Məhkəmə qərarları › İş №1-1(093)-29/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-29/2024

24.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-29/2024 24.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovniki Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin 4-cü taborunun 12ci bölüyünün 2-ci taqımının 3-cü manqasında qumbaraatan vəzifəsində, əsgər rütbəsində xidmət edən, xx.xx.N3-cü il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla hərbi hissəni üç gündən artıq, lakin on gündən çox olmayan müddətdə özbaşına tərk etmişdir. Pənahov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 3-cü manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən xx.xx.N3-cü il tarixdə hərbi hissə komandirinin əmri ilə müayinə olunması üçün Bakı şəhəri ərazisində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş və hospitalın rəisinin həmin tarixli N nömrəli əmri ilə ambulator müayinə üçün hospitalın ərazisində olan zaman xx.xx.N3-cü il tarixdə saat 11 radələrində hospitalın ərazisini özbaşına tərk edib getmiş və yalnız xx.xx.N3-cü il tarixdə saat 10 radələrində xidmət yeri olan hospitala qayıtmaqla, üç gündən artıq, lakin on gündən çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.N2-ci il tarixdə SHXÇDX-nin Xətai rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.N2-ci il tarixdən N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 3-cü manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. Xidmət müddətində bütün növ təminatlarla təmin olunmuş, xidmətlə bağlı hər hansı çətinliyi olmamışdır. Səhhətində olan problemlərlə əlaqədar xx.xx.N3-cü il tarixdə N nömrəli hərbi hissənin göndərişi əsasında Baş Klinik Hospitala göndərilmişdir. Həmin vaxt nümayəndə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 olmuşdur. xx.xx.N3-cü il tarixdə saat 09 radələrində xatırlamadığı dostu ilə telefon vasitəsilə danışan zaman sevdiyi qızın elçilik məclisinin olduğunu eşidib əsəbiləşərək hospitalın ərazisini özbaşına tərk etmək qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində hospitalda müayinələrdən keçən zaman hospitalın nəzarət buraxılış məntəqəsindən qanunsuz olaraq özbaşına çölə çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Xidmət yerində olmadığı müddətdə ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olmuşdur. xx.xx.N3-cü il tarixdə saat 10 radələrində hospitala könüllü qayıdıb bu barədə qəbul bölməsinə məlumat vermişdir. Şahid qismində dindirilmiş tibb xidməti polkovnik-leytenantı Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, N3-cü ilin aprel ayından hospitalın Qəbul bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant rütbəsində xidmət edir. Əsgər Təqsirləndirilən şəxs hospitala müayinə üçün gəldiyindən xx.xx.N3-cü il tarixdə hospitalın qazan təminatına qoyulmuşdur. xx.xx.N3-cü il tarixdə saat 11:30 radələrində xidməti otağında olan zaman N nömrəli hərbi hissənin nümayəndəsi, çavuş Şahid1 ona yaxınlaşaraq hospitala müayinəyə göndərilmiş əsgər Təqsirləndirilən şəxs hospitalın ərazisini həmin gün saat 11 radələrində özbaşına tərk etdiyini bildirmişdir. Bundan sonra, araşdırma aparılması üçün tərəfindən hospitalın rəisinə raportla müraciət edilmişdir. Təqsirləndirilən şəxs ailəsi ilə telefon əlaqəsi saxlanılsa da, zənglərə cavab verən olmamışdır. xx.xx.N3-cü il tarixdə saat 11 radələrində qəbul bölməsinin xatırlamadığı hərbi qulluqçusu tərəfindən əsgər Təqsirləndirilən şəxs həmin gün saat 10 radələrində xidmət yerinə qayıtması barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs ailə problemlərinə görə xidmət yerini özbaşına tərk etdiyini və xidmətdə olmadığı müddətdə yaşadığı evdə olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 xx.xx.N3-cü il tarixdə N nömrəli hərbi hissədən müayinə üçün Baş Klinik Hospitala göndərilən xəstələrin üzərində nümayəndə təyin edilmişdir. xx.xx.N3-cü il tarixdə saat 11 radələrində hospitalda xəstələrə nəzarət edən zaman müayinə üçün hospitala göndərilmiş əsgər Təqsirləndirilən şəxs hospitalın ərazisini özbaşına tərk etdiyi ona məlum olmuşdur. Dərhal bu barədə hospitalın qəbul bölməsinə məlumat verib Təqsirləndirilən şəxs ailəsi ilə telefon əlaqəsi saxlamaq istəsə də, zənglərinə cavab verən olmamışdır. Sonra raport yazılmaqla araşdırma aparılmışdır. Bundan sonra, xx.xx.N3-cü il tarixdə saat 10 radələrində əsgər Təqsirləndirilən şəxs Baş Klinik Hospitala qayıtmışdır. Təqsirləndirilən şəxs şəxsi problemlərinə görə xidmət yerini özbaşına tərk etdiyini, xidmətdə olmadığı müddətdə yaşadığı evdə olduğunu, xidmətlə bağlı hər hansı çətinliyinin olmadığını və ona qarşı nizamnamədən kənar hərəkətlərə yol verilmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 94 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 4cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 3-cü manqasında qumbaraatan vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 6 sentyabr N3-cü il tarixli N nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs müayinə üçün göndərildiyindən həmin tarixdə hospitalın qazan təminatına qoyulmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 6 sentyabr N3-cü il tarixli N nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hospitalın ərazisini özbaşına tərk etdiyindən hospitalın qazan təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 11 sentyabr N3-cü il tarixli 206 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hospitala qayıtdığından hospitalın qazan təminatına qoyulmuşdur. DİN-in BƏSİİ-dən alınmış 21 sentyabr N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 12 sentyabr N3-cü il tarixli 9676 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, məhkəmə istintaqı zamanı müəyyən olunduğu kimi hazırda qanunla müəyyən olunmuş həqiqi hərbi xidmətini müddətini tam olaraq başa vurmuş olması yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə almışdır. Bununla belə, məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini qanuni nöqteyi nəzərdən mümkünsüz hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinə əsasən müvafiq olaraq intizam xarakterli hərbi hissədə saxlama növündə cəza hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa təyin edilə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmətdən tərxis olunduğuna görə barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzalarının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci maddəsində göstərilən əsaslar olmadığından, təqsirli bilindiyi maddənin sanksiyalarında müəyyən ediləndən daha yüngül növ cəzanın təyin edilməsinə də, əsas görmür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N1-ci il tarixli qərarının 2-3-cü bəndinin müddəalarına görə həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulmasa da, Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə cərimə cəzasının təyin edilməsi cəza siyasətinin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-in 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə mindikdən sonra barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri 19 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 400 (dörd yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar