Məhkəmə qərarları › İş №1(102)-952/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-952/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-952/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tari xli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2020-ci il tarixli qərarından Məhkum və məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi-vəkil Rəhimova Lyudmila Rəhimovna tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Tərlan Xanəli oğlu Əkbərov) Məhkum - xx xxxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan1-da qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasını çəkməsinin əvvəlinin 04 avqust 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs - xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, barəsində CM-nin 69.4-cü maddəs i tətbiq edilməklə 21 iyul 2015-ci il tarixdən 14 iyun 2016-cı il tarixə qədər həbsdə saxlanıldığı 10 (on) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılmış, 23 sentyabr 2019-cu il tarixdə cəriməni tam ödədiyindən Suraxanı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürçülü kəndində qeydiyyatda olmaqla ünvan2da yaşamış Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 23 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlküləi olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədi ilə insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 18 iyul 2019-cu il tarixdə saat 17 radələrində Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Çahargah” istirahət mərkəzinin həyətində yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sol qaşının hematoması və bundan bir az sonra Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yerləşən “Kaspian” istirahət mərkəzinin qarşısında sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq alt d odağın selikli qişasının qansızması ilə nəticələnən ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sonuncuya məxsus üzərində 4 manat dəyərində ***-***-**-** saylı gsm nömrəsi olan 200 manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM-A520F” modelli mobil telefon aparatını vahid niyyətlə açıq talayıb Zərərçəkmiş şəxs 204 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq edərək hadisə yerini tərk etmişdir. Təqsirləndirilən şəxs bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlküləi olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Məhkum ilə bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədi ilə insan həyatı və ya sağlamlığı üçün tə hlükəli olmayan zor tətbiq etməklə 18 iyul 2019-cu il tarixdə saat 17 radələrində əvvəlcə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Çahargah” istirahət mərkəzinin həyətində Məhkum yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sol qaşının hematoması və bundan bir az sonra o, Türkan qəsəbəsində yerləşən “Kaspian” istirahət mərkəzinin qarşısında sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq alt dodağın selikli qişasının qansızması ilə nəticələnən ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sonuncuya məxsus üzərində 4 manat dəyərində ***-***-**-** saylı gsm nömrəsi olan 200 manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM-A520F” modelli mobil telefon aparatını vahid niyyətlə açıq talayıb Zərərçəkmiş şəxs 204 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq edərək hadisə yerini tərk etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E,Məmmədovdan ibarət tərkibdə 03 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2020-ci il tarixli qərarından Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Rəhimova Lyudmila Rəhimovna tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Rəhimova Lyudmila Rəhimovna kassasiya şikayəti verərək bildirmişdir ki, hüquqlarını müdafi ə etdiyi şəxsin zərərçəkmiş şəxsin əmlakını talamaq niyyəti olmamış, sadəcə əvvəllər münasibətdə olduğu X adlı qadınla bağlı Zərərçəkmiş şəxslə görüşmüş, bütün etdiyi hərəkətlər qısqanclıq zəminində ani baş vermiş, Təqsirləndirilən şəxs isə ümumiyyətlə hadisələrdə onları ayırmaqdan başqa heç bir rolu olmamışdır. Məhkum özünü yalnız Zərərçəkmiş şəxsə bir neçə zərbə vurmasında təqsirli bilmiş, hətta Zərərçəkmiş şəxsin onu vurmağa cəhd göstərməsəydi onu döyməyə belə niyyəti olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində həmin hadisələrdə Təqsirləndirilən şəxsin iştirakının olmaması, özünün içkili olması, telefonunu könüllü ona verdiyini açıq göstərsədə, məhkəmə qərəzli olaraq tam başqa nəticəyə gəlmişdir. Ona görədə hesab edirik ki, istintaq zamanı ümumiyyətlə Məhkum törətdiyi əməllər düzgün tövsif edilməmişdir. Təssüflər olsunki birinci instansiya məhkəməsi bu kimi hallara diqqət yetirməmiş, bununlada hüquqlarını müdafiə etdiyim şəxs barəsində daha ağırlaşdırıcı ittiham irəli sürülmüş və o, təqsiri olmayan cinayətin törədilməsinə görə məhkum edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Rəhimova Lyudmila Rəhimovna digər məhkum barəsindəki kassasiya şikayəti ilə eyni məzmunlu kassasiya şikayəti verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ümumiyyətlə baş verən hadisədə heç bir rolu olmamış, sadəcə onları ayırmağa çalışmış, be lə olan halda da CM-nin 180.2.1 -ci maddəsi məhkuma ümumiyyətlə səhv tətbiq edilmiş və yalnış nəticəyə gətirib çıxartmışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2020-ci il tarixli qərarını ləğv edərək məhkum Təqsirləndirilən şəxs barəsində bəraətverici qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumlar ona görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ki, bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədi ilə insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 18 iyul 2019cu il tarixdə saat 17 radələrində Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Çahargah” istirahət mərkəzinin həyətində Məhkum yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sol qaşının hematoması və bundan bir az sonra Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yerləşən “Kaspian” istirahət mərkəzinin qarşısında sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq alt dodağın selikli qiş asının qansızması ilə nəticələnən ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sonuncuya məxsus üzərində 4 manat dəyərində ***-***-**-** saylı gsm nömrəsi olan 200 manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM-A520F” modelli mobil telefon aparatını vahid niyyətlə açıq talayıb Zərərçəkmiş şəxs 204 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq edərək hadisə yerini tərk etmişdir. Kassasiya şikayətlərində hər iki məhkum barəsində onların zərərçəkmiş şəxsə qarşı soyğunçuluq etmək niyyətlərinin olmadığı göstərilmişdir. Zərərçəkmiş şəxsə qarşı etdikləri zorakı hərəkətlər soyğunçuluq niyyəti ilə, zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək niyyəti ilə deyil, qısqanclıq niyyəti ilə edilmişdir. Azərbaycan Respublikası CM-nin 3 4.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qanunun bu normasının mənasına görə, iki və daha çox şəxs hər hansı cinayət əməlini törətmək üçün o halda qabaqcadan əlbir olmuş bir qrup şəxs hesab edilir ki, həmin şəxslər törədiləcək (sonradan təqsirli bilindikləri) cinayət əməlini əvvəlcədən planlaşdırırlar, onların arasında vəzifə bölgüsü aparılır, cinayətin nətiəcələrinə nail olmaq üçün isə onlar birgə, əvvəlcədən razılaşdıqları qaydada hərəkət edirlər. Məhkəmə kollegiyası bu tələblərdən çıxış edərək hesab edir ki, bir cinayət əməlinin törədilməsi üçün əvvəlcədən qrupa birləşmiş şəxslər hadisələrin təsadüfi axarı zamanı başqa cinayət əməli törətd ikdə həmin şəxslərin sonuncu əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz və bu halda təqsirkarın hər birisinin əməlinə uyğun olan müvafiq qiymət verilməlidir. Oğurluq, soyğunçuluq və quldurluq işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 03 mart 2005-ci il tarixdə qəbul etdiyi “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu təhlil edilən məsələyə məhz bu mövqedən yanaşmışdır. Həmin Qərarın 10-cu maddəsində izah edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçı ları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Plenum qərarının izahlarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, özgənin əmlakını açıq talamış (soyğunçuluq cinayəti törətmiş) iki və ya daha çox şəxslərin aralarında bu barədə qabaqcadan əlbir olma, qabaqcadan bu əməli planlaşdırma və vəzifə bölgüsü əlamətlərinin olması sübut edilməmişdirsə onda onların hər birisinin bu əməli Azərbaycan Respublikası CM-n in 180.2.1ci maddəsi ilə deyil CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum göstərmişdir ki, əvvəllər Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Kaspian” istirahət mərkəzində işləyən X adlı qadınla tanış olaraq təxminən 4 ay onunla ər-arvad münasibətlərində olmuşdur. Həmin müddət ərzində aralarında münasibətlər normal olmuş, lakin sonradan münasibətləri pozulmuş və Xdən ayrılmışdır. Bundan sonra X onunla birlikdə “Kaspian” istirahət mərkəzində işləyən Zərərçəkmiş şəxs adlı şəxslə görüşməyə başlamışdır. O, Zərərçəkmiş şəxsin bu hərəkətlərindən əsəbiləşib ona öz iradlarını bildirmək üçün 18 iyul 2019-cu il tarixdə saat təxminən 16:45 radələrində Zərərçəkmiş şəxsə zəng edərək onu Türkan qəsəbəsində yerləşən “Çahargah” istirahət mərkəz inə çağırmışdır. Həmin vaxt ora dostu Təqsirləndirilən şəxslə getmiş və Zərərçəkmiş şəxslə “Çahargah” istirahət mərkəzində görüşdükdə ona əvvəllər X ilə görüşməyini xatırlatmış və onun X ilə görüşməsinə narazılığını bildirmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Onlar mübahisə edə-edə “Çahargah” istirahət mərkəzindən çölə çıxıb “Kaspian” istirahət mərkəzinin qarşısına gəlmişlər. Zərərçəkmiş şəxs əlindəki “Samsung” markalı mobil telefonla onu vurmaq istədikdə, o, həmin telefonu onun əlindən almış və bədəninin müxtəlif yerlərinə bir neçə sillə və yumruq zərbəsi endirmişdir. Həmin vaxt isə dostu Təqsirləndirilən şəxs onları ayırmış və onu Zərərçəkmiş şəxsdən kənarlaşdırmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxsin əlindən aldığı telefonu əsəbi vəziyyətdə olduğu üçün özündə saxlamış və Təqs irləndirilən şəxslə tanımadığı taksiyə minib oradan çıxıb getmişdir. Bu hadisədən bir gün sonra əsəbləri sakitləşdiyindən telefonu Zərərçəkmiş şəxsə qaytarmış və etdiyi hərəkətə görə ondan üzr istəmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, Məhkumın X adlı qadınla tanış olaraq təxminən 4 ay onunla ər-arvad münasibətləri olmasından, sonradan isə münasibətlərinin pozulmasından məlumatı olmuşdur. X Məhkumdan ayrıldıqdan sonra “Kaspian” istirahət mərkəzində birgə işlədiyi Zərərçəkmiş şəxs adlı şəxslə görüşməyə başlamışdır. Məhkum bundan əsəbiləşdiyi üçün öz iradlarını bildirməkdən ötrü 18 iyul 2019-cu il tarixdə saat təxminən 16:45 radələrində onun yanında Zərərçəkmiş şəxsə zəng edərək onu “Çahargah” istirahət mərkəzinə çağırmışdır. Həmin va xt o da Məhkumla birlikdə gedərək Zərərçəkmiş şəxslə orada görüşmüşlər. Məhkum Zərərçəkmiş şəxsə əvvəllər X ilə görüşməyini xatırladb ona X ilə görüşməsinə narazılığını bildirmiş, bu zaman onların arasında mübahisə yaranmış və onlar mübahisə edə-edə “Çahargah” istirahət mərkəzindən çölə çıxıb “Kaspian” istirahət mərkəzinin qarşısına gəlmişlər. Orada mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki “Samsung” markalı mobil telefonla Məhkumı vurmaq istədikdə Məhkum həmin telefonu onun əlindən almışdır. Məhkum telefona baxıb orada Zərərçəkmiş şəxsin X ilə telefon danışıqlarını və telefonun yaddaşında olan fotoşəkilləri gördükdə əsəbiləşib qəflətən Zərərçəkmiş şəxsin sifətinə bir neçə şillə və yumruq vurmuşdur. Həmin vaxt o, telefonu Məhkumdan almış və Zərərçəkmiş şəxs telefonun qaytarılmasını tələb e tdikdə, o, Məhkumın əsəbi olmasını görüb telefonu qaytarmamış, Məhkumla tanımadıqları taksiyə əyləşib oradan uzaqlaşıb Türkan qəsəbəsinə gəlmişlər. Bundan bir neçə gün sonra isə o, telefonu Zərərçəkmiş şəxsə qaytarmışdır. Onun və Məhkumın soyğunçuluq etmək niyyəti olmamışdır, Məhkum sadəcə olaraq Zərərçəkmiş şəxsdən telefonu götürüb mesajlara baxmışdır. Sonra Məhkum telefonu ona vermiş və telefon onda qalmış, Zərərçəkmiş şəxsin onlardan polisə şikayət etdiyini eşitdikdən sonra isə həmin telefonu Fəridə vermişdir ki, Zərərçəkmiş şəxsə çatdırsın. Zərərçəkmiş şəxs hazırda onlarla barışmışdır və onlardan heç bir şikayəti yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 2019-cu ilin iyun ayından “Kaspian” istirahət mərkəzində xidmətçi işləyən X3 ilə aralarında ər-arvad münasibtləri yaranmış və onlar birlikdə yaşamışlar. Ondan əvvəl isə X Məhkum ilə görüşmüş, sonradan onların heç bir münasibətləri olmamışdır. Məhkumı və onun dostu Təqsirləndirilən şəxsi əvvəllər işlədiyi “Çahargah” istirahət mərkəzindən müştəri kimi tanımışdır. 18 iyul 2019-cu il tarixdə saat 17 radələrində Məhkum və Təqsirləndirilən şəxs ona zəng vuraraq onu “Çahargah” istirahət mərkəzinə çağırmışlar. O, oraya gəlmiş və söhbət edən zaman Məhkum əvvəllər görüşdüyü X ilə onun hazırda görüşməyinə narazılğını bildirib onunla mübahisə etməyə başlamış, o isə Məhkuma X ilə ayrıldıqdan sonra onun X ilə münasibətlərinin yarandığını demişdir. Bu vaxt Məhkum və Təqsirləndirilən şəxs onun əlində olan özünə məxsus “Samsung Galaxy A-5” markalı mobil telefonunu əlindən almışlar. Onl ar telefona baxıb orada X ilə telefon danışıqlarını və telefonun yaddaşında X ilə olan fotoşəkillərini gördükdə Məhkum qəflətən onun sifətindən yumruqla vurmuş və ikinci dəfə yenə vurmaq istədikdə, o, Məhkumın əlindən tutub saxlamışdır. Bundan sonra Məhkum və Təqsirləndirilən şəxslə birlikdə mübahisə edə-edə işlədiyi “Kaspian” istirahət mərkəzinin qarşısına gəlmişlər və həmin vaxt X də orada kənarda olmuşdur. O, Məhkum və Təqsirləndirilən şəxsdən telefonunun qaytarılmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs sifətindən sillə ilə vurmuş və onlar onun telefonunu qaytarmayaraq taksiyə əyləşib Türkan qəsəbəsi istiqamətində getmişlər. Polisə şikayət etdikdən sonra isə Məhkum həmin telefonu Təqsirləndirilən şəxsə vermiş, Təqsirləndirilən şəxs də telefonu onun iş yoldaşı Fəridə verərək ona g öndərmişdir. Göründüyü kimi məhkumların və zərərçəkmiş şəxsin ifadələri və iş üzrə toplanmış sübutlarla məhkumların əvvəlcədən (yəni cinayətin obyektib cəhətini təşkil edən hərəkətləri icra etməyə başlayana qədər) zərərçəkmiş şəxsə qarşı hər hansı əmlak tələbinin və ya zərərçəkmiş şəxsin əmlakına iddialarının olmasını, zərərçəkmiş şəxsin əmlakının ələ keçirilməsinin müzakirə edilməsi, əmlakın ələ keçirilməsi üçün hər hansı hazırlıq görülməsi, razılaşma və ya plan qurulmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin ifadələrindən də belə halların mövcudluğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs onunla X arasında olan münasibətlərin aydınlaşdırılması prosesində əlində olan özünə məxsus “Samsung Galaxy A-5” markal ı mobil telefonunu əlindən almışlar. Onlar telefona baxıb orada X ilə telefon danışıqlarını və telefonun yaddaşında X ilə olan fotoşəkillərini gördükdə Məhkum qəflətən onun sifətindən yumruqla vurmuşdur. Yəni zərərçəkmiş şəxsə zor tətbiq etmə özgə əmlakının ələ keçirilməsinin üsulu (bunu asanlaşdıran vasitə) deyil, yalnız X ilə əlaqlərini və münasibətlərini təsdiq edən həmin telefonun yaddaşında olan danışqlardan və fotoşəkillərdən doğan qısqanclıq hissindən yaranmış hərəkətlərdir. Məhkəmə kollegiyası bu halları və telefonun sonradan zərərçəkmiş şəxsə tam saz vəziyyətdə qaytarılmasını nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxslərin hərəkətlərində Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş ”qabaqcadan əlbir olan bir qrup şəxs” və həmin Məcəllənin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq” əlamətləri olmamıdır. Onların hərəkətləri zərərçəkmiş şəxsin telefonunda müəyyən etdikləri X ilə danışıqlara və X ilə çəkilmiş fotoşəkillərə görə zərərçəkmiş şəxsi cəzalandırmaq olmuşdur. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iş üzrə toplanmış sübutlara əsasən, məhkumların niyyəti şəxsi münasibətlər zəminində zərər çəkmiş Xu hər hansı şəkildə cəzalandırmağa yönəlsə də və hər hansı talama cinayətini törətmək məqsədilə onlar qağaqcadan razılaşmasalar da, hadisələrin gedişatı zamanı onlar sonuncunun mülkiyyətində olan 4 manat dəyərində ***-***-**-** saylı gsm nömrəsi olan 200 manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM-A520F” modelli mobil telefon aparatını açıq talama yolu ilə ələ keçirmiş və bir müddət də özlərində saxlamışlar. Məhkəm ə kollegiyasının qənaətinə görə, bu hal onların hər birisinin zərərçəkmişin əmlakının açıq yolla talamalarınaa, yəni CM-nin 180.1-ci maddəsinə nəzərdə tutulmuş soyğunçuluq cinayəti törətmələrinə dəlalət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin törətdiyi cinayət əməli CM-nin 180.2.1 və 180.2.4-cü maddələrindən CM-nin 180.1-ci maddəsinə tövsif edilməli və onlara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla həmin maddənin sanksiyası həddində ədalətli və qanuni cəzalar təyin edilməlidir. Məhkumların əməllərində cinayət tərkibinin olmaması və onlara bəraət verilməsi barədə kassasiya şikayətlərini n dəlilləri hər hansı mötəbər sübutlarla əsaslandırılmadığından bu hissədə təmin edilməməli və kassasiya şikayətləri cinayət əməllərinin hüquqi tövsifinin yüngülləşdirilməsi hissəsində qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, ki, məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Məhkum ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu h allar və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər hallar nəzərə alınmaqla məhkumlara Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin qismən təmin edilməsi və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2020-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən, kassasiya şikayətləri qismən təmin edilərək, qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum və Təqsirləndirilən şəxs hər birisinin cinayət əməli Azərbaycan Respublikası CMin 180.2.1 və 180.2.4-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə tövsif edilsin. Məhkum və Təqsirləndirilən şəx s hər birisinə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə 1 (bir) il 5 (beş) ay müdddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın. Qalan hissədə kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar