Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-99/2022 20.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – Şəki Regional Vəkil Bürosunun vəkili X3, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1990-cı ildə Zaqatala rayonu Dağlı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Dağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində Zaqatala rayonu Dağlı kəndinin yaxınlığındakı “kəmərbinə” adlanan ərazidə yerləşən meşədə həmkəndlisi və tanışı olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu söyməsi və yumruqla vurması ilə bağlı hərəkətlərinə görə qisas almaq niyyəti ilə əvvəlcədən üzərində gəzdirdiyi, tiyəsinin uzunluğu 80 mm, dəstəyinin uzunluğu 110 mm olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirməklə sonuncuya döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək sol plevranı zədələyib hemopnevmotoraksla nəticələnmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bir ədəd kəsilmiş-deşilmiş yara xarakterli xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çoban kimi fəaliyyət göstərməklə 17 oktyabr 2021-ci il tarixdə həmişəki kimi səhər saat 8-də atası Mikarramla birlikdə qoyunları örüşə aparmış, saat 18 radələrində isə atı tapmaq üçün fermadan uzaqlaşaraq axtarmağa başlamışdır. İtmiş atı tapmaq məqsədilə yatağın yaxınlığında yerləşən fermaya gedərkən Ruslan və Fikrət adlı tanışlarını orada görmüş, həmin şəxslərlə biraz söhbət etdikdən sonra birlikdə oturub yemək yeməyə başlamışlar. Həmin vaxt sonuncuların tanışı Rəşad da fermaya gəlmiş, özü ilə birlikdə gətirdiyi spirtli içki ilə onlarla birlikdə oturub yemək yeməyə başlamışdır. Birlikdə spirtli içki qəbul etdikdən sonra söhbət zamanı Rəşad onu meşədə azdıra biləcəyini demiş və bunun üstündə onlar arasında mübahisə yaranmışdır. Rəşada meşəni yaxşı tanıdığını və onu azdıra bilməyəcəyini deyərək birlikdə meşəyə getmişlər. Meşənin içi ilə gedərkən aralarındakı mübahisə yenidən qızışmış və onlar əlbəyaxa olmuşlar. Rəşad onu yerə yıxıb üstündə oturub yumruqla sifətinə vurduqdan sonra üzərindən qalxıb geri qayıtmışdır. Bir qədər yerdə uzandıqdan sonra ayağa durub Rəşadın dalınca gedib sonuncuya çatmış, Rəşad isə söyüş söyərək onu təhqir etmişdir. Bu vaxt Rəşadın söyüşlərinə dözməyərək örüş zamanı istifadə üçün cibində gəzdirdiyi bıçağı çıxarıb Rəşadın sol yan tərəfindən bir dəfə vurmuş, Rəşad yerə uzanaraq qışqırmağa başlamışdır. Bundan sonra bıçağı yerə atıb Rəşada kömək etmək məqsədilə sonuncunu sakitləşdirməyə çalışmış və Rəşada su vermişdir. Dərhal qışqıraraq fermada olan Ruslanı çağırmış, Ruslan onların yanına gəlib Rəşadın bıçaqla vurulduğunu görmüş və təcili tibbi yardıma zəng vurmaq üçün yenidən fermaya qayıtmışdır. Rəşadın mobil telefonunu götürərək təcili yardıma zəng vurmuş, Ruslanı isə təcili tibbi yardım maşınını kənddə qarşılayaraq hadisə yerinə gətirməsi üçün kəndə yollamışdır. Bir müddət keçdikdən sonra Ruslan bələdçilik edərək təcili tibbi yardım avtomaşını onların yanına gətirmiş, onlar birlikdə kömək edib Rəşadı təcili yardım maşınına mindirərək yola salmışdır. Sonradan hadisə baş verən yerdə gəzərkən cinayətin aləti olan bıçağı taparaq könüllü istintaqa təqdim etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Zaqatala rayonu Dağlı kəndində yerləşən Kəmərbinə deyilən ərazidə olan fermaya tanışı Ruslanın yanına getmiş və özü ilə spirtli içki aparmışdır. Ruslanın olduğu fermaya çatdıqda Ruslan, Ronal, Fikrət və Adilin yeyib içdiklərini, Ronalın sərxoş olduğunu görmüşdür. Gətirdiyi spirtli içkini oradakılar qəbul etmiş, o isə iki stəkan çaxır içmişdir. Saat 23 radələrində Ronala qaranlıq düşdüyünü bildirərək evə getməyi təklif etmiş, Ronal isə onu meşədə azdıra biləcəyini deyərək onunla mübahisə etməyə başlamışdır. Bundan sonra onlar birlikdə meşəyə getmiş, meşənin içi ilə xeyli getdikdən sonra Ronal onun yaxasından tutub onu söyməyə başlamışdır. Ronalın əllərini tutub yerə yıxaraq bir neçə dəfə şillə vurmuş, Ronalı yerdə uzanmış vəziyyətdə qoyub geriyə qayıtmışdır. Ronal isə yüyürərək arxadan gəlib onun yaxasından tutmuş, iki əli ilə Ronalın əllərindən tutanda Ronal sağ əli ilə onun sol tərəfindən vurduqdan sonra sol tərəfində ağrı hiss etmiş, əvvəlcə nə baş verdiyini başa düşməsə də, sonra əli ilə sol tərəfini yoxlayarkən oradan qan axdığını görmüşdür. Bu zaman əli və ayağını yavaş-yavaş hiss etməməyə başlamış, sonra yerə yıxılmışdır. Həmin vaxt köməksiz vəziyyətdə olsa da, Ronal bıçağı tullayaraq onun yanında yerdə oturaraq onu sakitləşdirməyə başlamış və qışqıraraq fermada olan Ruslanı köməyə çağırmışdır. Ruslan Ronalın səsinə gəlib onun bıçaqlandığını görüb həyəcanlanmış və telefonu özü ilə gətirmədiyinə görə təcili yardıma zəng vurmaq üçün yenidən fermaya qayıtmışdır. Həmin vaxt Ronal onun mobil telefonunu götürərək təcili yardıma zəng edərək oraya gəlmələrini xahiş etmişdir. Daha sonra o, xəsarət almağı barədə qardaşı Ruslana öz telefonu vasitəsilə məlumat vermiş, sonra isə Ruslan təcili tibbi yardım maşınına bələdçilik edərək onların yanına gətirmişdir. Ronal və Ruslan onu təcili tibbi yardım maşınına mindirmiş, Ronal da onunla birlikdə xəstəxanaya getmək istəyərkən qohumlarının xəstəxanada zərər vura biləcəklərini düşündüyü üçün Ronala gəlməməsini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində işlədiyi fermada olan zaman tanışı Ronal fermaya gəlmiş, o, Ronal, Fikrət və Adil birlikdə oturub yemek yeməyə başlamışlar. Bir qədər sonra digər tanışı Rəşad da onların yanına gəlmiş və onlar Rəşadın özü ilə gətirdiyi spirtli içki qəbul edərək yeməyə davam etmişlər. Saat 23 radələrində Ronal və Rəşad evə getmək məqsədi ilə birlikdə oradan çıxıb getmiş, həmin vaxt Fikrət və Adil isə yatmış vəziyyətdə olmuşlar. Bir qədər sonra Ronalın uzaqdan səsini eşitmiş, nə baş verdiyini bilmək üçün dərhal səs gələn tərəfə getmişdir. Ronalın yanına çatdıqda Rəşadın paltarının qanlı vəziyyətdə yerdə uzandığını, Ronalın isə Rəşadın yanında yerdə oturduğunu və Rəşadın əlini, üzünü su ilə yuyub Rəşada içməyə su verdiyini görmüşdür. Telefonu özü ilə gətirmədiyinə görə təcili tibbi yardıma zəng vurmaq məqsədi ilə dərhal fermaya qayıtmış, telefonu götürərək yenidən Rəşadın yanına qaçmışdır. Rəşad isə təcili tibbi yardıma zəng vurduğunu, təcili tibbi yardım maşınını kənddə qarşılayıb həmin yerə gətirmək lazım olduğunu bildirmişdir. Dərhal ata minərək kəndə gedərək orada təcili tibbi yardım maşınını qarşılamış və bələdçilik edərək Rəşadın olduğu yerə aparmışdır. Ronalla birlikdə köməkləşərək Rəşadı təcili tibbi yardım maşınına mindirmiş və xəstəxanaya yola salaraq yenidən fermaya qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində çoban yoldaşı Fikrətlə birlikdə qoyunları fermaya geri qaytarmış və fermaya çatdıqda Ruslanın Ronalla birlikdə çay içdiyini görmüşdür. Ronal itmiş atını axtardığını onlara bildirmiş, o, Ruslan və Ronalla birlikdə oturub çay içmişlər. Təxminən 1 saat keçdikdən sonra digər tanışları Rəşad da onların yanına gəlmiş və birlikdə oturaraq Rəşadın özü ilə gətirdiyi spirtli içkini içib yemək yemişlər. Daha sonra Ronalla Rəşad evə getmək məqsədilə oradan çıxıb getmiş, o və Fikrət öz əşyalarını götürüb qoyunların yanında yatmaq üçün nəzərdə tutulmuş yerə gedərək orada yatmışlar. Ronal və Rəşadın getməsindən təxminən 1 saat sonra Ruslan onu oyadaraq fermanın yanından qışqırtı səsi gəldiyini və ona qoyunların yanında oyaq qalmağı tapşırmışdır. Meşədən Ronalın qışqıraraq “kömək edin” dediyini eşitmiş, təxminən 15-20 dəqiqə sonra Ruslan qaçaraq fermaya geri qayıdıb ona Ronalın Rəşadı bıçaqladığını, təcili tibbi yardım çağırdıqlarını, gələn tibbi maşının yolu tanıya bilməyəcəyini, buna görə də atla kəndə gedib təcili yardım avtomaşınına bələdçilik edəcəyini deyərək ata minib getmişdir. Bir qədər sonra fermadan təcili tibbi yardım maşınının sayrışan işıqlarını görmüş, bir qədər keçdikdən sonra Ruslan fermaya qayıdaraq Rəşadı xəstəxanaya yola saldıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Zaqatala rayonu Dağlı kəndində yerləşən evdə olarkən qardaşı Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək bıçaqlandığını, qan itirdiyini və təcili yardıma ehtiyacı olduğunu bildirmişdir. Təcili tibbi yardım avtomaşınının gec gələcəyini düşünərək dərhal taksiyə minərək “Kəmərbinə” deyilən əraziyə tərəf getmişdir. Dağlı kəndinin çıxışında təcili tibbi yardım avtomaşınını görüb həmin təcili tibbi yardımla birlikdə qardaşı Zərərçəkmiş şəxs yanına yollanmış, yolda olarkən Şahid2 da onlara qoşulmuş və birlikdə Zərərçəkmiş şəxs olduğu meşəlik əraziyə getmişlər. Qardaşı Rəşadın yanına çatdıqda Rəşadın sol böyrünü qucaqlayaraq ağac kötüyünün üstündə oturduğunu, Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Bundan sonrla onlar birlikdə köməkləşərək Rəşadı təcili tibbi yardım avtomaşınına mindirmiş, qardaşı Rəşadla birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada olarkən qardaşı Rəşadı Ronalın bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 noyabr 2021-ci il tarixli 460 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək sol plevranı zədələyərək hemopnevmotoraksla nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara – iti kənara malik olan deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, bıçağın təsirindən törənməsi, istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 17.10.2021-ci il tarixinə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 oktyabr 2021ci il tarixli 461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol gözün üst qapağında 1 (bir) ədəd qançır – bərk küt əşyanın təsirindən törənmişdir, 17.10.2021-ci il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə- psixiаtrik ekspertizanın 24 noyabr 2021-ci il tarixli 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinə hesabat vermək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 08 dekabr 2021-ci il tarixli 17/833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassayə malik, turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 27 dekabr 2021-ci il tarixli 3/2048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin səthində olan “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranamağa xarakterik deşilib-kəsilmə zədəsidir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən qısaqol köynəyin səthində olan “a” zədəsində xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Qısaqol köynəyin səthində olan “b” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və patoloji Anatomiya ETT Birliyinin 18.11.2021-ci il tarixli 460 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş qısaqol köynəyin səthində olan “a” zədəsi müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sol ön divarının açıq yarası....” xəsarəti ilə təqdim edilmiş qısaqol köynəyin səthində olan “a” zədəsi yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələrin müxtəlif şəraitdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1305-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Dağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Cavadov X1 rayonu Dağlı kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslə barışması və sonuncunun ondan şikayət və tələbinin olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, cinayətin aləti olan bıçağı sonradan istintaqa təqdim etməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı ağırlaşdıran halın olmadığını və CM-in 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulan yüngülləşdirən halın mövcud olduğunu nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60-cı maddəsində nəzərdə tutulan müddəaların nəzərə alınmasını qanuni sayır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin edləcək cəzadan çıxarılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimlan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 94,60 AZN (doxsan dörd manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 94,60 AZN (doxsan dörd manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq və bir ədəd tünd göy rəngli qısa qol köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-99/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-99/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver