Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1304/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Bağırov Bilal İsa oğlu və Qədirov İlqar Hümmət oğlunun iştirakları ilə Gəncə A ğır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qədirov İlqar Hümmət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər E.İ.Rüstəmov və X.H.Səmədov) xx xxxx 1978-ci ildə Göygöl (keçmiş Xanlar) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalakənd meşəbəyliyində yanğın keşikçisi i şləmiş, məhkumluğu olmayan, Ünvan 1 ünvanda qeydiyyatda olmaqla bəmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum və müdafiəçisi Məmmədov Vidadi Temur oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 28 dekabr 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 28 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qədirov İlqar Hümmət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, təxminən 2016-cı ilin yay aylarından tanış olub qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Tovuz rayonunun Əlibəyli kənd sakini Bayramova Nişanə Zeynalabdin qızını 14 noyabr 2018-ci il tarixdə saat 21.30 radələrində ofisiant kimi yeni işə başladığı, rayonun Yuxarı Öysüzlü kəndi ərazisindəki kafedən işdən sonra qarşılayıb idarə etdiyi QAZ-3110 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə apararkən, sonuncunun sifətində makiyajın çox olduğunu və ondan alkoqol iyi gəldiyini görüb əsə biləşərək, bununla bağlı ona iradlarını bildirərək, bir daha kafedə işləməyəcəyi barədə xəbərdarlıq edib əks halda onun üçün yaxşı olmayacağı ilə hədələyərək Nişanə Bayramovanı evlərinə düşürüb yaşadığı Gədəbəy rayonunun Qala kəndinə qayıtmış, 15.11.2018-ci il tarixdə Nişanə Bayramova ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən onun bir daha kafedə işləməyəcəyi barədə tələbinə əhəmiyyət verməyib yenidən kafedə işdə olduğunu eşitdikdə Nişanə Bayramovadan evə qayıtmasını tələb edib, sonuncunun sonrakı telefon zənglərinə cavab verməmiş, bu səbəbdən də, Nişanə Bayramova əvvəlcə onun telefon nömrəsinə aralarında olan borc pulu gətirib verməsini, əks halda 102 xidmətinə məlumat verəcəyi ilə bağlı mesajlar göndərmiş, daha sonra zənglərinə cavab vermədiyini görüb başqa telefon nömrəsindən zən g edərək zənglərinə cavab vermədiyi və özünü yaxşı aparmadığı təqdirdə münasibətləri barədə arvadına məlumat verəcəyini bildirdikdə, o, ailəsini dağıdacağı halda Nişanə Bayramovanı öldürəcəyi ilə hədələmiş və Nişanə Bayramovanın onunla rəsmi nikahda olduğu arvadı Ələkbərova Simurə Eldar qızının istifadəsində olan mobil telefona zəng edib “iki il müddətində ər-arvad kimi yaşamaları və birgə uşaqları olması barədə” deməsini və arvadı Simurə Ələkbərovanın atası evinə getmək barədə qərar verdiyini sonuncudan eşidib bildikdən sonra, Nişanə Bayramovanı cəzalandırmaqla qisas almaq qərarına gələrək, idarə etdiyi avtomobillə həmin günü saat 21 radələrində Nişanə Bayramovanın işlədiyi Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi yaxınlığında yerləşən kafeyə gəlib sonuncunu kafenin həyətində telefonla danışa n gördükdə, Nişanə Bayramovanı diri-diri yandırmaqla ona xüsusi əzab və işgəncə verə biləcəyini dərk edib bunu arzulayaraq, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə avtomobilin yük yerindən plastmas qabda neft məhsulu olan benzini götürüb həmin vaxt telefonla danışan Nişanə Bayramovaya yaxınlaşaraq onun başına, sifətinə töküb alışqanla yandırmaq istədikdə, sonuncu xilas olmaq üçün qaçıb otağa girmiş, bunu görüb cinayətkar qəsdini davam etdirərək onun arxasınca otağa daxil olmuş və Nişanə Bayramovanı alışqanla yandırıb ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid başın alın, sağ və sol yanaq, burun, sol qulaq seyvanı, sol almacıq, alt dodaq və üst dodaq, alt çənənin cismi, sağ alt çənə bucağı, boyun, hər iki kürəküstü, sol bazu oynağı, sol bazunun, sol qoltuqaltı, sol saidin, sol əlin arxa səthi, sağ bazu oynağı, sağ körpücük və sol körpücük, sağ bazu və döş qəfəsinin ön səthi nahiyyələrinin - ümumilikdə bədən səthinin 28-30-% sahəsini əhatə edən, İİİ A dərəcəli, həmçinin sol bazu, sol dirsək və sağ mil-bilək oynaqları nahiyyələrində kontraktura, yəni kobud çapıq toxuması nəticəsində həmin oynaqlarda hərəkət məhdudluğu ilə müşayət olunan termiki yanıq yaraları yetirməklə hadisə yerindən qaçmış, bu zaman Nişanə Bayramovanın alışıb yandığını görən iş yoldaşları Abbasov Rəşad Məmməd oğlu və qeyriləri tərəfindən alov vaxtında söndürüldüyünə və ona vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərildiyindən o, Nişanə Bayramovanı qəsdən öldürməklə bağlı niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Nişanə Bayramovanı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Qədirov İlqar Hümmət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə baş verən zaman məhkum zərərçəkmiş şəxsin üzərinə benzin atıb onu yandırdıqdan sonra öz əynində olan gödəkçəni zərərçəkmiş şəxsin üstünə ataraq onu söndürmüşdür. Halbuki, bu hal işin hallarında fərqli göstərilmişdir. İşdə olan ifadələrə diqqət yetirdikdə bir yerdə zərərçəkmiş şəxsin pərdə vasitəsilə söndürülməsi, digər bir yerdə isə guya orada olan şəxslərin gödəkçəsi ilə söndürüldüyü qeyd edilir. İstintaq zamanı isə həmin gödəkçənin kimə məxsus olması və götürülməsi barədə heç bir məlumat yoxdur. Əslində həmin gödəkçə iş üzrə mühüm əhəmiyyəti kəsb etdiyindən müəyyən edilib götürülməli və cinayət işinə əlavə edilməli idi. Həmin vaxt məhz məhkum edilmiş şəxs əynində olan gödəkçəni zərərçəkmiş şəxsin üstünə ataraq onu söndürmüşdür. Belə olan halda məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinə tövsif edilməsi əsassız olmuşdur. Bu məsələnin araşdırılması ilə bağlı müdafiə tərəfi vəsatət qaldırmış və məhkəmə prosesinin istintaqla apanlmasını tələb etmişdir. Lakin, məhkəmə vəsatəti təmin etməmişdir. Halbuki, qeyd edilən məsələ işin mahiyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb etdiyindən qeyd edilən məsələnin araşdrılması zəruri idi. Bundan başqa işdə olan ekspertiza rəyinə diqqət yetirdikdə həmin rəyin hadisədən iki ay sonra verildiyi məlum olur. Cinayət hadisəsi 15 noyabr 2018-ci il tarixdə baş verm iş ekspertiza rəyi isə 17.01.2019-cu il tarixdə verilmişdir. İşdə olan şahid ifadələrindən və eyni zamanda zərərçəkmiş şəxsin ifadələrinə diqqət yetirdikdə zərərçəkmiş şəxsin özünün ifadəsində onun müalicəsinin xəstəxanadan kənar aparıldığı qeyd edilmişdir. Ekspertin özü yanığın dərəcəsini müəyyən etməkdə səlahiyyətli deyildir, yanğının dərəcəsi yalnız müalicə aparan həkim tərəfindən müəyyən edilir və yanğının dərəcəsinə uyğun olaraq xəsarətin dərəcəsi müəyyən edilir. Müdafiə tərəfi hesab edir ki, bu məsələnin araşdırılması zəruri idi. Belə ki, zərərçəkmiş şəxsin yarası sağaldıqdan sonra xəstəxana tərəfindən yanğın dərəcəsinin müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il qərarını əsassız olduğundan ləğv etməklə, işin yenidən apellyasiya məhkəməsinə məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi İ.H.Qədirov hüquqlarını müdafiə etdiyi Məhkum ittiham edilən cinayətdə özünü təqsirli bilmədiyini, əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etdiyini, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, ibtidai istintaq orqanı tərəfindən işin hallarının təhrif edildiyini bildirib, kassasiya şikayətinini təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi B.İ.Bağırov eyni məzmunlu çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2019-ci il tarixli qərarını ləğv edərək, cinayə t işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, əməlin düzgün tövsif olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1- ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qan uniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Qədirov İlqar Hümmət oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməli olduğu halda məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, nəticədə barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və bununla da, sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından sə lahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törə dilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq pro sessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinin dispozisiyası xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin mate riallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçilərin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin əsassız olaraq CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif edildiyi, əməlin CM-nin 126.1-ci maddə sinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən s ağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması v ə s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Lakin, təqsirkarın zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxsaylı bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, kasasiya şikayətini n dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş Nişanə Bayramovanı diri-diri yandırmaqla ona xüsusi əzab və işgəncə verə biləcəyini dərk edib bunu arzulayaraq, xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, işin hər iki məhkəmə instansiyasında müəyyən edilmiş faktiki hallarından bir daha müəyyən olur ki, cinayət hadisəsindən əvvəllər də məhkum və zərərçəkmiş şəxs arasında qısqanclıq zəminində dəfələrlə mübahisələr olmuş, sonuncu mübahisə də məhz zərərçəkmiş şəxsin kafedəki işindən ayrılmaq istəməməsi səbəbilə qısqanclıq zəminində yaranmış, daha sonra zərərçəkmiş şəxsin mə hkumla danışığı zamanı onun ünvanına nalayiq sözlər söyləməsi və bundan sonra aralarındakı qeyri-rəsmi münasibəti məhkumun həyat yoldaşına bildirməsi mübahisəni daha da alovlandırmış və bütün bunlardan sonra məhkumun qisas hissi ilə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək niyyəti yaranmışdır. Cinayət əməlini törədən zaman Məhkum öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkum zərərçəkmiş şəxsi qəsdən məhrum etmək istəyərkən seçdiyi üsulun (benzin vasitəsilə diri-diri yandırması) zərərçəkmiş şəxsə xüsusi ağrılar, iztirab verəcəyini əvvəlcədən dərk etmiş və zərərçəkmişi bu üsulla qəsdən həyatdan məhrum etməklə bağlı nəticəni qabaqcadan arzu etmişdir. Burada Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlı qla qəsdən həyatdan məhrum etməyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası, həmçinin məhkumun və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri məhkəmələr tərəfindən nəzərə alınmışdır. Məhkum zərərçəkmiş şəxsin üzərinə benzin tökərək onu yandırıb daha sonra hadisə yerini tərk etməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təsdiq edilmişdir. Odur ki, müdafiə tərəfinin məhkumun zərərçəkmiş şəxs yanarkən yanğını söndürməyə cəhd etməsi, zərərçəkmiş şəxsin üzərinə öz gödəkçəsini atması ilə bağlı kassasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmayan özünümüdafiə xarakterli formal mülahizələr ki mi qiymətləndirilməlidir. Beləliklə, müdafiə tərəfinin kassasiya şikayətində qeyd etdiyi məhkumun əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı iddia tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş “şəxsin qeyd edilən maddə ilə təqsirli bilinməsinə dair sübutların kifayət etməməsi” barədə dəlillərinə qiymət verərək qeyd edir ki, CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndir ilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bundan başqa, müdafiəçinin kassasiya şikayətinin digər bir dəlili ekspertiza rəyi ilə əlaqəli olmuş, müdafiə tərəfi ekspertizanın gəldiyi nəticəni mübahisələndirmişdir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zam anı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən M əhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən səmimi peşiman olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmaması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədl əri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Qədirov İlqar Hümmə t oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Qədirov İlqar Hümmət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisi Qədirov İlqar Hümmət oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1304/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1304/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver