Məhkəmə qərarları › İş №1-1(102)-51/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2020

05.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 232.1-ci maddələri t əqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 1-1(095)-269/2019saylı hökmü ilə (sədrlik edən hakim Vidadi Nəsirov), Məhkum, 30 oktyabr 2000-ci il tarixdə ******* rayonu *********** qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ***** rayonu ********** qəsəbəsində qeydiyyatda olan, MN-in **** nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri ilə təqsirl i bilinib, CM-in 228.1-ci maddəsi ilə ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.1ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən o, cəzaları əhatə olunmaq yolu ilə qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 54.1 və 54.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz olunması və azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli b ilinib məhkum olunmuşdur ona görə ki, o, döyüş sursatını talamaqla qanunsuz olaraq əldə etmiş, habelə qanunsuz olaraq həmin döyüş patronlarını gəzdirmiş və saxlamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin ***** nömrəli hərbi hissəsinin **** tabor **** bölük ****** taqımının 1-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində, müddətli həqiqi hərbi xidmətdə olarkən, tabor komandirinin müvafiq əmrinə əsasən döyüş növbəsinin gücləndirilməsi məqsədi ilə 16 avqust 2019-cu il tarixdə, saat 02:00 radələrində taborun şərti adı “*******” olan döyüş mövqeyinə göndərilmişdir. Həmin gün saat 06:00 radələrində, o, şərti adı “****** ” olan döyüş mövqeyinin dayaq məntəqəsində olan silah saxlama dolabındakı sursat darağının üzərindən 04 (dörd) ədəd döyüş sursatı hesab olunan istifadəyə yararlı 7,62 mm kalibrli PS markalı döyüş patronunu tərxis olunan zaman xatirə kimi özü ilə evlərinə aparmaq niyyəti ilə çıxarıb cibinə qoyub gizli şəkildə talamaqla qanunsuz olaraq əldə etmişdir. Həmin gün o, taladığı döyüş patronlarını qanunsuz olaraq üzərində gəzdirərək xidmət etdiyi bölüyə gətirmiş, 3-4 gün ərzində üzərində gəzdirdikdən sonra 8-ci bölüyün əşya saxlama otağında dəm çaynikinin içərisində gizlədərək qanunsuz olaraq saxlamışdır. 26 avqust 2019-cu il tarixdə saat 23 radələrində həmin bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X3 tərəfindən bölüyün əşya saxlama otağındakı dəm çaynikinin içərisinə baxıldıqda Məhkum qanunsuz olaraq əldə edib saxladığı 04 (dörd) ədəd 7,62 mm kalibrli PS markalı döyüş patronu aşkar edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəç isi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Elçin Xasməmmədov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarının əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi xahiş etmişdir. Kassator şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən peşman olmasını, səmimi etirafı, hərbi xidmətini davam etdirmək arzusunun olmasını, həbi xidmətini başa vurmasına az bir müddət qalmasını və zərərçəkmiş şəxsin nümayəndəsinin şikayəti, tələbi və mülki iddiasının olmaması nəzərə alınmamışdır. Məhkəmə qeyd oluna yüngülləşdirici halları nəzərə almaqla Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanın şərti hesab etməli və şərti məhkum etmə barədə qərar çıxarmalı idi. Lakin məhkəmə əsassız olaraq məhkumun cəzasını şərti tətbiq etməmişdir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 20 fevral 2020-ci il tarixli qərarını dəyişdirib, yüngülləşdirici halları nəzərə alaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 232.1 -ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə tətbiq etməklə cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini b ildirir. Müdafiəçi kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, məhkumun barəsində yüngülləşdirici halları nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya insta nsiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələrində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhku m cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, maddənin tələbindən də göründüyü kimi cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şərti məhkum etmə tətbiq edilərkən bunlarla yanaşı, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni ci nayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum kollegiyası qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuli yyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın - 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 232.1-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az yəni, 08 (səkkiz) ay müddətin ə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və təyin edilmiş cəzaları əhatə etmək yolu ilə onu qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş və bu cəzanı CM-in 54.1 və 54.2-ci maddəsinə əsasən həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş, Gəncə Hərbi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına daxildirlər. Bundan başqa, məhkum isnad edilən cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qə sdən-əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Hökmdən müəyyən edilir ki, məhkəmə Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və bu halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək CM-in 232.1-ci maddəsi ilə cəza təyin edərkən barəsində CM-in 62-ci maddəsini tətbiq etmiş və ona bu maddə ilə 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi məhkəmə iş üzrə cəzanı yüngülləşdirməyə əsas verən bütün mümkün halları nəzərə alaraq Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etmiş və ona kifayət qədər ədalətli cəza təyin etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, İş üzrə elə bir h al müəyyən deyildir ki, bu hal Məhkum ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah olunacağına inam yaratsın və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas vermiş olsun. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə onun barəsində şərti məhkum etmə institutunun tətbiq edilməsi nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nədə ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə v ə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri üzrə məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır və işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəza qanuni, əsaslı və ədalətlidir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə cəzanı yün gülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, məhkumun isnad edilən cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən-əvvəlcədən düşünülmüş şəkildə törətməsini nəzərə alaraq, həmçinin təyin edilən cəzanın məhkumun islah edilməsinə təsirini nəzərə alaraq, habelə istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri ilə təyin edilən intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Müdafiəçinin kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 232.1-ci maddələriilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar