Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-286/2026 14.04.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum Məhkum iştirakları ilə, ##.##.1977-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu Dəllər Daşbulaq kəndində qeydiyyatda olmaqla yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər: D.H.Imanov (sədrlik edən), İ.İ.Ibişov və B.F.Müslümov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2025-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər: S.Ə.Əzizov (sədrlik edən), S.B.Hüseynov və F.N.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2025-ci il tarixli hökmü əsas cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası azaldılaraq 06 (altı) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 25.08.2024-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Renault Megane” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 355-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olarkən "X4" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yəni sürücü diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobili hərəkət təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə Kamaz 55111 markalı avtomobilin olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobillə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək avtomobilin qabaq hissəsi ilə qarşıda onunla eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid 35 km/saat sürətlə idarə etdiyi “KAMAZ 55111” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “UPP-1207” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun arxa hissəsi ilə Qazax rayon istiqamətinin sağ zolağında sağdan sarı düz xəttdən sola doğru 1,65 metr məsafədə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sərnişinləri X3 alın nahiyəsinə uyğun hissədə başın toxumalarına qansızma (hemotoma), alın sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, boyun nahiyəsinin böyük ölçülü yarası-qırtlağın, qida borusunun, IV-V boyun fəqərələrinin, onurğa beynin, hər iki yuxu arteriyasının və onları müşayiət edən venaların, hər iki döş körpücük-məməyəbənzər əzələnin zədələnməsi, döş qəfəsinin hər iki tərəfində İ-XII-dək qabırğaların məmə və onurğa yanı xəttlər üzrə sınığı, sınıqətrafı yumşaq toxumalara qansıza, hər iki ağciyərin, dalağın və qara ciyərin cırılması, III döş fəqərəsinin, döş sümüyünün, hər iki körpücük və burun sümüklərinin sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki bud və sağ baldır sümüklərinin qapalı sınığı, alın nahiyəsinin yarası, sol bud və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, hər iki bud və sağ baldır nahiyələrinin qançırları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X5 alın və ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma(hemotoma), ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinı qansızma, sol İ, II, III, IV, V, VI,VII, VIII, IX, X, XI, XII qabırğaların məmə xətti üzrə, sağ İ,II, III, IV, V, VI,VII, VIII, IX, X, XI, XII qabırğalarının isə həm məmə və həm də onurğa xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki körpücük sümüyünün sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılması, burun sümüklərinin açıq sınığı, sol göz nahiyəsinin hemotoması, alın, sağ gözün alt qapağının, sol körpücük, sol bazu, sol bud və sol diz oynağı nahiyələrinin qançırları, sol bud və hər iki baldır nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən Göygöl RMX-da ölməsinə, X1 alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma(hemotoma), alın sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol IV-V, sağ III-IV, V, VI, VII qabırğaların onurğayanı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalar qansızma, sağ ağciyərin, dalağın və qaraciyərin cırılması, sağ dirsək sümüyünün açıq sınığı, sağ qaşüstü nahiyənin yarası, sağ yanaq, sağ said, sağ diz, sol baldır nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada ölməsinə, yəni üç nəfər şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar (himayəsində azyaşlı uşağın olması, hadisə zamanı özünün də xəsarət alması, hadisəni ehtiyatsızlıqdan törətməsi) kifayət qədər nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 5 ilədək endirilməsini və həmin cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2025ci il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasını, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin və ona əlavənin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilməsini, onların Məhkum qarşı hər hansı şikayət və tələblərinin olmamasını nəzərdən qaçırmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar məsələsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, Məhkum cinayəti ilk dəfə ehtiyatsızlıqdan törətməsini, əməlini etiraf etməsini və törətdiyi əməldən səmimi peşman olmasını əlavə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin hökmlə təyin edilmiş cəzanın ağırlığı ilə bağlı dəlillərinə baxarkən qeyd edilən yüngülləşdirici halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın təyin edilməsinə təsir göstərən digər hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, cəzanın təqsirkarın islah olunmasına və digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri, habelə CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədləri ilə birlikdə qiymətləndirmiş və nəticədə Məhkum CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 06 ilədək azaldılması barədə nəticəyə gəlmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi cəzanın təyin edilməsinə təsir göstərən halların məcmusunun daha tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin etmişdir. Bu baxımdan, Məhkum CM-in 263.3-cü maddəsi ilə təyin olunmuş cəza yüngülləşdirici halları nəzərə almayan, həddindən artıq ağır cəza və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Mahiyyət etibarı ilə apellyasiya şikayətində göstərilən dəlillərin təkrarından ibarət olan kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni şübhə altına alan hər hansı yeni və əsaslı dəlil göstərilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, eləcə də məhkəmələr tərəfindən müəyyən edilmiş yüngülləşdirici halları məhkumun cəzasının daha da yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Buna görə də Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi cəzanın təyin edilməsini tənzimləyən cinayət-hüquqi normaları düzgün tətbiq etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya şikayətində irəli sürülmüş mübahisələndirilən qərarın ləğvinə və yaxud dəyişdirilməsinə dair tələblərin təmin edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Cinayət kollegiyasının Məhkum barəsində olan 03 sentyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-286/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-286/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver