Məhkəmə qərarları › İş №1(102)-3084/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3084/2025

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3084/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 256.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # #### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayev Rəşad Mustafa oğlu) Məhkum, ## ###### 1985-ci il tarixdə Xanlar (hazırkı Göygöl) rayonunun Haçaqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Göygöl Rayon Məhkəməsinin # #### 2022-ci il tarixli hökmü ilə CM-in 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Göygöl rayonunun Haçaqaya kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə ona Göygöl Rayon Məhkəməsinin # #### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilmiş, Məhkum Göygöl Rayon Məhkəməsinin # #### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətində hissəsi CMin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 256.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə balıq ovlama fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olub qrup halında balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan elektrik enerjisini suya ötürərək qanunsuz balıq tutmuşdur. Belə ki, o, elektrik xəttinə qoşularaq elektrik enerjisinin suya ötürülməsi nəticəsində balıq və ya digər su bioresurslarının kütləvi məhvinə səbəb olan kustar üsulla hazırlanmış balıq ov alətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı və həmyerlisi olan Təqsirləndirilən şəxs ilə birlikdə qanunsuz ovlamaq qərarına gəlmiş, bu məqsədlə ##.##.2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Haça Qaya kəndi ərazisindən keçən “Qoşqarçay” çayına gedərək, əvvəlcədən hazırladıqları təbiətdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan 1,5 metr uzunluğunda plastik boruya bağlanmış halda 50 metr uzunluğunda elektrik naqilinin və bir ədəd balığı sudan çıxarmaq üçün istifadə edilən tordan istifadə etməklə kəndə daxil olan ümumi elektrik xəttinə qoşularaq elektrik enerjisini suya ötürməklə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ov edilməsi ilə bağlı cərimələr” adlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 1999-cu il tarixli *** saylı qərarının ölçüsündən və çəkisindən asılı olmayaraq balıq, su heyvanı və onurğasıza ziyan vurması ilə nəticələnən 10-cu bəndinə əsasən “Şirbit” balığının 1 (bir) ədədinin qiyməti 33 (otuz üç) manat olmaqla, 103 (bir yüz üç) ədədin qiyməti 3.399 (üç min üç yüz doxsan doqquz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla təbiətdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz balıq tutmuşdur. Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) # #### 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Z.K.Qəhrəmanovun apellyasiya şikayətləri isə təmin edilərək hökm Təqsirləndirilən şəxs münasibətdə cəza təyininə aid hissədə dəyişdirilmiş, sonuncuya CM-in 256.3-cü maddəsi ilə 1 (bir) il müddətə balıq ovlama fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ## ###### 2025-ci il tarixdən # #### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 14 (on dörd) gün müddətin bir günü təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla bu müddət 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdulaşdırılması cəzası kimi müəyyən edilmiş və həmin cəza ona təyin olunmuş cəzadan çıxılmaqla adı çəkilən məhkumun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, onun üzərinə Göygöl rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının Göygöl Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmiş, hökm qalan hissələrdə və məhkum Məhkum münasibətdə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # #### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək əməlinin CM-in 256.2.2-ci maddəsinə tövsif edilməsini və cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində onun təqsirli bilindiyi ittihama və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclaslarında iş üzrə toplanmış sübutlar düzgün araşdırılmamış, həmin sübutlar ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət etməmişdir. Belə ki, onun Təqsirləndirilən şəxslə birlikdə tutduqları balıqların hər biri müxtəlif çəkilərdə olmuş, ölkə ərazisində balığın satışı çəki ilə həyata keçirildiyi halda ibtidai istintaq zamanı tutulmuş hər bir balığın dəyəri 33 manat olaraq müəyyən edilmişdir. Bu isə o deməkdir ki, müxtəlif çəkilərdə olan hər bir balığın eyni qiymətdə olması qanunvericiliyin tələblərinə, həmçinin məntiqə uyğun deyil. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, həmin balıqların sayının 103 ədəd olması da iş materiallarında olan heç bir sübutla təsdiq edilmir, video çəkiliş zamanı da həmin balıqlar sayılmamış, yalnız protokol tərtib edilərək məcburi şəkildə imzalatdırılmışdır. Bundan əlavə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təqsirli bilindikləri cinayət əməlini törətmələri mötəbər sübutlarla təsdiq olunmamış, onun əməli düzgün tövsif edilməmiş, nəticə də o, ağır cəzaya məruz qalmışdır. Belə ki, o, və Təqsirləndirilən şəxs bu cinayətin törədilməsi barədə qabaqcadan razılaşmamış və onlar yalnız hadisə yerində görüşmüşlər. Odur ki, onun əməli CM-in 256.2.2-ci maddəsinə tövsif edilməli və cəzası yüngülləşdirilməlidir. Şərh olunan dəlillərə əsaslanaraq məhkum Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Qurbanov Ismayıl Rövşən oğlu naməlum səbəblərdən məhkəməyə gəlməmiş, məhkum Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.Imranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi İ.R.Qurbanovun və məhkum Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə hökmünə və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində işin faktiki hallarını qismən də olsa mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, əməlinin CM-in 256.3-cü maddəsi ilə düzgün tövsif edilməməsini və eyni zamanda ona ağır cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Bundan başqa, həmin Qərarda qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməlidir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş bütün sübutları tədqiq etməklə və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkum tərəfindən onun barəsindəki hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum təqsirliliyinin mötəbərliyi, habelə işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında məhkum olunmuş şəxsin özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə məhkum olunmuş digər şəxsin - Təqsirləndirilən şəxs, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi İ.R.Qurbanovun, şahidlər şahid1 və şahid2 ifadələri, işdə olan sübut əhəmiyyətli sənədlər və iş üzrə toplanmış başqa təkzibolunmaz sübutlar dayanır. Törədilmiş cinayətin faktiki hallarını təkzibedilməz şəkildə təsdiq edən və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlar həmin məhkəmənin hökmündə və apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən yekun qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hazırkı qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür və kassasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmayaraq həmin sübutlarla müəyyən edilmiş hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməli məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş, bu hal isə onun əməlinin CM-in 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və həmin maddə ilə tövsif edilməsi üçün kifayət qədər əsaslar yaratmışdır. Belə ki, CM-in 256.3-cü maddəsində bu Məcəllənin 256.1-ci və 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs, yaxud mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və bu cinayətin əsas obyektini balıqların və digər su bioresurlarının, onların yaşadığı təbii mühitin mühafizəsi, artırılması və istifadə edilməsi sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Məhkum Məhkum isə kassasiya şikayətində ona istinad olunan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməməsini iddia etsə də, məhkəmə kollegiyası hesab edir ki, onun bununla bağlı dəlilləri aşağıda göstərilənlərə uyğun deyil. Belə ki, CM-in 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.2-ci maddəsinin tələblərindən görünür ki, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 35.1-ci maddəsində göstərilmişdir ki, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Cinayət qanunu bu normalarının birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs digər şəxs və ya şəxslərlə hər hansı cinayətin törədilməsi barədə qabaqcadan əlbir olub razılaşdıqda və bu cinayətin törədilməsində bilavasitə iştirak etdikdə o, təkcə həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə görə deyil, həm də bu cinayətin baş vermiş bütün nəticələrinə görə məsuliyyət daşıyır. Eyni ilə iki və ya daha çox şəxs əvvəlcədən razılaşmaqla digər şəxsə qarşı birlikdə zorakı hərəkətlər etdikdə onların hamısı edilmiş hərəkətlərlə yanaşı onun bu hərəkətlərin nəticələrinə görə də birgə məsuliyyət daşıyırlar Belə nəticəyə gəlmək üçün əsas tələb isə ondan ibarətdir ki, cinayətin törədilməsində icraçı qismində iştirak edən bütün şəxslər həmin cinayətin subyekti olmalıdılar. Hazırkı iş üzrə toplanmış və araşdırılmış sübutlara görə, Məhkum hazırkı iş üzrə məhkum olunmuş digər şəxslə birlikdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan elektrik enerjisini suya ötürərək qanunsuz balıq tutma əməlini törətmiş və onun da etdiyi aktiv hərəkətləri bu cinayətin nəticələrinin baş verməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarı). Iştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. Iştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. Iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər... Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. Iştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. Iştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. Iştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il ## ##### tarixli Qərarı). Həmçinin Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. Iştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verərək belə qənaətə gəlmişdir ki, məhkum Məhkum hazırkı iş üzrə balıq tutma əməlini, yəni CM-in 256-cı maddəsində nəzərdə tutulmuş cinayəti Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətmiş, onların da hər birisinin bu əməlləri CM-in 256.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq Məhkum əməlinin CM-in 256.2.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsas görmür və buna görə kassasiya şikayətinin bu hissədə təmin edilməsini mümkün bilmir. Məhkum Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə qanunsuz olaraq tutduğu balıqların sayının şişirdilməsi və onların dəyərinin düzgün müəyyən edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Əvvəla iş materiallarında olan sübut əhəmiyyətli sənədlərlə və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi İ.R.Qurbanovun, şahidlər şahid1 və şahid2, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri ilə təkzib edilməz şəkildə müəyyən edilir ki, Məhkum və Təqsirləndirilən şəxs # ######## 2024-cü il tarixdə saat 16 radələrində yüksək gərginli elektrik cərəyanından istifadə etməklə qanunsuz olaraq Qoşqarçay çayında balıq tutarkən elə hadisə yerində yaxalanmış, onların tutduqları balıqlar isə sayılaraq həmin tarixli protokolla götürülmüş, bu zaman balıqların sayının 103 ədəd, növünün isə - şibrit balıqlarına aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 1999-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslardan istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələrin tətbiqinə dair” müvafiq sənədin 10-cu bəndində ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd şibrit balığının qanunsuz ovuna görə 33 (otuz üç) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Təsvir edilən mötəbər sənədin tələbi digər sübutlarla birlikdə məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum və Təqsirləndirilən şəxs birgə qanunsuz olaraq 103 ədəd şibrit balığını ov etdiklərinə görə sonuncular tərəfindən hər balığın qiyməti 33 manatdan hesablanmaqla dövlətə xeyli miqdarda – 3.399 manat məbləğində ziyan vurulmuş və məhz bu ziyanı vurduqlarına görə onlar cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşlar. Belə olan halda məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı məhkum Məhkum kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və bir daha təkrarlayır ki, işə baxan məhkəmələr istər toplanmış sübutların qanuna müvafiq qaydada qiymətləndirilməsində, istərsə də məhkum olunmuş şəxsin törətdiyi cinayət əməlinin tövsifində heç bir səhvə, nəticə etibarı ilə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona ağır cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası digər qərarlarında olduğu kimi, yenə də xatırladır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsiplərə, o cümlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CM-in 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən suiistifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlərə mütləq məcmu şəklində əməl edilməlidir və yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir və məhz bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın qeyd olunan müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144-146 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə, sübutların qiymətləndirilməli və kifayət edən, hökmün isə - məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və qanunvericiliyin bu tələblərinə təqsirkar barəsində cinayət hüquqi xarakterli tətbiq edilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində onun təqsirli bilindiyi CM-in 256.3-cü maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən sonuncunun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, habelə CM-in 61.1.1ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olmasını cəzanı ağırlaşdıran hal qismində nəzərə almaqla ona həmin maddənin sanksiyasının aşağı həddinə yaxın, lakin cinayətin residivinə görə cinayət qanunvericiliyndə nəzərdə tutulmuş həddən cəza təyin etmiş və bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, eyni zamanda gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış izah və tövsiyələrə istinad etməklə lazımi qaydada əsaslandırmışdır. Belə ki, cinayət işinin materiallarına əsasən Məhkum əvvəllər də Göygöl Rayon Məhkəməsinin # #### 2022-ci il tarixli hökmü ilə CM-in 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş və hazırkı iş üzrə ittiham olunduğu cinayəti məhz şərti azad etmə müddətində törətmişdir. Buna görə, birinci instansiya məhkəməsi haqlı olaraq ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən bu halları müəyyən edib əvvəla onun birinci iş üzrə məhkumluğunun ödənilməməsini, iş üzrə cinayətin residivinin müəyyən edilməsini və bu hallara görə həm CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq, həm də CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə müvafiq cəzaların təyin edilməsini mümkün saymış və bu zaman cinayət qanunvericiliyinin aşağıdakı tələblərinin pozulmasına yol verməmişdir. Bunlarla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır və bu hal CMin 61.1.1-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. CM-in 65.2-ci maddəsinin tələblərinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz və yalnız CMin 65.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, yəni cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, şəxsə residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Hazırkı iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum törətdiyi cinayət əməlinə görə CM-in 256.3-cü maddəsi ilə (həmin maddənin sanksiyasında ən sərt cəzanın – azadlıqdan məhrum etmə cəzasını yuxarı həddi beş il müddət müəyyən edilmişdir) cəzanın CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmadan təyin edilməsinə əsas verə bilən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, CM-in 67 və 76.6.3-cü maddələrinə əsasən, məhkum cəzanın çəkilməmiş hissəsi ərzində, yəni cəzadan şərti olaraq azad edilmiş müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza - hökmlərin məcmusu üzrə təyin edir. CM-in 67.1-ci maddəsində isə müəyyən edilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası Məhkum qeyd olunan hallara görə ona təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün əsaslar görmür, lakin bu məsələ ilə də bağlı kassasiya şikayətinin dəlillərinin qismən qəbul edilməsini mümkün sayaraq ona təyin olunmuş qəti cəzanın müddətinin ümumilikdə həmin dəlillərə əsasən deyil, aşağıda şərh olunanlara əsaslanmaqla və onun barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməklə azaldılmasını, bu əsasla da Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # #### 2025-ci il tarixli qərarının dəyişdirilməsini mümkün bilir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-in 256.3-cü maddəsində müvafiq olaraq bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş balıq və digər su bioresurslarını qanunsuz tutma əməllərinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti, göstərilən maddənin sanksiyasında həmin əməlləri törətmiş şəxsin təqsirliliyi sübuta yetirildikdə onun altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmiş, CM-in 15.3-cü maddəsinə əsasən isə həmin maddədə nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid edilir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum Göygöl Rayon Məhkəməsinin # #### 2022-ci il tarixli hökmü ilə də təqsirli bilinərək məhkum olunduğu CM-in 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin maddələrdə də göstərilən cinayətlər az ağır cinayətlər kateqoriyasına aid edilir ona görə ki, CM-in 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkum barəsində amnistiya aktının tətbiq edilməsi mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, CM-in 81.1 və 81.2-ci maddələrinin tələblərinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndində isə bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin (məhkumların) cəzasının 6 ay azaldılması nəzərdə tutulmuşdur. Təhlil edilən amnistiya aktının 5-ci hissəsində göstərilmişdir ki, məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 5.2.1. bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.3. bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Həmçinin ## ###### 2025-ci il tarixli Qərarın 27-ci hissəsində nəzərdə tutulmuşdur ki, kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarda təsvir edilənlərdən çıxış edib cinayət qanunvericiliyinin və “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tələblərinə əsaslanaraq və kassasiya şikayətinin qismən təmin edilməsi, Məhkum barəsində göstərilən amnistiya aktının 3.1-ci bəndinin tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması haqqında qərarın qəbul olunması barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-in 256.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # #### 2025-ci il tarixli qərarında dəyişiklik edilərək “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən ona CM-in 67.1ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq həmin müddət 3 (üç) ildən 2 (iki) il 6 (altı) ayadək endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar