Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-585/2022 15.11.2022 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «25» avqust 2022-ci il tarixli, 1(045)-63/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Goranboy Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) «25» avqust 2022-ci il tarixli, 1(045)-63/2022 nömrəli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixə keçən gecə Tərtər şəhəri ərazisində yol kənarında yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,284 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini özünə məxsus VAZ 21070 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol yuxarı hissədəki günlük yerində gizlədib, qanunsuz saxlayaraq daşımış, 10 aprel 2022-ci il tarixdə saat 03 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib avtomobilinə baxış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,284 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin avtomobilin salonunda sol yuxarı hissədəki günlük yerində aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və məhkuma cinayət qanununun müddəalarına uyğun daha ağır cəza - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayəti etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissə keçirməsini, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, həmin uşaqların narkotik vasitələrin istehlakına meyilli olan bir şəxsin himayəsində olmasını nəzərdən qaçırmışdır. Digər bir tərəfdən məhkəmə həmin iki azyaşlı uşağın onun himayəsində olub-olmaması, eləcə də əgər onun himayəsindədirlərsə, himayənin necə təşkil edildiyini, yəni uşaqlarla təlim və tərbiyənin aparılıb-aparılmaması, uşaqların ehtiyac və təlabatlarının ödənilib-ödənilməməsi, təqsirləndirilən şəxsin ailədə rolu və yeri kimi məsələləri aydınlaşdırmamış, qərarını əsaslandırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi qeyd etsə də, bunun nədə ifadə olunmasını hökmündə əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Beləliklə də məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və məhkum barəsində daha ağır cəza – azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya protestinə etiraz etdi, protestin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, törətdiyi əməldən peşmandır, bir daha belə işlərlə məşğul olmayacaqdır. Himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı vardır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkum əlavə olaraq göstərdi ki, o, əvvəllər Hollandiyada yaşamış, tərcüməçilik işi ilə məşğul olur, holland, ingilis, rus dillərini sərbəst bilir, nümunəvi ailə başçısı olmuşdur, pandemiya dövründə vətənə qayıtmağa məcbur olmuş, bu cinayətə qoşulmuşdur, lakin artıq bu yoldan qəti imtina etmiş və sağlam həyat tərzi keçirir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz etdi, məhkum barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının, apellyasiya protestinin təmin edilməməsinə dair məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkumun etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya protestində də əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs ən yuxarı həddə - 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya protestinin təmin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif etmişdir. Dövlət ittihamçısı istər məhkəmə çıxışında, istərsə də protestdə maddənin sanksiyasında 2 alternativ cəza nəzərdə tutulduğu təqdirdə, təqsirləndirilən şəxsə hansı səbəbdən məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Dövlət ittihamçısı apellyasiya protestində məhkuma daha ağır cəza təyin edilməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, məhkəmənin məhkum barəsində nəzərə aldığı yüngülləşdirici hallar əsassızdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları yenidən tədqiq edilmiş, birinci instansiya məhkəməsinin məhkum barəsində nəzərə aldığı yüngülləşdirici hallara dair iş materiallarında sübutların mövcudluğuna qiymət verilmiş və belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi yüngülləşdirici halları nəzərə alarkən iş materiallarına əsaslanmış və apellyasiya protestinin dəlilləri iş materialları ilə təkzib edilir. İş materiallarında olan Goranboy RİH başçısının Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayanövladı vardır. İş materiallarında olan Goranboy RİH başçısının Səfikürd kəndİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günlərindən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşmançılıq çəkmiş və öz əməlinə tənqidi münasibət bəsləmişdir. Qeyd olunan hal Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra öz əməlinə tənqidi münasibət bəsləməyən və əməlindən peşmançılıq keçirməyən digər məhkumlardan fərqləndirmək üçün ciddi əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 234.1-ci maddəsi ilə törədilən cinayət əməlinin ziyan vurduğu münasibətlərin ən birincisi elə şəxsin öz sağlamlığıdır. Belə olan halda məhkəmə tərəfindən məhkuma cəza təyin edilərkən, onun cinayətə qədər və cinayətdən sonrakı davranışı, öz davranışı ilə islah yoluna qədəm qoyması, cinayət əməlini törətdikdən sonra yeni cinayət əməlləri törətməsi ehtimalı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yaşayış yeri üzrə müsbət xarakterizə olunan, əməlindən peşman olan və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkumun apellyasiya instansiya məhkəməsinin iclasında davranışı, təqsirini etiraf etməsi, törətdiyi əməldən səmimi peşman olması məhkəmə kollegiyasında belə bir inam yaradır ki, məhkum islah yoluna qədəm qoymuş və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə kollegiyası həmin halları CM-in 59-cu maddəsinə əsasən məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirilərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X6 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «25» avqust 2022-ci il tarixli, 1(045)-63/2022 nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «25» avqust 2022-ci il tarixli, 1(045)-63/2022 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən, apellyasiya protesti isə təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-585/2022
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-585/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver