Məhkəmə qərarları › İş №1-1(093)-92/2020

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-92/2020

13.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-92/2020 13.08.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi ilə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsində, baş əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etmişdir. Belə ki, o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsində, baş əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən, 2018-ci ilin iyul ayının axırlarında sabiq xidmət yoldaşı, N nömrəli hərbi hissənin giziri Şahid3 ona müraciət edərək öz adına kredit borcu üzrə gecikmələrin olmasını deyib onun adına kredit götürülməsini və aldıqları pulu yarı bölmələrini təklif etmiş, lakin o eyni qaydada kredit borcunun və gecikmələrinin olmasını bildirdiyindən Şahid3 bir nəfər eyni yaşda olan qohumunun şəxsiyyət vəsiqəsinin lazım olduğunu, sabiq xidmət yoldaşları Şahid1 və Şahid2 vasitəsi ilə həmin şəxsin adına, lakin onun fotoşəkilləri yapışdırılmış zabit heyətindən olan hərbi qulluqçu olmasına, Bakı şəhərində yaşamasına və yüksək əmək haqqı almasına dair yalan məlumatların əks olunduğu saxta şəxsi vəsiqə, şəxsiyyət vəsiqəsi və bank çıxarışı hazırlanmasını və onun həmin vəsiqələr və sənəddən istifadə etməklə 10000 manat məbləğində kredit götürə biləcəyini, bunun müqabilində həmin məbləğdən 3000 manatın adı çəkilən şəxslərə verilməli olduğunu, qalan pulu isə öz aralarında böləcəklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs rütbəsinə və aylıq məvacibinə görə ona yüksək məbləğdə pulun kredit qismində verilməyəcəyini bildiyindən maddi çətinliklərini aradan qaldırmaq üçün Şahid3 təklifi qəbul edərək sonuncu ilə cinayət əlaqəsinə girmiş və iş yerinə yaxın qohumlarının sənədlərinin surətini təqdim etməli olduğu üçün əvvəlcədən üzərində olan qardaşına, yəni «Şahid4» adlı şəxsə məxsus, AZE seriyalı 15493678 nömrəli şəxsiyyət vəsiqəsini saxta vəsiqə və sənədlərin hazırlanmasında istifadə edilməsi üçün bir neçə gün sonra Şahid3 vermişdir. Daha sonra Şahid3 həmin sənədi Şahid1 verərək saxta vəsiqələrin və bank çıxarışının Təqsirləndirilən şəxs fotoşəkli yapışdırılmaqla Şahid4 adına hazırlanmasını bildirmiş, o cümlədən, Təqsirləndirilən şəxs mülki geyimdə, sinədən yuxarı və həqiqi şəxsi vəsiqə ilə əmək haqqı kartının zəruri səhifə və hissələrinin fototşəkillərini çəkib müvafiq proqram vasitəsi ilə Şahid1 mobil telefonuna göndərmişdir. Bununla da, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvü Şahid3la birlikdə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 32 ünvanında yerləşən 32 ünvanında yerləşən «xxxxxxxxxxxx» ASC-nin Baş İdarəsinin yaxınlığına gedərək Şahid1 və Şahid2la görüşməklə orada olan kafelərin birində əyləşmişlər. Həmin vaxt Şahid1 Şahid2la birgə əvvəlcədən qanunsuz hazırladığı saxta sənədləri Təqsirləndirilən şəxs təqdim etməklə onlar əsasında bankdan yüksək məbləğdə kredit götürə biləcəyi barədə xəbərdar etmiş, sonuncu həmin sənədləri nəzərdən keçirib birinin «Şahid4»nun adına olmaqla min manatdan yuxarı məbləğdə maaş almasını özündə əks etdirən «xxxxxxxxxxxx» kartından saxta çıxarışın, digərlərinin isə sonuncunun adına olsa belə, onun fotoşəkli yapışdırılmış və həkk edilmiş müvafiq olaraq zabitin şəxsi və vətəndaşın şəxsiyyət vəsiqələri olmalarını görməklə saxta sənədlər əsasında kredit götürülməsinə razılıq verib həmin gün saat 14-15 radələrində sözügedən filialın inzibati binasına daxil olmuş, orada olarkən bankın istehlak kreditləri şöbəsinin mütəxəssisinə yaxınlaşmaqla ona məzmunu həqiqəti əks etdirməyən və yalan məlumatlar qeyd olunmuş qanunsuz hazırlanmış saxta, hüquq verən sənədləri, yəni N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi, qardaşı Şahid4 isə Biləsuvar rayonu, Çaylı kəndində yaşayan mülki şəxs olmaqla hər hansı bir məbləğdə rəsmi gəlirin olmadığı halda, sonuncunun guya N nömrəli hərbi hissədə kapitan rütbəli zabit kimi xidmət etməsinə dair və ilk səhifəsində onun fotoşəkili yapışdırılmış, üzərində «99713 saylı hərbi hissə» sözləri həkk olunmuş gerbli möhürlərlə möhürlənərək müvafiq səlahiyyətli şəxslərin imzaları çəkilmiş DQ seriyalı 009675 nömrəli saxta şəxsi vəsiqəni, o cümlədən, onun fotoşəkli köçürülməklə Şahid4 adına olan, guya sonuncunun ünvan 4 ünvanında yaşamasına dair AZE seriyalı 15493678 nömrəli saxta şəxsiyyət vəsiqəsini, habelə Şahid4 guya «xxxxxxxxxxxx» ASC-də olan kart hesabından xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdək olan dövrü əhatə edən, 1000 manatdan artıq əmək haqqı almasına dair saxta çıxarış verib, özünü Bakı şəhərində yaşamaqla min manatdan artıq əmək haqqı alan N nömrəli hərbi hissənin zabiti və Şahid4 kimi təqdim edərək və müvafiq bank sənədlərində həmin saxta vəsiqələr və çıxarışa əsasən aparılmış həqiqətə uyğun olmayan məlumatları imzası ilə təsdiq edərək öz real hüquqi vəziyyətini (statusunu) dəyişməklə gizlədib xx.xx.2018-ci il tarixdə «xxxxxxxxxxxx» ASC-nin Baş İdarəsində adına CP\82916\64 nömrəli kredit müqaviləsini rəsmiləşdirilməsinə və həmin müqaviləyə əsasən 48 ay müddətinə aylıq 320 manat 51 qəpik manat pul ödəmək şərti ilə bankdan 10000 manat məbləğində nağd pul götürməyə nail olmuşdur. Nəticədə Təqsirləndirilən şəxs həmin pulun 3000 manatını saxta vəsiqələr və çıxarış müqabilində filialın yaxınlığında Şahid1 verib qalan pulu əvvəlcədən əldə edilmiş razılığa görə cinayətkar qrupun üzvü Şahid3la aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etmişdir. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Onun təqsiri məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə, eləcə də tədqiq edilmiş sənədlərlə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir) barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışının gedişində dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsnin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz (təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət məhz böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir). Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir (CPM-nin 41.3cü maddəsi). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3-cü maddəsi). Məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir (CPM-nin 7.0.23, 84.6-cı maddələri). Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» xx xxxxxx 2008-ci il tarixli qərarında əks olunmuş müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.2018-ci il tarixli CP\82916\64 nömrəli kredit sazişi, xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə-ödəniş cədvəli, Şahid4 adına olan «xxxxxxxxxxxx» ödəniş kartı üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan saxta çıxarış, Şahid4 adına hazırlanmış, lakin Təqsirləndirilən şəxs fotoşəkli yapışdırılmış DQ seriyalı, 009675 nömrəli zabitin saxta şəxsi və AZE seriyalı 15493678 nömrəli vətəndaşın saxta şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, təqdim etdiyi hesabata əsasən təqsirləndirilən şəxs X1 müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq zamanı 20 (iyirmi) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilməli, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 132 (yüz otuz iki) manat pul isə Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 41.1, 43.3, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış xx.xx.2018-ci il tarixli CP\82916\64 nömrəli kredit sazişi, xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə-ödəniş cədvəli, Şahid4 adına olan «xxxxxxxxxxxx» ödəniş kartı üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan saxta çıxarış, Şahid4 adına hazırlanmış, lakin Təqsirləndirilən şəxs fotoşəkli yapışdırılmış DQ seriyalı, 009675 nömrəli zabitin saxta şəxsi və AZE seriyalı 15493678 nömrəli vətəndaşın saxta şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq zamanı 20 (iyirmi) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 132 (yüz otuz iki) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar