Məhkəmə qərarları › İş №1(101)-1160/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1160/2020

27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1160/2020 27.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ş, 27 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2020-ci il tarixdə barəsində 4 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci və 181.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən hücuma məruz qalmış şəxsin hayatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyun 2020-ci il tarixdə, saat 14:43-də Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən “Life Centre” ticarət mərkəzinin qarşısında saxladığı “Mersedes E-240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək həmin avtomobilin salonuna daxil olaraq avtomobilin sürətlər qutusunun yanından Zərərçəkmiş şəxs1 məxsus 9 manat pulu və oturacaqların arasında olan sandıqçadan içərisində 3860 manat pul olan 20 manat dəyərində bir ədəd süni dəridən hazırlanmış cüzdanı oğurlamış, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3889 (üç min səkkiz yüz səksən doqquz) manat maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi ilə 23 iyul 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 4 ünvanda əvvəllər tanımadığı, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hücuma məruz qoyaraq basqın edib yumruq və ayaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona sağ qulaq seyvanının sıyrığı, sol alt göz qapağının qançırı, sağ pəncənin İ barmağının dırnaq falanqasının kənari oynaqdaxili sınıqları, sağ əlin əzilməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aid xəsarətlər yetirməklə, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla sonuncunun əynindəki şalvarın sağ cibindən 1240 manat pulu ələ keçirib ona göstərilən həmin məbləğdə ziyan vuraraq quldurluq etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci və 181.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomaşından oğurluq etməsi faktına görə başlanılmış ********* nömrəli cinayət işi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı quldurluq edilməsi fatına görə sonradan başlanılan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və sonuncu cinayət işi ********* nömrə altında istintaq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə Nərimanov rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti pis olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərdi ki, 16 iyun 2020-ci il tarixdə, saat 14:30 radələrində «Nərimanov» metrostansiyasının çıxışında, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 5 ünvanında yerləşən “Life Centre” ticarət mərkəzinin qarşısında olarkən orada dayanmış ağ rəngli “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna boylanmış, salonda sürətlər qutusunun ətrafında 7-8 manat pulun olmasını görmüşdür. Həmin vaxt pula çox ehtiyacı olduğundan həmin pulları oğurlamaq qərarına gəlmişdir. Avtomobildə heç kəs olmamış, ətrafa boylanıb sakitçilik olmasına tam əmin olduqdan sonra avtomaşının qabaq sağ qapısına yaxınlaşmışdır. Əlini qapının dəstəyinə atmış və qapının açıq olmasını görmüşdür. Qapını açıb sürətlər qutusunun ətrafında olan 9 manat pulu götürmüş, ardınca qabaq oturacaqların arasındakı sandıqçanı açıb orada qiymətli əşya və ya pul olubolmamasına baxmış və həmin vaxt orada qara rəngli pul qabı olmasını görüb tez həmin pul qabını götürüb açmışdır. Pul qabının içərisində xeyli miqdarda pul olmasını aşkar etmişdir. 9 manat pulu və pul qabını içərisindəki pullarla birlikdə götürüb avtomobildən çıxaraq qapını örtmüş və oradan uzaqlaşmışdır. Yolda pulları əynindəki şalvarının kəmərinin içərisinə salmış və birbaşa yaşadığı məhəlləyə gəlib çatmışdır. Sevindiyindən pul qabındakı pulları saymamışdır. İlk baxışda pul qabının içərisində təxminən 3-4 min manat pul olması hiss olunmuşdur. Həmin gün o, səhərə qədər restoranlarda 1000 manata qədər pul xərcləmişdir. Qalan pullar isə götürdüyü pul qabında qalmış, lazım olduqca oradan götürüb xərcləmişdir. Həmin pul qabını isə ailə üzvlərindən gizli yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 18 iyun 2020-ci il tarixdə evdə olarkən Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları onların evinə gəlmiş və onunla 16 iyun 2020-ci il tarixdə “Life Centre” ticarət mərkəzinin qarşısındakı “Mersedes Benz-E240” markalı, **-SC-*** nömrəli avtomobilin salonundan oğurlanmış pullarla bağlı sorğu-sual etmişlər. O, çıxış yolu görməyib əməlini səmimi etraf etmiş və oğurladığı puldan evdə qalan 2500 manatı və pul qabını polis əməkdaşlarına təqdim etmişdir. O, pullarını oğurladığı şəxsin Zərərçəkmiş şəxs1 adlı şəxs olmasını sonradan bilmiş, həmin şəxsi əvvəllər tanımamışdır. Oğurluq etməsindən və pulları evdə saxlamasından ailə üzvlərinin, həmçinin qeyrilərinin məlumatı olmamışdır. “Mersedes Benz-E240” markalı, **-SC-*** nömrəli avtomobildən pulları tək oğurlamış, ona bu işdə kömək edən olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində quldurluq epizodu üzrə göstərdi ki, o, 23 iyul 2020-ci il tarixdə, saat təxminən 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən “Dolu” marketin qarşısında dayanan zaman əvvəllər yaşadığı ərazidə gördüyü və buna görə də üzdən tanıdığı, lakin adının Ərşad olduğunu sonradan bildiyi şəxs, yəni baxılan iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq karantin rejimi ilə bağlı mağazalara maskasız buraxmadıqları üçün maskası olmadığından mağazadan ona su almasını xahiş etmişdir. O, özünə də siqaret alacağını bildirdikdə, Ərşad ona beş manatlıq pul verib onun pulu ilə özünə də (Təqsirləndirilən şəxs) siqaret almasını demişdir. O, Ərşaddan beş manat pulu alaraq “Dolu” marketə girib özünə siqaret, Ərşada isə su aldıqdan sonra bayıra çıxıb suyu və pulun qalığını Ərşada vermişdir. Bundan sonra onlar bğirlikdə yolun kənarı ilə getməyə başlamışlar. Zərərçəkmiş şəxs2 ona su almaq üçün beş manat pul verən zaman Ərşadın spirtli içki qəbul etməsini hiss etmişdir və nəfəsindən içkinin iyi gəlmişdir. Təxminən 20 metr gedəndən sonra o, Ərşadın şalvarının cibində 100 manatlıq pul əskinasının göründüyünü görüb əlini onun cibinə salaraq pulları onun cibindən çıxartmışdır. O, Ərşadın cibindən pulları çıxaranda Ərşad bunu hiss etmiş və onunla əlbəyaxa olub pulları qaytarmağı tələb etmişdir. Lakin o, Ərşadın cibindən çıxardığı pulları qaytarmamış və götürdüyü pulu qaytarmamaq üçün əllə və təpiklə onu vurmağa başlamışdır. Ərşad isə pulunun ələ keçirilməsinə imkan verməməsi üçün onun sifətinə, burnuna əlləri ilə vurmuşdur. O, yerə yıxıldığı üçün sol qolundan xəsarət almışdır. Hadisəni görən yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşıb ayırmış, o da bundan istifadə edərək hadisə yerindən qaçıb uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşandan sonra o, Ərşadın cibindən çıxardığı pulları saydıqda cəmi 240 manat pul olmasını görmüşdür. Həmin pulu 2-3 gün ərzində öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 27 iyul 2020-ci il tarixdə o, Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət olunmuşdur. O, 17-ci PŞ-nə gedərək 23 iyul 2020-ci il tarixdə, axşam vaxtı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində baxılan iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlini şifahi etiraf etdikdən sonra bu barədə izahat yazıb vermişdir. Bundan sonra o, saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Zərərçəkmiş şəxs2 qarşı etdiyi quldurluq hərəkətlərini qismən etiraf edir. Belə ki, o, Zərərçəkmiş şəxs2 qarşı təhlükəli zorakılıq edib onun əynindəki şalvarın sağ cibindən 1240 manat pulunu ələ keçirməmişdir. Ərşad özü də hadisədən dərhal sonra DİN-nin 102 xidmətinə zəng etmiş və onun 1240 manat pulunun deyil, cəmi 240 manat pulunun ələ keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2008-ci ildən Nərimanov rayonu, Ə.Rəcəbli 5 ünvanında yerləşən “Life Centre” ticarət mərkəzində “KODİ” mağazasını icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 16 iyun 2020-ci il tarixdə özünə məxsus “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi ticarət mərkəzinin qarşısına gəlmiş, ticarət mərkəzinin girişinin solunda, səkinin kənarında avtomaşını saxlamış, avtomobildən düşərək qapıların bağlanması üçün kənardan idarə olunan pultu basmış və qapıların bağlanmasını güman edərək ticarət mərkəzinə daxil olmuşdur. Avtomobilin pultu ancaq yaxın məsafədən tutduğu üçün bəzən pultun düyməsini basmasına baxmayaraq, avtomobilin qapılarının açıq qalması hallarına da rast gəlinmişdir. Həmin gün də tələsdiyi üçün pultun düyməsini bir dəfə basmış, lakin qapıların bağlanıbbağlanmamasına fikir verməmişdir. Avtomobildən düşərkən sürətlər qutusunun yanında özünə məxsus 9 manat pul olmuş, bundan başqa o, yenə də özünə məxsus içərisində 3860 manat nağd pul olan pul qabını oturacaqların arasında olan kilidsiz açılıb bağlanan sandıqçanın içərisinə qoyub saxlamışdır. Saat təxminən 15 radələrində o, işlərini bitirib ticarət mərkəzindən çıxaraq avtomobilinə yaxınlaşmış və həmin vaxt avtomobilin qapılarının bağlı olmadığını görmüş və tələsdiyi üçün qapıların bağlanmasına diqqət yetirmədiyini başa düşmüşdür. Həmçinin, işdə olan müddətdə kimsə qapının açıq olmasından istifadə edərək salona daxil ola biləcəyini fikirləşmişdir. Sürətlər qutusunun yanına qoyduğu 9 manat nağd pulun yerində olmadığını aşkar edən kimi dərhal oturacaqların arasında olan sandıqçaya baxmış, ora qoyduğu pul qabının da yerində olmadığını görmüş və salondan 9 manat pulunun və içərisində 3860 manat olan pul qabının oğurlandığını bilmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, eyni zamanda Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi ki, hadisə nəticəsində ona ümumilikdə 3894 manat maddi ziyan dəymişdir ki, həmin maddi ziyanın 2500 manatı ibtidai istintaq mərhələsində ona məxsus dəri pul qabı ilə birlikdə təqsirləndirilən şəxsin evində aşkar edilmiş və ona qaytarılmışdır. Avtomobilindən əlavə hər hansı bir başqa əşya oğurlanmamışdır. Əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsinin videogörüntüləri əldə olunmuş və ona təqdim edilmişdir. Ona məxsus olan “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb salona daxil olan şəxsi əvvəllər görməmiş və tanımamışdır. Cinayət hadisəsinin baxılan iş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədildiyini ibtidai istintaq mərhələsində öyrənmişdir. O, Təqsirləndirilən şəxs Allah xətrinə bağışlamış ona qarşı şikayəti və tələbi qalmamışdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 23 iyul 2020-ci il tarixdə, saat təxminən 16:00 radələrində idarə etdiyi «Mersedes» markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı evakuatoru Xırdalan dairəsinin yaxınlığında saxlayıb Sumqayıt şəhərinə dostunun uşağının ad günü məclisinə getmişdir. Onlarda olan zaman şam yeməyi ilə bərabər spirtli içki qəbul etmiş və məclis qurtarandan sonra evinə qayıtması məqsədilə Sumqayıt şəhərindən «20 yanvar» metrostansiyasına, oradan isə «çermet körpüsü» deyilən yerə getmişdir. Oradan isə su almaq məqsədilə piyada olaraq yaxınlıqda olan “Dolu” marketə getmiş, lakin qoruyucu maskası olmadığı üçün onu marketə buraxmamışlar. Odur ki, orada dayanmış üzdən tanıdığı, lakin adını bilmədiyi, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs 5 manat pul verib ona su almasını xahiş etmişdir. Cavid isə onun pulu ilə özünə də siqaret alacağını bildirdiyindən o, etiraz etməmişdir. Bundan sonra Cavid “Dolu” marketə daxil olub ona su, özünə isə siqaret alıb bayıra çıxmış və qalıq pul olan qəpikləri ona vermişdir. Onlar birlikdə səki ilə söhbət edə-edə mağazadan təxminən 15-20 metr uzaqlaşmışlar. Yolda o, dayanıb əlini Cavidə çiyninə qoymuş və onun üçün su aldığına görə ona minnətdarlığını bildirdikdə, Cavid əlini onu şalvarının sağ cibinə salıb cibində olan pulunu çıxartmışdır. O bunu hiss edib ondan pulunu qaytarmağı tələb etmiş, lakin Cavid qaytarmaq istəməmiş və əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olan zaman qarşılıqlı dartışmış, Cavid əlləri və təpiklə onun müxtəlif yerlərindən vurmuşdur. Ətrafda olan tanımadığı şəxslər ayırmış və bundan istifadə edən Cavid qaçıb uzaqlaşmışdır. Cavidin pulları götürüb qaçdığını görüb DİN-nin 102 xidmətinə zəng edərək tanımadığı bir nəfər şəxsin şalvarının cibindən 240 manat pulunu götürməsi barədə məlumat vermişdir. 102 xidmətinə məlumat verəndən sonra əlini şalvarının sol yan cibinə saldıqda cibində olan, evakuator xidməti vasitəsi ilə qazandığı 1000 manat pulun da yox olduğunu görmüşdür. Əvvəlcə həmin pulun sol cibində olmasını fikirləşdiyi üçün o, 102 xidmətinə zəng edərkən 240 manat pulunun götürüldüyünü bildirmişdir. Lakin sonradan əlavə olaraq 1000 manat pulunun da yox olduğunu görüb 17ci PŞ-nə şikayət ərizəsi yazan zaman 1240 manat pulunun götürülməsini qeyd etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin yekununda göstərdi ki, hadisə vaxtı o, orta dərəcəli sərxoş vəziyyətdə olsa da, hadisəni tam olaraq xatırlaya bilmişdir. Cavidlə əlbəyaxa olan zaman sağ ayağının birinci baş barmağından xəsarət almış, lakin xəsarəti hansı şəraitdə almasını xatırlaya bilməmişdir. Hadisədən sonra barmağında ağrılar hiss etdiyi üçün Travmatalogiya Xəstəxanasına müraciət etmişdir. Ona hücüm edərək 1240 manat pulunu ələ keçirən şəxsi, yəni Təqsirləndirilən şəxs əvvəllər “Çermet” adlanan ərazidə məskunlaşdığı yataqxananın yanında görmüş, onu sifət quruluşuna, saç düzümünə, ümumi görünüşünə görə yadında saxlamışdır. Ona vurulan maddi zərər isə ödənilməmiş qalmışdır. Ona vurulan maddi zərərin ödənilməsini istəsə də, Cavidi gəncliyinə görə bağışlamış, ona qarşı şikayəti yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Cavid bir neçə dəfə məhkum olunmuş, lakin azadlıqdan məhrum edilməmişdir. 18 iyun 2020-ci il tarixdə o, yaşadığı evin həyətində olarkən Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları onların həyətinə gəlmişlər. Həmin vaxt Cavid özü də həyətdə olmuşdur. Özlərini təqdim etdikdən sonra oğlu Cavidin oğurluq etməsi və oğurluq nəticəsində əldə etdiyi pulları evdə saxlaması barədə məlumat aldıqlarını bildirmişlər. Cavid özü onunla qısa söhbət zamanı polislərə etiraf etmiş, hətta oğurladığı puldan qalan müəyyən bir hissəsini yaşadıqları mənzilin yataq otağında yerləşən sandıqçada gizlətdiyini bildirmişdir. Polislər sonra onun oğlu Cavidlə birlikdə yaşadığı mənzilə daxil olmuşlar. O, nə kimi hadisə baş verməsindən xəbərsiz olduğu üçün evə keçməmiş, həyətdə dayanıb gözləmişdir. Bir neçə dəqiqəsən sonta o, Cavidin 16 iyun 2020-ci il tarixdə «Nərimanov» metrostansiyasının yanında “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 4 min manata yaxın pul oğurladığını öyrənmişdir. Cavid mənzildə saxladığı oğurluq pulları polis əməkdaşlarına təqdim etmiş, bununla bağlı protokol tərtib olunmuş və ğundan sonra polis əməkdaşları Cavidi 18-ci polis şöbəsinə aparmışlar. Eşitməsinə görə Cavid polis əməkdaşlarına 2500 manat pul təqdim etmişdir. Cavidin oğurluq etməsindən, oğurluq nəticəsində hansı məbləğdə pul əldə etməsindən və oğurluq pulları evdə saxlamasından xəbəri olmamışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Onlar məcburi köçkün kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 36 saylı yataqxanasında məskunlaşmışlar. 2017-ci ildə “Mersedes Benz 817” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı evakuator kimi istifadə olunan avtomobili alaraq ailəsini və onların tələbatını ödəmək üçün istifadə etməsindən ötrü oğlu Ərşada vermişdir. Ərşad evakuatoru işlətdiyi müddətdə aylıq 1200-1500 manat qazanc əldə etmişdir. İyul ayının ikinci yarısında oğlu Ərşad 1000 manat qazanc əldə etdiyini və həmin pulu ona vermək istədiyini bildirdikə, o, Ərşadda pulun hələlik özündə saxlamasını demiş və ayın sonunda götürəcəyini bildirmişdir. 23 iyul 2020-ci il tarixdə Ərşad Sumqayıt şəhərinə dostunun oğlunun ad gününə getmiş və gecə saatlarında evə gələrkən, Ə.Əliyev küçəsində “Dolu” marketin yanında deməsinə görə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin ona hücum çəkərək cibində olan 1240 manat pulu götürüb qaçmışdır. Bundan sonra oğlu Ərşad hadisə barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə yazaraq məlumat vermişdir (iş vərəqə: cild İİ, səh.4- 7). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 28 iyul 2020-ci il tarixli, 500 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ qulaq seyvanının sıyrığı, sol alt göz qapağının qançırı, sağ pəncənin İ barmağının dırnaq falanqasının kənari oynaqdaxili sınıqları, sağ əlin əzilməsi küt əşyanın (əşyaların) təsirindən tərənmişdir, 23 iyul 2020-ci il tarixdə əmələ gəlməsi şübhə doğurmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərərvurmaya aiddir(iş vərəqə: cild İ, səh.61-63). Həmçinin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 27/502 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sol dirsək oynağının sıyrığı kür əşyanın təsirindən tərənmişdir, 23 iyul 2020-ci il tarixdə əmələ gəlməsi şübhə doğurmur və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild İİ, səh.11-13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2020-ci il tarixli, 2215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh.2-3). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə psixiatrik ekspertizasının 14 avqust 2020-ci il tarixli, 1533 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh.8-10). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyul 2020-ci il tarixli, 9/2171 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli üzərində markalanmasına dair heç bir məlumat olmayan, 10X20 sm ölçülü, süni dəridən hazırlanmış pul qabının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 20 manat müəyyən edilir (iş vərəqə: cild İ, səh.209-211). İşdə olan baxış keçirilməsi və götürmə barədə 18 iyun 2020-ci il tarixli protokoldan və ibtidai istintaq orqanının 22 iyun 2020-ci il və 23 iyul 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili salonundan oğurladığı puldan 2500 manat və bir ədəd qara rəngli pul qabı ondan götürülmüş, ibtidai istintaq orqanının 22 iyun 2020-ci il tarixli qərarına əsasən 2500 manat pul və bir ədəd qara rəngli pul qabı maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.122-125, 193, 214- 215). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, qeyd olunan istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs 23 iyul 2020-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı quldurluq edib onun 1240 manat pulunu ələ keçirdiyi yeri əyani olaraq göstərmişdir (iş vərəqə: cild İ, səh.57-60). Məhkəmə baxışı zamanı tədqiq olunan “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan oğurluq edilməsinin və Zərərçəkmiş şəxs2 qarşı quldurluq edilməsi faktının videogörüntüləri özündə əks etdirən videodisklərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 16 iyun 2020-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs “Mersedes Benz-E240” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili salonundan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus əmlakı oğurlaması və 23 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 qarşı quldurluq edib onun əmlakını ələ keçirməsi öz təsdiqini tapmışdır. Qeyd olunan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.67, 167, 76-87). Məhkəmə baxışı zamanı tədqiq olunan fotoşəkil üzrə tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, məhkəməyədək icraat mərhələsində iş üzrə Təqsirləndirilən şəxs oğlunun fotoşəkli prosessual tələblərə uyğun olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillər içərisində Təqsirləndirilən şəxs tanıyaraq onun 23 iyul 2020-ci il tarixdə ona məxsus 1240 manat pulu ələ keçirən şəxs olmasını təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.29-31). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və təkrarən hücuma məruz qalmış şəxsin hayatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etməsi, yəni Azərbaycan Respublikasının CM-nin 177.1 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1 və 181.2.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri, o cümlədən quldurluq yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1240 manat deyil, cəmi 240 manat məbləğində maddi ziyan vurması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Ağayev X3 Hərbi Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, həmin hökmlə təyin olunan cəza şərti tətbiq olunmaqla 9 (doqquz) ay sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa, tədqiq olunan həmin sənədlərlə müəyyən olunur ki, təqsirləndirilən şəxs Ağayev X2 Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına, həmin Məhkəmənin 25 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq 02 (iki) il müddətə islah işləri və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Ən nəhayət, tədqiq olunan həmin sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yenə də Nərimanov Rayon Məhkəməsinin daha sonra həmin məhkəmənin 20 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəmənin 25 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış 02 (iki) il müddətə islah işləri cəzasının müddətləri azadlığın məhdudlaşdırılmasına hesablanmaqla yeni hökmlə təyin olunan cəza ilə birləşdirilməklə qəti olaraq üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cəzası saxlanılmış və məhkum edilmiş, cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi tarixlərə Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, Bakı şəhər Qaradağ və Nərimanov rayon İcra və Probasiya şöbələrindən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona təyin edilmiş cərimə cəzası üzrə heç bir ödəniş edilməmiş və azadlığın məhdudlaşdırılması cəzası ümumiyyətlə çəkilməmişdir, yəni qeyd olunan məhkumluqlar ödənilməmiş və ya götürülməmişdir (iş vərəqə: cild İ, səh.195-197, cild İİ, səh.20-49). Belə ki, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü üzrə məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur, lakin o, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya - azadlığın məhdudlaşdırılması və cərimə cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, məhkumluğun ödənilməsi üçün tələb olunan bir illik müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-cü maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu və bu məhkumluğun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq onun bu məhkumluğu cinayətin residivini yaratmayacaqdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, cinayət işinin məhkəməyədək israatı mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş 3860 manat maddi zərərdən qismən – 2500 manat ödənilmiş, həmçinin hər iki zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayətlərini dayandırmış, sonuncu tərəfindən vurulan maddi ziyan zərərçəkmiş şəxslərə tam ödənilməsə də, sonuncular Təqsirləndirilən şəxs bağışlamış və bu barədə məhkəməyə həm sərbəst və həm də notarial qaydada tərtib edilmiş ərizə təqdim etmişlər. Qeyd olunanlara əsasən məhkəmə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs bağışlamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş 3860 manat maddi zərərdən qismən olmaqla 2500 manat ödəməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətini eyni xarakterdən olan təkrar cinayət kimi törətmişdir ki, buna görə ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlaməti həmin cinayətin təkrar törədilməsində ehtiva olunur ki, bu əlamət həmin Məcəllənin 61.1.1-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinin tələblərinə görə isə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran başqa hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 177.1 və 181.2.2-ci maddələrinin sanksiyası daxilində, eyni zamanda həm cinayətlərin və həm də hökmlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 66.3-cü və 67.1-ci maddələrinin tələbləri və cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna (burada: Azərbaycan Respublikası CM-nin 177.1 və 181.2.2-ci maddələri) ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində (burada: CM-nin 59.1.12 və 59.1.14-cü maddələri) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə məhkum olunduqdan sonra törətmişdir və Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli həmin hökmü ilə ona qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cəzası çəkməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yeni hökm üzrə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinin, həmçinin 68.1, 68.1.1-1 və 68.2-ci maddələrinin tələblərinə əməl olunmaqla tamamilə və ya qismən birləşdirilməli və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və cərimə cəzası təyin edilməsi nəzərə alınmalı və bu zaman Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin 1 (bir) il 6 (altı) ayına bərabət tutulmalı və yeni hökm üzrə təyin ediləcək cəza ilə qismən və ya tamamilə toplanlmaqla Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə cəza təyini ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən və ya tamamilə toplanlmalı və müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2020-ci il tarixli, 2215 nömrəli rəyi üzrə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, lakin ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görüldüyündən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun sonuncu zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 27 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayət işi üzrə 27 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomaşından oğurluq etməsi faktına görə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulub 18 iyun 2020-ci il tarixdən 20 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş 2500 manat pulun və bir ədəd qara rəngli süni dəridən hazırlanmış 20 manat dəyərində pul qabının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə video görüntülərin əks olunduğu iki ədəd CD disk və Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən alınmış bir ədədə audio-səs yazısı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 181.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 1 (bir) il müddətə, Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulub 18 iyun 2020-ci il tarixdən 20 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası yeni hökmlə qəti olaraq təyin edilmiş 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsin. O, yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - cinayət işi üzrə maddi sübut olan 2500 manat pulun və bir ədəd qara rəngli süni dəridən hazırlanmış 20 manat dəyərində pul qabının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın; - İş üzrə video görüntülərin əks olunduğu iki ədəd CD disk və Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən alınmış bir ədədə audio-səs yazısı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar