Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-71/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhkum və məhkumun müdafiəçisi İlqar Məhərrəm oğlu Tapdıqovun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)-592/2025 nömrəli qərarından dövlət ittihamçısı Elnar Əli oğlu Hüseynov tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – Esmira Məmmədova (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Cavanşir Nəbiyev) 20 may 2025-ci il tarixli 1(099)- 214/2025 nömrəli hökmü ilə 04 yanvar 2001-ci ildə Salyan rayonunun Varlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, günəmuzd fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Peyk kəndində qeydiyyatda olmaqla və orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3 və 157.2-ci maddələri təqsirli bilinərək, CM-in 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 157.2-ci maddəsi ilə 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 da təqsirli iblinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 09 iyun 2024-cü il tarixdə, saat 17:00 radələrində əmisi oğlu təqsirləndirilən şəxs1 ilə Salyan rayonu, Peyk kəndinin mərkəzindəki mağazanın yanında dayanıb söhbət edərkən əmisi oğlu təqsirləndirilən şəxs2 idarə etdiyi “Mazda Tribute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara yaxınlaşıb görüşərək Salyan rayonu, Düzənlik kəndində yaşayan Maqsudova (Ağakişiyeva) Əzizə Rafayıl qızının guya onunla evlənmək məqsədilə qaçırılmasına razı olmasına dair yalan məlumat verib, ailə üzvlərinin evdə olmadığını bildirərək, Əzizə Maqsudovanı öz yaşadığı evə gətirmək üçün köməklik etmələrini təklif etmiş, onlarla birlikdə X3 rayonu, Düzənlik kəndində yaşadığı evin qarşısına gəldikdən sonra, həmin vaxt həyətdə olan Əzizənin atası zərərçəkmiş şəxs1 gördüklərinə görə təqsirləndirilən şəxs2 özlərini Salyan Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edib, zərərçəkmiş şəxs1 elektrik istifadəsi ilə bağlı borcu yarandığından elektrik xəttini kəsməyə gəldiklərini, problemin həlli üçün guya həmin vaxt qonşu küçədə olan elektrik şəbəkəsinin rəisinin yanına gedib danışıqlar aparmağı təklif etsə də, ev sahibinin bunu etmədiyini görüb təqsirləndirilən şəxs2 bir qədər əvvəl özünün istəyi əsasında içməyə gətirdiyi su stəkanını zərərçəkmiş şəxs1 müqavimətini qırmaq üçün qəflətən onun baş nahiyyəsinə vurmaqla tutub saxlayaraq, ona və təqsirləndirilən şəxs1 Əzizə Maqsudovanı evdən çıxarıb qaçırmağı tapşırmış, özü isə əməlinə davam edib zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edib döyərək, sonuncuya sağ gicgah, sağ almacıq, sağ dirsək nahiyyələrinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması kimi qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sərbəst şəkildə hərəkət etməsinin qarşısını almış, onlar isə əmisi oğlu təqsirləndirilən şəxs2 göstərişinə əsasən bir qrup şəxs halında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə olaraq zərərçəkmiş şəxs1 fərdi yaşayış evinə daxil olub Əzizə Maqsudovanın getmək istəmədiyini dərk etdikləri halda sonuncunun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə yaşadığı evdən çıxarıb sərbəst şəkildə hərəkət etməsinin qarşısını alaraq, ona sol saidin aşağı 1/3-nin ön səthində cızıq, sol əlin IV barmağın II falanqasında səthi dəri kəsiyi kimi qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək iradəsinə zidd və iradəsindən kənar şəkildə təqsirləndirilən şəxs2 istifadəsində olan “Mazda Tribute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən sonra təqsirləndirilən şəxs1 avtomobili idarə etməyə başlamış, təqsirləndirilən şəxs2 avtomobilin qabaq sərnişin oturacağında, o isə arxa salonda əyləşib Əzizə Maqsudovanı tutmaqla sonuncunu Salyan rayonu, Peyk kəndində təqsirləndirilən şəxs2 yaşadığı evinə gətirərək, birlikdə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və adam oğurluğu cinayət əməllərini törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Cavid Sultanov) 30 oktyabr 2025-ci il tarixli 1(106)-592/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2025ci il tarixli 1(099)-214/2025 nömrəli hökmü məhkum Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 144.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona CM-in 157.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərar ilə CM-in 144.2.3-cü maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Məhkum müdafiəçisi Tapdıqov İlqar Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)-592/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işi materiallarının yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə CM-in 62-ci maddəsinin tətbiqi əsassızdır. Göründüyü kimi, Məhkum şəxsiyyətin azadlığı, həyatı, sağlamlığı, habelə şərəf və ləyaqətinin toxunulmazlığını, həmçinin mənzil toxunulmazlığını təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-in 144.2.3 və 157.2-ci maddələrində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, qeyd olunan cinayətin vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsip olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olması kimi ictimai təhlükəli nəticələri, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu, zərərçəkmiş şəxsin şikayətçi olması və işin digər halları ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, apellyasiya məhkəməsi hazırkı iş üzrə qeyd olunun bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşlar. Hazırkı işdə isə məhkəmə Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edərkən hansı halların əməlin ictimai təhlükəliliyini azaltdığını qeyd etməmiş, həmin halların cəza təyini zamanı müstəsna əhəmiyyətini göstərməmiş, heç bir əsaslandırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini mümkün edən, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal mövcud olmamış, Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan heç bir halın mövcud olmamasına baxmayaraq, məhkəmə onun barəsində CM-in 62-ci maddəsini tətbiq etmiş, həmin maddənin tətbiq edilməsini mümkün edən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və Məhkum şəxsiyyəti ilə bağlı məhz hansı hallara istinad etdiyini, hansı səbəbdən bu halları təklikdə və məcmu halında müstəsna hesab etdiyini qərarda əsaslandırmamışdır. Bundan başqa, xüsusilə vurğulanmalıdır ki, hökmdən və iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum iş üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 ilə və zərərçəkmiş şəxs1la barışıq əldə etməmişdir, zərərçəkmiş şəxslər Ağakişiyeva (Maqsudova) Əzizə Rafayıl qızı və zərərçəkmiş şəxs1 Məmmədəli oğlu da birinci instansiya məhkəməsində çıxışları zamanı təqsirləndirilən şəxs Məhkum ilə barışmadıqlarını, onu bağışlamadıqlarıını və ondan şikayətçi olduqlarını bildirərək ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Lakin apellyasiya instansiya məhkəməsi bu halı, yəni zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmamalarını nəzərə almamış və zərərçəkmiş şəxslərin bu mövqeyinə əhəmiyyət verməyərək Məhkum aşağı həddən də aşağı cəza təyin etmişlər. Apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona cəza təyin edərkən təqsirləndirilən şəxsin könüllü olaraq ibtidai araşdırma orqanına gəlməni, atası ilə bacısının birinci qrup gözdən əlil olmasını, anasının şəkər xəstəsi olmasını və yaxınlarda ürək əməliyyatı keçirməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq və həmin halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək ona təqsirli bilindiyi CM-in 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də daha az cəza təyin etmişdir. Lakin məhkəmə Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin məqsədi, motivi, xarakteri, ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan, məhkumun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun könüllü olaraq ibtidai araşdırma orqanına gəlməsini, atası ilə bacısının birinci qrup gözdən əlil olmalarını, anasının şəkər xəstəliyindən əziyyət çəkməsini və yaxınlarda ürək əməliyyatı keçirməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəmə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların nəzərə alındığını qeyd edib, lakin həmin halların cəza təsir etmədiyini ədalətsiz və qanunsuz hesab edərək məhkum Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə əlaqədar olaraq qeyd edir ki, məhkəmə CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyini əsaslanaraq həmin maddədə nəzərdə tutduğu və digər cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəblərini lazımınca əsaslandırmalıdır. Məhkəmə kollegiyası bildirir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum əvvəllər məhkum olunmamasını, könüllü olaraq polis şöbəsinə gəlməsini, atası Əlbayram Cəbrayılov, bacısı Nuranə Cəbrayılovanın birinci qrup gözdən əlil olmasını, anasının şəkər xəstəsi olmaqla ürək əməliyyatı keçirməsini əməlindən səmimi peşmançılıq çəkməsinin, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsinin cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum Məhkum törətdiyi cinayətin məqsədi və motivi, habelə cinayət əməlini törədərkən və ondan sonrakı davranışı, o cümlədən cinayəti törətdikdən sonra könüllü olaraq polis şöbəsinə gəlməsi, onun mənzil toxunulmazlığını pozaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq mənzilə daxil olması, eləcə də zərərçəkmiş Əzizə Maqsudovanı fiziki zor tətbiq etməklə yaşadığı evdən çıxarıb oğurlaması əməllərinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilə bilməz. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin məhkum Məhkum barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini düzgün nəzərə almamışdır. Bundan başqa məhkum tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, zərərçəkmiş şəxs ittiham üzrə şikayətçi qismində qalmaqda davam etmişdir. Belə olan halda yalnız könüllü gəlib təqsiri etiraf etmə halı CM-in 62-ci maddəsinin tətbiqi üçün kifayət edən müstəsna hal sayıla bilməzdi. Apellyasiya məhkəməsi həmin normanın tətbiqini lazımi qaydada əsaslandırmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı endirərkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarının tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyini kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan protest təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)-592/2025 nömrəli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlunun kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3 və 157.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)-592/2025 nömrəli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-71/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-71/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver