Məhkəmə qərarları › İş №1(102)-646/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-646/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-646/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) 15 iyul 2022ci il tarixli, 1(008)-298/2022 nömrəli hökmü ilə 20 noyabr 1989-cu il tarixdə Qəbələ rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 127.2.3-cü maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 221.3-cü maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 15 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X5 təqsirli bilinmişdir ona görə ki, o, 27 iyul 2021-ci il tarixdə saat 13 radələrində kirayədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu H.Cavid küçəsi, ev 21-in həyətində orta dərəcəli alkoqol sərxoşluğ u vəziyyətdə həmin evin sahibi Zərərçəkmiş şəxs2 həyətin qapısının açıq qoymasını irad bildirdikdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən sonuncunun əri Zərərçəkmiş şəxs1 ilə mübahisə edib onun ünvanına uca səslə nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həyətdən pol taxtasını götürüb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 vurmaq istəyən zaman ərini qorumaq məqsədilə araya girən Zərərçəkmiş şəxs2 sağ qoluna qəsdən vuraraq ona sağ mil sümüyünün orta 1/3-nin yerini dəyişməyən qapalı sınığı və sağ said nahiyəsinin əzilmiş yarası ilə nəticələnən Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurduqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 yumruqla sifətindən və təpiklə ayağından vurub ona alt dodaq nahiyəsinin qançırı, sol dirsək və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları ilə müşayiət olunan sağ lamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib, sonuncuya məxsus olan və sifətinə vurulan yumruq nəticəsində yerə düşən 650 manat dəyərində diş protezini tapdalamaqla sındırıb özgənin əmlakının məhv etməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 01 noyabr 2022-ci il tarixli, 1(103)-1719/2022 nömrəli hökmü ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(008)298/2022 nömrəli hökmü ləğv edilmiş, X3 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X2 Azərbaycan Respublikası CM-in 127.2.3-ci maddəsi ilə ittiham olunması il ə bağlı əməli CM-in 127.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinmiş, X5 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, X5 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassas iya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq zamanı X5 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, zərərçəkmiş şəxslər öz ifadələrində göstərdiklərini təsdiq edib, bir daha Hökümdar Yusifovu törətmiş olduğu cinayət əməlində ifşa etmişlər. Məhkəmədə tədqiq edilən zərərçəkmiş və şahid ifadələrinə əsasən aşkar müəyyən olunur ki, zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxs H.Yusifova qarşı hadisədən əvvəl və ya hadisə vaxtı hər hansı söyüş, nalayiq ifadə işlədilməmiş, onun şəxsiyyətini aşağılayan hərəkətə yol verilməmiş, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək konflikt olmam ışdır. Təqsirləndirilən şəxs H.Yusifovun zərərçəkmişə pol taxtası ilə xəsarət yetirməsinin motivi zərərçəkmişin ona həyət qapısının açıq saxlamamaqla bağlı ümumqəbuledilmiş davranış tərzində ifadə olunan haqlı iradı (ümum qəbul edilmiş, cəmiyyətin təqdir etdiyi davranış modelini) olmuş, zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyətində özünün (hətta, cinayət törətməsi kimi ictimai-zərərli fəaliyyətdən irəli gələn) şəxsi mənafeyini hər şeydən öndə tutmaqla aşkaranə surətdə eqoizm nümayiş etdirmişdir. Məhkəmələrin gəldiyi nəticəyə görə hadisənin tərəflər arasında şəxsi münaqişə zəminində baş verməsi və hadisə zamanı ictimai qaydanın pozulmasını və cəmiyyətə qarşı hörmətsizliklə ifadə olunan hər hans ı hərəkətlərin baş verməsini təsdiq edən hər hansı sübutlar müəyyən olunmamışdır. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs X5 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə həmin evin sahibi Zərərçəkmiş şəxs2 həyətin qapısının açıq qoymağa görə irad bildirməsini bəhanə edərək aralarında yaranmış mübahisəni özünə məxsus tərzdə (şəxsi mənafeyini hər şeydən öndə tutmaqla aşkaranə surətdə eqoizm nümayiş etdirməklə) özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə həll edərək zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Məhkəmələr ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada araşdırsa da, əməlin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bel ə olan halda ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 127.2.3 və 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmələr təqsirləndirilən şəxsə CM-in 221.3-cü maddəsi ilə bəraət verməkdə və cinayət əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Məhkəmələr bir sübutun qəbul, ittihamı əsaslandıran digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi səmimi və etirafedici ifadəsinə, eləcə də şahidlərin ibtidai istintaq zamanı verdikləri obyektiv ifadələrinə və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan qərar qəbul etmişdir. Belə ki, verilmiş ittihama əsasən X5 xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 yumruqla sifətindən və təpiklə ayağından vurub ona alt dodaq nahiyəsinin qançırı, sol dirsək və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib, sonuncuya məxsus olan və sifətinə vurulan yumruq nəticəsində yerə düşən 650 manat dəyərində diş protezini tapdalamaqla sındırıb özgənin əmlakının məhv etməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Hazırki cinayət işi üzrə məhkəmələr qərarlarında ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X3 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə verilmiş ittihamı təsvir etsə də, CM-in 221.3-cü maddəyə bəraət verərkən hansı hissəyə bəraət verilməsi, həmçinin hökmdə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən c inayət əməlinin təsviri göstərilməmişdir. İndiki halda məhkəmələr CM-in 221.3-cü maddəsi ilə verilmiş ittihamın konkret hansı hərəkətlər ilə törədilməsinə dair hissəsi ilə gəldiyi nəticələr, həmçinin təqsirləndirilən şəxsi təqsirli bildiyi maddə üzrə ittihamın məzmunu qeyri-müəyyən qalmışdır. Xüsusilə Zərərçəkmiş şəxs1 məxsus olan və sifətinə vurulan yumruq nəticəsində yerə düşən 650 manat dəyərində diş protezini tapdalamaqla sındırılmasına hüquqi qiyməti məhkəmə qərarlarında əks etdirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yo xlanılır. Kassasiya protestinin başlıca dəlili H.M.Yusifova Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi və cinayət əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Gör ündüyü kimi maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlığın zəruri əlamətləridir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarınd a qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasın a və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər v urma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlı q, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 29 və 30-cu bəndlərində qeyd edilir ki, CPMin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, Hökümdar Yusifovun kirayədə yaşadığı evin həyətində evin yiyələri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la həyət qap ısının açıq saxlaması ilə əlaqədar mübahisə olmuş, mübahisə zamanı Hökümdar Yusifov zərərçəkmiş şəxslərin ünvanına təhqiredici sözlər işlətmiş və zor tətbiq etmişdir. Nəticədə Zərərçəkmiş şəxs2 sağlamlığa az ağır, Zərərçəkmiş şəxs1 isə sağlamlığa zərər vurmayan xəsarətlər yetirilmiş və sonuncuya məxsus 650 manat dəyərində diş protezi sındırılmışdır. Hadisə yaşadıqları evin həyətində həmin üç nəfər şəxs arasında baş vermişdir. İstintaq orqanı Hökümdar Yusifova qarşı irəli sürülmüş ittihamda və birinci instansiya məhkəməsinin onun barəsində olan hökmündə H.Yusifovun əməlində xuliqanlıq cinayətinin qanunla təsbit edilmiş əlamətlərini sadalasa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunmasını konkret olaraq göstərməmişdir. Təqsirləndiri lən şəxsə verilmiş xuliqanlıqla bağlı ittiham faktiki olaraq işin hallarına deyil, müstəntiqin təqsirləndirilən şəxsin əməlinə verilmiş subyektiv qiymətləndirməyə əsaslanır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət işi üzrə H.Yusifova qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan da görünür ki, onun əməlində xuliqanlıq cinayətinin dispozisiyasında nəzərdə tutulmuş obyektiv və subyektiv cəhətlərin zəruri elementləri olan xuliqanlıq niyyəti, ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörməts izlik ifadə edən hərəkətlərin törədilməsi mövcud deyildir. Bu səbəbdən də H.Yusifovun zərərçəkmiş şəxslərə qarşı etmiş zorakı hərəkətlərinin xuliqanlıq kimi və ya xuliqanlıq niyyəti ilə törədilmiş kimi tövsif olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla H.Yusifovun əməlində CM-in 221-ci maddəsinin dispozisiyasında əks edilən əlamətləri müəyyən olunmur, H.Yusifov cinayət əməllərini zərərçəkmiş şəxslərlə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı törətmiş və bu əməllər xuliqanlıq kimi və xuliqanlıq niyyəti ilə törədilmiş kimi qiymətləndirilə bilməz. Odur ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdi r ki, Hökümdar Yusifovun əməli CMin 221.3-cü maddəsi ilə bəraət verilməli və CM-in 127.2.3-cü maddəsi ilə əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla X2 zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq əməlini törətməsi sübuta yetirilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protest in təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının X2 barəsindəki 01 noyabr 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X2 barəsində 01 noyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar