Məhkəmə qərarları › İş №1(102)-2979/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2979/2025

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2979/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum məhkum1 müdafiəçisi müdafiəçi1 və məhkum məhkum2 müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 1(103)- 2181/2024 nömrəli qərarından məhkumlar məhkum1 və məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Eldar İsmayılov və Səbuhi Hüseynov) 16 avqust 2024-cü il tarixli 1(101)-1575/2024 nömrəli hökmü ilə 13 iyun 1980-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olan və əvvəllər Rusiya Federasiyasında yaşamış məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum1 Azərbaycan Respublikası CM-in 28,214.2.1-ci maddəsi ilə 10 (on) il müddətə, CM-in 274-cü maddəsi ilə 15 (on beş) il müddətə, CM-in 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-in 283.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən məhkum1 təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla, ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmış, 01 noyabr 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olan və əvvəllər Rusiya Federasiyasında yaşamış məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum2 Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-in 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-in 283.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən məhkum2 təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla, ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum elmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023cü il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs məhkum1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmiş, eləcə də Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının vətəndaşı məhkum1 2019cu ilin dekabr ayında daha əvvəl Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X9 sövdələşib məxfi əməkdaşlığa cəlb edilməklə sonuncunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verdiyi gizli tapşırıqları maddi vəsait müqabilində yerinə yetirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə məhkum edilmiş X6 məhkəmə prosesləri keçirilən günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yanına gəlmiş şəxslərlə çəkdirdiyi fotoşəkilləri “Facebook” sosial şəbəkə profilində paylaşmış, həmin paylaşımları görən Garnik Asatrian onunla həmin sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq tanış olmuş və sonuncu tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən gizli tapşırıqların maddi vəsait müqabilində icrası barədə sövdələşib Azərbaycan Respublikasının ərazisində olarkən məxfi əməkdaşlığa cəlb edilmiş, Garnik Asatrianla sosial şəbəkə tətbiqləri vasitəsilə şəxsən müntəzəm əlaqədə olmaqla etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli, dini nifrət və düşmənçiliyin salınması, bu məqsədlə Azərbaycan Respublikasının vətəndaşlarının məxfi qaydada əlaqəyə cəlb edilməsi istiqamətində fəaliyyət göstərməklə X6 barəsində məhkəmə proseslərinin keçiriləcəyi vaxtlar və məhkəmə prosesləri zamanı qəbul edilmiş qərarlar barədə məlumatlar toplayaraq Garnik Asatriana təqdim etmiş, 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikasında olarkən Garnik Asatrianın tapşırığı ilə Azərbaycan Respublikasının Masallı, Lənkəran və digər rayonlarında yaşayan Türkiyə Respublikasının vətəndaşlarının sayı barədə məlumat toplayaraq “Facebook” sosial şəbəkəsindən istifadə etməklə təqdim etmiş, 2021-ci ilin aprel ayında Kürdəmir, Yevlax, Cəlilabad, Masallı və Lənkəran rayonlarında yaşayan xarici ölkə vətəndaşları və hərbi obyektlər barədə mümkün məlumatların toplanılması barədə Garnik Asatrianın tapşırıqlarının icra edilməsi müqabilində sonuncu tərəfindən sürətli pul köçürmə sistemi vasitəsilə öz adına 5 aprel 2021-ci il tarixdə göndərilmiş 200 ABŞ dolları məbləğində pul vəsaitini “KapitalBank” ASC-nin Masallı rayon filialından götürmüş, verilən tapşırığa uyğun olaraq 10 aprel 2021-ci il tarixdə Yevlax şəhərinə gedib orada foto çəkilişlər edərək həmin materialları, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra: DTX) İstintaq baş idarəsində X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 202990041 nömrəli cinayət işi üzrə qəbul edilmiş prosessual qərar və protokolların fotoşəkillərini 11 aprel 2021-ci il tarixdə “Telegram” mobil tətbiqi vasitəsilə “rasad ahmadov” adlı “+79824991543” mobil nömrə ilə qeydiyyatdan keçdiyi hesabından Garnik Asatrianın istifadəsində olan “Qarik Prafesor” (Qarik Prafesor) adlı hesaba Masallı rayonunun Hişkədərə kəndində olarkən göndərmiş, 2021-ci ilin iyun ayında Garnik Asatrianın tapşırığı ilə sonuncunun əlaqəsi olan Yevgeniy adlı şəxslə Moskva şəhərində görüşərək sonuncunun Azərbaycanda “talış hərəkatı” ilə bağlı məlumatların təqdim edilməsi haqqında verdiyi tapşırıqları icra edəcəyi barədə sövdələşmiş, verilən tapşırıqların icrası müqabilində Garnik Asatrian tərəfindən göndərilmiş 100 ABŞ dolları məbləğində pul vəsaitini Moskva şəhərində qəbul etmiş, 2022-ci ilin avqust ayında Masallı rayonundan olan həmyerlisi kimi 2009-cu ildən tanıdığı tanışı X2 təklifi ilə sonuncunun vasitəsilə 2020-ci ildə tanış olduğu Şabanov İsmayıl Musarza oğlu ilə birlikdə İran İslam Respublikasının Rusiya Federasiyasının Moskva şəhərindəki səfirliyinə gedərək xarici xüsusi xidmət orqanının Hətəm adlı nümayəndəsi ilə görüşüb Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində fəaliyyət göstərdiyi barədə məlumat verib müzakirə aparmış, 2022-ci ilin noyabr ayında Rusiya Federasiyasının Moskva şəhərində olarkən Garnik Asatrianın tapşırığı ilə ona istintaqla adı Rac kimi məlum olan, şəxsiyyəti müəyyən edilməmiş şəxsin vasitəsilə çatdırılmış Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən məqsədyönlü şəkildə xüsusi olaraq hazırlanmış Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni qəbul edib hazırda istintaqla müəyyən edilməyən Rusiya Federasiyasında yaşayan şəxsi əlaqədə olduğu və digər azərbaycanlılara verməklə, eləcə də X2 tapşırığı ilə həmin saxta xəritələr üzərində Azərbaycan dilində videomaterial hazırlayaraq Ermənistan Respublikasının xüsusi xidmət orqanının nəzarətində olan “Telegram” sosial şəbəkəsinin “Talış Revolyutsiya”, “Tik-Tok” sosial şəbəkəsinin “artagers.07”, “zonainteresting” adlı kanallarında 12 aprel 2023-cü il tarixdə yayılmasını təşkil etmiş, Garnik Asatrianın tapşırığı ilə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində məxfi əməkdaşlıq edib istifadə edə biləcəyi Azərbaycan Respublikasının vətəndaşı məhkum2 barədə 2022-ci ilin dekabr ayında məlumat təqdim etmiş, 2022-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2023-cü ilin mart ayında Garnik Asatrianın tapşırığı ilə özü və məhkum2 ilə birlikdə Rusiya Federasiyasının ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn videomateriallar hazırlayıb “youtube.com” internet portalında paylaşması üçün sonuncuya istifadəsində olmuş elektron ünvan 1 elektron poçt ünvanından Garnik Asatrianın istifadəsində olan elektron ünvan 2 elektron poçt ünvanına göndərməklə 25 noyabr 2022-ci il, 05 dekabr 2022-ci il, 17 aprel 2023-cü il və 19.04.2023-cü il tarixlərində yayılmasını təşkil etmiş, o cümlədən sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi profillər vasitəsilə qəsdən Azərbaycan Respublikası və Rusiya Federasiyasının ərazisində olduğu vaxtlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn fotomaterialları paylaşmışdır. Bundan başqa, təqsirləndirilən şəxs məhkum1 2023-cü ilin aprel ayının əvvəllərində Rusiya Federasiyasının ərazisində olarkən Garnik Asatrian tərəfindən verilən tapşırıqların icrasını davam etdirərək Azərbaycan Respublikasının vətəndaşlarının guya milli, dini nifrət və düşmənçilik zəminində iğtişaşlar törətmək niyyətini və törətmələrini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərib 2020-ci ildə “Facebook” sosial şəbəkəsindən tanıdığı həmyerlisi olan Azərbaycan Respublikasının vətəndaşı X3 qeyd olunan hərəkətlərin yerinə yetirilməsində yardım və iştirak etməsi barədə “WhatsApp» sosial şəbəkə tətbiqi vasitəsilə təkliflər edərək sonuncuya “WhatsApp» mobil tətbiqi vasitəsilə istifadəsindəki +79824991543 mobil telefon nömrəsindən 3 aprel 2023-cü il tarixdə göndərdiyi səsli mesajlarda, habelə apardığı danışıqlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması məqsədilə terror aktları törədəcəyi barədə məlumat verib bu istiqamətdə fəaliyyətinə gizli kömək göstərilməsini təklif etmiş, qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, bu məqsədlə 19 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək cinayətkar niyyətini həyata keçirmək istəmiş, lakin DTX-nin əməkdaşları tərəfindən 26 aprel 2023-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Bakı şəhərində tutulduğu üçün iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir, yəni qeyd oulnan bu hərəkətləri ilə məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkum2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, eləcə də Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı və öz təşəbbüsü ilə kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq təkrar yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkum2 2022-ci ilin dekabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X9 tərəfindən məhkum1 vasitəsilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən gizli tapşırıqların icrası barədə sövdələşib məxfi əməkdaşlığa cəlb edilmiş, həmin tapşırıqlara əsasən sonuncu ilə birlikdə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn videomaterialı Rusiya Federasiyasının Moskva şəhərində 2022-ci ilin dekabr ayında hazırlayıb Garnik Asatrianın “youtube.com” internet portalında paylaşması üçün Garnik Asatriana məhkum1la birlikdə sonuncunun istifadəsində olmuş elektron ünvan 1 elektron poçt ünvanından Garnik Asatrianın istifadəsində olan elektron ünvan 2 elektron poçt ünvanına göndərməklə 05 dekabr 2022-ci il tarixdə yayılmasını təşkil etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkum2 Rusiya Federasiyasının ərazisində olduğu vaxtlarda sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi profillər vasitəsilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn fotomateriallar paylaşmışdır, yəni qeyd oulnan bu hərəkətləri ilə məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Sabit Bəhrəmzadə) 10 oktyabr 2024-cü il tarixli, 1(103)-2181/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli 1(101)-1575/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar məhkum1, məhkum2 və məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 1(103)-2181/2024 nömrəli qərarının ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-in 28,214.2.1, 274 və 281.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkum məhkum2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 1(103)-2181/2024 nömrəli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-in 274 və 281.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qərəzli olmuş, onun əməlində ittiham olunduğu maddələrlə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmamışdır. Apellyasiya instansiya məhkəməsi isə məhkumun şikayətini araşdırmamış, birinci instansiya məhkəməsində təqsirinin tam sübuta yetirildiyini iddia edərək, hökmü qüvvədə saxlamışdır. Məhkum məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qərəzli olmuş, onun əməlində ittiham olunduğu maddələrlə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmamışdır. Apellyasiya instansiya məhkəməsi isə onun şikayətini araşdırmamış, birinci instansiya məhkəməsində təqsirinin tam sübuta yetirildiyini iddia edərək, hökmü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbuledilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumlar məhkum1 və məhkum2 kassasiya şikayətlərinin dəlilləri ondan ibarətdir ki, onların əməlləri təqsirli bilindiyi CM-in 28,214.2.1, 274 və 281.3-cü maddələrinin cinayət tərkibini yaratmır. Lakin apellyasiya instansiyası məhkəməsi bu dəlilləri mahiyyəti üzrə araşdırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrə istinad etməklə şikayətlərin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası məhkumlar məhkum1 və məhkum2 kassasiya şikayətlərinin ilkin dəlili - onların əməllərində Azərbaycan Respublikası CM-in 28, 214.2.1, 274 və 281.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin olmaması barədə iddialarına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 214.1-ci maddəsinə əsasən terrorçuluq – ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya digər ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərin törədilməsi, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə kimi müəyyən edilmişdir. Həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayət birlik tərəfindən törədilməsi CM-in 214.2.1-ci maddəsində tövsifedici ağırlaşdırıcı hal kimi nəzərdə tutulmuş və daha ağır cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 28-ci maddəsinə görə cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək məqsədilə başqaları ilə əlaqəyə girmə, sövdələşmə və ya qəsdən başqa cür şərait yaratma hallarında cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmadıqda, bu əməllər cinayətə hazırlıq kimi qiymətləndirilir. Bu halda yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 274.1-ci maddəsinin dispozisiyasına əsasən dövlətə xəyanət – Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl olmaqla, düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrinin xarici dövlətə verilməsi, yaxud Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə kimi hərəkətləri əhatə edir. Bundan əlavə, xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün pozulmasına yönələn açıq çağırışların edilməsi, habelə bu cür məzmunlu materialların hazırlanması və yayılması Azərbaycan Respublikası CM-in 281.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə kollegiyası məhkumlar məhkum1 və məhkum2 kassasiya şikayətlərinin ilkin əməllərində CM-in 28,214.2.1, 274 və 281.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibləri olmadığı barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumların və şahid Şahid ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertizalarının rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkum1 Azərbaycan Respublikası CM-in 28, 214.2.1, 274, 281.3, 283.1-ci maddələri, məhkum2 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmə sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, məhkumlar məhkum1 və məhkum2 cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onların əməlində müvafiq olaraq Azərbaycan Respublikası CM-in 28,214.2.1, 274, 281.3, 283.1-ci maddələri və CM-in 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və onların cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Kassasiya kollegiyası birinci instansiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarının yuxarıda göstərilən tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası məhkumlar məhkum1 və məhkum2 əməllərinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş və hökmün əsasını təşkil edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumların təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin halları düzgün və doğru kimi qəbul edilmiş şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkumların əməllərində CM-in 28,214.2.1, 274 və 281.3-cü maddələrinin tərkibləri olmadığına dair dəlili əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin digər dəlili də – apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumların dəlilləri üzrə araşdırmanın aparılmamasını əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkum1 məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 28,214.2.1, 274 və 281.3-cü maddələri, məhkum2 CM-in 274 və 281.3-cü maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onların cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri məhkum1 və məhkum2 hökmdə qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişlər. Məhkum məhkum1 və məhkum2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum məhkum1 Azərbaycan Respublikası CM-in 28, 214.2.1, 274, 281.3, 283.1-ci maddələri və məhkum məhkum2 Azərbaycan Respublikası CM-in 274, 281.3 və 283.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum1 və məhkum2 barələrində olan qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 1(103)-2181/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkumlar məhkum1 və məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 1(103)-2181/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar