Məhkəmə qərarları › İş №1(106)-198/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-198/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-198/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X6 və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, məhkumun müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X4 iştirakları ilə Apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin təmin olunmaması barədə Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarından məhkum X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 206.2-ci maddəsi təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum X3 vəsatətlə Astara Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin 07 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Vəsatətə müvafiq apellyasiya şikayəti əlavə olunmuşdur. Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum X1 apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Məhkum X3 Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci tarixli qərarından apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən, yəni Azərbaycan Respublikası qanunvericiliyini bilməməsinə görə buraxmışdır. Məhkum X3 apellyasiya şikayətində göstərilənlərə əsasən Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və həmin Məhkəmənin 07 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətinin təmin olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X11 apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum X1 müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmişdir. X1 ilkin məhkəmə iclasında iştirak etmək istəyinin olub-olmamasını müəyyənləşdirmək üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinə məhkəmə bildirişi göndərilmiş, lakin sonuncu hazırkı vaxtadək bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkumun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə apellyasiya şikayəti təmin edilməli və apellyasiya şikayəti verilmə müddəti buraxılmamış hesab edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən “Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində ... verilir”. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən “Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir”. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin axımı, həbsdə saxlanılan məhkuma münasibətdə məhz hökmün ona verildiyi andan başlanır. Buna görə də, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ilk növbədə Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün X3 tərəfindən alınması hazırki işin sübutetmə predmetini təşkil edir. Birinci instansiya məhkəməsi 09 dekabr 2022-ci il tarixli qərarında məhkuma təqdim olunması üçün hökmün istintaq təcridxanasına göndərilməsi barədə 11 oktyabr 2021-ci il tarixli məktuba və məhkumun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinə istinad etməklə X1 Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün alınması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi cinayət-prosessual qanunvericiliyin tələbinə ziddir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 202.5-ci maddəsinə əsasən «Cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur». Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş 340 vərəqdən ibarət olan bir cildlik cinayət işinin materiallarında Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün X3 tərəfindən alınması barədə qəbz yoxdur. Məhkəmənin qərarında istinad etdiyi 11 oktyabr 2021-ci il tarixli məktub hökmün X3 tərəfindən alınmasını deyil, ona təqdim olunması üçün qəbzlə birlikdə saxlanıldığı istintaq təcridxanasına göndərildiyini təsdiq edir. Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətində isə ümumiyyətlə onun hökmü alması barədə qeyd aparmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü X2 verilmədiyindən, onun tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti buraxılmamış hesab edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpasının rədd edilməsi haqqında qərar qəbul edə bilər. Beləliklə, Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmündən X3 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti buraxılmadığından şikayət təmin edilməli, Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 384.1- 384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. X1 apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti baxılmamış saxlanılsın. Astara Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddəti X2 münasibətdə buraxılmamış hesab edilsin və cinayət işinin materialları Cinayət-Prosessual Məcəlləsinin 387 – 389-cu tələblərinə riayət edilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardan çıxarıldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar