Məhkəmə qərarları › İş №1-1(092)-31/2020

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-31/2020

24.12.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-31/2020 24.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 kаtibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 2001-ci ildə Tovuz rayonu, Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Tovuz rayonu, Qədirli kəndində qeydiyyatda olan, N №-li hərbi hissədə atıcıqumbaraatan köməkçisi vəzifəsində xidmət edən, 30 oktyabr 2020-ci ildə barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 iyul 2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılıb N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyündə sürücü vəzifəsində xidmət edərkən 14 sentyabr 2020-ci il tarixdə, saat 07:00 radələrində tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs yataqxananın arxasında onunla yaxın münasibətdə olan əsgər Şahid1 ilə mübahisə etməsini görüb oraya gələrək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozmaqla Zərərçəkmiş şəxs çiynindən tutaraq özünə tərəf çevirib sol qulaq nahiyəsindən bir sillə zərbəsi vuraraq ona “sol təbil pərdəsinin travmatik perforasiyası” xəsarətini yetirib sağlamlığına qəsdən yüngül zərər vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 14 sentyabr 2020-ci ildə saat 07:00 radələrində düzülüş yerinə gedəndə Şahid1 və Zərərçəkmiş şəxs yataqxananın yan tərəfində mübahisə etdiklərini, orada olan əsgərlər Şahid2 və Şahid3 onları aralaşdırıb kənara çəkməsini gördüyünü, bu vaxt Zərərçəkmiş şəxs onunla yaxın münasibətdə olan Şahid1la mübahisə etməsinə acıqlanıb yaxına gedərək aşağı əyilmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs çiynindən yapışıb özünə tərəf çevirdiyini, onun sol qulağına tərəf hissəsindən bir sillə zərbəsi vurduğunu, sillə Zərərçəkmiş şəxs sol qulağının üstündən dəydiyini, vurduğu sillə nəticəsində Zərərçəkmiş şəxs sol qulağının pərdəsi cırıldığını, buna görə ondan üzr istiyərək onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 14 sentyabr 2020-ci ildə təxminən saat 06:40 radələrində yuyunma otağından çıxıb ləvazimatlarını özünə məxsus olan dolaba qoymaq üçün yataqxanaya qayıtdığını, Şahid1 çarpayısının yanından keçərkən onunla aralarında bəzi söz-söhbət olduğunu, həmin vaxt hərbi hissə növbətçisi leytenant Sərxan Mirzəxanlı sakit olmalarını və çölə çıxıb düzülmələrini dediyindən o, yataqxananın qarşısına, əsgər Şahid1 isə yuyunma otağına getdiyini, yataqxananın qarşısında olarkən kim olmasına diqqət yetirmədiyi bir əsgər ona “Şahid1 səni yuyunma otağına çağırır” dediyini, ancaq oraya getmədiyini, bir neçə dəqiqə keçəndən sonra əsgər Şahid1 onun yanına gələrək yataqxananın arxasına getməyi dediyini, yataqxananın arxasına getdikdə Şahid1la yenə aralarında bəzi söz-söhbət yarandığını, həmin vaxt Şahid1 onun kitelinin çiynindən yapışaraq itələdiyini, Şahid1 hərəkətlərinə fikir verməsini dedikdə təkrar onun kitelindən yapışıb silkələyərək yıxmağa çalışdığını, Şahid1 qollarından yapışdığı üçün yerə yıxılarkən onu da özü ilə bərabər dartıb yerə yıxıldıqlarını, Şahid1 yerdən tez qalxdığını, özü qalxmaq istəyərkən Şahid1 onun başından tutub ayağa qalxmağa qoymadığını, sonra dizi ilə bir dəfə baş nahiyəsindən, bir dəfə də sağ gözünün altından vurduğunu, həmin vaxt orada olan səs-küyə gəlmiş əsgərlər Şahid1 aralaşdırıb kənarlaşdırdıqlarını, əsgər Təqsirləndirilən şəxs onları kənardan görüb oraya gedib onun arxa tərəfdən çiynindən yapışaraq özünə tərəf çevirib sifətinə bir sillə vurduğunu, sillə onun sol qulağının üstündən dəydiyini, həmin vaxt qulağının uğuldadığını, Təqsirləndirilən şəxs onu vurduqdan sonra oradan kənarlaşdığını, əl-üzünü yumaq üçün yuyunma otağına getdiyini, aynada sağ gözünün alt nahiyəsinin qızardığını gördüyünü, şəxsi heyət səhər yeməyinə getdiyindən, onlara qoşulub yeməyə gedərkən şəxsi heyəti yeməyə aparan leytenant Sərxan Mirzəxanlı onun gözündəki qızartını görüb gözünə nə olmasını soruşduğunu, ona baş verənləri danışdığını, sonra yeməyə getdiyini, leytenant S.Mirzəxanlı Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs yanına çağırıb hərbi hissə komandirinin müavini mayor Ricad Mahmudova məruzə etdiyini, daha sonra müayinə olunmaq üçün 205 nömrəli hərbi hospitala göndərildiyini, hospitalda ona sol qulağının pərdəsinin deşilməsi barədə məlumat verildiyini, Şahid1 bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 14 sentyabr 2020-ci ildə saat 06:40 radələrində çarpayısında oturub corabını geyinərkən Zərərçəkmiş şəxs oraya gələrək tələsik “icazə ver keçim” deyib cavab verməyini gözləmədən keçib dolabına tərəf getdiyini, Zərərçəkmiş şəxslə aralarında mübahisə yarandığını, bu vaxt hərbi hissə növbətçisi leytenant Sərxan Mirzəxanlı “sakit durun, çıxın çölə” deyərək çöldə düzülmələri üçün komanda verdiyini, bundan sonra əl-üzünü yumaq üçün yuyunma otağına getdiyini, yuyunma otağında olarkən əsgərlərdən kiməsə Zərərçəkmiş şəxs yuyunma otağına çağırmasını dediyini, lakin Zərərçəkmiş şəxs yuyunma otağına gəlmədiyini, Zərərçəkmiş şəxs yaxşı eliyirəm deməsi onu qıcıqlandırdığından, düzülüş yerinə tərəf gedərkən Zərərçəkmiş şəxs kurilkanın yanında siqaret çəkdiyini gördüyünü, söhbət etmək məqsədi ilə ona yataqxananın arxasına gəlməsini dediyini, yataqxananın arxasında Zərərçəkmiş şəxs “mən sənə deyirəm ki, ordan keçmə başqa yerdən dolabının yanına get, sən nə deyirsən?” dediyini, o da “keçəcəm, orada mənim dolabım var, keçməliyəm, əgər sən həmin vaxt mənə desəydin başqa yerdən keç mən oradan keçməzdim” deyə cavab verdiyini, bu zaman Zərərçəkmiş şəxs kitelinin çiynindən yapışıb “bundan sonra oradan keçmə, yeri get burdan” deyərək onu kənara itələdiyini, Zərərçəkmiş şəxs ona “hərəkətlərinə fikir ver, nə edirsən?” deyərək qolundan yapışdığını, Zərərçəkmiş şəxs kitelinin yaxasından tutaraq silkələdikdə müvazinətini itirib yerə yıxıldığını, yerə yıxılarkən Zərərçəkmiş şəxs qollarından yapışdığı üçün onun da yerə yıxıldığını, sonra cəld yerdən qalxıb Zərərçəkmiş şəxs çiyinlərindən tutub, 1 dəfə başından, 1 dəfə də sağ gözünün alt nahiyəsindən dizi ilə vurduğunu, səs-küyə gələn əsgərlər onları aralaşdırıb, onu tutub kənara çəkdiklərini, həmin müddət əsgər Təqsirləndirilən şəxs ora gələrək Zərərçəkmiş şəxs çiynindən tutub özünə tərəf çevirib və onun sifətinin sol qulaq nahiyəsindən bir sillə zərbəsi vurduğunu, həmin zərbə onun qulağının üstündən dəydiyini, bu səbəbdən də Zərərçəkmiş şəxs sol qulağının pərdəsinin deşildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 14 sentyabr 2020-ci ildə təxminən saat 06:50 radələrində kurilkada siqaret çəkərkən yataqxananın yan tərəfindən səs-küy gəldiyini eşitdiyini, sağ tərəfə dönüb baxanda iki əsgərin yerdə dartışdığını gördüyünü, həmin əsgərlərdən birinin Zərərçəkmiş şəxs olduğunu görüb onları aralaşdırmaq üçün həmin yerə qaçdığını, oraya çatanda Şahid1 ayaq üstə, Zərərçəkmiş şəxs isə dizi üstə olduğunu, Şahid1 Zərərçəkmiş şəxs boynundan yapışdığını gördüyünü, əsgər Şahid2 həmin yerə çatıb Şahid1 aralaşdırıb kənara çəkdiyini, Zərərçəkmiş şəxs ayağa durmağa çalışarkən əsgər Təqsirləndirilən şəxs oraya gəlib Zərərçəkmiş şəxs çiynindən yapışıb özünə tərəf çevirdiyini, sifətinin sol qulağına yaxın hissəsindən bir sillə zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs üst-başı toz içində olduğuna, üzü qızardığına görə qolundan tutaraq əl-üz yuma yerinə tərəf apardığını, Şahid1la nəyə görə dalaşdıqlarını soruşsa da Zərərçəkmiş şəxs ona cavab vermədiyini, Şahid1la Zərərçəkmiş şəxs nəyə görə dalaşmaqlarını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəyə görə bir sillə zərbəsi vurmağını bilmədiyini, Şahid1 və Təqsirləndirilən şəxs başqa kiminləsə mübahisə etməsini görmədiyini Şahid1 Zərərçəkmiş şəxslə dalaşarkən Təqsirləndirilən şəxs orada olmadığını, əsgər Şahid2 Şahid1 aralayıb kənara çəkəndən sonra, Təqsirləndirilən şəxs onun arxasından gələrək Zərərçəkmiş şəxs bir sillə vurduğunu, həmin sillə zərbəsi Zərərçəkmiş şəxs sifətinin sol qulağına dəydiyindən Zərərçəkmiş şəxs qulağının pərdəsi cırıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2020-ci ilin sentyabr ayının 14-də təxminən saat 06:50 radələrində kurilkada siqaret çəkərkən yataqxananın yan tərəfindən səs-küy gəldiyini eşitdiyini, bu zaman sağ tərəfə dönüb baxanda Şahid1 və Zərərçəkmiş şəxs yerdə dartışdığını gördüyünü, onları aralaşdırmaq üçün həmin yerə tərəf qaçdığını, bu vaxt Şahid1 ayaq üstə, Zərərçəkmiş şəxs isə yarı yıxılmış vəziyyətdə olduğunu, Şahid1 Zərərçəkmiş şəxs boynundan tutduğunu, oraya çatan kimi onların arasına girdiyini, Şahid1 tutaraq kənara çəkdiyini, onu kənara çəkəndən sonra arxaya dönərkən Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol qulağı tərəfindən bir sillə zərbəsi vurduğunu, bu vaxt orada olan əsgər Şahid3 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralaşdırdığını, Zərərçəkmiş şəxs üst başı toz içində olduğundan və üzündə qızartı olduğu üçün Şahid3 Zərərçəkmiş şəxs əl-uz yuma yerinə tərəf apardığını, Şahid1la Zərərçəkmiş şəxs aralaşdırmaq üçün oraya gedərkən Təqsirləndirilən şəxs orada olmadığını, Şahid1 aralayıb kənara çəkdikdən sonra onun oraya gəldiyini, Zərərçəkmiş şəxs sol qulağı olan hissəsinə Şahid1 bir sillə zərbəsi vurduğunu, həmin zərbə nəticəsində Zərərçəkmiş şəxs sol qulağının pərdəsinin cırıldığını göstərmişdir. Cinayət işinin 60-61-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2020-ci il tarixli 211 №-li, ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən-sol təbil pərdəsinin travmatik perforasiyası yüksək təzyiqin yerli təsirindən, sağ gözaltı nahiyənin sıyrığı-bərk küt əşyanın təsirindən törənməyə xarekterikdir, dediyi tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə təbil pərdəsinin perforasiyası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 24-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixli 225 №-li əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs mühəndis-istehkam bölüyünün 1-ci istehkam taqımının 2-ci istehkam manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 126-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 268 №-li əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 4-cü motoatıcı taborun 11-ci motoatıcı bölüyünün 2-ci taqımının 1-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 31-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 165-ci vərəqəsindən görünür ki, N №-li hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri yoxdur. Cinayət işinin 54-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli 2180 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 116-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59.1.1, və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi, zərər çəkmiş şəxslə barışıq əldə edib və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olmasını məqsədə müvafiq hesab edir. Ona görə də Təqsirləndirilən şəxs həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 8 (səkkiz) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına, xidmətdən tərxis olunduqdan sonra yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə xidmət etdiyi dövrdə nümunəvi xidmət etmək vəzifəsi, tərxis olunduqdan sonra yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar