəng gəldikdən sonra sonuncu qohumu və həmkəndliləri olan İmrangilə getmələrini xahiş etmiş, İmrangilin yaşadıqları evə çatıb həyətə daxil olduqda, həyətdə evin sağ tərəfində insanların yığışdığını görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs əl-ayağı kəndirlə bağlanılaraq həyətdəki fərdi yaşayış evinin sağ tərəfində yerə basdırılmış metal boruya kəndirlə bağlanıldığını, İmranın və Kamranın isə Rahibin yanında dayandıqlarını görmüşdür. Nə baş verdiyini maraqlandıqda Kamran Rahibin əlində bıçaq və tapança ilə Kamranın qarşısını kəsdiyini, sonra isə İmran oraya getdikdə Rahibi döyərək evlərinə gətirib polisə təhvil vermək üçün kəndirlə Rahibin əl-ayağını bağladıqlarını bildirmişdir. Həmin vaxt Rahib də Kamran və İmrana birincini buraxmasını, yoxsa işlərinin çətin olacağını bildirmiş, bir az sonra polis əməkdaşları gəldikdən sonra Rahibin əl-ayağını açmışlar. Təqsirləndirilən şəxs2 arvadı Təranə Baləmmədova ilə Zərərçəkmiş şəxs arasında əvvəllər yaxın münasibət olmasına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl də mübahisə olduğunu bilmiş, bu barədə dəfələrlə Rahiblə söhbət etmişdir. Kamranla İmran münaqişəni sona çatdırmaq istəsələr də Rahib barışıq əldə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Ağaməmməd oğlu eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhərində olarkən Rahibin televiziyaya çıxaraq digər bacısı oğlu İmranın arvadı ilə arasında münasibəti olması və sonuncuların uşaqlarının atası olmasını bildirdiyi barədə məlumat əldə etdikdən sonra Rahibi yanına çağırıb sonuncu ilə söhbət etmiş, bundan sonra Rahib yenə də televizayaya çıxaraq əvvəl dediklərinin yalan olduğunu bildirmişdir. Həmin gün Rahib onlarda olmuş, çay içdikdən sonra o gedib yatmışdır. Qəfildən telefon zənginə oyanan zaman Rahibin ortalıqda olmadığını görmüş, Bakı şəhəri Binəqədi rayon prokurorluğundan ona zəng vuraraq Rahibin avtovağzal ərazisində intihar etmək istədiyini bildirmişdir. Bacısı oğlu Rahibin digər bacısı uşaqları Kamran və İmranla aralarında olan narazılığı aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atmış, lakin Rahib onun dediklərinə qulaq asmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhərində işdə olduğu zaman Kamran ona zəng edib Rahibin əlində bıçaq və tapança ilə Kamranın qarşısını kəsdiyini, sonra isə İmran da oraya gələrək birlikdə Rahibi evlərinə gətirib, kəndirlə əlayağını bağladıqlarını bildirmiş, Kamrandan telefonu Rahibə verməsini xahiş edərək Rahiblə danışan zaman sonuncu ona vurulmadığını, Kamrangilə sonuncuların evini yandırmaq məqsədi ilə getdiyini bildirmişdir. Kamrana Rahibə su verməsini bildirmiş, Rahibə sonuncunun əl-qolunu bağlatdırdığını, əl-qolunu açdıracağını, nə desələr baş üstə deməsini deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində bacısı Mahizər onun əlaqə saxlayaraq bacısı oğlu Rahibin əlində silahla cinayət etmək üçün hücum etdiyini, tez sonuncuların evinə gəlməsini bildirmiş, bacısıgilə gedərkən evə çatmamış 102 xidmətinə zəng vuraraq Rahibin bacısıgilin evinə hücum etdiyini bildirmişdir. Həmin vaxt bacısı Mahizərin vəziyyəti pis olduğu üçün sonuncunu götürüb evlərinə aparmış, hadisə yerində bıçaq və tapança görmüşdür. Polis əməkdaşları gəldikdən sonra Rahibin əl-qolunu açaraq aparmış, Kamranın səhhətində narahatçılıq yarandığına görə sonuncunu polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Şəki rayonu Baş Zəyzid kəndindəki evində olarkən çöldən səs gəldiyini eşidib çölə çıxmış, həmin vaxt çöldə olan oğlanları Kamranla İmran bacısı oğlu Rahibdən nəyə görə oraya gəldiyini soruşduğunu, Rahib də cavab olaraq onlardan qisas almağa gəldiyini bildirdiyini eşitmişdir. Mübahisə yarandığını görüb qardaşlarına zəng vurub məlumat vermiş, sonra huşunu itirdiyinə görə hadisədən məlumatı olmamışdır. Övladları Rahibi polisə təhvil vermək üçün evə gətirmiş, çünki əvvəllər də Rahib oğlanlarına qarşı etdiyi hərəkətlərə görə polisə müraciət etdikdə polislər onlara sübut təqdim etmələrini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə bacısı Mahizər ona zəng vuraraq tez oraya gəlmələrini bildirmiş, oğlu Namiqlə birlikdə Mahizərgilə getdikdə bacısı Mahizəri huşunu itirmiş vəziyyətdə görmüş, köməkləşib Mahizəri evə aparmışlar. Hadisə yerində bacısı ilə sonuncunun oğlanlarını görmüş, digər bacısı oğlu Rahibin əl-qolu bağlanmış vəziyyətdə olmaqla polis əməkdaşları gəldikdən sonra aparmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Şəki rayonu Baş Zəyzid kəndindəki evində olduğu zaman bacısı Mahizər ona zəng edib, ağlaya-ağlaya ondan Mahizərgilin evinə getməsini xahiş etdikdən sonra oğlu Namiqlə birlikdə oraya gedərkən Mahizərin evin həyət qapısının həyət tərəfdən qarşısında olduğunu görüb sonuncudan nə baş verdiyini soruşduqda Mahizər danışa bilməmiş, sonra o, Namiqlə birlikdə Mahizəri evə aparmışdır. Mahizər evə girdikdən sonra huşunu itirib yerə yıxılmış, bir qədər sonra qardaşı Vahid də evə girib Mahizərə su verərək ayıltmağa çalışmışdır. Mahizər ayıldıqdan sonra Vahid və Namiq səs-küy eşidib nə baş verdiyini öyrənmək üçün evin həyətinə getmiş, o isə Mahizərlə birlikdə evdə qalmışdır. Sonradan həmin gün Rahibin əlində bıçaq və tapança ilə küçədə Kamranın qarşısını kəsdiyini, sonra isə Kamranın İmranla birlikdə Rahibi evlərinə gətirib kəndirlə Rahibin əl-ayağını bağlayaraq həyətdəki boruya bağladıqlarını eşitmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs2 arvadı Təranə Baləmmədova ilə Zərərçəkmiş şəxs arasında əvvəllər yaxın münasibət olması səbəbindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl də mübahisə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs bibisi uşaqları olmaqla münasibətləri normal omuş, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Şəki rayonu Baş Zəyzid kəndindəki evdə olduğu zaman bibisi Mahizər ona zəng edib ağlaya-ağlaya ondan evlərinə getməsini xahiş etdikdən sonra dərhal piyada bibisi Mahizərgilə getmiş, həyətə daxil olduqda Zərərçəkmiş şəxs əl-ayağı kəndirlə bağlanılaraq həyətdəki fərdi yaşayış evinin sağ tərəfində yerə basdırılmış metal boruya kəndirlə bağlanıldığını, qohumları İmran, Kamran və Elxanın isə Rahibin yanında dayandıqlarını görmüşdür. Bibisi uşaqlarına yaxınlaşıb nə baş verdiyini soruşduqda, Kamran Rahibin əlində bıçaq və tapança ilə qarşısını kəsdiyini, sonra isə qardaşı İmran oraya gəldikdən sonra İmranla birlikdə Rahibi döyərək evlərinə gətirib, əlayağını bağlamışlar. Həmin vaxt Rahib də Kamran və İmrandan buraxılmalarını tələb etmiş, bir az sonra isə həmin yerə polis əməkdaşları gəlmişlər. Hadisə zamanı Zərərçəkmiş şəxs ona öz cibindən pulunun və ya mobil telefonun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və ya başqa şəxs tərəfindən oğurlanması barədə məlumat verməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl də Rahibin Təqsirləndirilən şəxs2 arvadı Təranə Baləmmədova ilə arasında əvvəllər yaxın münasibət olması üstündə mübahisələri olduğunu bilmişdir. Hadisə zamanı atası Şahid4 Zərərçəkmiş şəxs söyməsinin şahidi olmamış, özü də Zərərçəkmiş şəxs vurmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 281 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər iki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyyəsinin dərialtı hematoması, kürək və bel, sol bilək və sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyyəsinin qançırları, sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaralar. Bu xəsarətlərdən: qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər iki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyyəsinin dərialtı hematoması, kürək və bel, sol bilək və sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyyəsinin qançırları bərk-küt əşyanın təsirindən törənmişdir; sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaralar iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən törənmişdir, bıçağın təsirindən törənməsi istisna edilmir. Bu xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2022-ci il tarixinə uyğundur. Sol biləyin ön səthinin və sağ saidin orta 1/3-nin halqa formalı, köndələn istiqamətli sıyrıqları kəndirlə və ya iplə yuxarı ətrafları sıxıcı şəkildə bağlama zamanı əmələ gəlməsi istisna edilmir. Yuxarıda qeyd edilən xəsarətlərdən: qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər iki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; kürək, bel, sol bilək, sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyyəsinin qançırları, sağ əlin arxa səthinin İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, göstərilən tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu Baş Zəyzid kəndində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana və həmin ünvanın yerləşdiyi küçəyə baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın həytində Zərərçəkmiş şəxs əl-ayağı kəndirlə bağlanılmış vəziyyətdə metal boruya bağlanılması aşkar olunmuş, həmçinin, baxışın gedişində qeyd edilən ünvandakı fərdi yaşayış evinin mətbəxində döşəmənin üzərində 01 ədəd tapançaya bənzər əşya və həmin ünvanın yerləşdiyi küçədə yerdə 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə cavablardan görünür ki, X9 və X11 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 1070 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 403 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Baləmmədov X10 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarına əlavə olunmuş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayon Baş Zəyzid kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2015-ci il təvəllüdlü, 2016-cı il təvəllüdlü və 2021-ci il təvvəllüdlü olmaqla üç azyaşlı azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayon Baş Zəyzid kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2014-cü il təvəllüdlü, 2016-cı il təvəllüdlü və 2018-ci il təvvəllüdlü olmaqla üç azyaşlı azyaşlı uşağı vardır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və X3 və X5 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, istintaq orqanı tərəfindən onların əməli CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, istitnaq orqanı tərəfindən verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xalası oğlanları Zərərçəkmiş şəxs guya Rusiya Federasiyasında olan zaman ona zəng edib narahat edən nömrənin sahibini müəyyənləşdirmək və evlərinə kiminsə hücum edərək anasını döyəcəyi barədə şayiələrin kim tərəfindən yayılmasını aydınlaşdırmaq məqsədilə yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən evlərinin yaxınlığına gəlməsindən sonra, 10 iyul 2022-ci il tarixdə, saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək birgə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək oğurlamaq məqsədi ilə yaşadığı ünvanın yaxınlığında, küçədə xalası oğlu Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə vuraraq sonuncuya həyatı və ya sağlamlığı üçün təhlükəli olan qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər iki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin kürək, bel, sol bilək, sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyəsinin qançırları, sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə fiziki zor tətbiq edib birlikdə Zərərçəkmiş şəxs hər iki qollarından və ağzından tutub iradəsinin ziddinə olaraq oğurlamaqla sonuncunu olduğu yerdən, yəni küçədən yaşadıqları evin həyətinə məcburi formada 60 metr məsafədə gətirib əl-ayaqlarını kəndirlə həyətdəki dəmir boruya bağlayaraq 1 saat 30 dəqiqə müddətində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayət əməlini törətmişlər. CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 144-cü maddəsinin dispozisiyasına əsəsən adam oğurluğu cinayətinin obyektiv cəhətini zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Bununla yanaşı qeyd edilən cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir ki, bu zaman təqsirkar başqa şəxsi onun iradəsi əleyhinə və ya iradəsinə zidd olaraq oğurladığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Ən ümumi formada cinayətin subyektiv cəhəti törədilmiş əməlin obyektiv əlamətlərinin subyektin şüurunda əksini (əks oluna bilməsini) və subyektin həmin əmələ münasibətini xarakterizə edir. Bu o deməkdir ki, hansısa cinayətlər obyekt, obyektiv cəhət və subyektinə görə üst-üstə düşsə də, subyektiv cəhətin müxtəlif əlamətlərinə malikdirlər. Bu və ya digər cinayətin subyektiv əlamətlərinin məzmununun düzgün anlaşılması törədilmiş əməli daha yüksək dəqiqliklə tövsif etməyə imkan verir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində xalası oğlanları İmran və Kamran Balammədovun yaşadığı Şəki rayonu Baş Zəyzid kəndinə gedərək orada əvvəl İmran Balammədovla mübahisə etmiş, sonra oraya gələn İmran Balammədov da əvvəllər sonuncunun arvadı ilə arasında olan yaxın münasibətə görə münaqişəsi olduğu xalası oğlu Zərərçəkmiş şəxs görüb sonuncu ilə mübahisəyə qoşulmaqla qardaşı Kamran Balammədovla birlikdə Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdikdən sonra sonuncunun əlində bıçaq və tapança formasında alışqanla üzərlərinə gəlməsi və buna görə barəsində tədbir görülməsini təmin etmək məqsədilə 50-60 metr aralıda olan yaşadıqları evə aparıb orada əl-qolunu bağladıqdan sonra bütün qohumlarına məlumat verdikdən sonra dayıları Şahid1 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan da görünür ki, X4 Zərərçəkmiş şəxs barəsində sonuncu tərəfindən zorlanmaya məruz qalmasına dair müraciəti üzrə araşdırma aparılmışdır. Həmçinin, Zərərçəkmiş şəxs özü də İmran Balammədovun mobil telefonuna təhdid xarakterli mesajlar yazdığını təsdiq etmişdir. Bütün bu qeyd edilənlər təqsirləndirilən şəxslərin niyyətinin zərərçəkmiş şəxsi oğurlamaq deyil, sadəcə olaraq zərərçəkmiş şəxin qanunsuz hesab etdikləri hərəkətlərinin qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanlarına təhvil vermək olmuşdur. Ona görə də, məhkəmə tərkibi istintaq orqanın gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməli zərərçəkmiş şəxsə faktiki olaraq yetirdikləri xəsarətlərin dərəcəsindən asılı olaraq qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası o halı da vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı CM-in 144-cü maddəsi ilə, yəni adam oğurluğu maddəsi ilə ittiham irəli sürülsə də, faktiki olaraq onlar tərəfindən törədilən cinayətin motivi, onlar tərəfindən zərərçəkmiş şəxsin hansı məqsədlə oğurlaması, daha dəqiq təqsirləndirilən şəxslərin cinayətdəki niyyətləri müəyyən edilməmişdir ki, bu hal bir daha məhkəmə kollegiyasının sözügedən təqsirləndirilən şəxslərin adam oğurluğu cinayəti törətməsi qənaətinə gəlməsini qeyri-mümkün edir . Məhkəmə tərkibi həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərində CMin 145-ci maddəsində nəzərdə tutulan qanunsuz azadlıqdan məhrum etmə cinayətinin də tərkib əlaməti mövcud deyildir. Belə ki, CM-in 145-ci maddəsində qanunsuz azadlıqdan məhrum etmənin tərkib əlaməti adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir. Adam oğurluğunun qanunsuz azadlıqdan məhrum etmədən obyektiv cəhətinə görə fərqi şəxsin öz iradəsinə zidd olaraq yerdəyişməsindən ibarətdir ki, yuxarıda bəhs olunduğu kimi təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi sonuncunun iradəsinə zidd olaraq evlərinə aparıb orada əl-ayağını bağlayıb saxlayarkən onu hüquq-mühafizə orqanlarına təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Hətta hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerinə gələrkən təqsirləndirilən şəxslərin bu barədə 102 xidmətinə məlumat verilməsini bildikləri halda belə zərərçəkmiş şəxsin əl-ayaqlarını açmamaları, zərərçəkmiş şəxsi həmin vəziyyətdə polis əməkdaşlarına təhvil vermələri onların təqsirləndirilən şəxsi nə oğurlamaq, nə də ki, qanunsuz azadlıqdan məhrum etmək niyyətlərinin olmadığını, zərərçəkmişi qanunsuz hərəkətlərinə görə təhvil vermək istəmələrini göstərir. Belə olan halda qeyd etmək lazımdır ki, bu halda əgər şəxslərin əməllərində adam oğurluğu cinayətinin tərkib əlaməti istisna olunursa onda onların əməllərində qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkib əlamətinin mövcudluğunun müzakirəsi də heç bir hüquqi əhəmiyyət kəsb etmir və həmin cinayət tərkibinin olması istisna edilir. Məhkəmə təqsirləndirilən şəxslərin əməlini CM-in 128-ci maddəsinə tövsif edərkən zərərçəkmiş şəxsin hərəkətlərinə də diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxsin hadisədən qabaq təqsirləndirilən İmran Balammədovun arvadı ilə yaxın münasibətdə olması, hətta buna görə Şəki Rayon Polis Şöbəsində araşdırma aparılması, sosial şəbəkələrdə xalası oğlanları İmran və Kamran Balammədovun barəsində təhqiredici sözlər paylaşması, hadisədən qabaq təqsirləndirilən şəxsə hədəqorxu ilə müşayət olunan SMS-lər yazması, hadisə yerinə üzərində bıçaq və tapança formasında olan alışqanla gəlməsi, qeyd edilən cinayət işi üzrə araşdırma aparılan zaman təqsirləndirilən şəxslərə qarşı CM-in 29, 120.2.4, 29, 120.2.10 və 186.2.2-ci maddələri ilə cinayət törətməkdə şübhəli şəxs kimi tutulduqdan sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək hazırda həmin əmələ görə həbsdə olması, onun şəxsiyyətini xarakterizə etməklə, münaqişənin səbəbkarı olmasını, təqsirləndirilən şəxslərin onu oğurlamaq və ya qanunsuz azadlıqdan məhrum etmə niyyətlərinin olmadığını, sonuncunun qeyd edilən hərəkətlərinə görə xəsarət yetirmək niyyətlərinin olduğunu göstərir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin iddia etdiyi kimi Şahid5 da ona qarşı törədilən cinayətdə iştirak etməsi, Şahid8 isə törədilən əməllərin təşkilatçısı olmasını, eyni zamanda təqsirləndirilən şəxslərin onun mobil telefonunu və 4163 manat pulunu götürməklə ona qarşı quldurluq törədildiyini bildirsə də, bu barədə konkret dəlil gətirə bilməmiş, iş materiallarında onun dəlillərini təsdiq edəcək sübutlar mövcud olmamış, onun dedikləri digər şahid ifadələri və işdə olan digər sübutlarla təsdiq olunmamışdır. Beləliklə, yuxarıda göstərilən səbəblərə görə təqsirləndirilən şəxslərin əməlləri CM- 144.2.3 və 144.2.4-cü maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və onlar həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, himaəsində üç azyaşllı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və himaəsində üç azyaşllı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq onlara islah işləri cəzasının təyin ediməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 49-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunan islah işləri cəzasının əvvəli onların qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 165,06 AZN (bir yüz altmış beş manat altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 82,53 (səksən iki manat əlli üç qəpik) tutularaq Azərbaycn Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddələrinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. X1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi 165,06 AZN (bir yüz altmış beş manat altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 82,53 (səksən iki manat əlli üç qəpik) tutularaq Azərbaycn Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan bir ədəd kəndir məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-79/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-79/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver