Məhkəmə qərarları › İş №1-1(104)-47/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-47/2024

28.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-47/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə,Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 335.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1-1(098)-60/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Hərbi Məhkəməsinin (hakim Sevindik Əzizov) 29 yanvar 2024-cü il tarixli, 1- 1(098)-60/2024 nömrəli hökmü ilə xx xxxx 1998-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmayan, işləməyən,25 yanvar 2023cü il tarixdə SHXÇDX-nin Abşeron rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində xx.xx.2023-cü il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması, hökmün icrasına nəzarət intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maneəqurma bölüyünün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 158 NR nömrəli əmrinə əsasən patrul heyəti sutkalıq naryadına təyin edilmiş, Tərtər şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissədə patrul heyəti naryadında xidmətini davam etdirərkən xx.xx.2023-cü il tarixdə saat 17 radələrində hər hansı bir şəxsi problemlərinin olmamasına baxmayaraq, əvvəllər sərbəst həyat tərzi keçirməsi, istədiyi formada hərəkətlər etməsinə baxmayaraq hərbi xidmət müddətində olan nizam-intizam və tələbkarlıq, habelə hərbi xidmətin məhdudiyyətlərinin ona ağır gəlməsinə görə hərbi xdmət etmək istəmədiyi və müvəqqəti olaraq vəzifələrinin icrasından yayınmaq istədiyi üçün hərbi hissənin avtomobil parkında yerdən tapdığı kiçik ölçülü şüşə qırığı ilə avtomobil saxlanclarının arxasında heç kimin görmədiyi yerdə sol said nahiyəsini bir neçə dəfə kəsərək sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin olunmayan “sol saidin çoxsaylı sıyrılmış yaraları” bədən xəsarətini yetirərək həmin gün hərbi hissənin tibb məntəqəsinə, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Baş Klinik Hospitala müayinələrə göndərilməklə, habelə özünə xəsarət yetirdiyi üçün döyüş növbətçiliyinin fasiləsiz təmin edilməsi məqsədi ilə yalnız şəxsi heyətin çatışmadığı hallarda xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə silahsız növbətçi siqnalçı naryadlarına cəlb olunması istisna olunmaqla, xx.xx.2023-cü il tarixədək, yəni 39 (otuz doqquz) gün müddətində xidməti vəzifələrinin icrasından kənarlaşmağa nail olmaqla, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində hərbi xidmətin məhdudiyyətlərindən sıxıldığı üçün əvvəllər özünə qəsdən xəsarət yetirdiyi zaman vəzifələrinin icrasından uzaqlaşdırıldığına görə təkrar özünə xəsarət yetirdiyi halda yenə də vəzifələrinin icrasından uzaqlaşdırılacağını bildiyi üçün heç kimin görmədiyi şəraitdə əsgər yataxanasının dəmir giriş qapısına sağ yumruğunu vurub qəsdən özünə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “sağ əlin trapesəbənzər sümüyünün qapalı xətti sınığı” xəsarətini yetirmişdir. Bundan sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 218 NR nömrəli əmrinə əsasən növbətçi siqnalçı sutkalıq naryadına təyin edilmiş, həmin gün leytenant Şahid3 əsgər Təqsirləndirilən şəxs sağ əlinin şiş olmasını, yəni özünə “sağ əlin trapesəbənzər sümüyünün qapalı xətti sınığı” xəsarətini yetirməsini müəyyən etmişdir. Bununla da, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinə, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş və sağ əli gips langeti ilə immobilizasiya olunduğu üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 44 (qırx dörd) gün müddətində xidməti vəzifələrinin icrasından kənarlaşmağa nail olmaqla, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində birinci epizod üzrə özünü tam təqsirli bilmiş, ikinci epizodda isə özünü təqsirli bilməmişdir. Çünki birinci epizod üzrə sıxıldığını və hərbi xidmətdən yayınmaq üzrə bu hərəkəti törətdiyini etiraf etmişdir. Lakin ikinci epizodda hərbi xidmət vəzifələrinin icrasından yayınma halı olmadığını qeyd etmişdir. Həmin vaxt əsəbiləşmiş və əli ilə dəmir qapıya yumruq zərbəsi vurmuşdur. Ancaq qapıya yumruqla zərbə endirdikdən 2 gün sonra bu hadisə üzə çıxmışdır. Əgər, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrinin icrasından yayınmaq kimi bir niyyəti olsa idi, o zaman dəmir qapıya yumruq atdıqdan dərhal sonra bu halı hər hansı bir zabitə və ya hərbi hissənin tibb xidmətinə bildirərdi. Lakin 2 gün ərzində hərbi xidmət vəzifələrinin icrasına davam etmiş və bu barədə heç kimə bir söz deməmişdir. Hadisədən 2 gün keçdikdən sonra əli şişdiyi üçün leytenant Şahid3 bu halı aşkar edərək onu tibb məntəqəsinə göndərmişdir. Hadisənin gedişatından açıq surətdə görünür ki, birinci epizod üzrə cinayət tərkibi olsa da ikinci epizod üzrə bu tərkib mövcud deyildir. Ona görə də Təqsirləndirilən şəxs verilmiş eyni cinayəti təkrarən törətməsi ağırlaşdırıcı halı hissəsi tamamilə yalnış olmuşdur. Cinayət əməli təkrarlıq olmadan CM-nin 335.1-ci maddəsi ilə dəyərləndirilməli və ağırlaşdırıcı hal ittihamdan xaric edilməlidir. Müdafiə tərəfi olaraq hesab edirik ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, peşman olmasını, məhkəmə nəzərə almamış və CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hökmün dəyişdirilməsini və məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi. Əməlindən peşman olduğunu, təqsirini etiraf etdiyini göstərdi. Odur ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkumun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini, məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edərkən işin hallarını, məhkumun şəxsiyyətini və ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Apellyasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 335.1-ci maddəsində nəzərdə tutulan cinayəti təkrar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etməklə düzgün nəticəyə gəlmiş, işin hallarını, məhkumun barəsində olan cəzanı yüngülləşdirən halları kifayət qədər araşdırmış və nəzərə almışdır. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Qeyd edilən cinayət qanunu normasının mənasına görə şərti məhkum etmə institutu stimullaşdırıcı xarakter daşımaqla cəzaya qənaət prinsipinin realizə üsullarından biridir. Şərti məhkum etmə institutu cəza çəkmədən də məhkumun islah olunmasının ehtimal edildiyi şərtlər çərçivəsində (törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla) cəza təyin etmənin ümumi əsaslarına riayət etməklə, ədalətlilik prinsipini rəhbər tutmaqla tətbiq olunması məhkəmənin səlahiyyətinə buraxılan xüsusi normalar məcmusudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə cəza təyin etmişdir. Məhkuma daha yüngül cəza təyin edilməsi və ya ona təyin edilmiş cəzanın şərti hesab edilməsi yolu ilə cəzanın məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasını təyin etmişdir. Bütün bu qeyd edilən hallar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəyə CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Məhkəmə hesab edir ki, məhkumun apellyasiya şikayətində qeyd olunan hallar məhkum Təqsirləndirilən şəxs islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin edilmiş cəzanı real olaraq çəkməlidir. Məhkəmə eyni zamanda təyin edilmiş cəzanın həddi ilə də razılaşır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəza ədalətlidir, onun törətmiş olduğu cinayət əməlinə adekvatdır, bu səbəbdən təyin edilmiş cəzanın növünün və ya həddinin dəyişdirilməsini, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini və ya onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini qeyrimümkün hesab edir. Çünki məhkum Təqsirləndirilən şəxs bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, CM-in 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2024cü il tarixli, 1-1(098)-60/2024 nömrəli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1-1(098)-60/2024 nömrəli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar