Məhkəmə qərarları › İş №1(102)-2347/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2347/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2347/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(099)-131/2023 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədirliyi ilə, Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1965-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Kürdəmir Rayon Məhkəməsinin xxxx 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 2 il 1 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən, Kürdəmir Rayon Məhkəməsinin xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 1 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, xxx-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2022-ci ildən hesablanmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərə findən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) 13 iyun 2023-cü il tarixli 1(106)-384/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə istinad edilən cinayət əməlinin tövsifi həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə dəyişdirilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökmü apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum edilmişdir ona görə ki, o, istintaq orqanının və birinci instansiya məhkəməsinin qənaətinə görə özgə əmlakını ələ keçirmək məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində xx.xx.1994-ci il təvəllüdlü xxx yaşayan Zərərçəkmiş şəxs satıcı işlədiyi mağazaya müştəri qismində daxil olaraq, marketin vitrinində olan 1 ədəd 400 qram çəkidə 9 manat 15 qəpik dəyərində "Head an d Shoulders” markalı saç şampununu və 1 ədəd 70 qram çəkidə 5 manat 19 qəpik dəyərində "Rexona” markalı ətiri talayıb oradan uzaqlaşarkən, Zərərçəkmiş şəxs onu görüb, ardınca qaçaraq xxx küçəsində ona çatıb ələ keçirdiyi əmlakları geri qaytarmasını tələb edərkən, həmin əmlakları əldə saxlamaq üçün, o əvvəldən şalvarının sağ yan cibində saxladığı 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, qara dəstəkli, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat məişət təyinatlı bıçağı çıxardıb, silah qismində açıqcasına nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə getməklə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib öldürəcəyi hədəsi ilə basqın edib "xxx” market MMC-yə ümumilikdə 14 manat 34 qəpik məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Apellyasiya i nstansiyası məhkəməsi isə əməlin quldurluq deyil, soyğunçuluq olması barədə nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apelyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 181.2.5-ci maddəsindən CM-in 180.2.4-cü maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən o ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Məhkum əməlində silah qismində istifadə edilən əşyalar tədbiq etməklə törədilən quldurluq cinayətininin tərkibinin olmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Məhkum quldurluq etdiyi iş üzrə toplanmış bir-birini tam amlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsi isə Məhkum əməlində silah qismində istifadə edilən əşyalar tədbiq etməklə törədilən quldurluq cinayətininin tərkibinin deyil, həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq cinayətinin tərkibinin olması qənaətinə gəlməklə onun əməlini CM-in 181.2.5-ci maddəsindən CM-in 180.2.4-cü maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ka ssasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 180.2.4-cü maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestinin şərh olunan dəlillərinə münasibət bildirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcə llə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əmə lin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüq uq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlaml ığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq ci nayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum verilmiş silah və ya silah qismində istifadə edilən əşya lar tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına dair ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmasına dair nəticəyə gəlinsə də, sonradan işə baxan apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına əsaslanılmasını öz qərarında göstərmiş, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən haqlı olaraq Məhkum əməlində quldurluğun yox, soyğunçuluğun olması barədə qən aətə gələrək onun əməlini CM-in 180.2.4-cü maddəsinə tövsif etmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət v erilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya protestində əməlin quldurluq kimi tövsif edilməli olduğu iddia edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, quldurluq cinayətinin mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Soyğunçuluq isə obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluq cinayətinin xarakterik cəhəti on dan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmiş şəxsin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq edilməklə müşayiət olunur. Protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum soyuq silah hesab edilməyən təsərrüfat məişət təyinatlı bıçağı zərərçəkmişə hansısa təhlükə yarada bilən qaydada istifadə etməsi yaxud istifadə etməyə cəhd etməsi öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından və işin hallarından aydın olur ki apellyasiya instnasiyası məhkəməsi haqlı olaraq, Məhkum əməlinin ilk öncə oğurluq kimi başlaması, onun mağazadan malı gi zli olaraq talamasının zərərçəkmiş şəxs tərəfindən müşahidə edildiyini bilməsindən və onu təqib etməsini gördükdən sonra taladıqlarını özündə saxlamaqla qaçması ilə bu oğurluq cinayətinin soyğunçuluğa çevrilməsi, oğurladıqlarını Zərərçəkmiş şəxs qaçdığı müddətdə onun xəbəri olmadan tulladığı ana qədər də soyğunçuluğun davam etməsi, yalnız Zərərçəkmiş şəxs ona çatmasından sonra o quldurluq cinayətinin tərkibinin yaranması üçün vacib olan hər hansı basqına yol vermədən, yalnız onu özünə yaxınlaşmaqdan çəkindirməyə cəhd göstərməsi və bu hədənin də həyat üçün təhlükəli olmayan zor tədbiq edilmə hədəsi kimi qiymətləndirilərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə hesab edir ki, apelyasiya instnasiyası məhkəməsi işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və həmin əməl Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üç ün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya məhkəmə kollegiyası ci nayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birlikdə təhlil edərək, Məhkum tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətinin törədilməsi barədə nəticəyə gəlir. Bu səbəbdən, onun əməlində quldurluq cinayətinin tərkibi olmadığından və əməli CM-in 180.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib məh kum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar