Məhkəmə qərarları › İş №1(099)-278/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-278/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-278/2022 24.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs-mülki iddiaçı X4 iştirakı ilə xx xxxx 1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla və külli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə 14 oktyabr 2021-ci il tarixdə köhnə Bakı-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 129-cu kilometrliyində yolun sağ tərəfində yerləşən, X5 məxsus “Şükür inşaat” tikinti materialları mağazasının içərisindəki yardımçı otağa paltarını dəyişmək bəhanəsi ilə qanunsuz daxil olub həmin otaqda olan və saxlanc yeri hesab edilən mebel şkafının kilidini vintaçanla açıb siyirməni özünə doğru çəkdikdən sonra siyirmənin aşağı hissəsindəki rəfin üzərindən sonuncuya məxsus 1500 manat, 04 noyabr 2021-ci il tarixdə eyni niyyət və eyni üsulla həmin yerdən 2500 manat, sonuncu dəfə 18 noyabr 2021-ci il tarixdə eyni niyyət və eyni üsulla həmin yerdən 57600 manat və 2000 ABŞ dolları (2021-ci il noyabrın 18-nə olan məzənnə ilə 3400 manat) olmaqla cəmi 65.000 (altmış beş min) manat pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxs İslam Ağayevə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, habelə verilmiş mülki iddianı qismən qəbul edib ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi ilə birlikdə Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla yaşamış, müxtəlif yerlərdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs İslam Ağayevi tanıyır, aralarında münasibəti yaxış olmuşdur. 2020-ci ilin oktyabr ayından 11 sentyabr 2021-ci il tarixədək İslam Ağayevə məxsus, Salyan şəhərində yerləşən “Şükür inşaat” mağazasında fəhlə işləmişdir. Mağazada işlədiyi müddətdə mağazanın müdiri İslam Ağayevlə və mağazada işləyən digər şəxslərlə münasibəti yaxşı olmuşdur. Mağazada işlədiyi müddətdə, yəni 2021-ci ilin iyun ayında obyektin müdiri İslam Ağayev mağazada “Post-terminal”ın itməsini bildirdiyindən mağazanın işçiləri, həmçinin özü mağazanın içərisində olan otaqlarda “Post-terminal”ı axtarmağa başlamışlar. O, iş yoldaşı Şahid2la birlikdə mağazanın içərisində yerləşən otaqdakı şkafı axtarmağa başlamış, həmin şkafın qapısı bağlı olduğundan vintaçanla şkafın qapısını açmış, lakin şkafda “Postterminal” olmamışdır. Həmin vaxt o, şkafda sənədlərin və rezinlə bağlanmış bir bağlama pul olduğunu görmüş, pula əl vurmadan şkafı vintaçanla bağlayıb Nadirlə birlikdə otaqdan çıxmışlar. Sonra mağazanınin içərisində “Post-terminal”ı tapıb İslam Ağayevə təhvil vermişlər. Bir müddət sonra başqa yerdə iş tapdığı üçün 11 sentyabr 2021-ci il tarixdə “Şükür inşaat” mağazasındakı işindən çıxmış və Salyan şəhərində “köhnə avtobaza” adlanan yerdə topdan satış mağazasında işləməyə başlamışdır. 14 oktyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğu vaxt “Şükür inşaat” mağazasında şkafın içində gördüyü pulları oğurlamaq qərarına gəlmiş və bu məqsədlə həmin gün saat 14 radələrində mağazanın müdiri İslam Ağayevin işdə olmadığı vaxt mağazaya getmişdir. Mağazada keçmiş iş yoldaşları ilə görüşüb hal-əhval tutduqdan sonra Bakı şəhərinə gedəcəyini və bu səbəbdən paltarını dəyişməli olduğunu bildirib paltarını dəyişmək üçün “Şükür inşaat” mağazasının içərisində yerləşən yardımçı otağa, yəni şakafda pulun olmasını gördüyü otağa gedib qapını arxadan bağlamışdır. Otaqda paltarlarını dəyişmiş, sonra otaqdakı şkafın yuxarısında olan siyirməsini özünə tərəf dartaraq yerindən çıxarmışdır. Şkafın qapısı bağlı olsa da, siyirməsini çıxarandan sonra aşağı hissəsi görünmüşdür. Sonra şkafın aşağı hissəsində, rəfin üzərində olan rezinlə bağlanmış bir bağlama pulu götürüb bağlamanın içərisindən nə qədərsə pulu çıxarıb cibinə qoymuş, bağlamada qalan pulu qaytarıb yerinə qoyub otaqdan çıxmışdır. Sonra keçmiş iş yoldaşları ilə sağollaşıb oradan uzaqlaşmış, oğurladığı həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra orada olan pulun qalan hissəsini götürmək üçün ikinci dəfə 04 noyabr 2021-ci il tarixdə, günorta saatlarında yenə də mağazanın müdiri İslam Ağayevin işdə olmadığı vaxt həmin mağazaya getmiş, keçmiş iş yoldaşları ilə görüşüb hal-əhval tutduqdan sonra eyni bəhanə ilə, yəni paltarlarını dəyişmək adı ilə mağazanın içərisində olan həmin otağa keçmişdir. Bu dəfə də eyni qaydada orada olan puldan dəqiq bilmədiyi məbləğdə pul götürmüş, sonra əynini dəyişib otaqdan çıxıb keçmiş iş yoldaşları ilə sağollaşıb mağazadan çıxıb getmişdır. Evli olmalarına baxmayaraq uşağı olmadığına görə arvadı Şahid7 müalicə olunmasına ehtiyac olduğundan oğurladığı puldan 2500 manatı arvadı Gülçinin müalicəsi üçün xərcləmişdir. Daha sonra sonuncu dəfə 18 noyabr 2021-ci il tarixdə pulun qalan hissəsini də oğurlamaq qərarına gəlib İslamın mağazasına getmiş, keçmiş iş yoldaşları ilə görüşdükdən sonra paltarlarını dəyişmək adı ilə pul olan otağa daxil olub şkafda olan pulun qalan hissəsini də götürüb otaqdan çıxıb keçmiş iş yoldaşları ilə sağollaşıb mağazadan çıxıb getmişdır. Sonuncu dəfə götürdüyü pul əvvəlki iki dəfə götürdüyü pullardan çox olmuş, dəqiq nə qədər olmasını xatırlamır. Oğurladığı həmin pulları da özü və ailəsi üçün müxtəlif məqsədlərə, o cümlədən yaşadıqları evin təmirinə xərcləmişdir. Üç dəfəyə mağazaya girib nə qədər pul oğurladığını bilməmiş, lakin İslamın mağazasında olan otağa girib şkafdan cəmi 18-19 min manat pul oğurlamışdır. Həmin pullar 135 ABŞ dolları və Azərbaycan manatından ibarət olmuşdur. 03 dekabr 2021-ci il tarixdə oğurluqla bağlı polis tərəfindən tutulmuş və həmin günü izahat vermiş, oğurladığı pulun bir hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş və oğurladığı puldan evdə qalan 1000 manat pulu, oğurladığı pulla aldığı iki ədəd “Samsung” markalı mobil telefonları, həmçinin oğurladığı puldan ödəniş etməklə hesabında təxminən 1900 manat (1927 manat) olan “Albalı kart”ını polis əməkdaşlarına təqdim etmişdir. Polis şöbəsində izahat verərkən tanımadığı polis əməkdaşları ona qarşı təzyiqlər edərək İslamın mağazasından 65 min manat oğurlaması barədə izahat verməsinə məcbur etmiş, o da izahat və ifadəsində İslamın mağazasından cəmi 65 min manat pul oğurladığını demişdir. Əslində isə oğurladığı pulun cəmi məbləği 18-19 min manat olmuşdur. Ona görə də o, 65 min manat pulun oğurlanmasına görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin mağazadan cəmi 18-19 min manat pul oğurladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2020-ci ilin oktyabr ayından 11 sentyabr 2021-ci il tarixədək “Şükür inşaat” mağazasında fəhlə işləmiş və mağazanın müdiri İslam Ağayevlə münasibətləri yaxşı olmuşdur. Mağazada iş yoldaşları Şahid1, Şahid3, Şahid2 və Yasəf Xankişiyev olmuşdur. 2021-ci ilin iyun ayında obyektin müdiri İslam Ağayev mağazada “Post-terminal”ın itməsini demiş, bununla bağlı mağanın otaqlarını gəzib “Post-terminal”ı axtarmağa başlamışlar. Digər iş yoldaşları kimi o da “Post-terminal”ı axtararkən mağazanın içərisində yerləşən otaqdakı şkafı axtarmağa başlamış, şkafın qapısı bağlı olduğundan vintaçanla şkafın qapısını açmış, şkafda “Post-terminal” olmamış, lakin şkafda rezinlə bağlanmış bir bağlama pul olduğunu görmüşdür. Həmin vaxt yanında olan iş yoldaşı Nadir şkafda pulun olmasını gördükdə şkafı bağlayıb getmələrini demiş, o da şkafı bağlayıb otaqdan çıxmışlar. Bir müddət sonra şəxsi problemləri ilə əlaqədar işdən ayrılmaq məcburiyyətində qaldığı üçün 11 sentyabr 2021-ci il tarixdə “Şükür inşaat” mağazasındakı işindən çıxmışdır. Növbəti gündən Salyan şəhərində “köhnə avtobaza” adlanan yerdə topdan satış mağazasında işləməyə başlamışdır. 14 oktyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğu üçün “Şükür inşaat” mağazasında şkafın içində gördüyü pulları oğurlaya biləcəyini düşünüb həmin şkafdakı pulları hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Bu niyyətini həyata keçirmək üçün o, içərisində cins şalvar və köynək olan bir ədəd çanta götürüb həmin gün saat 14 radələrində mağazanın müdiri İslam Ağayev işdə olmadığı vaxt mağazaya getmişdir. Mağazada keçmiş iş yoldaşları ilə görüşüb hal-əhval tutduqdan sonra onlara Bakı şəhərinə gedəcəyindən mütləq paltarını dəyişməli olduğunu bildirib paltarını dəyişmək üçün “Şükür inşaat” mağazasının içərisində yerləşən yardımçı otağa gebib qapını arxadan bağlamışdır. Otaqda paltarını soyunduqdan sonra otaqdakı şkafın siyirməsini özünə tərəf dartıb yerindən çıxarmış, həmin vaxt şkafın qapısı bağlı olsa da, üstdən şkafın aşağı hissəsini görmək mümkün olmuşdur. Bundan sonra o, şkafın aşağı hissəsində olan rəfin üzərinə qoyulmuş rezinlə bağlanmış bir bağlama pulu götürmüş və oradan 1.500 manat pulu dartıb çıxarmış, sonra paltarını geyinib otaqdan çıxıb keçmiş iş yoldaşları ilə sağollaşıb oradan çıxıb uzaqlaşmışdır. Sonra o, oğurladığı həmin pulları öz şəxsi ehtiyaclarına xərcləməyə başlamışdır. Bir müddət sonra o, mağazada olan pulun qalan hissəsini götürmək üçün ikinci dəfə 04 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində yenə də mağazanın müdiri İslam Ağayev işdə olmadığı vaxt mağazaya getmiş, orada keçmiş iş yoldaşları ilə hal-əhval tutduqdan sonra yenidən eyni bəhanə ilə mağazanın içərisində olan otağa keçmişdir. Bu dəfə də eyni qaydada orada olan puldan 2.500 manat pulu götürmüş, sonra otaqdan çıxıb keçmiş iş yoldaşları ilə sağollaşıb mağazadan çıxıb getmişdir. Evli olmalarına baxmayaraq övladı olmaqda çətinlik çəkdikləri üçün oğurladığı 2.500 manat pulu arvadı Şahid7 müalicəsi üçün xərcləmişdir. Daha sonra sonuncu dəfə 18 noyabr 2021-ci il tarixdə pulun qalan hissəsini də oğurlamaq məqsədilə həmin mağazaya eyni bəhanə ilə gedib otağa daxil olub eyni qaydada pulun qalan hissəsini də götürüb oradan çıxmışdır. Bundan sonra oğurladığı 61.000 manat pulu Bakıda, Salyanda müxtəlif kef məclislərində xərcləmişdir. Belə ki, pulunun çox olduğunu görüb Bakı şəhərində mütəmadi olaraq diskotekalara, barlara getmiş, bahalı otellərdə qalmış və getdiyi yerlərdə oğurladığı pullardan xərcləmişdir. Hətta Bakı şəhərinə diskotekaya getdikdə bir dəfə keçmiş iş yoldaşı Şahid2 da çağırmış, Nadirin pul olmadığından Nadir üçün də pul xərcləmiş və kef məclislərində istirahət etmişlər. Daha sonra oğurladığı pulun bir hissəsi ilə yaşadığı evin həyətyanı sahəsini təmir etdirmiş, bunun üçün lay daşlar və list dəmirlərdən alaraq evi təmir etdirmiş, həmçinin özü üçün əlavə paltarlar da almışdır. Şəxsi avtomobili olmadığından hər gün harasa getdikdə müxtəlif taksilərlə hərəkət etmişdir. Bundan başqa “Access Bank” kreditinə, “Albalı” kart kreditinə müxtəlif ödənişlər etmiş, daha sonra 1.350 manata bir ədəd “Samsung Galaxy S20 Ultra” markalı smartfon və 1.050 manata isə bir ədəd “Samsung Galaxy S10+” markalı smartfon mobil telefonlar, ailə üzvləri üçün paltarlar almışdır. Ailə üzvləri xərclədiyi pullar barədə soruşduqda o, aldığı maaşları yığaraq pul topladığını və həmin pulu xərclədiyini bildirmişdir. Oğurladığı puldan 1000 manat və 135 dollar xarici valyutanı evində gizlətmiş, oğurladığı puldan 1927 manat pulu “Albalı” bank kartında saxlamışdır. Mağazadan oğurluq edərkən ilk gündən etibarən pulun hamısını götürmək niyyətində olmuş, lakin şübhə çəkməmək üçün pulu 3 dəfəyə hissə-hissə götürmüş, yəni birinci dəfə 1.500 manat, ikinci dəfə 2.500 manat, üçüncü dəfə isə qalan bütün pulu-61.000 manat pulu oğurlamışdır. Oğurluq əməlini tək törətmiş, heç kimin köməyindən istifadə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin mahiyyəti üzrə olan hissəsini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, İslam Ağayevin mağazasından 65 min manat pul oğurladığını demiş, əslində isə o, İslam Ağayevin mağazasından içərisində pul olan şkafın qapısını vintaçanla açıb oradan üç dəfə olmaqla cəmi 19 min manat pul oğurlamışdır. Verilmiş mülki iddanın 19 min manat olan hissəsini qəbul edir, qalan hissəsini isə qəbul etmir. Oğurladığı pulun bir hissəsini qaytarsa da, qalan hissəini maddi imkanı olmadığına görə zərərçəkmişə ödəyə bilməmişdir. İslam Ağayevin mağazasından 65 min manat pul oğurlanmasına görə ona CM-nin 1773.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin ittihamın 19 min manat oğurlaması ilə bağlı hissədə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyi, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 ifadəsində göstərmişdir ki, o, 10 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Salyan şəhərində yerləşən “Şükür inşaat” obyektinin (mağazasının) sahibidir. Həmin mağazanın iş fəaliyyəti səhər saat 08-dən axşam saat 18-dək davam edir. Obyekti səhər saat 08 radələrində özü açarla açır və oraya işçiləri daxil olur, axşam saat 18 radələrində özü obyekti açarla bağlayır. Mağazanın açarı 1 ədəddir və yalnız özündə olur. Mağazada beş nəfər işçi çalışır, o cümlədən Təqsirləndirilən şəxs də əvvəllər həmin mağazada fəhlə işləmiş, sonra işdən çıxmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə Şahid1, Şahid3, Şahid2 və Yasəf Xankişiyev orada işləmişlər və onlardan bəziləri hazırda da işləyirlər. Bir qayda olaraq iş vaxtı özü daim orada olmasa da, işçilərin hamısı iş yerində olurlar. 02 dekabr 2021-ci il tarixdə həmişəki kimi səhər saatlarında mağazaya gəlib qapını açmış və işçiləri oraya daxil olmuş, sonra şəxsi işlərini həll etmək üçün özü oradan çıxmış, bir də axşam saat 18 radələrində mağazanı bağlamaq üçün gəlmişdir. Həmin gün bir neçə şirkətə pul göndərmək üçün mağazanın içərisində yerləşən otaqdakı qapısı bağlı mebel şkafına sarı rəngli sellofan torbanın içərisində əvvəlki günlərdən qoyub saxladığı puldan götürmək qərarına gəlmişdir. Həmin şkafın olduğu otağın qapısı bağlı olmamış, mağazaya aid malları oraya qoyub, yaxud da oradan götürməlk üçün ora yalnız mağazanın işçiləri girib-çıxmışlar. O, mebel şkafının yerləşdiyi otağa gəlib dolabın qapısını açıb baxdıqda orada pulun olmadığını, içərisində pul bağlaması olmuş sarı rəngli sellofan torbanın boş olduğunu görmüşdür. Həmin şkafda onun müxtəlif şirkətlərə göndərmək üçün saxladığı, həm də özünün şəxsi vəsaiti də daxil olmaqla cəmi 65.000 manat pulu olmiuşdur. Sonuncu dəfə mağazanın yardımçı otağındakı mebel şkafına 12 sentyabr 2021-ci il tarixi də daxil olmaqla cəmi 65.000 manat pul vəsaiti qoymuş, bir də 02 dekabr 2021-ci il tarixdə pul götürmək üçün şkafa baxanda pulunun oğurlandığını başa düşüb dərhal bu barədə işçilərinə deyib oğurluq barədə məlumatlarının olub-olmamasını soruşmuş, işçiləri isə oğurluq hadisəsi barədə məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, Salyan RPŞ-nə gedib ərizə ilə müraciət edib mağazadan oğurluq hadisəsi olması barədə məlumat vermiş, orada əvvəl özünün izahatı alınmış, sonra mağazada işləyən işçilər polisə çağırılıb dindirilmişlər. Polis əməkdaşları əvvəl mağazada işləmişlər şəxslərin mağazaya gəlibgəlmələrini soruşanda, mağazada işləyən şəxslər, o cümələdən Şahid1 bir müddət əvvəl bir neçə dəfə Təqsirləndirilən şəxs mağazaya gəlib paltarlarını dəyişmək adı ilə həmin otağa girdiyini bildirmişdir. Bundan sonra Ruslan polisə çağırılıb dindirilərkən mağazadan 65 min manat pul oğurluq etdiyini etiraf etmiş və pulun bir hisssəini evində saxladığını demiş, bundan sonra polis əməkdaşları Ruslanın evinə gedib pulun bir hissəsini və Ruslanın oğurladığı pulla aldığı mobil telefonları götürmüşlər. Mağazasının içərisində yerləşən seyf kimi istifadə etdiyi şkafdan 61.600 manat və 2000 ABŞ dolları olmaqla cəmi 65.000 manat pulu oğurlanmışdır. Oğurluq nəticəsində ona vurulmuş 65 min manat maddi zərərin bir hissəsi, yəni 1.000 manat və 135 ABŞ dolları məbləğində nağd pul, iki ədəd “Samsung” markalı mobil telefon aparatları, həmçinin “Albalı kart” plastik kartın balansından çıxarılmış 1.927 manat nağd pul olmaqla, həmçinin mobil telefonların dəyəri də hesablanmaqla ona cəmi 4.756 manat 50 qəpik pul vəsaiti qaytarılmış, 60.243 manat 50 qəpik pul vəsaiti isə ödənilməmişdir. O, oğurluq nəticəsində ona vurulmuş ziyanın ödənilməyən hissəsi, yəni 60.243 manat 50 qəpik pul vəsaitinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianı müdafiə edir və həmin məbləğdə pulun ona ödənilməsini cavabdeh şəxs Təqsirləndirilən şəxs tələb edir. Həmçinin Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi ilə bağlı ona qanunauyğun cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs İslam Ağayevi tanıyır, hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayının əvvəllərinə qədər Ruslan onunla birlikdə İslama məxsus “Şükür inşaat” tikinti mağazasında fəhlə kimi işləmişdir. 2021-ci ilin sentyabr ayında Ruslan mağazadan işdən çıxmış, görüşəndə Ruslan başqa bir yerdə iş tapıb işlədiyini demişdir. 2021-ci ilin sentyabr ayında mağazanın müdiri İslam Ağayevin əlində sarı rəngli sellofan torba ilə mağazaya daxil olmuş və əlindəki torbanı mağazanın yardımçı otağındakı mebel şkafına qoyacağını bildirmişdir. İslam mağazaya gələrkən əlindəki sarı rəngli torbanın içərisində bir bağlama pulun olduğunu görmüşdür. Həmin ərəfədə İslam Ağayevin anası vəfat etdiyi üçün işləri çox olmuş, bu səbəbdən o, tələsik mağazaya gəlib içərisində pul bağlaması olan torbanı mebel şkafına qoyub mağazanı tərk etmişdir. Mebel şkafının olduğu otağa mağazaya aid materiallar yığdıqları üçün otağın qapısı həmişə açıq olmuşdur. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs əlində çanta ilə mağazaya gəlib onunla və digər işçilərlə görüşüb Bakıya gedəcəyini, mağazada paltarlarını dəyişmək istədiyini bildirib mağazanın yardımçı otağına keçmiş, təxminən 15 dəqiqədən sonra Ruslan otaqdan çıxıb onlarla sağollaşıb çıxıb getmişdir. Bundan sonra 2021-ci ilin noyabr ayının əvvəlində Ruslan yenə də əlində çanta ilə mağazaya gəlmiş, yenə də Bakı şəhərinə gedəcəyini bildirib paltarını dəyişmək üçün həmin otağa daxil olmuşdur. Sonra yenə də 2021-ci ilin noyabr ayının ortalarında Ruslan 3-cü dəfə mağazaya gəlib paltarını dəyişmək adı ilə həmin otağa girmiş, paltarını dəyişdikdən sonra otaqdan çıxıb mağazanı tərk edib getmişdir. Sonuncu dəfə 2021-ci ilin noyabr ayının axırlarında Ruslan mağazaya gəlib su motoru və hidrofor alıb getmişdir. Ruslanı hər dəfə görəndə təzə paltar geyindiyini görüb ondan necə pul qazandığını soruşmuş, Ruslan da yeni iş yerində işlərin yaxşı olmasını, həm də evdən-valideynlərindən də pul aldığını bildirmişdir. 02 dekabr 2021-ci il tarixdə, axşam saatlarında mağazanın müdiri İslam Ağayev mağazaya gəlib mağazanın yardımçı otağına girmiş, bir az sonra otaqdan çıxıb ona və orada olan başqa işçilərə otaqdakı şkafa qoyduğu pulun yerində olmadığını, 65 min manat pulun oğurlandığını demiş, sonra hamıdan, həm də ondan oğurluqla bağlı soruşmuş, işçilər də məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra X8 RPŞ-nə müraciət etmiş və polislər tərəfindən araşdırma aparılmağa başlanmış, o və digər şəxslər polisə çağırılıb dindirilmişlər. Səhərisi günü, yəni 03 dekabr 2021-ci il tarixdə mağazadan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması məlum oldmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər İslam Ağayevin «Şükür inşaat» mağazasında Təqsirləndirilən şəxslə birlikdə fəhlə işləmiş və onunla münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin senyabr ayında Ruslan işdən çıxıb başqa yerdə işləsə də, biri-biri ilə əlaqə saxlamışlar. Sonradan özü də mağazadan işdən çıxmışdır. İşdən çıxdıqdan bir müddət sonra Ruslan ona zəng edib Bakı şəhərinə istirahətə gedəcəyini deyib onun da getmək istəyib-istəmədiyini soruşmuş, o da pulunun olmadığını bildirmiş, Ruslan isə özünün pulunun olduğunu və bütün hesabı özü verəcəyini demişdir. Sonra o, Ruslanla razılaşmış və birlikdə istirahət etmək üçün Bakı şəhərinə getmişlər və bir iki gün Bakı şəhərində qalıb istirahət etdikdən sonra birlikdə Salyan şəhərinə qayıtmışlar. Bakı şəhərində olduqları müddətdə bütün xərcləri Ruslan çəkmişdir. Ruslanın haradan pul qazanması barədə məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Ruslan əvvəl işlədiyi yerdən, yəni İslamın mağazasından pul oğurlamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, əvvəllər İslam Ağayevin “Şükür inşaat” mağazasında Təqsirləndirilən şəxslə birlikdə fəhlə işləmiş və onunla münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında Ruslan, noyabr ayında isə özü işdən çıxmışdır. 02 dekabr 2021-ci il tarixdə İslam Ağayev onu mağazaya çağırdığı vaxt mağazadan pul oğurlandığını bilmiş, lakin pulun kim tərəfindən oğurlanması barədə məlumatı olmamışdır. Mağazada işlədiyi müddətdə işdən çıxandan sonra Ruslanın bir dəfə mağazaya gəldiyini və paltar dəyişmək üçün mağazanın içərisində olan yardımçı otağa keçməsini görsə də, həmin vaxt Ruslanın oradan oğurluq etməsindən xəbərsiz olmuşdur. Sonradan eşitmişdir ki, Ruslan İslamın mağazasından pul oğurlamışdır. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur, münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin noyabr ayında söhbət zamanı Ruslan Bakı şəhərinə gedib istirahət etdiyini demişdir. 30 noyabr 2021-ci il tarixdə pulu olmadığı üçün Ruslandan 15 manat borc pul istəmiş, Ruslan da ona 40 manat pul vermiş, o da həmin pulun 20 manatını Ruslana qaytarmaq istəyib 20 manat kifayət etdiyini bildirmiş, lakin Ruslan pulu götürməmiş, pulu olduğunu bildirmişdir. 03 dekabr 2021-ci il tarixdə polis əməkdaşlarının əmisi Sücayətgilə getməsini görüb əmisigilə getmişdir. Həmin vaxt eşitmişdir ki, Ruslan əvvəl işlədiyi “Şükür inşaat” mağazasından oğurluq etmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Ruslan tutulmamışdan xeyli əvvəl Salyan şəhərində İslam Ağayevə məxsus “Şükür inşaat” mağazasında fəhlə işləmiş, sonradan oradan işdən çıxmışdır. Oğlu Ruslan tutulmamışdan bir müddət əvvəl ona bir cüt ayaqqabı və bir ədəd jaket almış, eyni zamanda Ruslan özü üçün də paltarlar almış, həmçinin yaşadıqları evin təmiri üçün lay daşlar almışdır. Ruslandan evin təmiri üçün daşları və paltarları hansı pulla aldığını soruşduqda Ruslan işlədiyi yerdən aldığı maaşını yığdığını və həmin pulları xərclədiyini bildirmişdir. 03 dekabr 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəldikləri vaxt oğlu Ruslanın əvvəl işlədiyi mağazadan oğurluq etməsini bilmişdir. Ruslanın İslam adlı şəxsin mağazasından nə qədər pul oğurlamasını bilmir, lakin Ruslanın dediyinə görə o, mağazadan İslamın dediyi qədər yox, çox az miqdarda pul oğurlamışdır. Məhkəmə iclasında Şahid9 Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, üç ildən artıqdıqdır ki, evlidirlr, lakin övladları yoxdur. Təqsirləndirilən şəxs fəhlə işləməklə ailəsini dolandırmışdır. Övladları olmadığı üçün həkim müayinəsinə getmiş və onun müalicəyə ehtiyacının olduğu müəyyən edilmişdir. Bu səbəbdən valideynləri bankdan kredit götürmüş və o, həmin pulla müalicə olunmağa başlamışdır. Əri Ruslan da ona müalicəsi üçün 1000 manat pul xərcləmiş, həmçinin əri yaşadıqları evin təmiri üçün lay daşlar almışdır. 03 dekabr 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəldikləri vaxt Ruslanın əvvəl işlədiyi mağazadan pul oğurludığını bilmişdir. İşdə olan, Salyan RPŞ-nə ünvanlanmış 02 dekabr 2021-ci il tarixli ərizə ilə müəyən edilir ki, həmin tarixdə Salyan RPŞ-nə zərərçəkmiş şəxs X6 özünə məxsus, Salyan şəhərində yerləşən “Şükür insaat” mağazasından dəqiq məlum olmayan tarixdə 65.000 manat məğləğində nağd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə müraciət edib araşdırmasının aparılmasını xahiş etmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 03 dekkabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, qeyd olunan oğurluq cinayəti Bakı- Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 129-cu kilometrliyində yolun sağ tərəfində yerləşən, X5 məxsus “Şükür inşaat” tikinti materialları mağazasının içərisindəki yardımçı otaqda baş vermişdir. İşdə olan, “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 03 dekabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs X5 məxsus “Şükür inşaat” tikinti materialları mağazasının içərisindəki yardımçı otaqda olan şkafdan 65.000 manat pul oğurlamaqla şübhəli bilinib istintaq orqanı tərəfindən tutulmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 03 dekabr 2021-ci il tarixli protokolla və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs evdə göstərdiyi yerlərdən 1000 manat və 135 ABŞ dolları nağd pul, 01 ədəd “Samsung Galaxy S20 Ultra” markalı və 01 ədəd “Samsung Galaxy S10+” markalı smartfon mobil telefon və bir ədəd “Unibank”a məxsus “Albalı kart” plastik debet kartı (balansında 1927 manat pul vəsaiti olan) aşkar edilib götürülmüşdür. Baxış zamanı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1600 manat müəyyən edilir. Həmin vaxt üçün “Samsung Galaxy S10+” markalı smartfon mobil telefon 600 manat, “Samsung Galaxy S20 Ultra” markalı smartfon mobil telefon 1000 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 06 dekabr 2021-ci il tarixli qərarla, həmin tarixli “Qəbz” və ərizə ilə müəyyən olunur ki, iş üzrə götürülmüş 1000 manat və 135 ABŞ dolları, 01 ədəd “Samsung Galaxy S20 Ultra” markalı və 01 ədəd “Samsung Galaxy S10+” markalı mobil telefon aparatları, “Unibank”a məxsus bir ədəd “Albalı kart” plastik debet kartı və həmin kartın balansından çıxarılmış 1927 manat pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmış və istintaq orqanı tərəfindən həmin maddi sübutlardan mobil telefon aparatları və pul vəsaitləri sahibi zərərçəkmiş şəxs (mülki iddiaçı) İslam Ağayevə təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs aid olmaqla “Unibank”a məxsus bir ədəd “Albalı kart” plastik debet kartı Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra Salyan RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı təzyiq və zorakılıq halları olması barədə Şahid8 (Təqsirləndirilən şəxs atası) şikayəti üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Salyan RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq hallarının olması faktları təsdiq olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün İslam Ağayevin mağazasından 65 min manat pul oğurladığını deməsi, əslində İslam Ağayevin mağazasından cəmi 18-19 min manat pul oğurlamasına aid göstərilən hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün İslam Ağayevin mağazasından 65 min manat pul oğurladığını deməsi, əslində İslam Ağayevin mağazasından cəmi 18-19 min manat pul oğurlamasına dair göstərilən hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs İslam Ağayev, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən təqsirləndiriln şəxsin yaşadığı evə baxış zamanı aparılmış videoçəkilişlə, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərarın surəti ilə (həmin qərara əsasən Salyan rayon prokurorluğunda aparılmış yoxlama zamanı Salyan RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halların olması təsdiq olunmamışdır), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları- yəni zərərçəkmişə məxsus 65 min manat pulu oğurlaması və digər halları tam təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 177.3.2-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-03 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Salyan rayon İHB-nın Salyan rayounun Arbatan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü intizamlı aparmış, kənd əhalisi arasında hörmət qazınmışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın (zərərçəkmiş şəxsə vurulmuş ziyanın) qismən ödənilməsi Azərbaycan Respublikası CMnin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə 65.000 (altmış beş min) manat məbləğində maddi ziyan vurulmuş, həmin ziyanın 4756 (dörd min yeddi yüz əlli altı) manat 50 qəpik pul vəsaiti zərərçəkmişə qaytarılmış, 60.243 (altmış min iki yüz qırx üç) manat 50 qəpik məbləğində ziyan isə ödənilməmişdir. İş üzrə zərərçəkmiş şəxs İslam Ağayev tərəfindən 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 60.243 (altmış min iki yüz qırx üç) manat 50 qəpik məbləğində mülki iddia verilmiş, habelə həmin mülki iddianın verilməsi ilə bağlı 271 (iki yüz yetmiş bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında mülki iddiaçı (zərərçəkmiş şəxs) İslam Ağayev Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianı tam həcmdə müdafiə etdiyini və həmin miqdarda mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinin müddəalarına əsasən əmlakına vurulmuş ziyana görə fiziki şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, habelə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, törədilmiş cinayət nəticəsində (cinayət qanuni ilə nəzərdə tutulmuş əməl nəticəsində) zərərçəkmiş şəxs İslam Ağayevə cəmi 65.000 (altmış beş min) manat məbləğində maddi ziyanın vurulması və həmin ziyanın 4756 (dörd min yeddi yüz əlli altı) manat 50 qəpik pul vəsaitinin zərərçəkmişə qaytarılması (ödənilməsi) nəzərə alınmaqla, vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi 60.243 (altmış min iki yüz qırx üç) manat 50 qəpik, habelə mülki iddiaçı (zərərçəkmiş şəxs) İslam Ağayevin həmin mülki iddianın verilməsi ilə bağlı ödədiyi dövlət rüsumu 271 (iki yüz yetmiş bir) manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) İslam Ağayevin iş üzrə verdiyi mülki iddia 60.243 (altmış min iki yüz qırx üç) manat 50 qəpik məbləğində tam təmin edilməli, habelə mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 271 (iki yüz yetmiş bir) manat dövlət rüsumu da nəzərə alınmaqla cəmi 60.514 (altmış min beş yüz on dörd) manat 50 qəpik məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) İslam Ağayevə verilməlidir. Eyni zamanda istintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan,1000 (bir min) manat və 135 (bir yüz otuz beş) ABŞ dolları məbləğində nağd pul vəsaiti, 1 (bir) ədəd “Samsung Galaxy S20 Ultra” markalı və 1 (bir) ədəd “Samsung Galaxy S10+” markalı mobil telefon aparatları, 1927 (bir min doqquz yüz iyirmi yeddi) manat pul vəsaitinin sahibi zərərçəkmiş şəxs (mülki iddiaçı) İslam Ağayevə təhvil verilməsi nəzərə alınmal, habelə iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs aid olmaqla “Unibank”a məxsus bir ədəd “Albalı kart” plastik debet kartı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası Şahid8 (ünvan: Salyan rayonunun Arbatan kəndi) təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 verdiyi 60.243 (altmış min iki yüz qırx üç) manat 50 (əlli) qəpik məbləğində mülki iddia tam təmin edilsin və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 271 (iki yüz yetmiş bir) manat dövlət rüsumu da nəzərə alınmaqla cəmi 60.514 (altmış min beş yüz on dörd) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) X5 verilsin. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan,1000 (bir min) manat və 135 (bir yüz otuz beş) ABŞ dolları məbləğində nağd pul vəsaiti, 1 (bir) ədəd “Samsung Galaxy S20 Ultra” markalı və 1 (bir) ədəd “Samsung Galaxy S10+” markalı mobil telefon aparatları, 1927 (bir min doqquz yüz iyirmi yeddi) manat pul vəsaitinin sahibi zərərçəkmiş şəxs X5 təhvil verilməsi nəzərə alınsın. Habelə iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs aid olmaqla “Unibank”a məxsus bir ədəd “Albalı kart” plastik debet kartı hökm qanuni qüvvəyə mindikdən sonra Şahid8 (ünvan: Salyan rayonunun Arbatan kəndi) təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar